Məhkəmə qərarları › İş №2(103)-5511/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5511/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5511/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2195/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilə şərtlərinə əməl edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanan 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə əməl olunması öhdəliyinin Cavabdeh oğunun üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanda yerləşən 835,5 kv.metr sahədən 25 kv.metr əsas və 15 kv.metr köməkçi olan hissəsini 1 (bir) il müddətinə ona icarəyə vermişdir. Bundan sonra o, həmin icarəyə götürdüyü sahədə ona məxsus olan ********** nömrəli VÖEN vasitəsi ilə sahibkarlıq fəaliyyəti göstərməyə başlamışdır. Həmin icarə müqaviləsinin 4.3-cü bəndinə əsasən, “müqavilənin müddəti başa çatdıqda ona xitam vermək və ya onun şərtlərini dəyişdirmək barədə hər hansısa bir tərəfin yazılı müraciəti olmadıqda müqavilə burada nəzərdə tutulan eyni şərtlərlə bir il müddətinə uzadılmış hesab edilir”. Bu ilin aprel ayında Cavabdeh ona qarşı heç bir pretenziya ilə müraciət etmədiyindən müqavilənin müddəti növbəti bir il ərzində uzadılmışdır. Buna baxmayaraq, cari ilin may ayının 25-də Cavabdeh ona müraciət edərək, bu sahəni satmaq və müqaviləni ləğv etmək niyyətində olduğunu bildirmişdir. Aralarında olan danışıqla o müqavilənin növbəti bir il üçün qüvvədə olduğunu bildirsə də, cavabdeh müqaviləni bir tərəfli qaydada ləğv etmək niyyətində olduğundan hazırda onun sahibkarlıq fəaliyyətinə müxtəlif maneələr həyata keçirir. Cavabdeh məhkəmədən kənar yollarla müqavilə üzrə öhdəliklərini yerinə yetirmək niyyətində olmadığını gördüyü üçün o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə vurulmuş 20.000 (iyirmi min) manat məbləğində maddi zərərin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2195/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2195/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi qərəzli və cavabdehin mövqeyinə uyğum olmuş, hüquqlarını pozmuşdur. Belə kı, məhkəmə qətnaməsini Mülki Məcəllənin 385, 405, 421, 427, 422-ci maddələri, əsaslandırmış və o qənaətə gəlmişdir ki, iddiaçı tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, müvafiq icarə müqavilə bir il müddətinə bağlanmış və həmin müqavilənin müddəti bitdikdən sonra Cavabdeh paylı mülkiyyətində olan əmlakı başqa şəxsə satmışdır. Lakın məhkəmə öz qətnaməsində tərəfin təqdim etdiyi icarə müqaviləsinə istinad edərək göstərmişdir ki, müqavilənin 4.3-cü bəndinə əsasən “...Bu müqavilənin müddəti başa çatdıqda ona xitam vermək və ya onun şərtlərini dəyişdirmək barədə hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda müqavilə burada nəzərdə tutulmuş eyni şərtlərlə 1 il müddətinə uzadılmış hesab edilir”. İş materiallarında olan müqavilədən də görünür ki, müqavilə 01 aprel 2019-cu ildə bağlanmışdır. Bu isə onu deməyə əsas verir ki, carı ilin aprel ayının birinədək cavabdeh müqaviləni ləğv etmək barədə fikrini bildirməli idi. Məhkəmə öz qətnaməsini zərərlə bağlı hissədə təmin etməməsini onunla əsaslandırmışdır ki, güya iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, iddia ərizəsinə tərəflər arasında bağlanmış icarə müqaviləsinin surətini və müvafiq əşyaların daşınması zamanı çəkilmiş foto şəkillərini iddia ərizəsinə əlavə etməklə kifayətlənmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Lakin məhkəmənin bu mövqeyi ilədə razı deyil, çünki, məhkəməyə təqdim edilən qüsur aktı və həmin akta əlavə edilən fotoşəkillərdən də görünür ki, cavabdehin hərəkətləri və öhdəliklərini vicdanla yerinə yetirməməsi iddiaçını başqa ünvana köçməyə məcbur etmiş, məhz bu köçmə zamanı məhsullara zərər dəymiş və iddianın dəqiqləşməsi ərizəsində göstərilən zərər yaranmışdır. Məhkəmə qətnaməsi qanuni və əsaslı deyildir, mülkiprosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə çıxarılmış, iddiaçıya münasibətdə qərəzli və ədalətsiz qətnamə olmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2195/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2195/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili X2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2195/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2 və 700-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı vəkili Vəkil çıxışını və Cavabdeh nümayəndəsi və vəkili Türkel Süleymanovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh - icarəyə verən ilə İddiaçı - icarəçi arasında bağlanmış 01 aprel 2019-cu il tarixli icarə müqaviləsinin surətindən və məzmunundan görünür ki, icarəyə verən onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, PY UA 38/10 ünvanda yerləşən 835,5 kv.metr sahədən 25 kv.metr əsas və 15 kv.metr köməkçi hissəsini icarəçiyə öz ticarət fəaliyyətini həyata keçrimək məqsədləri üçün icarəyə verir (1.1-ci bənd). Sahənin aylıq icarə haqqı 300 (üç yüz) manat məbləğində təşkil edir (3.1-ci bənd). Bu müqavilə 01 aprel 2019-cu il tarixdən qüvvəyə minir (4.1-ci bənd). İcarənin müddəti tərəflər bu müqaviləni imzaladığı tarixdən etibarən 1 (bir) il təşkil edir (4.2-ci bənd). Bu müqavilənin müddəti başa çatdıqda ona xitam vermək və ya onun şərtlərini dəyişdirmək barədə hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda müqavilə burada nəzərdə tutulmuş eyni şərtlərlə 1 (bir) il müddətinə uzadılmış hesab edilir (4.3-cü bənd). İş materiallarında olan, Cavabdeh - satıcı ilə X3 - alıcı arasında bağlanmış 29 aprel 2020-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı paylı mülkiyyət üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 96,40 kv.metr olan fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi sahəsi 0,0835 ha olan torpaq sahəsini alıcının mülkiyyətinə verir (1-ci bənd). Satıcı daşınmaz əmlakı 510.000 (beş yüz on min) manat qiymətə satmış, alıcı isə həmin qiymətə almışdır (4-cü bənd). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir; 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur, Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” 30 aprel 1992-ci il tarixli, 114 saylı Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Bütün qeyd olunan xüsusatlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, İddiaçı apelyasiya şikayətinin qeyd edilən dəlilləri əsaslı hesab edilməməklə formal mülahizələrdən ibarətdir. Belə ki, İddiaçı Cavabdeh tələb etdiyi pul məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, İddiaçı iddia ərizəsində göstərdiyi pul məbləğini Cavabdeh tələb etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi bir il müddətinə bağlanmış və həmin müqavilənin müddəti bitdikdən sonra cavabdeh paylı mülkiyyətində olan əmlakı başqa şəxsə satmışdır. Cavabdeh hər hansı təqsiri üzündən İddiaçı müvafiq xərcləri çəkməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını təsdiq edən müvafiq sübutlarını ya birinci instansiya məhkəməsinə, yada ki, apelyasiya məhkəməsinə təqdim edə bilməmiş, iddia ərizəsinə tərəflər arasında bağlanmış icarə müqaviləsinin surətini və müvafiq əşyaların daşınması zamanı çəkilmiş foto şəkillərini iddia ərizəsinə əlavə etməklə kifayətlənmişdir. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları sübut edən dəlillərini məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2195/2020 saylı, 17 noyabr 2020-ci il tariхli qətnaməsi dəyişdirilmədən, İddiaçı apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2195/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar