Məhkəmə qərarları › İş №2(103)-5500/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5500/2023

11.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5500/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: “mənzildən çıxarılma (boşaldılması) və mənzilin təhvil verilməsi” hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma (boşaldılması) və mənzilin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 saylı işi üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "Simpatiya-S” MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən 12 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 saylı işi üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının 1 -ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 112,4 kv.m olan, iki otaqlı, 12 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.

2. Qətnamədə (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən) qeyd edilmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsində yerləşən 12 nömrəli mübahisə predmeti olan mənzil "Simpatiya-S” MMC tərəfindən ilk dəfə iddiaçıya satılmışdır, daha sonra Cavabdeh1la həmin mənzilin satışına dair iki fərqli tarixli müqavilə bağlanmışdır. Bu halda mübahisə predmeti olan mənzil xx.xx.2020-ci il tarixli, 173 saylı müqaviləyə əsasən iddiaçının əmlakı hesab edilməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə mübahisə predmeti olan sahəyə hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Beləliklə, mübahisə predmeti olan mənzilə dair iddiaçının etibarlı müqaviləsinin olmasını və iddiaçının öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarında olmasını nəzərə alaraq cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Podratçı "Simpatiya-S” MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 174 nömrəli "çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə”nin əslindən müəyyən edilir ki, "Sifarişçi”nin Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi sifarişinə əsasən "Podratçı” Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 112,4 kv.m olan, l2 saylı mənzilini tikib "Sifarişçi”yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti - tikilən mənzilin ümumi yaşayış sahəsinin (oxdan-oxa) 1 kv.m qiyməti 742 manatdan olmaqla, 83000 manat müəyyən edilmişdir. Müqaviləyə görə "Sifarişçi” müqavilə imzalanarkən mənzilin ümumi dəyəri olan 83500 manatı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədən həmçinin müəyyən edilir ki, "Simpatiya-S” MMCnin direktor əvəzi T.M.Məmmədov tərəfindən imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir; - "Simpatiya-S” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş aylar üzrə ödəniş cədvəlindən və eyni tarixli 174 nömrəli maliyyə arayışından müəyyən olunur ki, "Simpatiya-S” MMC-nin Yasamal rayonu, Yeni Yasamal ünvanında inşa etdiyi hündürmərtəbəli çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsindəki 12 saylı mənzilin dəyəri olan 83500 manat İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC-yə heç bir borcu yoxdur; - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli, 04 nömrəli arayışa əsasən, "xxxx" MMC-nin Yasamal rayonu, 7-ci alatava, 80A ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 saylı mənzil həqiqətən İddiaçı məxsusdur; - Bakı şəhəri Yasamal rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, prokurorluqda aparılan istintaq zamanı Yasamal rayonu, Yeni Yasamal, 7- ci Alatava 80A ünvanında "xxxx" MMC tərəfindən tikilmiş və idarə olunan yaşayış binasında 112,4 m2 sahəsi olan, 1 -ci blok, 3-cü mərtəbədə yerləşən 12 nömrəli mənzilin xx.xx.2020-ci il tarixli, 174 nömrəli müqavilə əsasında "xxxx" MMC tərəfindən İddiaçı, sonradan isə həmin mənzil xx.xx.2021-ci il tarixli, 163 nömrəli saxta müqavilə əsasında X3 tərəfindən Cavabdeh1 satılması müəyyən edilmişdir; - Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2118-xid-22 saylı məktuba əsasən həmin prokurorluqda "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində AR CM-nin 178.3.2, 308.1, 313 və 320.1-ci maddələri istintaq edilən cinayət işi xx.xx.2022-ci il tarixdə istintaqın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsinə göndərilmişdir; - AR-nın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli məktuba əsasən X3 xx.xx.2022-ci il tarixdə CMnin 178.3.2 və 320.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmişdir. Aparılmış istintaq zamanı İddiaçı və Şahid2 zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh1 iş üzrə şahid qismində dindirilmişdir. Məktuba həmçinin məhkəməsinin sorğusuna əsasən Cavabdeh1 ilə mübahisəli mənzillə bağlı verilmiş müqavilələr əlavə edilmişdir. Həmin müqavilələr məhkəmə tərəfindən müqayisəli şəkildə tədqiq edildikdə müəyyən edilmişdir ki, eyni mübahisəli mənzillə bağlı xx.xx.2021-ci il tarixli, 163 nömrəli və xx.xx.2021 -ci il tarixli, 127 nömrəli müqavilələr, xx.xx.2021-ci il tarixli, 163 nömrəli maliyyə arayışı, xx.xx.2021ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş cədvəli mövcuddur. Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 163 nömrəli müqavilənin məzmunundan müəyyən edilir ki, podratçı qismində "xxxx" MMC Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1 -ci bloku, 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 12 saylı mənzilini tikib sifarişçiyə təhvil vermək, sifarişçi isə həmin mənzili qəbul edərək əvəzində 82320 manat ödəniş etmək öhdəliklərini götürmüşlər. Həmçinin xx.xx.2021-ci il tarixli, 163 nömrəli maliyyə arayışında göstərilmişdir ki, "xxxx" MMC-nin Yasamal rayonu, Yeni Yasamal ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 12-ci mənzilinin dəyəri - 82320 manat Cavabdeh1 tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC-yə heç bir borcu yoxdur. Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilədə isə göstərilmişdir ki, podratçı eyni mənzili tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin mənzili qəbul edərək əvəzində 85000 manat ödəniş etməyi öhdəsinə götürür; - Qeyd olunan sənədləri "xxxx" MMC-nin direktoru Abbasov M.Ə tərəfindən imzalanmışdır. Müqavilələrin məzmunundan görünür ki, xx.xx.2021- ci il tarixli müqavilədə mənzilin dəyəri 82320 manat, xx.xx.2021-ci il tarixli müqavilədə isə 85000 manat göstərilmişdir. Həmçinin sənədlər müqayisəli şəkildə tədqiq edildikdə adi vizual baxışdan müəyyən edilir ki, ayrı-ayrı şəxslər tərəfindən imzalanmışdır; - Məhkəmənin sorğusuna əsasən AR-nın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsi tərəfindən həmin idarədə istintaq edilən cinayət işi üzrə təyin edilmiş sənədlərin məhkəmətexniki və xəttşünaslıq ekspertizası əsasında AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/319-5/278 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyinə əsasən ekspertizaya tədqiqat üçün "Simpatiya-S” MMC-nin təsisçilərindən olan X4, X8, işçisi Şahid1, X1, proses iştirakçıları Şahid2 və Cavabdeh1 şərtisərbəst və eksperimental nümunələri, "Simpatiya-S” MMC-nin möhürü təqdim edilmişdir. İmza və xətt nümunələri üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsindən ekspert tərəfindən belə nəticəyə gəlinmişdir ki, xx.xx.2021 -ci il tarixli 127 saylı müqavilənin və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin əlyazma mətni X3 tərəfindən icra olunmuşdur. Bundan başqa rəylə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli müqavilədə "Sifarişçi” qrafasındakı imza, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində "Ödəyənin imzası” və "Öhdəçinin imzası” qrafalarında, eyni zamanda xx.xx.2021-ci il tarixli 127 saylı müqavilədə "Sifarişçi” qrafasındakı, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində "Ödəyənin imzası” və "Öhdəçinin imzası” qrafalarındakı imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Cavabdeh1 adına bağlanmış xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin və maliyyə arayışının əlyazma mətnləri eyni şəxs tərəfindən icra edilmişdir. Lakin həmin əlyazma mətinləri Şahid2 və Cavabdeh1, eləcə də X6, X11, Şahid1 və X3 tərəfindən deyil başqa şəxs ( və ya şəxslər) tərəfindən icra olunmuşdur; - Cavabdeh1 adına bağlanmış xx.xx.2021-ci il tarixli, 127 nömrəli və xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilələrə əlavə edilmiş ödəniş cədvəlinin "Ödənişi qəbul edənin imzası” qrafasındakı 1 ədəd imzalar X6, X11, Şahid1 tərəfindən deyil başqa şəxs (və ya şəxslər) tərəfindən icra olunmuşdur. Həmin imzaların X2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır; - xx.xx.2021-ci il tarixli, 163 nömrəli müqavilədə və eyni tarixli maliyyə arayışında möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin möhür əksləri ekspertizaya təqdim edilmiş "Simpatiya-S” MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. xx.xx.2021-ci il tarixli, 163 nömrəli müqavilə müqavilənin "Podratçı” və ""Simpatiya-S” MMC-nin direktoru” qrafalarında olan imzalar və maliyyə arayışında olan imzalar faksimel vasitəsilə vurulmuşdur; - xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilənin möhür əksləri və imzalar hər hansı eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axıntılı printerdə çap edilmişdir. Lakin həmin müqavilədəki möhür əksi ekspertizaya tədqim edilmiş "xxxx" MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Hər iki müqavilənin “Sifarişçi” və "Podratçı” qrafalarındakı imzalar, hər hansı texniki qurğu vasitəsilə deyil birbaşa qələmlə icra edilmişdir; - AR-nın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əsasən cinayət işi üzrə aparılan istintaq zamanı Cəmiyyətin təsisçiləri təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Hazırki mülki iş üzrə İddiaçı və cavabdehin qardaşı Şahid2 onların öz müraciəti əsasında deyil, istintaqın gəldiyi qənaətə əsasən zərərçəkmiş şəxs qismində tanınmışlar. Müəyyən edilir ki, X3 həmin Cəmiyyətdə hər hansı rəsmi vəzifə tutmamış, lakin o, özünü bina sakinlərinə Cəmiyyətin nümayəndəsi kimi təqdim edərək faktiki olaraq binanın komendantı kimi fəaliyyət göstərmişdir. Məktuba əlavə edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarlara əsasən mübahisəli mənzilin yerləşdiyi və Cəmiyyət tərəfindən inşa edilmiş yaşayış binasının xeyli sayda sakini Yasamal rayon prokurorluğuna kollektiv şikayət ərizəsi ilə müraciət edərək 2019-cu ildən 2021-ci ilin yay aylarınadək olan müddət ərzində özünü Cəmiyyətin nümayəndəsi və komendantı kimi təqdim edən X3 tərəfindən Cəmiyyətin vəzifəli şəxslərinin adına saxta müqavilə və maliyyə arayışları əsasında mənzillər satılması faktına görə CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə Şahid2 xx.xx.2021-ci il tarixli 224 nömrəli saxta müqavilə, ödəniş cədvəli və maliyyə arayışı əsasında 89.600 manata; xx.xx.2021-ci il tarixli 215 nömrəli saxta müqavilə, ödəniş cədvəli və maliyyə arayışı əsasında 105.600 manata, xx.xx.2021-ci il tarixli, 163 nömrəli saxta müqavilə, ödəniş cədvəli və maliyyə arayışı əsasında 82.320 manata mənzil satılmaqla, ona məxsus 277.520 manat pulun ələ keçirilməsi ilə bağlı, o, zərərçəkmiş şəxs qismində tanınmışdır; - Cinayət işi üzrə İddiaçı xx.xx.2021-ci il tarixli saxta müqavilə və saxta maliyyə arayışı əsasında 95.000 manata mənzil satılmaqla ona məxsus pulun ələ keçirilməsi ilə bağlı, o, zərərçəkmiş şəxs qismində tanınmışdır. -Yasamal Rayon Məhkəməsinin oxşar məhkəmə mübahisəsi üzrə qəbul etdiyi və qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2(004)-2121/2022 saylı qətnaməsinə əsasən Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, 163 nömrəli və xx.xx.2021-ci il tarixli, 127 nömrəli müqavilələri "xxxx" MMC-nin adından imzalayan X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür; - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərə əsasən mübahisəli mənzil təmir edilmişdir. "xxxx" MMC-nin mənzil kommunal xidməti haqqında mədaxil qəbzindən müəyyən edilir ki, mənzilin hazırda faktiki istifadəçisi olan Cavabdeh1 tərəfindən 2021-ci ilin oktyabr və noyabr ayları üzrə aylıq 35 manat olmaq cəmi 70 manat ödəniş edilmişdir. Bununla da müəyyən edilir ki, mübahisəli mənzil hazırda təmirli vəziyyətdə olmaqla cavabdehin faktiki istifadəsindədir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2021-ci ilin mart ayında Cəmiyyətin təsisçisi olaraq tanıdığı "Fərəc” adlı şəxsə ümumilikdə 277500 manat ödəniş edərək 3 mənzil almışdır. Həmin mənzillərdən ikisi onun özünə məxsus olmuş, digər biri isə qardaşı Cavabdeh1 məxsus olmaqla, qardaşının adına xx.xx.2021-ci il tarixli 163 nömrəli müqavilə verilmişdir. Mənzilin 1 m2 üçün 800 manatdan artıq məbləğlə hesablanmışdır. Mübahisəli mənzilin ümumi dəyəri olan 82320 manat pulu Polad ona vermiş, o, da Fərəcə vermişdir. Pulu verərkən qardaşı yanında olmamışdır. O əvvəl də həmin binada ev alıb satmış və həmin vaxtdan Fərəci tanımışdır. Əvvəl hər hansı bir problem yaranmamışdır. O, pulu Fərəcə versə də, müqaviləni Ağasəmid binanın qabağında onlara təqdim etmişdir. Müqaviləni Polad binanın qarşısında imzalamışdır. Ağasəmid müqavilələri onlara təqdim edərkən artıq imzalanmış və möhürlənmiş vəziyyətdə olmuşdur. Sonradan bilmişdir ki, hər üç müqavilə ölmüş şəxsin adından imzalanmışdır. Həmin şəxsin ölmüş olmasını prokurorluqda bilmişlər; - Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, elektrik-santexnika üzrə usta fəaliyyəti ilə məşğul olur. Cavabdeh1 tanıyır. Belə ki, Poladın sifarişinə əsasən ona məxsus mənzili təmir etmişdir. Mənzilin təmiri ilə bağlı müqaviləsi olmamışdır. Təmirə başlananda Polad onları ofisdə işləyən Ağasəmid kimi tanıdığı şəxsə təqdim etmişdir. Ofisdə Ağasəmiddən başqa adını xatırlamadığı xanım çalışmışdır. Sonra onlara binaya giriş-çıxış üçün kart vermişlər. Binaya daxil olan zaman onlardan soruşulduqda Poladın evinə getdiklərini bildirmişlər. Onlara evi Ağasəmid təqdim etmiş və müvafiq ölçüləri götürmüşlər. Ağasəmidin yanında işləyən xanımın da onların kimin evində təmir işləri aparmaları barədə xəbərdar olmuşlar. Mənzilin təmir işləri davam edən vaxt Poladdan başqa kimsə mənzilin sahibi kimi onlara yaxınlaşmamışdır. Bu müddət ərzində Ağasəmid mənzilə gəlib təmirlə maraqlanmamışdır. Lakin onda olan məlumata görə tikinti materiallarının mənzilə daşınması üçün Ağasəmiddən icazə alınmışdır. O, Poladın Cəmiyyətin digər vəzifəli şəxsləri ilə ünsiyyətdə olmasının şahidi olmamışdır. Təmir isə 2021-ci ilin mart ayının axırında başlamış, 6 ay müddətində, yəni avqust ayında yekunlaşmışdır. Zəhmət haqqı kimi 15000 manata yaxın pul almışdır; - Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, fərdi qaydada mənzillərin təmir işləri ilə məşğuldur. Cavabdeh1 tanıyır. Belə ki, cavabdehə məxsus evdə təmir işləri aparmışdır. Təmir işləri 2021-ci ilin mart ayında başlamış və 5-6 ay müddətinə davam etmişdir. İşlər 2 nəfər usta və bir nəfər fəhlə tərəfindən icra olunmuşdur. Mənzilin təmiri ilə bağlı müqavilə olmamış və zəhmət haqqı nağd pul formasında verilmişdir. O, binada rəhbər işçi olaraq Ağasəmid və Fərəc adlı şəxslərin olmasını bilmişdir. Lakin binaya nəzarət edən şəxs Ağasəmid olmuşdur. Hətta, Ağasəmidin katibəsi olmuşdur. Tikinti materiallarının mənzilə daşınmasında onlara binada işləyən "qoca” ləqəbli fəhlə kişi köməklik etmişdir. Onlar həmin mənzili təmir edən vaxt Poladdan başqa kimsə onlara mənzil sahibi kimi yaxınlaşmamışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 109/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Mülki Məcəlləsinin 21, 109.1, 324.1, 324.5 ,567, 568, 572.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 81, 88, 217.1, 385.1.1, 386cı maddələrinə istinadən qeyd edilmişdir ki, qətnamə cavabdehlərin mülkiyət hüquqlarını pozduğu üçün qanunsuz və əsassızdır. Mübahisəli mənzili almaqda ona qardaşı Şahid2 vasitəçilik etmişdir. Mənzilin pulunu o, qardaşı Buluda vermiş, daha sonra binanın qarşısında qardaşının iştirakı ilə Ağasəmid tərəfindən ona təqdim edilən müqaviləni imzalamışdır. Ona müqavilə təqdim edilərkən imzalanmış və möhürlənmiş şəkildə olmuşdur. Müqavilə tərtib edilərkən bilavasitə iştirak etməmişdir. Ona mənzili də Ağasəmid özü təhvil vermişdir. Onda olan məlumata görə, binanın bütün işlərini Ağasəmid həll etmişdir. Ona mənzilin dəyərinin tam şəkildə ödənilməsinə dair maliyyə arayışını Ağasəmid müqavilə ilə birlikdə təqdim etmişdir. Qardaşı Buludun deməsindən bilmişdir ki, o, mənzilin alğı-satqısı ilə bağlı ilə bağlı Fərəc adlı şəxslə daşınıb razılaşmış və mənzilə görə onun dəyərini ödəmişdir. Ona isə mənzilinin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışını Ağasəmid müqavilə ilə birlikdə təqdim etmişdir. O, MMC-nin təsisçilərinin heç biri ilə əlaqədə olmamışdır. Onda olan məlumata görə, evi alarkən qardaşı Fərəc və Ağasəmidlə ünsiyyətdə olmuşdur. Verilmiş suallara əsasən bildirmişdir ki, mənzil ona 05 mart 2021-ci il tarixdə təhvil verildikdən qısa müddət sonra təmirinə başlamışdır. Çünki, o, hazırkı mənzili almaq üçün əvvəl yaşadığı evi satmış və əldə etdiyi vəsait hesabına mübahisəli mənzili almışdır. Mənzildə təmir işlərini aparan ustalar öz tanışları olmuşdur. Təmir üçün tikinti materiallarını MMC tərəfindən ona yaradılmış şərait əsasında binanın birinci mərtəbəsində yığmışdır. Bu şərait ona Ağasəmid tərəfindən yaradılmışdır. Onun bildiyinə görə təmirə MMC-nin rəhbəri tərəfindən icazə verilmişdir. Səyyar adlı “qoca” ləqəbli şəxs də tikinti materiallarının daşınmasında ona pul müqabilində köməklik etmiş, lakin o da mənzilin Təsadüfə məxsus olmasını deməmişdir. Məhkəmə ifadə verən şahidlər yalnız Cavabdeh1 tərəfindən təmir xərcləri tam ödənildiyini təsdiq etdilər. Şahidlər Polad tərəfindən 60000 manatdan çox pul xərclədiyini bildirmişdirlər. Mənzil 2 otaqlı olmaqla 3 otağa düzəldilmişdir. Təmirə çəkdiyi xərclərlə bağlı sübutları vardır. Təmir işləri 4-5 usta tərəfindən görülmüşdür. O, MMC-nin işçisi kimi həmçinin mühasib olaraq Lamiyəni tanımışdır. Belə ki, o, mənzildə faktiki yaşamağa başladıqdan sonra aylıq 35 manat kommunal ödənişləri Lamiyəyə vermişdir. Yalnız bir dəfə ona ödənişlə bağlı qəbz verilmişdir ki, həmin qəbzi də məhkəməyə təqdim etmişdir. Mübahisə ilə bağlı olaraq noyabr ayından sonra heç bir kommunal ödəniş etməmişdir. Verilmiş suallara əsasən cavabdeh onun adına mübahisəli mənzillə bağlı bağlanmış iki müxtəlif tarixli, eləcə də mənzilin dəyəri müxtəlif göstərilmiş müqavilələrə baxış keçirib, bunun səbəbini izah edə bilməmiş və qeyd etmişdir ki, müqavilələr ona təqdim edilərkən MMC-nin rəhbəri adından kimin imzalamasını və möhürü kimin vurmasını aydınlaşdırmamışdır. Miradəm Abbasovun müqavilə bağlanan tarixdən öncə vəfat etməsini isə həmin vaxt bilməmişdir. Onunla 2021-ci ilin mart ayının 5-də bir müqavilə bağlanmış, 2-ci müqavilə isə olmamışdır və 2-ci müqavilədə olan imza onun imzası deyildir. Prokurorluqda isə bu barədə məlumat vermişdir. Prokurorluqda istintaq edilən cinayət işi üzrə o, deyil qardaşı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hesab edir ki, o, əvvəlki evini satıb, hazırkı mübahisəli evi alıb bu vəziyyətə düşdüyü üçün zərər çəkibdir. Məhkəmə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarını tam, hərətərəfli araşdırmamışdır. Məhkəmə nəzərə almalıdır ki, cavabdehlə bağlanmış müqavilənin etibarsızlığı isə iddiaçı tərəfindən mübahisələndirilməmiş, müqavilənin saxta olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Yekunda əsassız qətnamə qət etmişdir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Birinci instansiya məhkəməsi işin göstərilən hallarına heç bir qiymət verməmiş, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Cavabdeh1 mübahisəli mənzilin dəyərini tam şəkildə ödəməklə əldə etmiş və o, vicdanlı alıcı hesab edilməlidir. Cavabdehlə bağlanmış müqavilənin etibarsızlığı isə iddiaçı tərəfindən mübahisələndirilməmiş, müqavilənin saxta olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdur. Belə olan halda müqavilə qanuni hesab edilməlidir. Prokurorluq orqanlarında isə bu faktla bağlı başlanmış cinayət işi üzrə hazırda ibtidai istintaq davam etdirilir. İşin hallarından isə görünür ki, mənzil Cavabdeh1 faktiki təhvil verilməklə, cavabdeh və onun ailə üzvlərinin istifadəsində olmaqla orada yaşayırlar. Bundan başqa, mənzildə təmir işləri aparılarkən MMCnın işçiləri də bu barədə məlumatlı olub cavabdehə bunun üçün zəruri şərait yaradılmışdır. Dolayısı ilə mənzil cavabdehə MMC tərəfindən faktiki təhvil verilmiş hesab edilməlidir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsində göstərilən hallar öz təsdiqini tapmamışdır. Mübahisəli mənzilə dair təmir xərclərinin cavabdeh tərəfindən tam ödənildiyi təsdiq edilir. Mübahisəli mənzili təmir etdirən,yaşayan şəxs cavabdeh olduğu halda, cavabdehin müqaviləsi hələ də qüvvədə olduğu halda, məhkəmə mühüm əhəmiyyət kəsb edən halları nəzərə almamış, məhkəməyə müraciət edən şəxsin, subyektiv hüququnun olub-olmamadığı müəyyən edilməli, yalnız sonra əmlaka dair sərancam vermək hüququ müzakirə edilməli və məhkəmə məktuba deyil, preyudisial qərarlara istinad edə bilərdi, məhkəmə istintaq orqanın məktubuna istinad etmişdir.

5. İddiaçı (məhkəmə tərəfindən əks edilmiş hallara istinadən) apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı hazırkı mülki iş üzrə mübahisəli mənzillə bağlı deyil digər müqavilə əsasında binadan aldığı mənzillə bağlı zərərçəkmiş şəxs qismində tanınmışdır. Mübahisəli mənzillə bağlı isə Cavabdeh1 deyil, onun qardaşı Şahid2 zərərçəkmiş şəxs qismində tanınmışlar. Yasamal Rayon Məhkəməsinin oxşar məhkəmə mübahisəsi üzrə qəbul etdiyi və qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli 2(004)-2121/2022 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli, 163 nömrəli və 12.07.202l-ci il tarixli, 127 nömrəli müqavilələri "xxxx" MMC-nin adından imzalayan X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Beləliklə, bu iş üzrə tərəflər arasında Bakı şəhəri Yasamal rayon Məhkəməsində mübahisə üzrə icraat vaxtı işin bütün hallarının araşdırıldığına, məhkəmənin kifayət qədər sübutlar topladığına, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyinə və düzgün hüquqi nəticəyə gəldiyinə baxmayaraq, cavabdeh X14 və onun nümayəndəsi belə bir əsassız apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 100/2023 saylı xx.xx.2023 tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətlərini müdafiə etdiklərini, birinci instansiya məhkəməsi qətnaməsinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyini, mübahisəli mənzilinin sahiblik və mülkiyyət hüququ ilə bağlı hələ də mübahisənin mövcud olduğunu və həmin məsələ ilə bağlı cinayət təqibinin aparıldığını, MMC barəsində araşdırılmaların davam etdirildiyini, bir çox mənzillərlə bağlı ziyan tam ödənilsə də, faktiki mübahisə predmeti ilə bağlı yekun nəticəyə gəlinmədiyini, Cavabdeh1 məxsus müqavilənin saxta sənəd olmasına dair birtərəfli rəy alındığını, lakin qarşı tərəfin müqaviləsi ilə bağlı vəsatət verdikləri halda birinci instansiya məhkəməsi tərəfindən vəsatətin təmin edilmədiyini, iddiaçıya məxsus müqavilənin həqiqiliyinə dair onlarda şübhələr olduğunu qeyd etmiş, cavabdehin mənzildə faktiki yaşayışını təsdiq edən qəbzlərin məhkəməyə təqdim edildiyini, bütün kommunal xərclərin onun tərəfindən ödənildiyini diqqətə çatdırmış, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini və birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 hal-hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşadığını bildirmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı mübahisəli mənzilə dair olan müqaviləsinin tam qanuni müqavilə olduğunu, 83500 manat ödəyərək 2021-ci ildə mənzili aldığını, ilk müqavilənin onunla bağlandığını, mənzilin təmiri üçün həmin binada əvvəllər də mənzili olduğundan tanıdığını Ağasəmid adlı şəxslə razılaşdığını, müqaviləni əldə etdikdən sonra 6-7 ay sonra bir dəfə mənzilinin vəziyyəti ilə maraqlandığını və hər şeyin qaydasında olduğunu, təmir getdiyini gördüyünü, təmir edən ustalarla isə hər hansı sazişinin olmadığını, 2022-ci ilin noyabr ayında mənzildə cavabdehin yaşadığını bildiyini, bundan sonra MMC-yə müraciət etdiyini qeyd etmiş və cinayət işi üzrə hazırkı mübahisəli mənzillə deyil, həmin binada olan digər mənzili ilə bağlı zərərçəkmiş şəxs qismində tanındığını bildirmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etirazlarını müdafiə edərək birinci instansiya məhkəməsində iş üzrə kifayət qədər araşdırılma aparıldığını, cavabdehin şikayətində istinad etdiyi hökmün isə bu iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyini, bundan əlavə həmin cinayət işi üzrə iddiaçının ona məxsus məxsus digər mənzilə münasibətdə zərərçəkmiş şəxs kimi tanındığını, hazırkı iş üzrə mübahisəli evlə bağlı cinayət işi üzrə hər hansı faktın olmadığını qeyd etmiş, mübahisəli mənzilə dair təmir işləri üçün iddiaçının Ağasəməd adlı şəxsə 25000 manat verdiyini, təmir işlərinin pandemiya dövrünə düşdüyündən Bakıya gediş-gəlişin mümkün olmadığını, həmin dövrdə Ağasəmidlə yalnız telefon vasitəsilə əlaqə saxlanıldığını, mənzildə cavabdehlərin yaşadığını bildikdən sonra isə MMC-yə müraciət etdiyini, mənzilinin ona satıldığına dair "xxxx" MMC tərəfindən iddiaçıya arayış verildiyini, qarşı tərəfin saxta müqavilə əsasında mənzili zəbt etdiyini və cavabdehin mənzildən çıxması uzandığından məhkəməyə müraciət edildiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 26; Mülki Məcəllənin 139-158, 178, 324, 385-388, 404, 425, 442, 443, 454, 560, 646-654, 752-776; Mülki Prosesual Məcəllənin 77, 88, 385-390-cı maddələrinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən aidiyyəti maddi və prosessual hüquq normalarına qismən istinad edilsə də, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmayaraq sübutlara (mötəbərliyinə) düzgün qiymət verilməmiş, qətnamədə göstərilmiş nəticələr iş üzrə müəyyən edilmiş və edilməmiş hallara tam uyğun gəlmədiyindən dəqiq olmayan nəticə hasil olunmuşdur. İddianın məhkəmə tərəfindən təmin edilməsinə əsas iddiaçının müqaviləsinin ilk bağlandığı və etibarlı olması olmuşdur. Halbuki, bu əsaslar özü özlüyündə ziddiyyətlidir. Belə ki, cavabdehin mübahisələndirilməyən müqaviləsinin saxta olmasına, yəni olmamasına (etibarsız olmasına) işarə edən məhkəmə digər tərəfdən onun sonradan bağlandığına istinad etmişdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı tələblərinə (maddələrinə) əsasən: 144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir.144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. 144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. 144- 1.4. Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. 144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. 144-1.6. Xeyrinə təminat qeydi aparılmış şəxs tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissənin bağlı olduğu pay ilə əlaqədar hüquqlarını və öhdəliklərini yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisini məlumatlandırmaqla notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında üçüncü şəxsə ötürə bilər. Müqavilədə digər müddəalarla yanaşı, hüquqların və öhdəliklərin ötürüldüyü məqamda mövcud olmuş həcmi və həmin həcmdə ötürülməsi, aparılmış təminat qeydində hüquqların və öhdəliklərin ötürüldüyü üçüncü şəxsin xeyrinə müvafiq dəyişikliklərin edilməsinə dair hər iki tərəfin razılıqları aydın şəkildə ifadə edilməlidir. Belə hüquqlar və öhdəliklər onların üçüncü şəxsə ötürüldüyü məqamda mövcud olmuş həcmdə və şərtlərlə ötürülməlidir. Notarius bu müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə, habelə təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə torpaq sahəsinin mülkiyyətçisinə göndərməlidir. Belə müqavilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış təminat qeydində müvafiq dəyişikliklərin edilməsinə dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq qeydiyyat hərəkətləri aparılır; 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər. 163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir; 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir; 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 179.2. Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. 179.4. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir; 232. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi yaşayış binasının tərkib hissəsinin digər mülkiyyətçisindən onun payını əldə etmiş və ya sonrakı razılaşma yolu ilə bu cür üstünlük hüququnu başqasına vermiş və daşınmaz əmlakın dövlət reyestrində xeyrinə təminat qeydi aparılmış üçüncü şəxs barəsində əldə etmədə üstünlük hüququna malik deyildir. Eynilə bu şəkildə müəyyənləşdirilə bilər ki, yaşayış binasının tərkib hissəsinin özgəninkiləşdirilməsi, onun istifadə hüququ və ya mənzil hüququ ilə yüklü edilməsi, habelə kirayəyə verilməsi yalnız o halda hüquqi qüvvəyə malikdir ki, yaşayış binasının tərkib hissəsinin qalan mülkiyyətçiləri müvafiq qərar qəbul edərək, onlara məlumat verildiyi andan 14 gün ərzində buna etiraz etməsinlər. Əgər etiraz tutarlı əsas olmadan verilmişdirsə, etibarlı deyildir. Belə etiraza baxarkən məhkəmə etirazın əleyhdarının xahişi ilə onun iddiasının təmin edilməsi barədə sərəncam verir; 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır; 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. 648.3. Alqı-satqı müqaviləsinin predmetini digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu Məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir; 770-1.1. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız aşağıdakı şərtlər mövcud olduqda tələb edilə bilər:770-1.1.1. bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilmişdirsə; 770-1.1.2. daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılmışdırsa. 770-1.2. Bu Məcəllənin 770-1.1-ci maddəsində müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

14. Qeyd edilməlidir ki, müqavilələrin mübahisələndirilmədiyi (tələb olmadığı) prosessual vəziyyətdə onların etibarsizlığı ilə bağlı dəlillərin müzakirəsi cinayət işi üzrə işin araşdırılan hallarına uyğun təhlil edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi hallar cavabdehin birtərəfli qaydada müqavilənin ləğvi səlahiyyətlərindən kənar onun etibarlılığını müəyyən edən sübutların mötəbərliyi baxımından qiymətləndirilməlidir. Belə ki, müqavilə tərəflərindən birinin öhdəliyini tam yerinə yetirməməsi digər tərəfin mülki qanunvericiliyə riayət etməklə onun ləğv edilməsi tələbi ilə müraciət etmək hüquqlarını müəyyən edir. Belə (ləğv və ya etibarsızlıq) tələbi müqavilə tərəfləri bir-birlərinə, habelə, iddiaçı MMC-yə qarşı irəli sürməmişdir. Bundan əlavə, müqavilələrin bağlanma tarixi üzrə kimin ilkin və ya kimin sonra müqaviləsinin bağlanmasına qiymət verilməsi mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından bəlli olur ki, mənzil tikintisi və satışını həyata keçirən MMC-nin vəzifəli şəxslərinin (və ya bu adla çıxış edən digər şəxslərin) əməlləri barəsində cinayət tərkibi üzrə ittiham edilməklə cinayət təqibi aparılsa da, hadisənin olub-olmamasını müəyyən edən halları təsdiq edəcək qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcud deyildir. İşin mübahizəsiz halı ondan ibarətdir ki, cavabdeh Yeni-Yasamal yaşayış massivi, 7-ci Alatava, ev 80A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 12 nömrəli əmlakın alınması üçün ödəniş müqabilində MMC-nin vəzifəli şəxsi tərəfindən ona müvafiq rəsmi sənədlər təqdim edilmiş və ailəsi ilə birgə təmir etdirdiyi mübahisəli mənzilə köçüb etirazsız yaşamışdır.

15. Qeyd edilməlidir ki, iddiaçının müqavilə üzrə hüquqlarının təsdiq edilməsinin tələb etməsi məhz onun məmnunluğunun təmin edilməsinə xidmət edən vəzifələrin üçüncü şəxs olan MMC tərəfindən həyata keçirilməsinə yönəlsə də, digər maraqlarına toxunan və sahiblik hüququ əldə edən cavabdehin hüquqları da nəzərə alınmalıdır. Bu mənada hazırki mübahisə üzrə münasibətlərin bütün iştirakçıları arasında razılığın - mülki dövriyyədə olan əmlakın və ona dair hüquqların təmin edilməsi, başqa hal sübuta yetirilmədiyi təqdirdə üçüncü şəxsin vəzifəsidir. Belə ki, onun (işlərə nəzarəti həvalə etdiyi şəxslər) tərəfindən mübahisəli mənzilə sahiblik etmək, yəni onu təmir edərək orada yaşamaq kimi hallara etiraz etməməsi və sonradan iddiaçının müqaviləsinin tanınması cinayət təqibi üzrə araşdırılan və həmin iş üzrə sübuta yetirilməli olan hallardır. Cinayət işi üzrə ekspert rəylərinin mötəbərliyi həmin icraat həddində digər sübutların məcmusu halında müəyyən edilən hallardır, lakin qeyd edildiyi kimi, cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. Müqavilələrin mübahisələndirilməməsi, habelə cinayət təqibi üzrə onların tədqiq edilməsi (edilməli olduğu), hazırki mülki icraat həddində (tələb həddindən kənar) onlara qiymət verilməsini, tədqiqat aparılmasını (mülki prosessual qanunvericiliyin tələbləri baxımından) istisna edir. İddianın əsasını müqavilə münasibətləri təşkil etdiyindən müqavilə üzrə qanunla müəyyən edilmiş tələbləri şərtləndirən hüquqi əsaslara qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Bu baxımdan diqqət mərkəzində saxlanılmalıdır ki, Azərbaycan Respublikası mülki qanunvericiliyinə görə bu növ müqavilələr bağlanması notarial qaydada aparılmalı təminat qeydi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat hərəkətləri aparılır və məhz bu qeydiyyat müqavilənin etibarlılığını şərtləndirən xüsusatdır. Belə qeydiyyatın olmaması hüquq və vəzifələrdən sui-istifadəyə şərait yaradan hallardır, müqavilənin üzərində yazılmış tarixi əhəmiyyətsiz edir, müqavilənin sonradan tərtib edilməsini istisna etmir və bu müstəvidə iddiaçı tərəfindən ilkin olaraq müqavilə bağlanmasını sübut etmir.

16. Beləliklə, müqavilələr deyil, münasibətlərin əsl səciyyəsi qiymətləndirilməlidir ki, hazırda cavabdehlərin iddiaçıya münasibətdə mülki məsuliyyətini müəyyən edən hallar müəyyən edilmir, cavabdehin kimlər tərəfindənsə aldadılması, onun mənzili təmir etdirərək orada etirazsız yaşaması, binanın tikintisinə və mənzillərin satışına məsul olmuş (olmalı) şəxslərin susması (razılığı) və bu faktları təkzib edən mötəbər sübutların təqdim edilməməsi cavabdehlərin mənzili özbaşına zəbt etmə hallarını istisna edərək onların mənzil üzərində faktiki sahibliyinin gərçəkləşməsini təsdiq edir. Ona görə, apellyasiya şikayəti təmin edilməli, iddia rədd edilməklə yeni qətnamə qəbul edilməlidir.

17. Diqqətə çatdırılmalıdır ki, iddiaçının sahibliyinə verilməli olan sahənin maraqlarına toxunan cavabdehin sahibliyində olması sonuncuların hüquqlarının pozulmasına xidmət edir. Ona görə iddiaçının digər mənzil, o mümkün olmadığı təqdirdə onun dəyərini, habelə bu münasibətlərdən irəli gələn digər tələblər irəli sürmək hüquqları istisna edilmir.

18. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d ı̇ : Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2023 saylı işi üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma (boşaldılması) və mənzilin təhvil verilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar