Məhkəmə qərarları › İş №2(103)-5509/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5509/2021

06.07.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5509/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı sığortalı əmanətin qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-1967/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı pulun tutulması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 yanvar 2020-ci il tarixdə "xxxx" ASC-yə 10000 manat məbləğində əmanət yerləşdirmiş, 28 aprel 2020-ci il tarixdə sığorta hadisəsi baş verərək "xxxx" ASC müflis elan edilmişdir. Bu barədə kütləvi informasiya vasitələrindən məlumat aldıqdan sonra əmanətə görə kompensasiya almaq üçün Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, Fonddan ona bildirmişlər ki, əmanətlər Azərbaycan Beynəlxalq Bankının vasitəsilə geri qaytarılacaqdır. "xxxx" ASC tərəfindən verilmiş çıxarışda ona 10000 manat məbləğində əmanətin geri qaytarılmalı olması qeyd olunsa da, ona cəmi 7360 manat məbləğində əmanət geri qaytarılmışdır. Əmanətin tam qaytarılması üçün Əmanətlərin Sığortalanması Fonduna 3 dəfə yazılı şəkildə müraciət etməsinə baxmayaraq, nəticəsi olmamışdır. Buna görə də Əmanətlərin Sığortalanması Fondundan ona qaytarılmamış 2640 manat pulun, habelə müraciətlərinə cavab verilmədiyinə, boş yerə vaxtını itirdiyinə və depressiyaya düşdüyünə görə 1500 manat və iddia ərizəsi verilərkən ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-1967/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 2640 manat kompensasiya və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2660 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat qətnamənin tam ləğv olunmasını xahiş etsə də, iddia tələbinin mənəvi ziyanın əvəzinin tutulması ilə bağlı hissəsi cavabdehin mənafeyinə uyğun olduğundan, qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondu iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış əmanət müqaviləsinin tərəfi olmadığından, iddiaçı qarşısında hər hansı öhdəlik daşımır. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Bundan əlavə, Fond kompensasiya ödənişini həyata keçirərkən sığorta hadisəsi baş verənədək Bank tərəfindən müştəriyə əmanət müqaviləsinə əsasən ödənilmiş faiz və digər məbləğləri (bonus və mükafat məbləğləri də daxil olmaqla) çıxaraq geridə qalan məbləği kompensasiya edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-1967/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 14 yanvar 2020-ci il tarixli, 00/SDM2020/0243 nömrəli sığortalı bank əmanəti müqaviləsindən görünür ki, Bank əmanətçidən daxil olmuş 10000 manat pul məbləğini (əmanəti) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 2.2-ci maddəsinə əsasən əmanət 14 yanvar 2020-ci il tarixdən 14 yanvar 2023-cü il tarixədək 36 ay müddətinə illik 9 faizlə qoyulmuşdur. "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 14 yanvar 2020-ci il tarixli, 00/SDM2020/0243 nömrəli sığortalı bank əmanəti müqaviləsinə həmin tarixli 1 saylı Əlavədən görünür ki, əmanətçi İddiaçı adına olan əmanətə görə yatırımları nəzərə almadan əmanətin müddətindən asılı olmayaraq 1-ci il müddətinin əvvəlində birdəfəlik illik 2 % mükafat ödənilir. 16 iyun 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, sığorta hadisəsinin baş verdiyi 28 aprel 2020-ci il tarixə iddiaçının əmanət hesabında 10000 manat qalıq pul (depozit) olmuşdur. 03 mart 2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, bank tərəfindən əmanətçiyə müqavilə müddətinin əvvəlində 3 illik faiz məbləği olan 2700 manat və birdəfəlik mükafat olaraq 200 manat ödəniş verilmişdir. Həmin hesabdan çıxarışdan görünür ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı sığorta hadisəsi ilə bağlı 7360 manat kompensasiya ödənişi verilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında 14 yanvar 2020-ci il tarixdə bank əmanəti müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) 10000 manat əmanət məbləğini Banka illik 9% ödənilməsi şərti ilə 36 ay müddətinə depozitə qoymuş, bank əmanətçiyə müqavilə müddətinin əvvəlində 3 illik faiz məbləği olan 2700 manat və birdəfəlik mükafat olaraq 200 manat ödəniş vermişdir. Sonradan "xxxx" ASC müflis elan olunmuş, sığorta hadisəsi baş vermiş, Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsi ilə bağlı əmanətçiyə əvvəlcədən ödənilmiş faiz və mükafat məbləğini əmanətdən çıxmaqla 7360 manat kompensasiya ödənişi vermişdir. Fond tərəfindən əmanətçiyə 7360 manat məbləğində kompensasiya verilməsinin səbəbi odur ki, əmanətçiyə bankın müflis elan olunduğu dövrə qədər faizlər hesablanmış, daha sonra ödənilmiş üç illik faiz və mükafat məbləği çıxılaraq cəmi 7360 manat ödəniş edilmişdir. Hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin tam qaytarılmasını cavabdehdən tələb edir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Məhkəmə kollegiyası hüquqi mövqeyini aşağıdakı hüquq normaları ilə əsaslandırır. Əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Qanun qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Fondun funksiyası sığorta hadisəsi baş verdikdə əmanətçilərin tələblərinin uçotunun aparılması və kompensasiya ödənilməsidir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Həmin Qanunun 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.10-cu maddəsinə əsasən kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 10%, xarici valyutada qorunan əmanətlər üzrə 2,5% müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 5 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmanətçiyə müqavilə müddətinin əvvəlinə faiz və mükafat məbləğinin ödənilməsi bankın əmanət siyasətinin bir forması olduğundan, həmin məbləğlər mövcud əmanətə hesablanmış kompensasiyadan çıxılmamalıdır. Sığorta hadisəsi baş verdiyi üçün iddiaçının əmanətinin müddəti başa çatmış hesab olunur. Sığorta hadisəsinin baş verdiyi gün iddiaçının bank hesabında 10000 manat əmanəti olduğundan, iddiaçıya (əmanətçiyə) sığorta hadisəsi ilə bağlı olaraq kompensasiya kimi əmanəti tam olaraq geri qaytarılmalıdır. Lakin Fond tərəfindən iddiaçıya əmanətdən 2640 manat müqavilə müddətinin əvvəlinə ödənilmiş faiz və mükafat məbləği çıxılmaqla kompensasiya ödənilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini həmin hissədə təmin etmişdir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(006)-1967/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar