Məhkəmə qərarları › İş №2(103)-5489/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5489/2022

02.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5489/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və mənzildən istifadəyə maneçilik törədilməsinin qadağan olunması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, İddiaçı anası Elmira Şirinova və arvadı Aynur Abbasova ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, “Kristal Abşeron yaşayış kompleksi 1”-də yerləşən 15 №-li binanın 55 №-li mənzilinə (bundan sonra – mənzil) köçürülsün və onların mənzildən istifadə etməsinə maneçilik törədilməsi cavabdehə qadağan olunsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, iddiaçı mənzilə köçürülsün və iddiaçının mənzildən istifadə etməsinə maneçilik yaradılması cavabdehə qadağan olunsun, iddianın qalan hissəsi, yəni iddiaçının anasına və arvadına aid olan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər keçmiş ər-arvaddır, mənzil onların ümumi paylı mülkiyytindədir hər birinin payı ½ hissə təşkil edir. Mənzildə hazırda cavabdeh yaşayır. O, iddiaçının mənzildə yaşamasına etiraz edir, etiazını onunla əsaslandırır ki, iddiaçı ilə onun bir mənzildə yaşaması mümkün deyil. Mülki Məcəllənin 215.4-cü maddəsinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. İddiaçının (mülkiyyətçilərdən birinin) mənzilə köçərək orada yaşaması cavabdehin (digər mülkiyyətçinin) hüquqları ilə bir araya sığır. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının mənzilə köçürülməsini və onun mənzildən istifadə etməsinə maneçilik yaradılmasının cavabdehə qadağan olunmasını qət edib. İddianın rədd edilən hissəsinə münasibətdə qətnamə mübahisələndirilmədiyinə görə qətnamənin həmin hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar