Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5499/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin verilməsi və kirayə haqqının ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2023-cü il tarixli qətnamədən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində inşa edilən 8 saylı çoxmərtəbəli binadan onunla cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən mənzilinin və iddianın qaldırıldığı tarixə qədər olan ödənilməmiş 7.000 manat kirayə haqqının MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonundan məcburi köçkün olan iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 8 saylı binada 8 saylı mənzildə məskunlaşmışdır. Binanın istismar müddəti bitdiyi üçün, MMC, 2016-cı ildə həmin binanı söküb, yerində yeni bina tikməyə hazırlaşırdı. Bu məqsəd ilə iddiaçı ilə cavabdeh MMC arasında notarial qaydada xx.xx.2016-cı il tarixdə 33 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə, iddiaçı, istifadə və sahibliyində olan həmin mənzili boşaldaraq MMC-yə təhvil vermək, MMC isə həmin ünvanda yerləşən binanı söküb, yerində yeni çoxmənzilli və çoxmərtəbəli binanın tikintisini həyata keçirmək, binanın inşası başa çatandan sonra isə iddiaçıya yeni və təmirli mənzil vermək barədə üzərilərinə öhdəliklər götürmüşlər. MMC həmçinin üzərinə öhdəlik götürmüşdür ki, iddiaçının təhvil verdiyi mənzilin sahəsinə əlavə 20 faiz və 10 kv.metr sahəni 16 ay ərzində iddiaçıya təhvil verəcək, yeni mənzil təhvil verilənədək iddiaçıya hər ay 350 manat kirayə haqqını ödəyəcək. İddiaçı, üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək istifadəsində olan mənzili MMCyə təhvil vermiş, lakin MMC üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, MMC, 2020-ci ilin fevral ayına kimi kirayə haqqını iddiaçıya ödəməmiş, lakin sonradan həmin ödənişi dayandırmışdır. MMC 20 aydır ki, kirayə haqqını ödəmir. Nəticədə MMC-nin iddiaçıya (350 x 20=) 7.000 manat məbləğində kirayə haqqı üzrə borcu yaranmışdır. Bundan başqa MMC 16 ay ərzində iddiaçıya təhvil verməli olan mənzili də 7 ildir ki təhvil vermir. İddiaçı tərəfindən MMC-yə dəfələrlə etdiyi müraciətlərin nəticə vermədiyini görən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət məcburiyyətində qalmışdır.
b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçı ilə cavabdeh MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının ünvan 1 ünvanında yerləşən istifadəsində olan ümumi sahəsi 29,5 kv.m mənzilin sökülməsi əvəzində həmin ünvanda mənzilin ümumi sahəsinə 20 % və 10 kv.m sahə əlavə edilməklə ümumilikdə 45,4 kv.m sahəsi olan 2 otaqlı təmirli mənzilin və həmin müqavilənin şərtlərinə uyğun olaraq ödənilməmiş kirayə haqqı qismində 7.000 manat məbləğində pul vəsaitinin MMC-dən alınaraq iddiaçıya verilməsini, dövlət rüsumunun əvəzi olaraq 190 manat məbləğində pulun MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MMC, iddiaçının sökülən 29,5 kv.m olan mənzilinin yerinə mənzili ümumi sahəsinə 20% və mənzilin sahəsinə 10 kv.m əlavə olaraq tam təmirli vəziyyətdə mənzili təhvil verməyi öhdəsinə götürmüş, lakin qeyd olunan mənzil iddiaçıya verilməmişdir. Bundan başqa müəyyən edilir ki, MMC, həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü digər öhdəliyi də yerinə yetirməmişdir. Belə ki, həmin müqaviləyə görə MMC üzərinə öhdəlik götürmüşdür ki, iddiaçıya yeni mənzil təhvil verilənədək iddiaçıya hər ay 350 manat kirayə haqqını ödəyəcək. Lakin MMC həmin öhdəliyi 2020-ci ilin fevral ayına kimi icra etmiş, sonradan ödənişi dayandırmış və 20 ay ərzində MMC-nin iddiaçıya 7.000 manat məbləğində kirayə haqqı üzrə borcu yaranmışdır. MMC iddiaçı qarşısında üzərinə götürdüyü hər iki öhdəliyin yerinə yetirlməməsinə görə mülki məsuliyyət daşıdığından iddia tələbi əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin “Yekun şərtlər” adlı 6-cı bölməsinin 5-ci bəndində qeyd edilmişdir ki, binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən mənzillə təmin edildikdən sonra mənzili qeydşərtsiz MMC-yə təhvil verəcəklər. Ağdam rayonundan məcburi köçkün olan iddiaçı işğaldan azad edilmiş rayonlarda yeni mənzillə təmin ediləcəyi üçün MMC-nin inşa etdiyi binada mənzil tələb etməsi əsassızdır. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, MMC kirayə haqqının ödənilməsini bu yaxınlarda artıq bərpa etmişdir.
d) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat
7. İddiaçının nümayəndəsi (arvadı) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdir.
8. Cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın iclaslarının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, iddiaçı ilı cavabdeh MMC arasında notarial qaydada bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən və işdə olan digər sənədlərdən, o cümlədən “Təhviltəslim aktından” görünür ki, Ağdam rayonundan məcburi köçkün olan iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində yerləşən 8 saylı binada 8 saylı mənzildə məskunlaşmışdır. Binanın istismar müddəti bitdiyi üçün, MMC, 2016-cı ildə həmin binanı söküb, yerində yeni bina tikməyə hazırlaşırdı. Bu məqsəd ilə iddiaçı ilə cavabdeh MMC arasında notarial qaydada xx.xx.2016-cı il tarixdə 33 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə, iddiaçı, istifadə və sahibliyində olan həmin 29,5 kv.m olan mənzili boşaldaraq MMC-yə təhvil vermək, MMC isə 16 ay ərzində həmin ünvanda yerləşən binanı söküb, yerində yeni çoxmənzilli və çoxmərtəbəli binanın tikintisini həyata keçirmək, binanın inşası başa çatandan sonra isə iddiaçıya yeni və təmirli mənzil vermək barədə üzərilərinə öhdəliklər götürmüşlər. MMC həmçinin üzərinə öhdəlik götürmüşdür ki, iddiaçının təhvil verdiyi mənzilin sahəsinə əlavə 20 faiz və 10 kv.metr sahəni iddiaçıya təhvil verəcək, yeni mənzil təhvil verilənədək iddiaçıya hər ay 350 manat kirayə haqqını ödəyəcək. “Müqavilənin” “Yekun şərtləri” bölməsinin 6.5-ci bəndinə görə, bu binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra qeyri-şərtsiz MMC-yə təhvil verəcəklər.
11. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan, o cümlədən apellyasiya şikayətinin məzmunundan bəlli olur ki, iddiaçı, üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək istifadəsində olan mənzili MMC-yə təhvil vermiş, lakin MMC üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. MMC, iddiaçıya təhvil verməli olan mənzili iddiaçıya təhvil vermir və 20 aydır ki, kirayə haqqını (cəmi 7.000 manatı) iddiaçıya ödəmir.
12. Göstərilənləri nəzərə alan Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir (maddə 430.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1.). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2.).
13. Qeyd edilən maddi hüquq normalarının tələblərindən və iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərindən çıxış edən Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Ağdam rayonundan məcburi köçkün olan iddiaçının məcburi köçkün statusunun ləğv edilməsi və ya dövlət tərəfindən mənzillə təmin edilməsi iş materialları ilə müəyyən edilmir. Belə olan halda, cavabdeh MMC-nin həmin müqavilənin 6.5-ci bəndinə istinad etməklə mənzili təhvil vermə öhdəliyini icra etməkdən imtina etməsi əsassızdır. Müqavilənin 6.5-ci bəndində nəzərdə tutulmuş pozitiv şərt iddiaçıya münasibətdə hələ qüvvəyə minməmişdir.
14. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Rayon Məhkəməsi iş üzrə tərəflər arasında bağlanmış müqavilənin həmin şərtini nəzərə almamaqda və yerinə yetirilməmiş öhdəliyə görə cavabdeh MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşıması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
15. Yuxarıda artıq qeyd edildiyi kimi işə baxmış Rayon Məhkəməsi həmçinin müəyyən etmişdir ki, MMC, həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü digər öhdəliyi də yerinə yetirməmişdir. Belə ki, həmin müqaviləyə görə MMC üzərinə öhdəlik götürmüşdür ki, iddiaçıya yeni mənzil təhvil verilənədək iddiaçıya hər ay 350 manat kirayə haqqını ödəyəcək. Lakin MMC həmin öhdəliyi 2020-ci ilin fevral ayına kimi icra etmiş, sonradan ödənişi dayandırmış və 20 ay ərzində MMC-nin iddiaçıya 7.000 manat məbləğində kirayə haqqı üzrə borcu yaranmışdır.
16. Bu halı müəyyən etmiş Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, 7.000 manat məbləğində pul cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
17. Cavabdeh MMC apellyasiya şikayətində bildirir ki, Rayon Məhkəməsi nəzərə almamışdır ki, MMC kirayə haqqının ödənilməsini bu yaxınlarda artıq bərpa etmişdir.
18. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin cavabdeh MMC onun tərəfindən iddiaçıya 7.000 manat ödənilməsini təsdiq edə biləcək sübutları nəinki Rayon Məhkəməsinə, hətta işə apellyasiya qaydasında baxan Məhkəməyə təqdim etməmişdir.
19. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Rayon Məhkəməsi qeyd edilən pul məbləğini cavabdeh MMC-dən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur.
f) apellyasiyanın nəticəsi
20. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia tam əsaslıdır. Rayon Məhkəməsi iddianı təmin etməklə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
21. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
22. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 iyun 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.