Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-552/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı «işə bərpa, əmrin ləğv edilməsi və məcburi surətdə buraxılan iş vaxtlarının məbləğinin ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “işə bərpa, əmrin ləğv edilməsi və məcburi surətdə buraxılan iş vaxtlarının məbləğinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2375/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı «işə bərpa, əmrin ləğv edilməsi və məcburi surətdə buraxılan iş vaxtlarının məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli K-90 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və qətnamə qanuni qüvvəsini alan günə kimi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2375/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Səməd Cəfərov) ilə iddia təmin edilmiş, iddiaçı – Bakı şəhəri 314 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli K-90 saylı əmri ləğv edilmiş, İddiaçı işə bərpa edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qərara alınmışdır.
3. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 70, 71.2 və 300.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçının müəssisə rəhbərinə qarşı subordinasiya qaydalarını gözləməməsi, vəzifə funksiyalarını yerinə yetirməkdən imtina etməsi, məktəb kollektivinin üzvləri arasında qeyri-sağlam mühitin yaranmasına səbəb olacaq şəkildə hərəkətlər etməsi, müəllimlərin gizli olaraq səslərinin yazılması, məktəbdə baş verdiyini iddia etdiyi “qanunsuz hallar” olmasını bildiyi halda aidiyyəti orqanlara vaxtında məlumat vermək əvəzinə həmin məlumatları öz mənafeləri üçün və ona lazım olan zamanda istifadə edə bilməsi üçün saxlaması ümumilikdə təhsil müəssisəsinin və müəllim adına və nüfuzuna xələl gətirəcək hərəkətlər etməsi onun tərəfindən Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014- cü il tarixli, 2/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın tələblərinin kobud şəkildə pozulmasına yol açmışdır.
5. Nəticədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi adından Həmkarlar İttifaqı Komitəsinə təqdimat ünvanlanmış və Bakı şəhəri 314 nömrəli tam orta məktəbin təlimtərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Komitənin müvafiq razılığı nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, K-90 nömrəli əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən də apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi T.Quliyev apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, eyni zamanda bildirdi ki, həqiqətən də məktəbin direktoru X9 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, bildirdi ki, məktəbdə baş verən bütün bu narahatçılıq və ona qarşı təşkil olunmuş kompaniyanın səbəbkarı məktəbin direktoru Səfa Xəlilov olmuşdur. Məhz bu əməllərinə görə də, o, Təhsil Nazirinin əmri ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdən azad edilmişdir. Sübutların tədqiqi:
8. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 27 yanvar 2022-ci il tarixli K-90 saylı əmrinə əsasən əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə, əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara görə Bakı şəhəri 314 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 27 yanvar 2022-ci il tarixdən ləğv edilmiş; maliyyə və mühasibatlıq sektoruna (E.Mehdiyeva) İddiaçı ilə son haqq-hesabın aparılmasının təmin edilməsi barədə göstəriş verilmişdir.
9. Azərbaycan respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli K-50 saylı əmrinə əsasən, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı barəsində sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07 dekabr 2021-ci il tarixli, F-300 saylı əmri ləğv edilmişdir.
10. Həmin əmrin 2-ci bəndindən məlum olur ki, Bakı şəhəri 314 nömrəli tam orta məktəbin direktoru X9 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir (i/v 192).
11. Bakı 2 saylı Mediasiya Təşkilatının 14 mart 2022-ci il tarixli MŞB/2-00414 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Bakı şəhər Təhsil İdarəsinə qarşı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2022-ci il tarixdə saat 12:00-da nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir.
12. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, məktəbdə laborant işləyir. İddiaçı ilə 11 il bir yerdə işləmişlərdir. Səfa Xəlilov məktəbə direktor təyin olunduqdan sonra iddiaçının otağına girəndə Səfa Xəlilovun katibi otağa girib-çıxanların adını qeyd edir və sonradan həmin adamları yanına çağıraraq Lamiyə müəllimin otağına girə bilməzsiniz deyirmiş. Səfa Xəlilov iddiaçının otağının önünə kamera qoydurtdurubmuş. Bir yerdə işlədikləri dövrdə Lamiyə xanımın heç bir qanunsuz hərəkətini görməmişdir.
13. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, məktəbdə ingilis dili müəllimi işləyir. Səfa Xəlilov məktəbə direktor təyin olunduqdan sonra belə hallar, şikayətlər başlamışdır. Əvvəlki direktorların dövründə heç bir belə hallar olmamışdır. Səfa Xəlilov 5-10 nəfəri başına yığaraq ancaq cəbhə qurmuşdur. Səfa Xəlilov iddiaçının otağının önünə kamera qoydurtdurubmuş. Lamiyə xanımın otağına girəndən sonra hamı gedirmiş Səfa müəllimin otağına və qara siyahısına düşürmüş. Psixoloji hamıya təsir etmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, məktəbdə Təlim-tərbiyə üzrə direktor müavini işləyir. Səfa Xəlilov məktəbə direktor təyin olunduqdan sonra belə hallar yaşanmışdır. Əvvəlki direktorların dövründə heç bir belə hallar olmamışdır. Səfa Xəlilov gəldiyi gündən iddiaçı ilə işləmək istəmirmiş. İddiaçı otağına girməyə icazə verilmirmiş. Ona görə Lamiyə xanım iclasda demişdir ki, səlahiyyətlərini qaytarmayana kimi funksiyalarını yerinə yetirməyəcək. Səfa Xəlilov iddiaçının otağının önünə kamera qoydurtdurubmuş. Lamiyə xanımın otağına girəndən sonra Səfa müəllim çağırtdırırmış öz yanına. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
15. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
16. Maddə 70. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
17. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
18. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətinin əsas dəlili iddiaçının əmək funksiyalarını yerinə yetirməməsinin rayon məhkəməsi tərəfindən lazımınca qiymətləndirilməməsi ilə bağlı olmuşdur.
32. Mülki iş materiallarında olan sənədlərdən və jurnallardan görünür ki, iddiaçı, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini kimi üzərinə düşən (bütün məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavininin üzərinə düşən standard öhdəliklər və vəzifələr) öhdəlikləri və vəzifələri vaxtında və keyfiyyətli şəkildə icra etmişdir.
33. Əmrdə iddiaçı barədə qeyd olunanların əsassız olması ilə yanaşı, əmr verilərkən Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
34. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
35. İddiaçı qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmək halına yol verməmiş, iş yerində işin, əmək və icra intizamının normal ahəngini pozmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmamışdır.
36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
37. Göründüyü kimi, iddiaçı özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini, bütün məktəblər üçün ümumi olan təlim-tərbiyə işləri üzrə direktor müavininin üzərinə düşən standard öhdəlik və vəzifələrini yerinə yetirmiş, əmək vəzifələrini pozmamışdır.
38. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
40. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2375/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov