Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5511/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" X7 MMC, Bakı şəhəri X2 Xidməti və SOCAR-ın “Qaz İxrac” İdarəsi Astara Magistral Qaz Kəmərləri sahəsinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-458/2024saylı, 5 sentyabr 2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi-vəkili Nümayəndə5 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" X7 MMC, Bakı şəhəri X2 Xidməti və SOCAR-ın “Qaz İxrac” İdarəsi Astara Magistral Qaz Kəmərləri sahəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(004)- 458/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdur. Həmin qətnamədən İddiaçı 25 iyun 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4596/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmişdir (qanunvericliklə müəyyən edilmiş fomaya riayət edilmədiyinə görə). İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4596/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır (vəkil tərəfindən tərtib edilmədiyinə və imzalanmadığına görə). 24 oktyabr 2024-cü il tarixdə İddiaçı “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək maddi vəziyyəti pis olduğuna görə vəkillə müqavilə bağlamaq iqtidarında olmadığını qeyd edərək, həmin qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4596/2024 saylı mülki iş üzrə 6 noyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. 19 dekabr 2024-cü il tarixdə İddiaçı nümayəndəsi-vəkili X3 məhkəmənin 24 sentyabr 2024-cü il tarixli qərardadından kassasiya şikayəti, həmçinin şikayətə əlavə olaraq kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4596/2024 saylı mülki iş üzrə 22 yanvar 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2(103)-4596/2024 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2025-ci il tarixli 2(102)-963/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 sentyabr 2024-cü il tarixli 2(103)-4596/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. 24 iyul 2025-ci il tarixdə İddiaçı “Elektron Məhkəmə” sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək maddi vəziyyəti pis olduğuna görə vəkillə müqavilə bağlamaq iqtidarında olmadığını qeyd edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(004)-458/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2(004)- 458/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. 12 avqust 2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(004)-458/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən 12 avqust 2025-ci il tarixli ərizə və məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilərək, qeyd olunan qətnamədən şikayət verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2(004)-458/2024 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(004)-458/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmiş və həmin qərardadın icrası Vəkillər Kollegiyası 4 saylı Vəkil Bürosuna göndərilmişdir. Vəkillər Kollegiyası 4 saylı Vəkil Bürosu tərəfindən İddiaçı vəkillə təmin edilmiş, ona hüquqi yardım göstərilməsi üçün adına 5 avqust 2025-ci il tarixli, 270 nömrəli vəkil orderi tərtib edilmiş və tərəfindən İddiaçı lazımi hüquqi yardım göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-458/2024 nömrəli 5 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilməmiş; apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(004)-458/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilməmiş, şikayət qeyrimümkün hesab edilmişdir. İddiaçı dövlət hesabına vəkillə də təmin edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş formada apellyasiya şikayətini məhkəməyə təqdim etmək əvəzinə prosessual hüquqlarından yanlış istiqamətdən istifadə etmiş, nəticədə apellyasiya şikayətinin verilməsi müddətini 1 ildən artıq müddətə ötürmüşdür. Sonuncu Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2025-ci il tarixli 2(102)-963/2025 nömrəli qərardadının təqdim edilməsindən 5 ay sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi-vəkili Nümayəndə5 şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-458/2024 nömrəli 5 sentyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2(004)-458/2024 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(004)-458/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmişdir. Lakin bu hal sonrakı proseslərdə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-458/2024 saylı, 11 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Bu Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada apellyasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də Mülki Prosessual Məcəllənin 360-cı maddəsində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşır. Göstərilənlər baxımından şikayət verən şəxsin apellyasiya şikayətinin məhkəmə tərəfindən qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi mümkündür. Lakin apellyasiya şikayəti ilə yenidən müraciət edən şəxs məhkəmə müdafiəsi hüququndan səmərəli istifadə etməli, nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciətini ağlabatan müddət çərçivəsində etməlidir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(004)-458/2024 nömrəli qətnaməsi İddiaçı ünvanına 1 iyun 2024cü il tarixdə göndərilmiş, həmin qətnamədən sonuncu dəfə apellyasiya şikayəti isə məhkəməyə 12 avqust 2025-ci il tarixdə daxil olmuşdur. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2025-ci il tarixli 2(102)-963/2025 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsindən, apellyasiya instansiyası məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(103)-4596/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılmasından ən azı 7 mart 2025-ci il tarixdən məlumatlı olmuşdur. Buna baxmayaraq iddiaçı apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə ancaq 12 avqust 2025-ci il tarixində müraciət etmişdir. Halbuki kassasiya şikayətinin geri qaytarılmasına əsas olmuş nöqsanın daha qısa müddət ərzində aradan qaldırılması mümkün idi. Göründüyü kimi hazırkı ərizədə iddiaçının istinad etdiyi hallar ötürülmüş müddətin bərpası üçün əsas olaraq nəzərdən keçirilə bilməz. Belə ki, iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq daha qısa müddət ərzində yenidən məhkəməyə müraciət etməsi mümkün idi. Lakin iddiaçı nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciətini ağlabatan müddət çərçivəsində etməməklə, məhkəmə müdafiəsi hüququndan sui-istifadə etmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu kontekstdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının müvafiq müddət ərzində mübahisələndirilməməsi, daha sonra isə ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Belə ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Odur ki, İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-458/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən şikayəti üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə də yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-458/2024 saylı 5 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-5511/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5511/2025
30.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver