Məhkəmə qərarları › İş №2(103)-5523/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5523/2022

14.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5523/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2 (103)-5523/2022 ( Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi) Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(001)-2054/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə X15 arasında 11 oktyabr 2014-cü il tarixində nikah bağlanmış, onların birgə nikahlarından 2 uşaqları dünyaya gəlmiş, nikahları pozulmamışdır.

2. Mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə X16 əvəzinə X7 ilə Cavabdeh arasında bağlanan 01 oktyabr 2021-ci il tarixli ilkin alğı-satqı müqaviləsi ilə Cavabdeh tərəfindən 40000 manata alınmışdır. 3.İddiaçının köçürülmək istədiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq özbaşına tikilidir. Həmin evdə Cavabdeh, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X13 qeydiyyatdadır.

a)Birinci instansiya məhkəməsində icraat

4.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayş evi onun və həyat yoldaşı Cavabdeh Rəfail qızının birgə nikahı dövründə xx.xx.2020-ci il tarixdə 40.000 (qırx min) manata X8 alınmışdır. Cavabdehlə hazırda nigah münasibətindədir. Nikahları Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2014-cü il tarixdə rəsmləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü SəfxanovTogrul Piralı oglu anadan olmuşdur. Cavabdeh uşaqlarla birlikdə hazırda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində yaşayırlar. 2022-ci ilin yanvar ayının 19-da həyat yoldaşı Cavabdeh Rəfail qızı ilə aralarında yaşayış səhəsində onun işiilə əlaqədar evə pasport qeydiyyatına düşmək üstündə ailədaxili mübahisələri yaranmış, mübahisəyə cavabdehin atası Rəfail Əkbərli evə gələrək müdaxilə etmiş, mübahisə zəmnində Rəfail Əkbərli ona xəsarət yetirmişdir. Aralarındakı mübahisə ilə əlaqədar tərəfindən DİN 102 xidmətinə müraciət olunmuş və Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində mübahisə ilə baglı ilkin araşdırma aparılmışdır. O, həmin tarixdən iki gün sonra yaşadığı evə gələrkən evin giriş qapısının acarları dəyişdirilmişdir.Cavabdeh tərəfindən yaşayış evinə daxil olması məhdudlaşdırılmış, yaşayış sahəsindən qanuna müvafiq qaydada istifadə hüququ pozulmuşdur. Bununla dacavabdeh onun fərdi yaşayış evində olan faktiki sahiblik və istifadə hüququnu pozmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə ilə əlaqədar olaraq cavabdehə 25.012022-ci il tarixdə (fərdi yaşayış sahəsinə köçürülmə tələbi barədə) mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, cavabdeh təklifi qəbul etmiş və aralarında məhkəməyə qədər hec bir razılıq əldə olunmamışdır. xx.xx.2022-ci il tarixdə saat 13:40-a təyin edilmiş ilkin mediasiya sessiyasında o, iştirak etsə də Cavabdeh Rəfail bu barədə xəbərdar edilsədə mediasiya sessiyasında iştirak etməmişdir. İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, 2021-00434 saylı arayış verilmiş və tərəfindən mediasiyasessiyasının keçirilməsi ilə baglı xərc ödənilmişdir. 6.Cavabdeh tərəf məhkəməyə etiraz göndərmiş, etirazı onunla əsaslandırmışdır ki, iddiaçının həmin sahəyə köçürülməsinə maddi-hüquqi əsas və subyektiv hüququ yoxdur. İddiaçı iddia ərizəsində iddia edir ki, cavabdeh onun həmin sahəyə sahiblik və istifadə hüququnu pozur. Əvvəla iddiaçının həmin sahəyə sahiblik və istifadə hüququ yoxdur. İkincisi isə Binəqədi Rayon Polis İdarəsinin 43-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Süleyman Qəşəmlinin 29 yanvar 2022-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh döyməsi faktı öz təsdiqini tapmış, həmin ailə mübahisəli ailə kimi qeydiyyata alınmışdır. Bu faktlar isə audio və video yazılarla da, öz təsdiqini tapır. İddiaçı cavabdehin döydüyünə görə inzibati məsuliyyətə də, cəlb edilmişdir. İddiaçının həmin sahəyə köçürülməsi gələcəkdə daha böyük hadisə və faciələrə səbəb ola bilər. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun 8-ci və 13-cü maddələrinə əsasən, məişət zorakılığının təkrarlanmaması və məişət zorakılığının qarşısının alınması, zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər, o cümlədən sosial xarakterli tədbirlər, qabaqlayıcı tədbirlər görmək dövlətin vəzifəsidir. Qeyd edilənləri də,nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. 7.X16 əvəzinə X7 ilə Cavabdeh arasında bağlanan 01 oktyabr 2021-ci il tarixli ilkin alğı-satqı müqaviləsindən görünür ki, tərəflər xx.xx.2070-ci il tarixinədək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 598 №-li qərarına əsasən “satıcı” X16 ona ayrılmış, Bakı şəhəri, Binqədi rayonu, Biləcəri Bələdiyyəsi ərazisində yerləşən fərdi yaşayış evini inşa etmək üçün ayrılmış, 180 kv.m torpaq sahəsindən, 120 kv.m torpaq sahəsinə və üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayış aldıqdan sonra 40000 manata alıcı Cavabdeh Rəfail qızına satılması barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. 8.Müqavilənin 3-cü bəndinə əsasən X3 torpaq sahəsini 40000 manat qiymətləndirir və gələcəkdə torpaq sahəsini həmin qiymətə satmağı öhdəsinə götürür. “Alıcı” Cavabdeh ilkin alğı-satqı müqaviləsini bağlayaraq, torpaq sahəsini gələcəkdə 40000 manata almağı öhdəsinə götürür. “Alıcı” Cavabdeh satış məbləğinin 40000 manatını notariusun depozit hesabı vasitəsilə satıcıya ödədi. 9.Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 07 oktaybr 2005-ci il tarixli 548№-li qərarından görünür ki, vətəndaş X12 müraciəti nəzərə alınaraq, Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 12 saylı 07 oktyabr 2005-ci il tarixli protokoluna əsasən Biləcəri Bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin X14 ayrılması qərara alınmışdır. 10.Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Süleyman Qəşəmli tərəfindən tərtib edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı və Cavabdeh Rəfail qızının ərizəsi əsasında toplanılmış əməldə cinayət tərkibi olmadığından cinayət işininbaşlanmasının rədd edilməsi, İddiaçı və X9 ailəsi münaqişəli ailə kimi qeydiyyata alınması barədə qərar qəbul edilmişdir. 11.Binəqədi RPİ-nin 43-cü PB-nin s/i polis mayoru Zaur Orucov tərəfindən tərtib edilən 19 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı tərəfindən həyat yoldaşı Cavabdeh Rəfail qızına zərər yetirməsi səbəbindən AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 12.Həmin protokol əsasında 19 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş və İddiaçı AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 300 manat məbləğində cərimə edilmişdir. 13.26 yanvar 2012-ci il tarixli, №15297 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC Xırdalan qəsəbəsi, Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın, 27 blok, 3 saylı bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.m olan mənzili alıcı X1, alıcı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən mənzilin dəyəri tərəflərin razılığı ilə 19787,16 manat müəyyən edilir. 14.03 iyun 2020-ci il tarixli aktdan görünür ki, X2 qəsəbəsi, Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın, 27 blok, 3 saylı bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.m olan mənzili X19 təhvil-təslimini həyata keçirmişdir. 15."xxxx" ASC tərəfindən verilən 1231 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X17 Xırdalan qəsəbəsi, Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın, 27 blok, 3 saylı bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.m olan mənzilə görə heç bir borcu yoxdur. 16.Ev kitabının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh, tərəflərin birgə nikahından doğulan xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X13 qeydiyyatdadır. 17.Məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 18.Bundan başqa hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 19.Məhkəmə işin müəyyən edilən halları baxımından o qənaətə gəlmişdir ki, iddiaçının müvafiq tələblə hazırki cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ mövcuddur və iddiaçının tələbinin əsasını sahibliyin qadağan olunmuş özbaşınalıqdan qorunması təşkil edir. 20.Belə ki, cavabdeh iddiaçının müvafiq subyektiv hüququ olmamasını və iddiaya cavab verməli olmayan şəxs olmasını onunla əsaslandırmağa çalışmışdır ki, ev özbaşına tikilidir və nə iddiaçının, nə də özünün mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur, həmçinin evin əldə edilməsi üçün vəsait onun atası tərəfindən verilmişdir. 21.Bununla bağlı məhkəmə qeyd etmişdir ki, evin fiziki cəhətdən mövcud olması və cavabdehin mübahisəli evlə bağlılığı cavabdehin və tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının həmin evdə qeydiyyatda olmaları ilə öz təsdiqini tapır. 22.Məhkəmə qeyd etmişdir ki, iddiaçının subyektiv hüququnun olması isə tərəflərin birgə nikahları dövründə evin əldə edilməsi üçün 40000 manat məbləğində vəsait verilməsi ilə təsdiqolunur. Belə ki, cavabdehin həmin evin onun atasının vəsaiti hesabına əldə edilməsi barədə etirazı, birgə nikah dövründə əldə edilən əmlakın ümumiliyi prezumpsiyasına əsasən əksini iddia edən şəxs tərəfindən sübut edilməlidir. Lakin cavabdeh tərəfdən bununla bağlı hər hansı sübut təqdim ediməmişdir. 23.Odur ki, birgə nikah dövründə əldə edilmiş əşyaya dair iddiaçının da cavabdehlə eyni həcmdə hüquqi gözləntisi, əşyadan istifadə etmək və sahiblik hüququ vardır. 24.Bundan başqa cavabdehin etirazının dəlillərindən biri isə tərəflərin münaqişəli ailə olması ilə bağlıdır. Bununla bağlı hər iki tərəf şiddət məzmunlu səs yazılarını məhkəməyə təqdim etmiş və eyni zamanda iddiaçının barəsində İXM-nin 157-ci maddəsinin tətbiq olunması üçün Polisin qərarı vardır. 25.Məhkəmə bununla bağlı qeyd etmişdir ki, tərəflərin münaqişəli ailə olması öz təsdiqini tapsa da, həmin fakt özlüyündə iddianı istisna edən hal olmamaqla mübahisənin hüquqi əsası ilə bağlı deyildir. Belə ki, mübahisənin hüquqi əsasını sahibliyin qadağan olunmuş özbaşınalıqdan qorunması təşkil edir. Yəni iddiaçı mənzilə köçürülmə tələbini irəli sürməklə faktiki olaraq birgə nikah dövründə əldə etdikləri əmlakdan onun istifadə etməsinə və onun əmlaka sahiblik etməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına nail olmağa çalışır. Cavabdehin isə maneə törətməsi aşkardır.Bu baxımdan sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər, pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.Odur ki, cavabdehin hərəkətləri qadağan edilmiş özbaşınalıq kimi qiymətləndirilməli və iddiaçının mübahisəli evdən istifadə və sahiblik etməsinə törədilmiş maneənin aradan qaldırılması məqsədilə o, mübahisəli evə köçürülməlidir. Eyni zamanda qeyd edilməlidir ki, tərəflərin münaqişəli ailə olması ilə əlaqədar şiddət ehtimalı isə mühafizə orderləri vasitəsilə həll olunmalı məsələdir. Cavabdehin bu barədə tədbir görülməsini tələb etmək hüququ vardır. 26.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2054/22 saylı iş üzrə 02 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8, 164.1, 164.2, 165.1, 180.1, 225.1-ci, Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

28.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 29.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, mübahisəli əmlaka mülkiyyət hüququ mövcud deyil. Çünki ortada alğı-satqı yox, ilkin müqavilə var. İddiaçı ən yaxşı halda birgə nikaha istinad edərək, ilkin müqavilə üzrə ödənilmiş vəsaiti birgə mülkiyyət hesab edərək yarısını tələb edə bilərdi. Ortada birgə nikah dövründə əldə edilmiş əmlak yoxdur, ona görə ödənilmiş 40000 manat vardır. İkincisi isə, cavabdeh iddiaçının həmin mənzilə buraxılmasına görə iddiasına cavab verməli subyekt deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

31.Məhkəməkollegiyasının iclasındaCavabdeh vəkili Vəkilapellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, xahiş etdi ki, apellyasiya şikayəti təmin edilsin. 32.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası 33.Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır.Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlakvəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq vəazadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarınıirqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görəməhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslaragörə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və yaimtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbuledən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdəhər kəsin bərabər hüquqları təmin edilir. 34.Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-cihissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 35.Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 36.Maddə 164.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 37.Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 38.Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 39.Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 40.Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 41.Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Apellyasiya baxışının hədləri 42.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 43.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 45.Kollegiya qeyd edir ki, Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın göstərişinin xarakterinə görə səlahiyyətvericinorma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur,bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərləinsan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilədaxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. 46.Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur, tərəflərin birgə nikahları dövründə, yəni xx.xx.2020-ci ildə notariat qaydasında təsdiq olunmuş ilkin müqavilə əsasında əldə edilmiş, onlar həmin evə köçmüş, onların yaşayış sahəsi kimi istifadə olunmuş, cavabdeh və uşaqlar pasport qeydiyyatına alınmışlar. 47.İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əks yanaşması, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, həmin evə köçürülməlidir. 48.Kollegiya apellyatorun cavabdehin iddiaya cavab verməli olan şəxs olmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının subyektiv hüququnun olması tərəflərin birgə nikahları dövründə evin əldə edilməsi üçün 40000 manat məbləğində vəsait verilməsi ilə təsdiq olunur. Cavabdehin həmin evin onun atasının vəsaiti hesabına əldə edilməsi barədə etirazı, birgə nikah dövründə əldə edilən əmlakın ümumiliyi prezumpsiyasına əsasən əksini iddia edən şəxs tərəfindən sübut edilməlidir. Lakin cavabdeh tərəfdən bununla bağlı hər hansı sübut təqdim ediməmişdir. 49.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlarəsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 51.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 52.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 53.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 54.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(001)-2054/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar