Məhkəmə qərarları › İş №2(103)-5499/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5499/2024

08.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5499/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə, evin inşa edilməsinə xərclənmiş pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək həmin məbləğdə payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsinə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə köçürülmə, evin inşa edilməsinə xərclənmiş pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək həmin məbləğdə payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e- 2(003)-1686/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətin əаçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 2(002)- 3140/2023 nömrəli qətnaməsinə əssən İddiaçı ilə Cavabdeh nikahının pozulması, birgə nikahından olan uşaqları - 21 iyul 2015-ci il təvəllüdlü X8, 31 oktyabr 2017-ci il təvəllüdlü X6 və 27 aprel 2021-ci il təvəllüdlü X7 analarının yanında qalması, hər ay hər uşağa görə 180 manat olmaqla, üç uşağa görə 540 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

2. “Azəriqaz” İstehsalat Biriliyinin Bakı X9 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 11 avqust 2017-ci il tarixli, 03/6063 saylı müqavilənin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

3. "xxxx" ASC-nin 08 fevral 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh abonent olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq adlanan ərazidə yerləşən fərdi yaşayış evində **********90046 nömrəli abunə kodu ilə qeydiyyata alınmasına dair məlumat vardır.

4. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi əsasında vət. Cavabdeh barəsində tədbir görülməsi üçün ərazi üzrə polis sahə inspektoruna qərarın surətinin təqdim edilməsi qərara alınmışdır.

5. Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 oktyabr 2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, X14 küçəsi fərdi yaşayış evində qeydiyyatsız yaşayır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşaqları ilə birlikdə, birgə nikah dövründə inşa etdiyikləri və Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq ərazisində, X14 küçəsində, 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülmələri, həmin evin inşa edilməsinə xərclənmiş 83000 manat məbləğində pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək, həmin məbləğdə onun payının 1/2 hissədə, Cavabdeh payının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, 30 avqust 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət onun valideynlərinin yaşadığı evdə yaşamış, birgə nikahlarından 21 iyul 2015-ci təvəllüdlü X8, 31 oktyabr 2017-ci il təvəllüdlü X6 və 27 aprel 2021-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. 2016-cı ildə Buzovna qəsəbəsində, Albalılıq deyilən ərazidə 3 sot torpaq sahəsi almışlar və orada özlərinə iki mərtəbəli ev tikməyə başlamışdırlar. Həmin evi bir il müddətinə inşa etmişlər. Lakin evi tam təmir edib başa çatdırmadan 2017-ci ildə həmin evə köçmüşlər və sonradan həmin evə elektrik enerjisinin və qazın verilməsi üçün cavabdehin adına müvafiq müqavilələr bağlanaraq evləri qaz və elektrik enerjisi ilə təchiz etmişlər. Uşaqlarının ikisi həmin evdə anadan olublar. Həmin evdə özləri, yəni cavabdeh, o və uşaqlar qalmışlar. Lakin cavabdeh xaricə gedəndə o, evdə uşaqlarla tək qalmasın deyə onun anası gəlib onunla qalmışdır. Həmin evdə 09 iyun 2023-cü il tarixədək yaşamışlar. Lakin 2023-cü ilin fevral ayından cavabdeh xaricdə olduğu üçün qaynanası onunla qalmış və 09 iyun 2023-cü il tarixdə qaynanası onu evdən qovmuş, o uşaqlarını da götürüb evdən getməyə məcbur olmuşdur. Həmin tarixdən də uşaqlar onunla valideynlərinin yanında yaşamağa başlamışdırlar. Həmin zamanlar cavabdeh xaricdə idi, lakin o ölkəyə gələn kimi gəlib ailəsinə sahib olmaqdansa 03 avqust 2023-cü il tarixdə onun atasının evinə gələrək onu atasının evində döymüşdür. Bundan sonra isə o, iddia ərizəsi iə məhkəməyə müraciət edərək aralarında olan nikahın ləğv edilməsini məhkəmədən xahiş etmiş, nikahları ləğv olunmuşdur. 09 iyun 2023-cü il tarixdən cavabdeh onu öz evinə buraxmır, hətta uşaqların geyimlərini götürməyə belə ona icazə vermir. Belə ki, onun bütün əmlaklarım, qızıl-zinət əşyaları, geyimləri və uşaqların geyimləri belə həmin evdə qalmışdır. O, evdən çıxandan sonra cavabdeh özü də həmin evdə yaşamamasına baxmayaraq, onu da evə buraxmır, o, məcbur qalıb uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır. 2016-cı ildə biz həmin torpaq sahəsini 13000 manata almış, evin tikintisinə 70000 manat məbləğində pul vəsaiti xərcləmiş, ümumilikdə onların həmin evə 83000 manat məbləğində xərcləri çıxmışdır. Belə ki, həmin ev iki mərtəbədən ibarət olmaqla birinci mərtəbə 3 otaqdan, 1 qarajdan, 1 dəhliz və bir hamam otağından, ikinci mərtəbə isə 4 otaqdan, mətbəxdən, dəhlizdən, 1 hamam otağından ibarətdir. Evin ikinci mərtəbəsində yerləşən iki otaq, hamam və mətbəx təmirli olsa da digər hissələri təmirsiz qalmış, təmiri başa çatdıra bilməmişdirlər. Ona görə də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq deyilən ərazidə, X14 küçəsində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə inşa edilməsini nəzərə alaraq həmin evin tikintisinə çəkilmiş xərclərdə onların payları müəyyən edilməli, eyni zamanda o, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Həmçinin azyaşlı uşaqları onunla qaldığına görə evə çəkilmiş xərcdə paylar müəyyən edilərəkən uşaqları da mənafeyi nəzərə alınmalı, torpağın alınmasına və evin tikintisinə xərclənmiş 83000 manat məbləğində pul vəsaiti onun payı 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə müəyyən edilməlidir.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e- 2(003)- 1686/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı azyaşlı uşaqları - 21 iyul 2015-ci il təvəllüdlü X8, 31 oktyabr 2017-ci il təvəllüdlü X6 və 27 aprel 2021- ci il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, X14 küçəsində 3 sot tikilmiş fərdi yaşayış evindən ibarət özbaşına tikiliyə köçürülmələri, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Qətnamə onunla əsaslandırlmışdır ki, iddiaçı və cavabdeh 30 avqust 2014-cü ildə nikaha daxil olaraq, cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüş, sonradan isə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, X14 küçəsində tikilmiş mənzilə köçərək orada yaşamışdırlar. Tərəflər arasında ailə münasibətlərinin pozulması səbəbindən, iddiaçı uşaqları 21 iyul 2015-ci il təvəllüdlü X8, 31 oktyabr 2017-ci il təvəllüdlü X6 və 27 aprel 2021 -ci il təvəllüdlü X11 ilə birlikdə həmin mənzili tərk etmişdir. Mübahisəli ev müvafiq icazə sənədləri alınmadan inşa edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquq müəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Həmin hallar tərəflərin izahatları və təqdim etdikləri sübutlar əsasında təsdiqini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil tərəflərin birgə nikaha daxil olmasından sonra inşa edilməyə başlanmış və tərəflər birgə nikahda olan müddətdə azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçərək yaşamışdırlar. Həmçinin tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, mənzil 2 mərtəbəli olmaqla təmirlidir. Göründüyü kimi, mübahisəli ev özbaşına tikilidir. Qanunvericilikdə isə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən maddi hüquq normaları nəzərdə tutulmamışdır. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. Özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış iddiaçıya münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Beləliklə, məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Ailə qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə, cavabdehlə birgə təsərrüfat aparması, mübahisəli ev inşa edilərkən və evdə müəyyən təmir işləri aparılarkən iddiaçının həmin evdə yaşaması, iddiaçıya məxsus əşyalarının hazırda da həmin evdə olması və hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacının olmasıdır. İddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamaqla birgə təsərrüfatın aparılmasında iştirak etmişdir. İddiaçının cavabdehlə mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus müəyyən əşyaların hələ də mübahisəli evdə olması, onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. İşin mübahisəli halları isə mübahisəli evin cavabdehin atasının və qardaşının köməkliyi ilə tikilməsi, cavabdehin həmin evə hər-hansı aidiyyətinin olmamasıdır. Belə ki, məhkəmə cavabdehin izahatlarına tənqidi yanaşaraq hesab edir ki, cavabdehin (onun nümayəndəsinin) göstərdikləri formal mülahizələrə əsaslanmış, mübahisəli evin cavabdehin atası və qardaşı tərəfindən tikilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, məhkəmənin qənaətinə görə, mübahisəsi gedən tikilidə yaşamış iddiaçının evin cari təmirində və qorunub saxlanmasında iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehlə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh və üçüncü şəxs buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. İddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Buna görə də mübahisəli ev iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə tələbi təmin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onu da nəzərə alır ki, cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında iddiaçının həmin evə köçüb yaşamasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İddiaçının həmin evə köçürülməsi qərara alındığından və onun 14 yaşına çatmamış uşaqları da iddiaçının himayəsində olduğundan onların da iddiaçı ilə birlikdə həmin evə köçürülməsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin “həmin evin inşa edilməsinə xərclənmiş 83000 manat məbləğində pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş pul vəsaiti hesab edilərək, həmin məbləğdə onun payının 1/2 hissədə, Cavabdeh payının 1/2 hissədə müəyyən edilməsi barədə” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli mənzil hüquqların dövət reyestrində qeydiyyatdan keçməmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Hazır ki, iş üzrə tərəflər arasında mübahisə predmeti olan əmlak öz başına tikilidir. Ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Lakin ididaçının iddia tələbindən göründüyü kimi iddiaçı mübahisəli əmlaka çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən tutulmasına xahiş etməmiş, yalnız həmin əmlakın dəyərinə onun ½ hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının bu hissədə tələbinin hər-hansı qanununi əsası yoxdur. Qanunvericiliyin tələbindən göründüyü kimi nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ərarvad arasında bölgünün predmeti ola bilməz. Hazır ki, iş üzrə tərəflər arasında mübahisə predmeti olan əmlak özbaşına tikilidir. Ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Lakin ididaçının iddia tələbindən göründüyü kimi iddiaçı mübahisəli əmlaka çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən tutulmasına xahiş etməmiş, yalnız həmin əmlakın dəyərinə onun ½ hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu hissədə tələbinin hər-hansı qanununi əsası yoxdur.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Ailə Məcəlləsinin 32-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2 –ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilərək iddianın tam rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə işi araşdırarkən mübahisəli mənzilin birgə nikah dövründə əldə edildiyini müəyyən etsə də, qeyd edilən əmlkaın birgə nikah dövründə birgə gəlirlər hesabına əldə edilmədiyini nəzərə almamış, təqdim edilən sübtlara isə hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən mübahisəli mənzilin birgə nikah dövründə əldə edilən vəsait heabına alınması sübut edilməmiş, əmlkaın qanunusuz tikili olması əsası ilə mənzilə köçürülməni təmin etmişdir. Qeyd edilən torpaq sahəsinin cavabdehlə hüquqi bağlılığı ümumiyyətlə yoxdur, tikilən fərdi yaşayış evi isə birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilən gəlir deyildir.

b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 4. Əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Maddə 14.2. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

17. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli qərarı: Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən ərin (arvadın) intellektual fəaliyyəti nəticəsində, habelə nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və digər səylər nəticəsində əldə etdiyi gəlirlər ər-arvadın ümumi əmlakına daxil olduğundan müxtəlif oyunlar, müsabiqələr, yarışmalar və sair oxşar tədbirlərdən əldə olunmuş aktivlər də ər-arvadın birgə mülkiyyəti hesab olunur. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia təmin olunduğu hissədə ləğvi xahiş edildiyi, mübahisənin predmeti bölünən olduğu, qətnamə iddiaçı tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia təmin olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia rədd olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisəli evin özbaşına tikili olması onun ərsəyə gəlməsində ailə birliyi çərçivəsində səyi olan şəxslərin bir iqtisadi dəyər kimi həmin tikiliyə münasibətdə əmlak hüquqlarının müəyyən edilməsinə mane deyildir.

23. Bu baxımdan iddiaçının nikahdan sonra mübahisə predmeti olan evdə cavabdehlə ailə təsərrüfatı apardıqları dövrdə və bu təsərrüfat hesabına inşa və təmir olunması barədə işin mübahisələndirilməyən halıdır.

24. Ər-arvadın ümumi əmlak əldə etməsinə və istifadəsinə dair hüquq münasibətləri ailə qanunvericiliyi ilə tənzimlənir. Qanuna əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli Qərarına əsasən, ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir.

26. Qərarda o da qeyd edilmişdir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur.

27. Beləliklə, ailə münasibətləri çərçivəsində ümumi təsərrüfatla ərsəyə gəldiyi sübuta yetirilən tikili daşınmaz əmlakın dövlət reyestrindən keçməsə də, ondan mənzil ehtiyacını qarşılayan iqtisadi dəyər kimi istifadə olunması mümkündür.

28. Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarında vurğulanmışdır ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır.

29. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu fiziki obyekt olaraq özündə ərarvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyər kimi özbaşına tikintinin faydalı xassələrindən hər iki tərəfin istifadə etməsini mümkün saymışdır.

30. Apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, torpaq sahəsinin cavabdehlə hüquqi bağlılığı ümumiyyətlə yoxdur, tikilən fərdi yaşayış evi isə birgə təsərrüfat fəaliyyətinin nəticəsində əldə edilən gəlir deyildir, yaxın qohumlarının vəsaiti hesabına inşa olunmuşdur.

31. Lakin məhkəmə kollegiyası qeyd olunan xüsusatları inandırıcı hesab etmir. Belə ki, tərəflər ailə qurduqdan sonra cavabdehin valideynlərinin evində, sonradan isə mübahisənin predmetini təşkil edən yaşayış sahəsinə köçərək orada yaşamışlar. Kommunal xidmətlərə görə bağlanmış müqavilələrlə də təsdiq olunur ki, cavabdehin yaxın qohumlarının mübahisə predmeti olan yaşayış sahəsinə aidiyyatı olmamışdır.

32. Bundan başqa, iş materiallarının 130-132-ci səhifələrində olan 11 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, cavabdehin nümayəndəsi X2 izahatında mübahisəli evdə Cavabdeh və ailə üzvlərindən başqa heç kəsin yaşamadığını, iddiaçını evdən heç kəsin çıxarmadığını, İddiaçı evə köçürülməsinə etiraz etmədiyini, çəkilən xərclərin bölünməsi hissəsində isə iddianı qəbul etmədiyini bildirmişdir. Yəni, iddia yaşayış sahəsinə köçürülmə hissəsində faktiki olaraq cavabdehin nümayəndəsi tərəfindən etiraf olunmuşdur.

33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e- 2(003)- 1686/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e- 2(003)- 1686/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar