Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5508/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərzəsində tələb olunub ki, əmək müqaviləsində xitam verilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, işgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə 17.10.2019-cu il tarixli, 45K nömrəli əmri ləğv edilsin, iddiaçı cavabdeh təşkilatda əvvəlki vəzifəsinə bərpa olunsun və məcburi işburxama müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatda Xidmət mərkəzi rəhbəri (FCA) vəzifdəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin 17.10.2019-cu il tarixli, 45K nömrəli əmri ilə ləğv edilib. Bunun əsası əmrin məzmununda “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin mənafeyinə ciddi xələl gətirməsi” kimi qeyd olunub. Hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin göstərişinə istinad olunub. Həmin bəndə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddənin “e” bəndinə görə işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Əmr qanunidir. Müəyyən olunur ki, iddiaçı başqa şəxsin - müştəri Nizami Quliyevin təmir üçün cavabdeh təşkilata təqdim etdiyi “X1” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili 15.10.2019-cu il tarixdə avtomobil yolunda yüksək sürətlə sınaq yürüşünə çıxarmış, bu zaman təmirlə heç bir əlaqəsi olmayan 2 şəxsi – cavabdeh təşkilatın anbardarı Araz Xəlilzadəni və satış təmsilçisi Yaşar Əlifovu avtomobilə əyləşdirmiş, bütün bunlar isə müştərinin avtomobilin salonunda quraşdırdığı videoregistrator tərəfindən qeydə alınmışdır. Müştəri avtomobili servisdən götürdükdən sonra bütün bunları aşkar etmiş, baş verənlərdən narazı qalmış, həmin videogörüntünü cavabdeh təşkilatı qınayıcı şərhlərlə internetdə yerləşdirmişdir. Nəticədə isə cavabdeh təşkilatın işəgüzar nüfuzuna zərər vurulmuşdur. Belə ki, cavabdeh təşkilat “Jeep”, “Jaguar- Land Rover”, “Fiat” kimi dünyada məşhur olan brendlərin Azərbaycan Respublikasında rəsmi distribyutorudur, həssas müştəri kateqoriyasına aid olan lüks avtomobil sahiblərinə xidmət göstərir. Tərəflər 2 hal barədə mübahisə edir: 1-ci, cavabdeh tərəf bildirir ki, təmirdən sonra avtomobilin sınaq yürüşünə zərurət olmayıb, iddiaçı avtomobilin qeyri-standart imkanlarını nümayiş etdirmək üçün onu idarə edib, məhz bu məqsədlə təmirə heç bir aidiyyəti olmayan iki şəxsi avtomobilə əyləşdirib. İddiaçı tərəf isə bildirir ki, təmirdən sonra avtomobilin sınaq yürüşünə zərurət olub. 2-ci, cavabdeh tərəf bildirir ki, iddiaçı sınaq yürüşünü həyata keçirməyə səlahiyyətli olmayıb. İddiaçı tərəf isə bildirir ki, sınaq yürüşünü həyata keçirməyə səlahiyyətli olub, çünki iş kartına görə müştəri görülən işlərin keyfiyyətinin yoxlanılması məqsədilə avtomobilin yol şəritində sınağını etibar edib. Yuxarıda göstərilən hallar barədə mübahisədə kimin haqlı olmasından asılı olmayaraq aşağıda göstərilən 2 hal əmrin qanuni olduğunu təsdiq edir: 1-ci, iddiaçı müvafiq səlahiyyəti (etibarnaməsi) olmadığı halda başqasının avtomobilini yaşayış məntəqəsindəki avtomobil yolunda idarə edib. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsi buna icazə vermir. Bu hərəkət qanun pozuntusu sayılır. İddiaçının inzibati məsuliyyətə cəlb edilməməsi onun bu hərəkətinin əmək fəaliyyəti zamanı yol verilmiş pozuntu kimi qiymətləndirilməsinə mane olmur. 2-ci, iddiaçı müvafiq səlahiyyəti (etibarnaməsi) olmadığı halda başqasının mülkiyyətindən (avtomobilindən) istifadə edib, habelə kənar şəxslərin (anbardar və satış nümayəndəsinin) sərnişin kimi başqasının mülkiyyətindən istifadə etməsinə şərait yaradıb. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi buna icazə vermir. Həmin maddədə mülkiyyətin toxunulmaz olduğu müəyyən edilib. Ona görə də bu, mülkiyyətin toxunulmazlığının pozulması sayılır. İddiaçının mülki məsuliyyətə cəlb edilməməsi onun bu hərəkətinin əmək fəaliyyəti zamanı yol verilmiş pozuntu kimi qiymətləndirilməsinə mane olmur. Yol hərəkətinə və mülkiyyətin toxunulmazlığına dair qaydaları dövlət müəyyənləşdirir. Başqa heç kəs (işəgötürən, işçi və s.) bu barədə qaydalar müəyyən etmək səlahiyyətinə malik deyil. Ona görə də həmin qaydaları pozan hər kəs qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. İddiaçı qaydaları pozduğuna görə məsuliyyət daşımalıdır. Əmək müqaviləsinin ləğv edilməsi məsuliyyətin bir formasıdır. Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin göstərişinə uyğundur. Birinci instansiya məhkəməsi gəliyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq norması pozulduğundan qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli qətnaməsi ləğv edilsin İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiası rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5508/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5508/2021
04.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver