Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5501/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi Əhədov Vidadi Vəkilağa oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı “işdən azad olma və başqa işə keçmə barədə və təhvil-təslim barədə əmrlərin ləğv edilməsi” tələbinə dair 2(002)-648/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi 8 nömrəli Bakı Peşə Liseyinin direktoru X5 tərəfindən verilmiş işdən azad olma və başqa işə keçmə barədə xx xxxxxx 2020-ci il tarixli, 03 saylı əmrin ona aid olan hissədə və təhvil-təslim barədə xx xxxxxx 2020-ci il tarixli, 04 saylı əmrin ləğv edilməsinə və onu dərs hissə müdiri vəzifəsində saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, 8 nömrəli Bakı Peşə Təhsil Liseyin direktoru Fizuli Talıbovun xx xxxxxx 2020-ci il tarixli, 03 saylı əmri ilə dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün o xx xxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsində müvafiq dəyişikliklər edilməklə tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilmişdir. 8 nömrəli Bakı Peşə Təhsil Liseyi direktoru Fizuli Talıbovun xx xxxxxx 2020-ci il tarixli, 04 saylı əmri ilə dərs hissə müdiri vəzifəsi ixtisara düşdüyü üçün o, xx xxxxxx 2020-ci il tarixdən tutduğu vəzifədən tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirildiyi üçün səlahiyyətində olan bütün tədris plan proqramları, tədrisə aid olan sənədləri tədris istehsalat işləri üzrə direktor müavini X3 təhvil vermişdir. O, hesab edir ki, onunla əmək müqaviləsinə bu əsasla xitam verilərkən əmək qanunvericliyinin tələbləri pozulmuşdur. Ona görə də onun işdən azad edilməsini qanunsuz hesab edir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, peşə liseyinin nümunəvi ştat cədvəllərinə dair müvafiq qərarın məzmunu və 8 saylı Bakı Peşə Təhsil Liseyin direktoru Fizuli Talıbovun xx xxxxxx 2020-ci il tarixli, 03 saylı «işdən azad olma və başqa işə keçmə barədə» əmri barədə qəbul edildiyi gündə məlumatı olub. Bununla yanaşı, iddiaçı 2014-cü ildən şəkərli diabet xəstəsidir, həm də ikinci qrup əlildir. İddiaçı 8 №-li Bakı Peşə Liseyindən 2008-ci ildən hal-hazırdakı dövrədək işləyir. İşlədiyi dövrdə rəhbərlik tərəfindən 2 Fəxri Fərmanla mükafatlandırılmıdır. 8 №-li Bakı Peşə Liseyinin direktoru Fizuli Talıbov Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1996-cı il tarixli 64 növrəli qərarına və Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən x xxxxxx 2020-ci il tarixli, 3 saylı işdən azad olma və başqa işə keçmə barədə əmri qanunsuz və əsassız əmr qəbul etmişdir. X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin qanuni tələblərin pozaraq dərs hissə müdiri vəzifəsinin ixtisara düşdüyü üçün iddiaçını azad etməsindən və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsində müvafiq dəyişikliklər edilməklə trafikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilməsindən azı iki ay əvvəl onu xəbərdar etməmişdir, ona görə ki, həmin liseyin direktor vəzifəsinə F.Talıbov xx xxxxxx 2019-cu il tarixdə təyin olunmuşdur. Odur ki, o, əmək qanunvericiliyinə əsasən ştatın ixtisara dair əmri ilə iddiaçını xx xxxxxx 2019-cu il tarixdə xəbərdar etməklə, iddiaçının peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olduğunu və yaxud olmadığını müəyyən etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 185 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqramının 5-ci bəndinə əsasən iddiaçının 2-ci qrup əlil kimi dərs hissə müdiri üzrə işdə qalmaq hüququna üstünlük verilməsinə əhəmiyyət verməklə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinin qanuni tələblərinə riayət edərək Bakı 8 nömrəli X6 İttifaqının üzvü olduğu halda liseydə fəaliyyət göstərən həmkarlar təşkilatının qabaqcadan razılığını almaqla əmr qəbul etməli idi. Lakin 8 nömrəli Peşə Liseyin direktoru F.Talıbov qeyd olunan qanunları pozaraq ixtisara dair xx xxxxxx 2020-ci il tarixdə öz başınalıqla qanunsuz əmr qəbul etmişdir. Bundan başqa, Nazirlər Kabinetinin 1996-cı il 29 may, 64 saylı Qərarı ilə Peşə məktəblərinin və Peşə Liseylərinin nümunəvi ştatları təsdiq olunmuşdur. Ancaq nədənsə 8 saylı Bakı Peşə Liseyin direktoru Füzuli Talıbov bunu, yəni dərs-hissə müdirini ixtisar edərək, işdən azad etməsinin səbəbini Nazirlər Kabinetinin Qərarı kimi göstərmişdir. 8 saylı Bakı Peşə Liseyinin Nizamnaməsinə əsasən, Peşə Liseyinin bütün məsələləri özü həll edir, yəni ştat cədvəlini də özü tərtib edir, ona görə də, istənilən ştatı da saxlamaq hüququna malikdir. 2019-cu ildə də şagird sayı 250 nəfərdən az olduğu halda ştat cədvəlində dərs-hissə müdiri vəzifəsi vacib olduğu üçün ixtisar edilməmişdir. 8 saylı Bakı Peşə Liseyinin direktoru Füzuli Talıbovun məqsədi iddiaçını dərs-hissə müdiri vəzifəsindən kənarlaşdırmaq olub. Digər işçiləri isə direktor ixtisar etməyərək öz vəzifələrində saxlamışdır. Təsərrüfat müdiri vəzifəsi nədənsə ixtisar edilməmişdir. İstehsalat təlimi ustaları ixtisardan kənarda qalmışlar. Peşə məktəblərində heç vaxt işləməyən, heç bir pedaqoji stajı olmayan, ixtisasca həkim stomatoloq olan Füzuli Talıbov 6, 7 saylı Bakı Peşə Məktəblərinin və 8 saylı Bakı Peşə Liseyinin direktor vəzifəsinə təyin olunmuşdur. Laborant ştatı avadanlıqlarla təchiz edilmiş fizika, kimya kabineti olduqda ştat cədvəlinə daxil edilə bilər. 8 saylı Bakı Peşə Liseyində avadanlıqlarla təchiz edilmiş fizika və kimya kabinetləri yoxdur, amma laborant ştatı direktor Füzuli Talıbov tərəfindən saxlanılıb. Mexanik ştatı da saxlanılıb, ancaq bu ştat kənd təsərrüfatı profilli peşə məktəblərinə aiddir. 20 ədəddən artıq işləyən avadanlıq - maşın, traktor, avtomobil, dəzgah, kombayn olduqda bu ştat Peşə Liseyin ştat cədvəlinə daxil edilə bilər. 8 saylı Bakı Peşə Liseyində isə 4 ədəd avtomobil var, ondan başqa heç bir texnika yoxdur və Lisey tikinti profillidir. Ambardar ştatı kənd təsərrüfatı profilli məktəblərində ola bilər. Lakin nədənsə bu ştat 8 saylı Bakı Peşə Liseyində saxlanılmışdır. Bundan başqa operator ştatı da əsassız saxlanılmışdır. Məhkəmə ixtisarla bağlı araşdırma aparmamış, 8 saylı Bakı Peşə Liseyinin ştat cədvəlini direktordan məhkəməyə göndərməyi tələb etməmişdir. Liseyin ştat cədvəlində olan ştatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may, 64 saylı Qərarı ilə təsdiq edilmiş peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştat cədvəli ilə uyğunsuzluq təşkil edir. 8 saylı Bakı Peşə Liseyinin direktoru Füzuli Talıbovun məqsədi göstərilənlərə əsasən qəsdlə səciyyələnir. Direktorun məqsədi ştat cədvəlində dəyişikliklər etməklə ancaq dərs-hissə müdirini işdən kənarlaşdırmaq olub. Ştat cədvəlində müəllim ştatı olmadığı halda direktorun hansı əsasla iddiaçını ərizəsi olmadan müəllim keçirdiyi başa düşülən deyil. Direktorun özbaşına xəbəri olmadan, iddiaçını müəllim təyin etməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin qanuni tələblərinə ziddir. Direktorun işdən azad olma və başqa işə keçmə barədə xx xxxxxx 2020-ci il tarixli, 03 saylı əmrində iddiaçının hansı dərs ştatı ilə müəllim təyin olunması göstərilməmiş, iddiaçı ilə əmək müqaviləsi bağlanmamış və əmək haqqı barədə heç nə göstərilməmişdir. Direktorun verdiyi iddiaçının ixtisar edilməyim barədə əmri heç bir sənədlə əsaslandırılmamış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmaqla qanunsuzdur. Apelyasiya baxışı zamanı iddiaçının vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı 8 saylı Bakı Peşə liseyində dərs hissə müdiri vəzifəsində çalışmaqla, həm də müəllim kimi fəaliyyət göstərmişdir. 8 nömrəli Bakı Peşə Liseyinin xx.xx.2019-ci il tarixli, 195 nömrəli əmrinə əsasən Peşə Liseyində dərs hissə müdiri, İTİ üzrə direktor müavini, laborant, xəzinədar, komendant, fəhlə ştat vahidləri ixtisar edilmiş, həmin ştat vahidlərinin ixtisar edilməsinin əsası qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 1996-ci il tarixli, 64 nömrəli qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx xxxxxx 2019-cu il tarixli məktubu çıxış etmişdir. 8 saylı Bakı Peşə lİseyinin xx xxxxxx 2020-ci il tarixli, 03 nömrəli əmrinə əsasən dərs hissə müdiri ştat vahidi ixtisara düşdyündən İddiaçı tutduğu vəzifəsindən azad edilməsi və həmin tarixdən onunla bağlanılmış əmək müqaviləsində müvafiq dəyişikliklər edilməklə tarifikasiyaya əsasən ştat üzrə müəllim vəzifəsinə keçirilməsi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 68.1, 68.2, 70, 71.1, 71.3, 76.1, 76.2, 80.1, 56.1 və 56.2-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin malik olduğu hüquqlardan biridir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmə əsaslarından biri də tərəflərin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi əsasıdır. Həmin Məcəllənin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X9 Məhkəməsi “X2” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Belə ki, apelyasiya baxışı zamanı 8 saylı Bakı Peşə Liseyinin direktoru F.K.Talıbov tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, 8 saylı Bakı Peşə Liseyində 2019-2020-ci il tədris ili üçün xx xxxxxxxx 2019 cu-il tarixində tələbə sayı 228 nəfər olubdur. Onlardan 40 nəfəri cəzaçəkmə müəssisəsində, 188 nəfəri isə bir illik, iki illik və üç illik qruplarda təhsil almışdır. xx xxxxxx 2019 cu il tarixində tələbə sayı 222 nəfər olmuşdur. xx xxxx 2019 cu il tarixdə isə tələbə sayı 218 nəfər olmuşdur. Beləliklə, iddiaçının tutduğu vəzifədən azad edilməsinin və onun başqa vəzifəyə işə keçirilməsinin əsası həmin vəzifənin-dərs hissə müdiri ştat vahidinin ixtsar edilməsidir. İddiaçının tutduğu əvvəlki vəzifə olan dərs hissə müdiri ştat vahidinin ixtisar edilməsi məhz həmin peşə liseyinin ştat cədvəlinin müvafiq qərarla təsdiq edilmiş peşə məktəbləri və liseylərində nümunəvi ştat cədvəlinə uyğunlaşıdırlmasının nəticəsində baş vermişdir. Bundan əlavə, dərs hissə müdiri ştat vahidi ixtisar edildiyindən, iddiaçı həmin vəzfidən azad edilmiş, onun ixtisası, peşəsi saxlanılmaqla, həmin peşə liseyində müəllim vəzifəsinə keçirilmişdir. Həmçinin, birinci instansiya məhkəməsində iddiaçının verdiyi izahata əsasən, o, peşə liseylərin nümunəvi ştat cədvəllərinə dair müvafiq qərarın məzmunu ilə tanış olmaqla, bu barədə məlumatlı olmuşdur və bu faktı hər iki tərəf təsdiq edir. Beləliklə, qətnamənin ləğv edilməsinə və iddianın təmin edilməsinə dair iddiaçının dəlilləri işin halları və qanunvericiliyin tələblərinə əsasən təkzib olunmuşdur. Kollegiya hesab edir ki, ştat vahidinin ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları aşkar edilmədiyindən iddianın təmin edilməməsi barədə qətnamə qanuni və əsaslıdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (002)-648/2020 saylı mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5501/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5501/2020
29.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver