Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5518/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququn tanınması və evə köçürmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, onun Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsi, ev 74 (hazırda 174) saylı evin yaşayış sahəsindən üç övladı ilə birlikdə istifadə hüququnun tanınması və həmin yaşayış sahəsinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia rədd edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozması ilə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, 2006-cı ildə mübahisə predmeti olan evə gəlin köçməklə 13 il orada yaşamış və uşaqları da həmin evdə doğulmuşdur. Cavabdeh2lə nikahları pozulduqdan sonra isə cavabdehlər onu uşaqları ilə birlikdə evdən qovmuşlar. Lakin onun yaşamaq üçün başqa yaşayış sahəsi yoxdur, maddi imkanı olmadığından kirayə haqqı da verə bilmir. Dəfələrlə cavabdehlərə bu barədə bildirsə də, onlar buna qəti etiraz etmişlər. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iddiaçını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Göründüyü kimi, evə (mənzilə) əşya hüquqları (mülkiyyət və s.) yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqda yaranır və onların qorunmasına qanuni təminat verilir. Baxılan işin faktiki halları ondan ibarətdir ki, İddiaçıxx.xx.2006-cı il tarixdə Cavabdeh2lə nikaha daxil olmuş və həmin tarixdən cavabdehlərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsi, ev 74 (hazırda 174) saylı evə gəlin köçmüşdür. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Tərəflərin birgə nikahından xx.xx.2007-ci ildə Əli Quliyev, xx.xx.2008-ci ildə Tahir Quliyev və xx.xx.2016-cı ildə Said Quliyev adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahın pozulması və birgə nikahdan dğulmuş uşaqların anaları İddiaçı yanında qalması qət edilmişdir. Pəvin Quliyeva 2006-cı ildən 2018-ci ilədək uşaqları ilə birlikdə sözügedən evdə yaşamış, həmin tarixdən evdən çıxmaq məcburiyyətində qalmışdır. Qeyd edilənlər iddia ərizəsi, tərəflərin izahatları, doğum haqqında şəhadətnamələr, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4561/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal İstismar Birliyi 22 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayış və işdə olan digər sənədlərlə təsdiqlənir. Göründüyü kimi, mübahisə predmeti olan ev, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün hüquqi rejiminə görə özbaşına tikili sayılır. Həmin reyestrdə qeydə alınmayan evə isə hər hansı əşya hüququ, o cümlədən, mülkiyyət və ya şəxsi servitut olan mənzildən istifadə hüququ ola (tanına) bilməz (Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında yaşayış sahəsindən istifadə hüququnun şəxsi servitut olması göstərilmişdir). Bu hallar, ona dəlalət edir ki, iş üzrə iddiaçının və azyaşlı uşaqlarının tələbində göstərdiyi evdən istifadə hüququ yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin iddia tələbinin bu hissədə rədd olunması barədə gəldiyi qənaət əsaslıdır. Bununla belə, Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, İddiaçı, uşaqları birlikdə mübahisə predmeti olan evə köçürülmələrini tələb etməkdə haqlıdır. Belə ki, mübahisə predmeti olan və özbaşına tikili sayılan Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsi, ev 74 (hal-hazırda 174) saylı evdə cavabdehlər yaşadığı halda, uzun müddət (2006-cı ildən 2018-ci ilədək) həmin evdə yaşamış, sonradan, yəni 2018-ci ildə ailədaxili münaqişə nəticəsində iradəsi əlehinə oradan çıxmaq məcburiyyətində qalmış iddiaçının həmin evə köçürülməsi tələbinin rədd edilməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdı. Çünki, Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqlarını pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, Kollegiya, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir. Kollegiya vurğulayır ki, özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, İddiaçı sözügedən evə köçürülməsi tələbinin rədd edilməsi, mübahisə predmeti olan evdə uzun müddət yaşamış, orada birgə təsərrüfat aparmış və tikiliyə münasibətdə artıq iqtisadi marağı formalaşmış iddiaçıya münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu heçə endirə bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Odur ki, Kollegiya, mübahisə predmeti olan fərdi yaşayış evinin özbaşına tikili sayıldığını, dolayısı ilə həmin fərdi yaşayış evinin cavabdehlərin mülkiyyətində deyil, faktiki sahibliyində olduğunu, eləcə də, ədalət mühakiməsinin səmərəliliyini təmin etmə vasitələrindən biri kimi analogiya institutunun çıxış etdiyini nəzərə alaraq hesab edir ki, hazırkı işdə bu və ya digər şəxsin istifadəsində olan yaşayış sahəsinə köçürülməni təmin edən qanunvericilik aktına istinad edilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayınadək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur və onların yaşadıqları evdən yararlanmaları, yəni həmin evə münasibətdə maraqları eyni olmuşdur. Evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. Cavabdehlər mübahisəli evdə yaşayaraq ondan bir iqtisadi dəyər kimi yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulmasına, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Odur ki, qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, iddiaçı yaşaması üçün Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsi, ev 74 (hazırda 174) saylı evə köçürülməlidir. Məhkəmə kollegiyası, tələbin “iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi” hissəsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin MM-in 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Kollegiya, iddiaçının mübahisəli evə köçürülməsi tələbinin haqlı sayıldığını və qanunvericinin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, himayəsində olan azyaşlı uşaqları da onunla birlikdə həmin evə köçürülməlidirlər. Odur ki, birinci instansiya məhkəməsinin iddiaçının övladları ilə birlikdə mübahisəli evə köçürülməsi tələbinin rədd olunması barədə gəldiyi nəticə işin hallarına uyğun deyil. Ona görə də, qətnamə həmin hissədə qətnamə ləğv olunaraq, iddia təmin edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1186/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi “İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsi, ev 74 (hazırda 174) saylı evin yaşayış sahəsinə köçürülməsi” barədə iddia tələbinin rədd olunması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı övladları xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 5-ci Yasamal küçəsi, ev 74 (hazırda 174) saylı evə köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5518/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5518/2020
09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver