Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5507/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və X3 qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2024-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin yetkinlik yaşıma çatmamış xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birgə və əşyaları ilə birlikdə çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı (borcalan, ipoteka qoyan) olaraq iddiaçı və ipoteka saxlayan (kreditor) olaraq "xxxx" ASC ilə satıcı olaraq Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Alğı-satqı və ipoteka müqaviləsinə” əsasən iddiaçı mübahisəli mənzili Cavabdeh1 almış və Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçının mənzil üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestrində” xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və bu barədə ona “Reyestrdən çıxarış” verilmişdir. Buna baxmayaraq satıcı olan Cavabdeh1 və mənzildə yaşayan onun qohumları olan digər cavabdehlər mənzildən çıxmamış və mənzili iddiaçıya təhvil verməmişlər. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2021ci il tarixli “Alğı-satqı və ipoteka müqaviləsi” bağladığı tarixdən cavabdehlər mübahisəli mənzildən istifadə hüquqlarını itirdikləri üçün cavabdehlərin mənzildə yaşamaları iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilir. Buna görə də, iddia əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli “Alğı-satqı və ipoteka müqaviləsi” yalan əqddir. Müqavilə iddiaçının adına rəsmiləşdirilsə də, əslində tərəflərin alğı-satqı ilə bağlı iradə ifadəsi olmamışdır. Belə ki, Cavabdeh1 ailə vəziyyəti ilə əlaqədar, daha doğrusu qayınatasının onkoloji xəstəliyi ilə bağlı 58.000 manat borcu olmuş, bununla əlaqədar banka müraciət etdikdə bank kredit verməmiş və onlar tanışlarına müraciət etməli olmuşlar. Cavabdeh1 əri ilə tanış olan Rizvan adlı şəxs bildirmişdir ki, onun hərbçi tanışı var, mənzil həmin şəxsin adına rəsmiləşsə də faktiki olaraq yenə də mənzil onların olacaqdır. Bunu etməkdə məqsəd bankdan pul almaqdır. Bunun qarşılığında hərbçiyə pul verilməli idi. Mənzilə dair mülkiyyət sənədi iddiaçının adına rəsmiləşsə də, aralarındakı danışıqlara əsasən ipoteka ödənişlərini Cavabdeh1 və əri həyata keçirmişdir. Belə ki, 1 il 4 ay ərzində hər ay 1.251 manat ödənilmişdir. Cavabdehlərin mənzili tərk etməməsi iddiaçı ilə aralarında olan razılaşmaya görədir. Müqavilə bağlanan gün Cavabdeh1 Bank tərəfindən 16.000 manat pul verilmiş, 35.000 manatı isə iddiaçı avtomaşında Rizvana vermişdir. Cavabdeh1 hazırda həmin mənzildə övladları ilə birlikdə yaşayır. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iddianın təmin edilməsi barədə iş üzrə səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. Cavabdeh1 və onun nümayəndəsi (əri) Nümayəndə2 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin məzmununa uyğun izahat vermişlər.
8. Onlar apellyasiya baxışının növbəti iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
9. İş üzrə digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclaslarında ümumiyyətlə iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamış və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
10. Qeyd edilən hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
11. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) apellyasiya baxışının hədləri barədə məlumat
12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi bütün cavabdehlərə qarşı tam təmin olunsa da, digər cavabdehlər Pərvanə Bəndəliyeva, Cavabdeh3 və Nihat Bəndəliyev qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın onlara qarşı təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişlər.
13. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 qətnamənin tam, o cümlədən digər cavabdehlərə aid hissəsini mübahisələndirsə də, Məhkəmə hesab edir ki, o, həmin cavabdehlərin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, digər cavabdehlərin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil.
14. Odur ki, Məhkəmə, MPM-in 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin digər cavabdehlərə aid hissəsinin əsaslılığını yoxlamamışdır.
15. Məhkəmə qətnamənin yalnız Cavabdeh1 və onun yetkinlik yaşına çatmamış övladlarına – xx.xx.2009-cu il təvəllüdlü Bəxtiyara və xx.xx.2010-cu il təvəllüdlü Nigara aid hissədə əsaslılığını yoxlamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Belə ki, mənzilin mülkiyyətçi olmuş (satıcı) Cavabdeh1, kreditor – ipoteka saxlayan "xxxx" ASC və borcalan – ipoteka qoyan iddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış İPKB4158010A126 saylı “Alğı-satqı və ipoteka müqaviləsindən” görünür ki, Cavabdeh1 özünə məxsus olan (mübahisəli) mənzili iddiaçıya 160.000 manata satmışdır. Bu məbləğin 50.000 manatı ilkin ödəniş kimi iddiaçı tərəfindən, qalan 110.000 manatı isə Bank tərəfindən Cavabdeh1 ödənilmişdir.
18. “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına verilmiş “Çıxarışdan” görünür ki, həmin mənzil üzərində iddiaçının mülkiyyət reyestrdə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, Cavabdeh1 və onun övladları xx.xx.2009-cu il təvəllüdlü Bəxtiyar və xx.xx.2010-cu il təvəllüdlü Nigar həmin mənzildə hazırda da qeydiyyatdadırlar.
20. İşin hallarından müəyyən edilir və mübahisə doğurmur ki, Cavabdeh1, onun övladları xx.xx.2009-cu il təvəllüdlü Bəxtiyar və xx.xx.2010-cu il təvəllüdlü Nigar hazırda da həmin mənzildə yaşayırlar.
21. Göstərilənlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzil Cavabdeh1 mülkiyyətində olmuş, sonuncu, onunla iddiaçı və "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Alğı-satqı və ipoteka müqaviləsi” bağlayaraq mənzili iddiaçıya satmış, lakin müqavilə bağlandıqdan və mənzil artıq iddiaçının mülkiyyətinə keçdikdən sonra mənzildən çıxmamış, mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdeh1 bunu onunla izah edir ki, xx.xx.2021-ci il tarixli müqavilə əqd olaraq yalan əqddir, müqavilənin rəsmiləşdirilməsinə baxmayaraq, əslində onun mənzili satmaq, iddiaçının isə mənzili almaq niyyətləri olmamışdır.
22. Qeyd edilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (maddə 77.1.), məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1.)
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir (maddə 148.2.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.).
24. Cavabdeh1, onunla iddiaçı və Bank arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Alğı-satqı və ipoteka müqaviləsinin” etibarsız əqd olmasını bildirsə və həmin müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddianın verilməsi üçün Məhkəmə tərəfindən ona kifayət qədər vaxt verilməsinə baxmayaraq həmin iddia ilə müvafiq məhkəməyə müraciət etməmişdir.
25. Buna görə də qəbul edilməlidir ki, qeyd edilən müqavilə hazırkı dövr üçün etibarsız deyil və Cavabdeh1 mülkiyyətində olmuş mənzili iddiaçıya satmaqla mənzil üzərində olan bütün hüquqları, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir.
26. Mülki qanunvericiliyin tələblərinə əsasən, şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. Lakin, Cavabdeh1 hazırki vaxtda mübahisəli mənzildən qanuni əsaslarla istifadə etmək hüququnun olması müəyyən olunmur.
27. Belə olan halda Cavabdeh1 mənzildə yaşaması iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilir. Çünki mülkiyyət hüququ təbiəti etibarı ilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur.
28. Odur ki, iddiaçı, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən Cavabdeh1 əşyaları ilə birlikdə çıxarılmasını və mənzilin boşaldılara ona təhvil verilməsini tələb etməkdə, işə baxmış Rayon Məhkəməsi isə bu tələbi əsaslı hesab etməkdə haqlı olmuşlar.
29. İş üzrə iddiaçı Cavabdeh1 ilə yanaşı, sonuncunun yetkinlik yaşına çatmamış 2 övladının - xx.xx.2009-cu il təvəllüdlü Bəxtiyarın və xx.xx.2010-cu il təvəllüdlü Nigarın mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Uşaqların doğulduğu tarixlər nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə xx.xx.2024-cü il tarixdə qətnamə qəbul edərkən Bəxtiyarın yaşı 14-dən çox, Nigarın yaşı isə 14-dən az olmuşdur.
31. Bunun nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş şəxslərin yaşayış yeri sayılır.
32. Bu baxımdan qəbul edilməlidir ki, mübahisəli mənzil artıq Cavabdeh1 yaşayış yeri sayılmadığından onun övladı Nigarın da yaşayış yeri sayılmır.
33. Bəxtiyarın artıq 15 yaşı tamam olduğundan həmin müddəa ona tətbiq oluna bilməz. O, 18 yaşına çatmadığından və tam fəaliyyət qabiliyyəti əldə etmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə görə uşaq hesab olunur.
34. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
35. Qeyd edilən normanın mübahisəli mənzilin yeni mülkiyyətçisi olan iddiaçıya aidiyyəti yoxdur. Belə olan halda müəyyən edilir ki, iddiaçıya münasibətdə Bəxtiyarın həmin mənzildə yaşamasının hüquqi əsası yoxdur.
36. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (maddə 30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (maddə 30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar (maddə 30.3.).
37. Qeyd edilən normanın tələbindən müzakirə edilən məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçıya münasibətdə Bəxtiyarın həmin mənzildə yaşamasının hüquqi əsası yoxdur. Çünki o, iddiaçının ailə üzvü sayılmır, iddiaçı onu yaşamaq üçün mənzilə köçürməmişdir.
38. Bununla da müəyyən edilir ki, iddiaçı, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən Cavabdeh1 uşaqları ilə birlikdə çıxarılmasını tələb etməkdə, işə baxmış Rayon Məhkəməsi isə bu tələbi əsaslı hesab etməkdə haqlı olmuşlar. g) apellyasiya baxışının nəticəsi
39. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
40. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir.
42. Məhkəmə həmçinin bildirir ki, apellyasiya baxışının predmeti olan hissədə qətnamə dəyişdirilmədən saxlanıldığından iddiaçı və Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş cavabdehlər Pərvanə Bəndəliyeva, Cavabdeh3 və Nihat Bəndəliyev hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
43. Cavabdeh1 apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
44. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 iyul 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh1 hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı, cavabdehlər X1, Cavabdeh3 və X5 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.