Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5513/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh2 ASC-yə qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçı, Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı istifadə edilməmiş məzuniyyət günlərinin pul əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-214/2025 nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona ödənilməli olan istifadə etmədiyi məzuniyyət günlərinin (57 gün) pul əvəzinin (1.356,98 manat) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-də xəzinədar vəzifəsində çalışmışdır (son iş yeri "xxxx" ASC-nin Nəsimi filialı olmuşdur). Məlum olduğu kimi, xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin lisenziyası ləğv olunmuş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunmuşdur. Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023-cü il tarixində ona əmək müqaviləsinə xitam verilməsi barədə əvvəlcədən bildiriş məktubu göndərmişdir. Ona göndərilən bildiriş məktubunda Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Əmək məcəlləsi, həmçinin "Banklar haqqında" Azərbaycan Respublikası qanununun tələblərini rəhbər tutaraq təhlil işi aparmış və işçilərin sayının azaldılması məqsədilə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin "b" bəndi ilə onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xəbərdarlıq qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixində isə əmək müqaviləsinə xitam verilmişdir. Lakin, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq ona ödəniləcək son haqq-hesabda istifadə edilməyən məzuniyyət günlərinin pul əvəzi ödənilməmişdir. Bununla bağlı bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna, X5 xidmətinə və Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir məlumat və nəticə olmamışdır. Yalnız xx.xx.2024-cü il tarixində bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona ünvanlanan məktubda onun istifadə edilməmiş məzuniyyət günlərinin pul əvəzinin ödənilməsi tələbinə dair ödəniləcək məbləğin "Banklar haqqında" Azərbaycan Respublikası qanununun 77.1-ci maddəsinə uyğun olaraq və həmin qanunun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında ödəniləcəyi qeyd olunmuşdur. Lakin "Banklar haqqında" Azərbaycan Respublikası qanununun yuxarıda qeyd olunan maddələrində istifadə edilməmiş məzuniyyət günləri nəzərdə tutulmayıb və onun tələbi ilə heç bir qanuna uyğunluğu yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsində çox açıq şəkildə qeyd olunur ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından aslı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə pul əvəzi ödənilməlidir.
3. Daha sonra iddiaçının vəsatəti əsasında LPO Cavabdeh2 ASC cavabdeh qismində cəlb edilmişdir.
4. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, kreditor tələbinə dair sözügedən iddia müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aiddir və bu iddiaya iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı Əmanətlərin Sığortalanması Fonduna qarşı məzuniyyət günlərinin əvəzinin ödənilməsi tələbinə dair mülki işə xitam verilməsi xahiş olunur.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 2621/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10105 nömrəli rəyinə əsasən İddiaçı Cavabdeh2 ASC-də işlədiyi 2021-ci il və 2022-ci il dövr ərzində istifadə etmədiyi məzuniyyət günlərinin bir günlük məbləği 21,43 manat müəyyən edilir və hazırki tədqiqatla 132 saylı əmək müqaviləsinin 8ci bəndinə əsasən müəyyən edilmiş istifadə edilməmiş 43 gün məzuniyyət günləri nəzərə alındıqda 921,58 manat məbləğində və xx.xx.2021-ci il tarixli, 120/M saylı, xx.xx.2021-ci il tarixli 122 M saylı və xx.xx.2022-ci il tarixli, 350/M saylı əmrlərə əsasən müəyyən edilmiş istifadə edilməmiş 34 gün məzuniyyət günləri nəzərə alındıqda 728,69 manat məbləğində müəyyən edilir.
7. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ekspertiza rəyində 2021 və 2022-ci illər üzrə dövr üçün göstərilmiş 43 gün məzuniyyət günlərinin doğruluğunu qəbul etməklə, ödənişlərin göstərilən günlərə uyğun aparılmasını xahiş etmişdir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 214/2025 nömrəli qətnaməsi ilə (hakim N.İ.Abbasov) iddia qismən təmin edilmiş, LPO Cavabdeh2 ASC-dən 921.58 manatın alınaraq İddiaçı ödənilməsi, LPO Cavabdeh2 ASCdən 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh LPO Cavabdeh2 ASC-dən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
9. Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Banka qarşı kreditor tələbi bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri kateqoriyasına aid olduğu üçün “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 76 və 77-ci maddələrinə əsasən qeydə alınmış, həmin Qanunun 82.1.5-ci maddəsinə uyğun olaraq növbəlik qaydasında ödəniləcəkdir. AR Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. “Banklar haqqında” Qanunun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Qeyd edilənlərdən görünür ki, kreditor tələbinə dair sözügedən iddia müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialara aiddir və bu iddiaya iflas proseduruna nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Buna görə də İddiaçı hazırki tələbinə dair mülki işə xitam verilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, Əmək Məcəlləsinin 144cü maddəsində imperativ qaydada göstərilir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından aslı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə pul əvəzi ödənilməlidir.
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 142.1. Məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 178.2. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarı: “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir. Müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində müəyyən edilən növbəlilik üzrə ödənilməsinin nəzərdə tutulması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-214/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata, bu tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir.
18. İşdən görünür ki, iddiaçı hazırda ləğv prosesində olan Cavabdeh2 ASC-dən istifadə edilməmiş məzuniyyət günlərinə görə pul ödənilməsini tələb edir.
19. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarı ilə Cavabdeh2 ASC müflis elan olunmuş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.
20. Kollegiya həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 178.2-ci maddəsinə görə müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir.
21. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən məzuniyyət vaxtının əmək haqqı əməyin ödənilməsi üçün nəzərdə tutulan vəsait hesabına ödənilir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Həmin Qərarda göstərilmişdir ki, hüquqi şəxs ləğv edilərkən kreditorların tələblərinin ödənilməsini, yəni ödəniş növbəliliyini müəyyən edən Mülki Məcəllənin 62-ci maddəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 22 noyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. “Banklar haqqında” Qanunun 82-ci maddəsində nəzərdə tutulmuş ödəniş növbəliliyi isə müflis elan olunmuş bankın aktivlərinin bölüşdürülməsinə aiddir. Lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklara qarşı tələblərin ödəniş növbəliliyi yalnız Təlimatın 13-cü bəndində nəzərdə tutulmuşdur. Əmək Məcəlləsindən fərqli olaraq, həmin bənddə işçilərin əmək haqqı ilə bağlı tələblərinin üçüncü növbədə ödənilməsi müəyyən edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4-cü maddəsinə müvafiq olaraq, maliyyə bazarları tənzimləyicisinin (Azərbaycan Respublikası Mərkəzi Bankının) qərarları normativ xarakterli aktlar hesab edilir. Həmin Qanunun 4.4-cü maddəsinə görə, normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Bu mövqedən çıxış edərək belə nəticəyə gəlmək olar ki, lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən ödəniş növbəliliyi “Banklar haqqında” Qanunda nəzərdə tutulmadığından, eləcə də Əmək Məcəlləsi Təlimatdan üstün hüquqi qüvvəyə malik olduğundan belə bankların işçilərinin əmək haqqı ilə bağlı tələbləri ödənilərkən Əmək Məcəlləsinin 178.2-ci maddəsi rəhbər tutulmalıdır. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, “Banklar haqqında” Qanunun 82-ci maddəsində lisenziyanın ləğvi ilə əlaqədar ləğv edilmiş banklardan fərqli olaraq, müflis elan edilmiş bankın işçilərinin əmək haqlarının 4-cü növbədə ödənilməsinin nəzərdə tutulması Əmək Məcəlləsinin 178.2-ci maddəsi ilə ziddiyyət təşkil etmir və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.3cü maddəsinə uyğundur.
23. “Banklar haqqında” Qanunun 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.
24. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1-76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Qeyd olunan Qanunun 77.1-ci maddəsinə əsasən, bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.
25. “Banklar haqqında” Qanunun 77.5 və 77.6-cı maddələrinə görə, qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq, qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü ərzində tərtib edilir və məhkəmənin təsdiqinə verilir. Bundan sonra ləğvedici hər rüb təzələnən siyahıları məhkəmənin təsdiqinə verir. Həmin siyahıları təsdiq edənədək məhkəmə ləğvedici ilə razılaşdırmaqla tələbləri bir siyahıdan digərinə keçirə bilər. Məhkəmə etiraz edilmiş tələblərin təsdiqlənməsi üçün hansı sübutların zəruri olduğunu müəyyənləşdirə bilər.
26. Həmin Qanunun 77.7-ci maddəsinə əsasən Məhkəmə etiraz edilmiş tələblər siyahısını təqdim olunduğu tarixdən etibarən 60 təqvim günündən gec olmayaraq aydınlaşdırmaq məqsədilə dinləmələrin keçirilməsi tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi barəsində kreditorlara poçt bildirişi və ləğvedicinin mediada dərc etdirdiyi bildirişlə məlumat verilir. Eyni bir tələb barəsində dinləmələrin başlanılmasına dair heç bir kreditora bir dəfədən artıq bildiriş göndərilmir. Dinləmələr qurtardıqda məhkəmə etiraz edilmiş tələblərin təsdiq və ya rədd olunmasına dair qərar qəbul edir. Kreditor Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada xəbərdar edildiyi dinləməyə üzürlü səbəb olmadan gəlmədikdə, onun tələbləri rədd edilir. Tələbləri rədd edilmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir.
27. İşdən həmçinin müəyyən edilir ki, iddiaçının hazırki iş üzrə tələbi artıq xx.xx.2023-cü il tarixində kreditor tələb kimi ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən qeydiyyata alınmışdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-214/2025 nömrəli qətnaməsi ləğv edilsin, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı istifadə edilməmiş məzuniyyət günlərinin pul əvəzinin ödənilməsi tələbinə dair iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq ləğv prosesində olan Cavabdeh2 ASC-yə ödənilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: