Məhkəmə qərarları › İş №2(103)-5508/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5508/2025

16.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5508/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Pakistan Milli Bankının Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 30 mart 2012-ci il tarixli 69 nömrəli X1 görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 335 nömrəli kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilini ipoteka ilə yüklü etmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-288/2020 nömrəli 30 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(008)-2998/2017 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 47512,7 manat əsas, 8988,87 manat faiz borcu və 5000 manat cərimə borcu iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanındakı 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində, 84,0 kv.m ümumi, 62,4 yaşayış və 21,6 kv.rh yardımçı sahədən ibarət, 4 otaqlı, 7 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 118000 (bir yüz on səkkiz min) manat məbləğində müəyyən olunması qət edilmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışın elektron imza ilə təsdiq edilmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə «Pakistan Milli Bankı» Bakı filialının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhəri Filialı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən 7 nömrəli mənzildən Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli 2(103)-288/20 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 may 2017-ci il tarixli 2(008)- 2998/2017 saylı qətnaməsi ləğv edilmiş və iddia qismən təmin olunaraq, cavabdeh "xxxx" MMC-dən 47512,7 manat əsas, 8988,87 manat faiz borcu və 5000 manat cərimə borcunun iddiaçının xeyrinə tutulması, tələbin ipoteka predmeti olan ünvan 1 ünvanında, 5 mərtəbəli, köhnə tikili binanın 4-cü mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində, 84,0 kv.m ümumi, 62,4 yaşayış və 21,6 kv.m yardımçı sahəsindən ibarət, otaqlı, 7 nömrəli mənzilə yönləndirilməsi, həmin mənzilin açıq hərracdan satılaraq, satışdan əldə olunan məbləğin borcun ödənilməsinə yönləndirilməsi, həmin mənzilin ilkin satış qiymətinin 118000 (bir yüz on səkkiz min) manat məbləğində müəyyən olunması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra qətnamənin icrası ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş icra tədbirləri həyata keçirilmiş, ipoteka predmetinin açıq hərracda satılması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada hərrac keçirilmiş, ev hərracda satılmadığı ücün “İpoteka haqqında” Qanunun 43-cü maddəsinə müvafiq olaraq tələbkar kimi Pakistan Milli Bankının Bakı Filialı tərəfindən əldə edilmişdir. Daha sonra həmin daşınmaz əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Pakistan Milli Bankının Bakı Filialının adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarış verilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, Cavabdeh mülkiyyətində olduğu əmlak qanunvericiliklə müəyyən edilmiş qaydada ipoteka ilə yüklü edilmiş, kredit borcu qaytarılmadığından həmin əmlaka tələb yönəldilmiş və qeyd edilən daşınmaz əmlak qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı Pakistan Milli Bankının Bakı Filialının mülkiyyətinə keçmişdir. Lakin cavabdeh hazırda Bankın mülkiyyətində olan mənzildə yaşamaqda davam etməklə, iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit edilmiş mülkiyyət hüququnu həyata keçirməyə əsassız maneə törədilər.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-294/2025 saylı, 19 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Cəfərli) iddia təmin olunmuşdur.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 157.4, 178.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2012-ci il tarixli 69 saylı ipoteka müqaviləsinə əsasən, özünə məxsus ünvan 4 ünvanında yerləşən 7 nömrəli mənzili ipotekaya qoymuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-288/2020 saylı qətnaməsinə əsasən tələbkar Pakistan Milli Bankının "xxxx" MMC-yə qarşı iddiasqıismən təmin olunmuş, sonuncudan 47512.7 manat əsas, 8988.87 manat faiz və 5000.0 manat cərimə olmaqla kredit borcunun tutulması, kredit borcunun ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən 7 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra, qeyd olunan mənzil hərrac vasitəsilə PakistanMilli Bankının mülkiyyətinə keçmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Pakistan Milli Bankının Bakı filialına qeydiyyta nömrəsi 112030757,qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarış verilmişdir. Hazırkı işə baxan məhkəmə hesab etmişdir ki, Cavabdeh bankın mülkiyyətində olan mənzildə yaşamağa davam etməklə, iddiaçının konstitusion hüquqlarını pozur. Halbuki, məhkəmə gedişatı zamanı tərəflər məhkəməyə həmin mənzilin cavabdehin özü tərəfindən alınması ilə bağlı danışıqların aparılması barədə məlumat vermişlər. İddiaçı bu tələblə məhkəməyə müraciət etməzdən öncə, iddiaçıya mübahisəli mənzilin alınması ilə bağlı müraciət etmiş, ona mənzilin qiyməti bildirilmiş və ilkin ödəniş olaraq təxmini 12000.0 manat vəsait banka depozitə qəbul edilmişdir. Daha sonra Pakistan Milli Bankının Bakı filialı ləğv etmə prossesinə başlamış və bu prosseslər iddiaçı tərəfindən dayandırılmışdır. Hazırda iddiaçı mülkiyyətində daşınamz əmlaklar saxlamaqda maraqlı deyildir və həmin mənzilin yenidən öz mülkiyyətçisinə satılması daha məqsədəuyğun və humanistikdir. Həmçinin, hazırkı məhkəmə qətnaməsi işin faktiki hallarına uyğun gəlmir, çünki cavabdeh həmin mənzildə qeydiyyatda deyil. Cavabdehin faktiki olaraq isə qeyd olunan ünvanda yaşamasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Apellyasiya baxışının hədləri

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı işdə iddia qismən təmin olunduğundan və qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.

16. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 2 ünvanda yerləşən 7 nömrəli mənzil hazırda iddiaçı Pakistan Milli Bankının mülkiyyətindədir. İşin mübahisə olunmayan halı ondan ibarətdirki sözügedən mənzilin keçmiş mülkiyyətçisi olan cavabdeh və onun ailə üzvüləri hazırda iddiaçının mülkiyyətində yaşayır. Beləliklə, məlum olur ki, cavabdeh və onun ailə üzvülərinin iddiaçının mülkiyyətində olan məzildə yaşaması iddiaçının həmin mənzildən sərbəst isifadə etməsini, həmçinin mənzilə sahblik və sərəncam hüqunun həyata keçirməsinə maneə olduğundan cavabdeh və onun ailə üzvüləri sözügedən mənzildən çıxarılmaldır.

17. Apellyasiya şikayətinin əsas dəlili tərəflər arasında barışıq olacağı ilə bağlı olmuşdur, apellyasiya baxışı zamanı bu səbəbdən məhkəmə iclası təxirə salınmış, lakin tərəflər bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişlər.

18. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

19. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

20. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini tamamilə əsassız sayır və hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 19 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar