Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5507/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı QSC BOKT-ın etibarnamə əsasında nümayəndəsi X4, Cavabdeh və onun vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. "xxxx" ASC Sənaye filialı ilə Cavabdeh (borcalan) arasında bağlanmış 01271saylı, 27 sentyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, X9 illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 19.534 (on doqquz min beş yüz otuz dörd) ABŞ dolları məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür.
2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nömrəli “GEELY EMGRAND EX7” minik markalı (buraxılış ili 2013, banL108DBZ59E3064058, rəngi - ağ) avtomobil xx.xx.2013-cü il tarixdə, № 1271 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X13 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 142140 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 19.534 (on doqquz min beş yüz otuz dörd) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür.
3. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.
4. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X15 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs X7 dair sənədlər SAVK-1845 nömrəli xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 17800.94 (on yeddi min səkki yüz ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları, faiz borcu üzrə 6544.54 (altı min beş yüz qırx dörd ABŞ dolları, əlli dörd sent) ABŞ dolları, cəmi 24345.48 (iyirmi dörd min üç yüz qırx beş ABŞ dolları, qırx səkkiz sent) ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SL- *** dövlət qeydiyyat nömrəli “Geely Emgrand Ex7” minik markalı (buraxılış ili 2013, ban- L108DBZ59E3064058, rəngi ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin İddiaçı QSC BOKT-un hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borcun məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC BOKT-un hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, AR Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X15 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1934 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclaan”) arasında xx.xx.2013-cü il tarixdə, № 01271 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 19.534 (on doqquz min beş yüz otuz dörd) ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nömrəli “GEELY EMGRAND EX7” minik markalı (buraxılış ili 2013, banL108DBZ59E3064058, rəngi - ağ) avtomobil xx.xx.2013-cü il tarixdə, № 1271 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X13 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2013-cü il tarixli, AA seriyalı, 142140 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 19.534 (on doqquz min beş yüz otuz dörd) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.2 bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.3.bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60 (altmış) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 17.800.94 (on yeddi min səkkiz yüz ABŞ dolları, 94 sent) ABŞ dolları, faiz borcu üzrə 6.544.54 (altı min beş yüz qırx dörd ABŞ dolları, 54 sent) ABŞ dolları olmaqla, cəmi 24.345.48 (iyirmi dörd min üç yüz qırx beş ABŞ dolları, 48 sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.
7. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən X5 öz ərizəsi əsasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-326/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əsas borc üzrə 17.800.94 (on yeddi min səkki yüz ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları, faiz borcu üzrə 6.010.54 (altı min on ABŞ dolları, əlli dörd sent) ABŞ dolları, cəmi 23.811.48 (iyirmi üç min səkkiz yüz on bir ABŞ dolları, qırx səkkiz sent) ABŞ dolları məbləğində kredit borcunun (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nömrəli “Geely Emgrand Ex7” minik markalı (buraxılış ili 2013, banL108DBZ59E3064058, rəngi ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin İddiaçı QSC BOKT-un hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq İddiaçı QSC BOKTun hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işdə Cavabdeh öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh X12 vermişdir. Lakin, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlıvaxtında aparmamışdır.
10. Həmçinin, hesab etmişdir ki, QSC cavabdehin qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin borcun tutulması hissəsi əsaslıdır və təmin edilməlidir.
11. Məhkəmə həmçinin, ekspertin rəyi digər sübutlarla yanaşı qiymətləndirərək, hesab etmişdir ki, cavabdehdən iddiaçıın xeyrinə iddia ərizəsində tələb edilən əsas borc 17.800.94 ABŞ dolları və ekspertin rəyində qeyd edilən 6010,54 ABŞ dolları məbləğin tutulması məqsədəmüvafiqdir.
12. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia tələbi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində də əsaslıdır və təmin edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 21.1, 307.6, 309, 317.1, 318.1, 319.1, 385.1, 427.3, 443.1, 449.4, 445.2, 739.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1, 101.7 və 217.4-cü maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 34-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
16. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə maddi və prоsessual hüquq nоrmalarının pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözügedən müqavilə öhdəlikləri tərəfindən icra olunmuş, lakin ödədiyi pullar nəzərə alınmamış, onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Cavbdehin iştirakı təmin edlmədiyindən onun sübutları umumiyyətlə nəzərə alınmamışdır. Öhdəliyini icra etməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi üçün şərait yaradılmamış, məhkəmə onun iştirakını təmin etməyərək işə bir tərəfli qaydada baxmışdır. Kredit müqaviləsi onun adına bağlansa da, faktiki olaraq “Gelly Emgrand Ex7” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsus olmuş, həmin avtomobil hazırda da onun sahibliyində və istifadəsindədir. İş üzrə təyin edilmiş ekspertiza natamam şəkilkdə aparıldığı halda məhkəmə tərəfindən həmin natamamlığa qiymət verilməmiş, əlavə ekspertiza təyin edilməmiş və həmin natamam ekspertiza rəyi ilə kifayətlənilməklə qətnamə qəbul olunmuşdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC BOKT-nin etibarnamə əsasında nümayəndəsi X6 Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri.
21. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:
23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
30. Maddə 445.2.1. “Öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır.
31. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
32. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
33. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
34. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
35. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
36. Maddə 310. Eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir.
37. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
38. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu.
39. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi”.
40. Həmin Qanununun Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
41. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır.
42. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir.
43. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.
44. Həmin Qanunun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə:
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
51. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
54. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir.
55. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin müqavilə öhdəliklərinin tərəfindən icra olunması, lakin ödədiyi pulların nəzərə alınmaması, məhkəmə prosesində iştirakının təmin edilməməsi və iştirakı təmin edlmədiyindən sübutları təqdim edə bilməməsi, kredit müqaviləsi onun adına bağlansa da, faktiki olaraq “Gelly Emgrand Ex7” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 məxsus olması, həmin avtomobilin sonuncunun hazırda da sahibliyində və istifadəsində olması barədə dəlillərinə münasibət bildirərək aşaqıdakıları qeyd etməyi zəruri hesab edir.
56. Belə ki, tərəflər arasında bağlanmış 01271saylı, 27 sentyabr 2013-cü il tarixli krеdit müqaviləsinin 5.3 və 6.1-ci bəndlərinə əsasən bоrcalan kreditdən istifadəyə görə 60 ay müddətinə illik 25 % ödəməyi öhdəsinə görürür.
57. Tərəflər arasında bağlanmış 1271 saylı “nəqliyyat vasitəsinə aid” ipoteka müqaviləsindən görünür ki, 27 sentyabr 2013-cü il tarixli 01271 saylı kredit müqaviləsinin təminatı olaraq bir tərəfdən Cavabdeh, digər tərəfdən "xxxx" ASC-nin “Sənaye” filialı arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan **-SL-*** dövlət qeydiyyat nömrəli “GEELY EMGRAND EX7” minik markalı (buraxılış ili 2013, ban- L108DBZ59E3064058, rəngi - ağ) avtomobil xx.xx.2013-cü il tarixdə, № 1271 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 23156 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.
58. Göründüyü kimi, Cavabdeh sözügedən avtomobilin X3 məxsus olmasını qeyd etsədə, avtomobil faktiki olaraq cavabdehin adına sənədləşdirilmiş və avtomobilin Muxtadir Baxşəliyevə məxsus olmasını təsdiq edən sənəd müəyyən edilməmişdir.
59. Bundan başqa cavabdeh ödədiyi pulların nəzərə alınmadığın qeyd etsə də, bu halı təsdiq edən rəsmi sübutlar apelyasiya baxışı zamanıda cavabdeh tərəfdən təqdim edilməmişdir.
60. Belə ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh məhkəmə iclasında iştirakının təmin edilməməsini qeyd etsə də, iş materiallarından görünür ki, onun nümayəndəsi və vəkili olmuş Nümayəndə qizi xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş, vəkilin istəyi ilə məhkəmə iclası xx.xx.2021-ci il tarixə salınmış və bu barədə cavabdeh tərəf məlumatlı olmuşdur.
62. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
63. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası həmin dəlillərə əlavə münasibət bildirməyi zəruri hesab etmir.
64. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-326/2022 saylı, 16 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.