Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5508/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “əmlak” tələbi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1296/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Əsədov Vaqif Qulam oğlu Cavabdeh atasıdır. Vaqif Əsədov 12 aprel 2022-ci il tarixdə vəfat edib. Əsədov X9 Aygün Əkrəm qızı ilə 1990-cı ildən 2007-ci ilə kimi rəsmi nikah münasibətində olmuşdur. Onların birgə nikahından Cavabdeh və X10 dünyaya gəlmişdir. 10 fevral 2007-ci ildə onların nikahları pozulmuşdur. Əsədov Vaqif Qulam oğlu ilə İddiaçı 15 may 2009-cu il tarixdə şəriət qaydalarına uyğun dini nikah bağlamışlar. Mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən mənzilə köçürülməsini, Cavabdeh isə iddiaçıdan ona məxsus əmlakları tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən mənzilə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, yaxın qohumu Əsədov Vaqif Qulam oğlu ilə 2009-cu ildə faktiki ailə qurmuşdur. Yoldaşı ondan öncə 1990-cı ildə Nümayəndə ilə nikaha daxil olmuş və bu nikahdan Cavabdeh və X10 dünyaya gəlmişlər. Sonradan 10 fevral 2007-ci ildə onların nikahı pozulmuşdur. O, yoldaşı ilə faktiki nikah münasibətinə daxil olaraq Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanına gəlin köçmüşdür. Həmin ünvanda 2022-ci il aprelin 15-nə kimi evin xanımı olaraq yaşamışdır. Mərhum yoldaşı Vaqifin 14 sot torpaqda yarımçıq tikili bir evi vardı. Onlar birlikdə bir meyvə-tərəvəz mağazası açmışlar. Sonradan böyüdərək ərzaq mağazası edərək işlədirdilər. Birgə yaşadıqları müddətdə 14 sot torpaqda təsərrüfat işləri aparmışdır. İndi o, min bir əziyyətlə qurub yaratdığı evinə gedə bilmir. 14 il o evdə yaşamış, bütün xanımlar kimi evinə lazım olan əşyaları almışdır. Heç gedib əşyalarını götürə bilmir. Qonşularla da yaxşı münasibəti olub. Bununla bağlı 2022-ci il 11 may tarixində qonşular tərəfindən tərtib olunmuş akt da var. Yoldaşı 2022-ci il aprel ayında vəfat etdi. Mərhumun 3 məclisində mərasim zalında altmış nəfərin gözü qarşısında cavabdehin anası Nümayəndə onun üzərinə hücum çəkərək sağlamlığına xəsarət yetirdi. Bu hərəkətlə o təxribat törədərək məclisi dağıtmaq istəyirdi. Onun məqsədi onun qohumları və qardaşları ilə dava çıxarmaq idi. Amma o öz çirkin məqsədinə çata bilmədi, qohumları təmkin göstərərək təxribata uymadılar. Lakin bu hadisədən sonra qadın başqa yola əl atdı və onu yoldaşı ilə 13 il yaşadığı evdən çıxarılmağına nail oldu. Törətdiyi əmələ görə Səbail RPİ-nin 14 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarı da var. Məsələ ilə bağlı cinayət işi Səbail Rayon Məhkəməsinin icraatındadır. Hal-hazırda cavabdeh və anası onun və mərhum yoldaşının min bir əziyyətlə qurub yaratdığı, onların isə bircə gün də yaşamadığı ünvan 3 ünvandakı mənzili qanunsuz olaraq zəbt etmiş, çöl darvazasını, dəmir qapının qıfıllarını dəyişmiş, evin dörd divarına nəzarət kamerası qoymuşlar. Hətta cavabdehin evi qanunsuz zəbt etməsi səbəbindən mərhum yoldaşının il mərasimini evində keçirə bilmədi. Maraqlıdır ki, atası xəstə olarkən dava-dərmana pul xərcləmədi, amma nədənsə qapıları, qıfılları dəyişməyə pul tapdı. O həmin evdə mərhum yoldaşı ilə 13 ildən artıq yaşamışdır. Orada onun cehizləri, mebeli, qızılları, pulu qalıb. Bu insanlar onları çıxarmağına imkan vermirlər. Bir ildir ki, qohum-qardaşlarının evində yaşayır, boğazlarından kəsib ona çörək verirlər. Çox ağır vəziyyətdədir. Cavabdeh onu zorla evdən çıxarmış, orada yaşamağa qoymur. Bu səbəbdən də məhkəmə qaydasında evə köçürülmə tələb edir. Cavabdeh İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 585 əyar, 12 qram, dəyəri 2000 manat olan 1 ədəd brilyant qaşlı qızıl kişi üzüyünün, 585 əyar, 15 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl tros sepin, 585 əyar, 20 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl sünbül saatın, 585 əyyar, 10 qram, dəyəri 2000 manat olan 1 ədəd 10-luq qızıl kulonun, 7 qaş sibir brilyantlı, 585 əyar, dəyəri 1000 manat olan 1 ədəd obadoq qızıl üzüyün, sibir brilyant qaşlı, 585 əyar, dəyəri 1000 manat olan 1 ədəd qızıl fantaziya üzüyünün, 585 əyar, 20 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl sünbül brasletin, 585 əyar, 25 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl kişi sepinin və ya həmin qızıl-zinət əşyalarının dəyərinin, aparılan 3350 manat məbləğində pulun, evin sənədlərinin və ödədiyi 135 manat dövlət rüsumunun cavabdeh X2 alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 4 ünvanda ailəsilə və 2 övladı ilə birlikdə yaşayır. Bildirir ki, atası xəstə olduğu üçün uzaq qohumu olan qarşılıqlı iddia üzrə cavabdeh X4 ona xidmət etmək üçün tutmuşdur, bu barədə atası ilə cavabdeh arasında əmək haqqı ödənilməklə cavabdehin onun atasına qulluq etməsinə dair müqavilə bağlanmışdır və bununla da atasının həyatının son illərində cavabdeh ünvan 4 ünvanda yerləşən evdə qulluqçu kimi atasına qulluq etmişdir. Atası Əsədov Vaqif Qulam oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə atasının vəfatının 3-cü günündə yas mərasimi olmuşdur, onların həmin gün mərasimə başlarının qarışmasından, yorğun olmalarından, evin açarının onda olmasından cavabdeh X1istifadə edərək, xx.xx.2022-ci il tarixdə qardaşları Mahir, Aydın və Aydının oğlu ilə birlikdə gecə yarısı, təqribən saat 01:24 radələrində, gizlicə onların evinə daxil olaraq, onların qızıllarını, sənədlərini, onların evdəki və mağazadakı pullarını aparmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1296/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvana köçürülməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun analogiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət xx.xx.2009cu il tarixdən əvvəl yarandığından və bu münasibətləri mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşdən görünür ki, iddiaçı cavabdehin atası mərhum Əsədov Vaqif Qulam oğlunun ailə üzvü kimi onun razılığı ilə mübahisəli evdə birgə yaşamış, ümumi təsərrüfatı birgə idarə etmiş, sonradan mərhumun oğlu olan cavabdeh iddiaçını yaşadığı evdən qovmuşdur. Məhkəmə hesab etmişdir ki, İddiaçı ünvan 5 ünvanda yerləşən Əsədov Vaqif Qulam oğluna aid olan özbaşına tikiliyə Vaqif Əsədovun razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından və onunla birgə təsərrüfat apardığından, mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan, orada Əsədov Vaqif Qulam oğlu ilə bərabər hüquqlar əldə etmişdir. Ona görə də, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə, Mülki Məcəlləsinin 27.1, 27.3-cü maddəsinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddəsinə, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı, və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 360-cı istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)1296/2023 nömrəli qətnaməsini tamamilə ləğv etməklə, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin də rəhbər mövqeyi ondan ibarətdir ki, əgər yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranıbsa və həmin ərəfədə bu yaşayış sahəsinin sahibinin həmin evə gözlənti ilə mülkiyyət hüququ var idisə, belə mübahisələrə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin tələbləri tətbiq edilməlidir. Lakin iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisəyə qanunun analogiyası üzrə 1982-ci il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-54-cü maddələri tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. İddiaçı heç bu müddəaya əsasən də, mərhum Əsədov Vaqif Qulam oğlunun ailə üzvü sayılmır. Çünki onlar heç vaxt birlikdə yaşamayıb və ümumi təsərrüfat aparmayıblar. Bunlar sadəcə olaraq ilkin İddiaçı tərəfindən uydurulmuş şayiələrdir. İlkin iddiaçı mərhum Vaqif Əsədovla birgə təsərrüfat aparmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməyib. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-687/2024 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1296/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Əsədov Vaqif Qulam oğlu ilə 15 may 2009-cu il tarixdə şəriət qaydalarına uyğun nikah bağlamışlar. Məhkəmə kollegiyası da təsdiq etmişdir ki, yalnız ailə qanunvericiliyinə uyğun şəkildə bağlanmış nikah rəsmi nikah hesab edilir. O cümlədən, məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əlavə edilmiş və apellyasiya baxışında əslinə baxış keçirilmiş şəriət qaydalarına uyğun bağlanmış nikah şəhadətnaməsi işdə olan digər sübutlarla yanaşı qiymətləndirildikdə İddiaçı ilə Vaqif Əsədov arasında hansı münasibətlərin olması, bu münasibətlərin nə zaman yaranması kimi halları müəyyən etməyə imkan verir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, münasibətlər 01 oktyabr 2009-cu ilədək yarandıqda mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq olunmalıdır. Lakin nə qədər ki, mübahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi deyil, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi tətbiq edilməlidir. Çünki tərəflər arasında yaranan münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsi üçün mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlak olmalıdır. Lakın hazırkı mübahisə predmeti olan ev dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Ona görə də mübahisəyə, hüquq mübahisəsinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə və həmin Məcəllənin 53-cü maddəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə görə icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxsləri də icarədarın ailə üzvü hesab edilərək onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidir. Baxılan işdə iddiaçı cavabdehin atası Vaqif Əsədovun razılığı ilə mübahisəli evə köçmüş və onun ailə üzvü kimi 13 il müddətində həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır. Kollegiya onu da qeyd edib ki, mübahisə predmeti olan ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının 13 il ərzində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. İddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Mübahisəli evin iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə iddia tələbi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf məhkəmə iclasında ancaq iddiaçının qulluqçu olması və evdə yaşamamasına dair izahatlar vermiş, lakin qarşılıqlı iddia tələbinin əsaslılığına dair ümumiyyətlə münasibət bildirməmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53, 54, 123-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası MPM-nin 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-687/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Kassasiya instansiyası məhkəməsindəki icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 2189/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(103)-687/2024 nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “iddiaçı mübahisə predmeti olan yaşayış evinə 2009-cu ildə dini nikahla ailə quraraq köçdüyünü bildirmişdir. Qeyd olunmalıdır ki, iddiaçının köçmək istədiyi yaşayış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2009-cu ildən indiyədək rəsmi olaraq dövlət reyestrində qeydiyyatda alınmasa da, evin yerləşdiyi torpaq sahəsi Milli Arxiv İdarəsindən təqdim edilmiş torpaq ayırıma sənədlərinə əsasən ( 1-ci cild iş v.161,162 və 174,175) qanuni əsaslarla cavabdehin atası Əsədov Vaqif Qulam oğlunun istifadəsinə ayrılmış və həmin torpaq sahəsi üzərində inşa edilən yaşayış evi də mərhumun sahibliyinə və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi. Belə olan halda, mübahisə qanunun analogiyası üzrə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir. Apellyasiya məhkəməsi evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına istinad edərək, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməmiş, bunun əvəzində isə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü, 53 və 54-cü maddələrini tətbiq etmişdir. Halbuki bu yanaşma isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarındakı hüquqi mövqeyə zidd olmuşdur. Həmçinin məhkəmə iddiaçının mərhumun razılığı ilə 13 il ərzində evdə yaşaması və onunla birgə təsərrüfat aparması faktına görə qanunverici tərəfindən (keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri) belə şəxslərin də ailə üzvü hesab oluna bilməsi imkanına istinad etmişdir. Lakin məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, iddiaçının dinin nikaha istinad etməsi və mərhumun faktiki arvadı olmasının bu mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Çünki bu nikah hər hansı hüquqi nəticə yaratmır və iddiaçıya mərhumun ailə üzvü olması statusu vermir. İddiaçının “digər şəxs” kimi evə köçürülməsinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında analoji hüquqi məsələ ilə bağlı belə şəxslərin dairəsinə kimlərin daxil olması barədə hüquqi mövqe sərgiləmiş və müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Oxşar yanaşma keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrində nəzərdə tutulmuş “digər şəxslər” ifadəsinə də aid edilə bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hər hansı şəxsin ailə üzvü və ya digər şəxs kimi yaşayış sahəsinə köçürülməsi zamanı ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olması və ya özünün saxlanılmasını mülkiyyətçidən tələb etmək hüququ olan şəxs olub-olmamasına qiymət verilmədən onun digər şəxs kimi evə köçürülməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxılarkən apellyasiya məhkəməsi tərəfindən həmçinin prosessual hüquq normalarının da pozuntusuna yol verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri, onlar tərəfindən təqdim edilən şahid ifadələri və yazılı sübutların qəbul edilməməsinin səbəbləri, həmçinin iddiaçı tərəfindən dindirilmiş şahid ifadələrinin mötəbərliyi ilə bağlı cavabdehin dəlillərinə qətnamədə hər hansı hüquqi qiymət verilməmişdir.” Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2189/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(103)-687/2024 nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərildiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, Əsədov Vaqif Qulam oğlu 1990-cı ildə Nümayəndə ilə nikaha daxil olmuş və bu nikahdan Cavabdeh və X10 dünyaya gəlmişlər. Sonradan 10 fevral 2007-ci ildə onların nikahı pozulmuşdur. İddiaçı Əsədov Vaqif Qulam oğlu ilə 15 may 2009-cu il tarixdə şəriət qaydalarına uyğun nikah bağlamışlar. Hazırda ilkin iddia üzrə iddiaçı X7 bildirir ki, Vaqif Əsədovla şəriət qaydalarına uyğun nikah bağladıqdan sonra onunla birgə təsərrüfat apararaq mübahisə predmeti olan evdə yaşamış, lakin 2022-ci ildə Vaqif Əsədov vəfat etdikdən sonra sonuncunun oğlu olan Cavabdeh onu evə buraxmamış, evin açarlarını dəyişmişdir. İlkin iddia üzrə Cavabdeh isə bildirir ki, iddiaçı sadəcə qulluqçu olmuş, evdə heç vaxt yaşamamış, buna görə əmək haqqı almışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçının köçmək istədiyi yaşayış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2009-cu ildən indiyədək rəsmi olaraq dövlət reyestrində qeydiyyatda alınmamışdır. İş materiallarından görünür ki, evin yerləşdiyi torpaq sahəsi Milli Arxiv İdarəsindən təqdim edilmiş torpaq ayırma sənədlərinə əsasən ( 2-ci cild iş v.136-139) qanuni əsaslarla cavabdehin atası Əsədov Vaqif Qulam oğlunun istifadəsinə ayrılmış və həmin torpaq sahəsi üzərində inşa edilən yaşayış evi də mərhumun sahibliyinə və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə qanunun analogiyası üzrə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməmiş, bunun əvəzində isə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü, 53 və 54-cü maddələrini tətbiq etmişdir. Halbuki bu yanaşma isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarındakı hüquqi mövqeyə zidd olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi məhkəmə iddiaçının mərhumun razılığı ilə 13 il ərzində evdə yaşaması və onunla birgə təsərrüfat aparması faktına görə qanunverici tərəfindən (keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri) belə şəxslərin də ailə üzvü hesab oluna bilməsi imkanına istinad etmişdir. Halbuki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dini nikaha istinad etməsi və mərhumun faktiki arvadı olmasının bu mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Çünki, bu nikah hər hansı hüquqi nəticə yaratmır və iddiaçıya mərhumun ailə üzvü olması statusu vermir. Bundan başqa kollegiya iddiaçının “digər şəxs” kimi evə köçürülməsinə gəlməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında analoji hüquqi məsələ ilə bağlı belə şəxslərin dairəsinə kimlərin daxil olması barədə hüquqi mövqe sərgiləmiş və müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Oxşar yanaşma keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrində nəzərdə tutulmuş “digər şəxslər” ifadəsinə də aid edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hər hansı şəxsin ailə üzvü və ya digər şəxs kimi yaşayış sahəsinə köçürülməsi zamanı ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olması və ya özünün saxlanılmasını mülkiyyətçidən tələb etmək hüququ olan şəxs olub-olmamasına qiymət verilmədən onun digər şəxs kimi evə köçürülməsi düzgün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü deyildir və əvvəlki mülkiyyətçi ilə iddiaçı arasında mənzilindən istifadə etməyə dair yazılı şəkildə bağlanan razılaşma yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının dini nikaha istinad etməsi və mərhumun faktiki arvadı olmasının bu mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Çünki bu nikah hər hansı hüquqi nəticə yaratmır və iddiaçıya mərhumun ailə üzvü olması statusu vermir. Göründüyü kimi iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün əsaslar olmadığı halda İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvana köçürülməsi barədə birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvana köçürülməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405 və 420 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1296/2023 saylı, 04 oktyabr 2023cü il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvana köçürülməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Abdiyev