Məhkəmə qərarları › İş №2(103)-550/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-550/2023

24.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-550/2023 24.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı üçüncü şəxs X7 cəlb olunmaqla cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbulu müddətinin üzrlü hesab edilərək ötürülməsi və uzadılması, miras payına məcburi payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-550/2023 Açar sözlər: (mirasın qəbulu müddətinin uzadılması miras payına məcburi payın müəyyən edilməsi və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(094)-277/2022 saylı qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı həyat yoldaşı X18 09 mart 2021-ci il tarixdə vəfat etmişdir. 2.İddiaçının 09 mart 2021-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X1 üzrə vərəsəsi kimi tanınaraq onun miras əmlakına dair şəhadətnamənin verilməsinə dair 06 fevral 2022-ci il tarixli müraciətinə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisindən cavab olaraq bildirilmişdir ki, Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə susmuş vərəsə hesab edildiyi üçün İddiaçı qanun üzrə vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. 3.Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı (üçüncü şəxs X7 cəlb olunmaqla) “mirasın qəbulu müddətinin üzrlü hesab edilərək ötürülməsi və uzadılması, miras payına məcburi payın müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mirasın qəbulu üçün buraxılmış müddətin üzürlü sayılaraq uzadılması, mərhum əri X20 Bariyeviçin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras əmlakına onun məcburi payının tanınması və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əri X19 Bariyeviçlə 05 avqust 2014-cü il tarixdə nikaha daxil olmuşlar. İddiaçının əri X18 09 mart 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı həmin ərəfədə COVİD-19 virusuna yoluxduğundan və vəziyyəti ağır olduğundan oğlunun yanında qalmışdır. İddiaçının yoluxduğu xəstəlik onu çox zəiflətmiş və sağalmağı uzun vaxt aparmışdır. Məlumat üçün bildirir ki, Bakı şəhəri Pirallahı rayonu (əvvəlki Xəzər rayonu) 2-ci Prodolnaya küçəsi 34 saylı ev iddiaçının mərhum əri X19 Bariyeviçin mülkiyyətində olmuşdur. Sözügedən əmlakla bağlı 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisində vərəsəlik işi açılması və iddiaçının mərhum ərindən qalan mirasa dair vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmişdir. Ərizəyə 06 fevral 2022-ci il tarixdə, 210 saylı məktubla cavab verilmiş və həmin məktubda bildirilmişdir ki, Mülki Məcəllənin 1273.1-ci maddəsinə əsasən vərəsə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya onda imtina etmədikdə susmuş vərəsə hesab edildiyi üçün qanun üzrə vərəsə kimi vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. Həmçinin, bildirir ki, cavabdeh tərəfə vəkil sorğusu göndərilmiş və həmin sorğuya 20 may 2022-ci il tarixli, 1041 saylı məktubla cavab verilmişdir. Həmin cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının mərhum əri X20 Bariyeviç tərəfindən 3-cü şəxs X6 vəsiyyətnamə verilmiş və İntiqam Şoşanov miras payına tam hissədə paya dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Belə ki, iddiaçının mərhum ərinin yeganə vərəsəsi iddiaçı olmuşdur. Onun əvvəlki nikahdan da övladı olmamışdır. Lakin vərəsəlik işinin açıldığı cavabdeh idarə iddiaçının qanunla qorunan hüququnun həyata keçirilməsinə imkan verməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 6.Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qeyd etmişdir ki, iddianı qəbul etmir, belə ki, o, mərhum X19 Bariyeviçə həmişə baxıb qulluğunda durmuş, Murad Rafikov da ona vəsiyyətnamə verərək bütün əmlakını ona vəsiyyət etmişdir. Sonradan o, mirasa tam hissədə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçını tanımır, onu heç vaxt görməmişdir, mərhumun iddiaçı ilə evli olması barədə heç bir məlumatı olmamışdır. Hesab edir ki, iddia əsassızdır. Bütün bunların nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 sentyabr 2022-ci il tarixli, 2(094)-277/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Tərlan Əkbərov) iddia təmin edilərək, İddiaçı tərəfindən mirasın qəbulu üçün buraxılmış müddətin üzrlü sayılaraq uzadılması, İddiaçı əri X19 Bariyeviçin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras əmlaka məcburi payın tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qət edilmişdir. 8.İş materiallarında olan “Nikah haqqında” AZ-İ seriyalı, 969915 nömrəli şəhadətnamənin surətindən göründüyü kimi, X19 Bariyeviç ilə İddiaçı 05 avqust 2014-cü il tarixdə nikah bağlamış və bu barədə akt qeydləri kitabında 792 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Rafikova” soyadı verilmişdir. 9.İş materiallarında olan “Ölüm haqqında” AZ-İİ seriyalı, 160446 nömrəli şəhadətnamənin surətindən göründüyü kimi, X19 Bariyeviç 09 mart 2021-ci ildə vəfat etmişdir. 10.İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinin 1041 nömrəli 20 may 2022-ci il tarixli məktubuna əsasən 09 mart 2021-ci il tarixdə vəfat etmiş Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 2-ci Prodolnaya küçəsi ev 34-də qeydiyyatda olmuş X19 Bariyeviçin vərəsəlik işinin açılmasına dair mərhumun vəsiyyət üzrə vərəsəsi Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Süleyman Bağırov küçəsi ev 17, mənzil 2-də qeydiyyatda olan, 13 yanvar 1989cu il təvəllüdlü X7 müraciət etmiş və o, miras əmlakdan tam hissədə paya dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 11.İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinin İddiaçı ünvanlanmış 210 nömrəli 06 fevral 2022-ci il tarixli məktubuna əsasən 09 mart 2021-ci il tarixdə vəfat etmiş mərhum X1 üzrə vərəsəsi kimi tanınaraq onun miras əmlakına dair şəhadətnamənin verilməsinə dair 06 fevral 2022-ci il tarixli müraciətə cavab olaraq bildirilir ki, Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə susmuş vərəsə hesab edildiyi üçün İddiaçı qanun üzrə vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Bununla bağlı yaşayış yeri üzrə məhkəməyə mrüciət edilməsi tövsiyyə olunmuşdur. 12.Məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən mirasın qəbulu üçün buraxılmış müddət üzrlü sayılaraq uzadılmalı, iddiaçının mərhum əri X20 Bariyeviçin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən miras əmlakına İddiaçı məcburi payı tanınmalı və buna dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246, 1248.1, 1193, 1194, 1159.1.1, 1321.2, 1321.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə nəzərə alınmamışdır ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən heç bir üzrlü səbəb olmadan ötürülmüş, müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia tələbi formal əsaslar üzərində qurulmuşdur. Belə ki, şəxsin COVİD-19 virusuna yoluxduğunu sübut edən fakt onun müvafiq testdən keçməsi, yoxlama nəticəsində testin nəticəsinin positiv çıxması ilə sübut olunur. İş materiallarından göründüyü kimi, iddiaçının COVİD-19 virusuna yoluxmasını, yoluxduğu halda onun bu xəstəlikdən müalicə almasını sübut edən sübutlar təqdim edilməmişdir. İddiaçı nəinki X18 vəfat edənədək onunla əlaqə saxlamamış, ümumiyyətlə X13 dəfnində də iştirak etməmişdir. Belə ki, tərəflər arasında nikah formal olaraq bağlanmışdır və nikah bağlandıqdan sonra iddiaçı X14 maraqlanmamışdır. İddiaçı ilə mərhum X13 münasibətlərinin olmamasını sübut edən hallardan biri və ən əsası budur ki, miras əmlak İddiaçı deyil, məhz X6 vəsiyyət edilmişdir. Lakin qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Umumiyyətlə məhkəmə prosesinin heç bir mərhələsində miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin üzrlü sayılmasını sübut edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq qeyd edir ki, X8, X9 və X4 norarial qaydada təsdiqlənmiş ərizəsinə əsasən, İddiaçı mübahisə predmeti olan fərdi yaşayış evində yaşamadığı sübut olunur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmunua uyğun izahat verərək, onun təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş edərək, izahatlarında əlavə olaraq qeyd etdilər ki, üzürlü səbəblərlə bağlı iddiaçının heç bir sübutu yoxdur. Məhkəmənin iddianı nəyə əsasən təmin etməsi məlum deyil. 18.Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənini dəyişdirilmədən saxlanmasını xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı COVİD-19 virusundan əziyyət çəkib, evdə müalicə alıb. Bununla bağlı məhkəməyə təqdim olunası sübutu yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 19.Maddə 1146.Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 20.Maddə 1193.Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 21.Maddə 1202.2. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 22.Maddə 1246.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 23.Maddə 1248.1.Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 24.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 25.Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 26.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 29.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin, üçüncü şəxsin və onun nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(094)-277/2022 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. 30.Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı X19 Bariyeviçlə 05 avqust 2014-cü il tarixdə nikaha daxil olmuşlar. Miras qoyan X19 Bariyeviç 09 mart 2021-ci ildə vəfat etmişdir. Vərəsəlik işinin açılmasına dair mərhumun vəsiyyət üzrə vərəsəsi Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi Süleyman Bağırov küçəsi ev 17, mənzil 2-də qeydiyyatda olan, 13 yanvar 1989cu il təvəllüdlü X7 müraciət etmiş və o, miras əmlakdan tam hissədə paya dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən mülkiyyətçidir. 31.İddiaçı isə 09 mart 2021-ci il tarixdə vəfat etmiş mərhum X1 üzrə vərəsəsi kimi tanınaraq onun miras əmlakla bağlı şəhadətnamənin verilməsinə dair 06 fevral 2022-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinə müraciət etmişdir. 32.Kollegiya qeyd edir ki, mülki qanunvericiliyin qeyd olunan müddəalarına əsasən məcburi payın qəbul edilməsi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. (§20) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (§21) 33.Göründüyü kimi iddiaçı, mirasın açıldığı-miras qoyanın öldüyü gündən 11 ay keçdikdən sonra mirası qəbul etmək üçün müraciət etmişdir. 34.İddiaçı miras qoyanın öldüyü vaxt COVİD-19 virusuna yoluxduğuna görə müddəti ötürdüyünü bildirsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. 35.Kollegiya hesab edir ki, iddiaçı məcburi payın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən və bu gecikmənin üzürlü səbəblərdən baş verdiyini təsdiq edən heç bir mötəbər sübut təqdim etmədiyinidən, Mülki Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadıla bilməz. 36.Eyni zamanda mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbi təmin edilmədiyindən, iddiaçının məcburi payının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə qiymət verilməsinə lüzum yoxdur. 37.Məhkəmə kollegiyası qeyd olunan xüsusatlara hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. 38.Buna görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(094)-277/2022 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(094)- 277/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar