Məhkəmə qərarları › İş №2(103)-550/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-550/2020

17.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-550/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “torpaqdan istifadə edilməsinə dair maneənin aradan qaldırlması” tələbinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 225/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N.Nərimanov adına Neft və Qazçıxartma idarəsi bağçılıq yoldaşlıq təsərrüfatının xx xxxxxx 1998-ci il tarixli, 32 saylı birgə qərarına əsasən 55 saylı orderlə 55 saylı bağ sahəsi olan 500 kv. m torpaq sahəsindən istifadə etməsinə maneələr törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, N.Nərimanov adına Neft və Qazçıxartma idarəsi bağçılıq yoldaşlıq təsərrüfatının xx xxxxxx 1998-ci il tarixli, 32 saylı birgə qərarına əsasən 55 saylı orderlə 55 saylı bağ sahəsi ona verilərək, həmin sahədə üç otaqlı yaşayış evi, abadlıq, elektrik xətti, su xətti, qaz xətti, yaşıllaşdırma və sair işlərin aparılmasına icazə verilmiş, həmin ərazi üçün torpaq vergisi ödəmişdir. Həmin ərazi 500 kv. m torpaq sahəsindən ibarət olmaqla, həmin torpaq sahəsinə bünövrə salındıqdan sonra orada palçıqsız daşla hasar çəkdirmişdir. Lakin cavabdeh ona məxsus torpaq sahəsinə girməklə, onun həmin torpaq sahəsindən istifadə etməsinə maneələr yaradır. Bundan irəli gələrək o, həmin torpaq sahəsində tikinti işləri apara bilmir. Cavabdehə bununla bağlı etirazını bildirsə də, heç bir fayda verməmiş, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-225/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayət verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla işin hərtərəfli araşdırılmadığını və sübutlara düzgün hüquqi qiymət verilmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişlər ki, iş üzrə verilmiş ekspert rəyləri qeyri-müəyyəndir. Həmçinin cavabdehin 2017-ci ilə kimi torpaq sahəsinə gəlməməsi, torpaqla maraqlanmaması onu göstərir ki, həmin torpaq sahəsi cavabdehə məxsus deyildir. Həmçinin cavabdehə verilən sənədin arxivdə kötüyü yoxdur, lakin iddiaçıya verilən orderin sənədi arxivdə var. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək və mübahisə olunan torpaq sahəsinin iddiaçıya məxsus olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan N.Nərimanov adına Neft və Qazçıxartma idarəsi bağçılıq yoldaşlıq təsərrüfatının xx xxxxxx 1998-ci il tarixli, 32 saylı birgə qərarına əsasən 55 saylı orderlə 55 saylı bağ sahəsi İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 3544 saylı rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, 1 saylı Bakı Ərazi idarəsinin kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsindəki 500 kv. metr olan mübahisəli torpaq sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəsəssis rəyinə əsasən, 1 saylı Bakı Ərazi idarəsinin kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsindəki 500 kv. metr olan mübahisəli torpaq sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. İddiaçı məhz N.Nərimanov adına Neft və Qazçıxartma idarəsi bağçılıq yoldaşlıq təsərrüfatının sözügedən qərarına istinad edərək mübahisəsini etdiyi torpaq sahəsi üzərində hüquqlarının olduğunu iddia etmiş və hazırkı apellyasiya baxışının predmeti olan tələbləri irəli sürmüş, birinci instansiya məhkəməsi isə iddia tələblərini təmin etmədiyi zaman ona əsaslanmışdır ki,İddiaçı mübahisə olunan torpaq sahəsinin N.Nərimanov adına Neft və Qazçıxartma idarəsi bağçılıq yoldaşlıq təsərrüfatının xx xxxxxx 1998-ci il tarixli, 32 saylı birgə qərarına əsasən 55 saylı orderlə ona verildiyini iddia etsə də, yuxarıda qeyd edilən ekspert rəyindən göründüyü kimi həmin torpaq sahəsi bağçılıqyoldaşlığın ayrıc aktından kənarda yerləşir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin cavabdehin hazırda faktiki sahibliyində olan torpaq sahəsi ilə eyni-olub olmamasını müəyyənləşdirmək məqsədilə ekspertiza tədqiqatı keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixdə veridiyi ekspert rəyində qeyd edilmişdir ki, Hüquq və Torpaq Məsələləri MMC-nin yerquruluşu mühəndisi Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iş materiallarının 7-ci səhifəsində olan N.Nərimanov adına Neft və Qazçıxartma idarəsi bağçılıq yoldaşlıq təsərrüfatının xx xxxxxx 1998-ci il tarixli, 32 saylı birgə qərarına əsasən 55 saylı orderlə İddiaçı sahibliyinə verilmiş torpaq sahəsi ilə iddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmadı. Mübahisələndirilən ərazinin ətrafında mülkiyyət hüquqları qeydə alınmış vətəndaşların əldə olunmuş sənədlərindən isə məlum oldu ki, mübahisələndirilən torpaq sahəsinin yaxınlığında mülkiyyət hüquqları qeydə alınmış vətəndaşlar “Dəniz Neftçisi" bağçılığı adı ilə Dövlət qeydiyyatına alınmışlar. Həmin bağçılığın adının cavabdehə ayrılmış bağçılığın adı ilə eyni olması səbəbindən mübahisələndirilən ərazinin Cavabdeh faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi ilə eyni olması istisna olunmur. Göründüyü kimi iş materialları, işdə olan ekspert və mütəxəssis rəyləri ilə mübahisə olunan torpaq sahəsinin mülkiyyətçisi İddiaçı olduğu müəyyən edilməmiş, belə olan halda isə onun cavabdehə qarşı hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-225/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutular Dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar