Məhkəmə qərarları › İş №2(103)-5525/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5525/2024

15.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5525/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququna xitam verilməsi, evin boşaldılaraq sökülməsi və əvəzində yeni mənzil verilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1383/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı çoxmənzilli bina inşa edir. 2.Cavabdehlərin evi iddiaçının tikinti işləri aparmaq istədiyi ərazidə yerləşir. 3.Belə ki, Bakı şəhər İcra hakimiyyətçi başçısının xx.xx.2018-ci il tarixli 274 nömrəli sərəncamı ilə qərara alınıb ki, Yasamal rayonu, 623 saylı məhəllə, Z.Əhmədbəyov, Naxçıvani və F.İbrahimbəyov küçələrinin əhatəsində yerləşən torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçıya icazə verilsin. Sərəncamda qeyd olunub ki, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və vəsaitin ödənilməsi müvafiq qanunvericiliyə əsasən iddiaçı tərəfindən həll edilsin (cild 1, iş v. 129). 4.Sərəncamda göstərilən ərazidə yerləşən, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsindəki 30 nömrəli fərdi yaşayış evi (bundan sonra – fərdi ev) cavabdehlərə məxsusdur. Fərdi ev dövlət reyestrində əvvəlcə X1 mülkiyyəti kimi qeydə alınıb, bu barədə qeydiyyat vəsiqəsi verilib (cild 1, iş v. 80). Daha sonra - xx.xx.2023-cü ildə mülkiyyətçi vəfat edib və xx.xx.2023-cü ildə cavabdehlərin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilib, hər birinin miras payı ½ hissə müəyyən edilib (cild 1, iş v. 132). 5.Qeydiyyat vəsiqəsinə görə, fərdi ev 1 otaqlıdır, yaşayış sahəsi 16 kv.m təşkil edir. Ekspert rəyinə görə, fərdi evin otaqları, xarici divarları, daxili arakəsmələr və həyətyanı sahə nəzərə alınmaqla, ümumi tikintialtı sahə 72 kv.m, faktiki sahə (daxili arakəsmələr və xarici divarlar nəzərə alınmadan) 39 kv.m təşkil edir (cild 1, iş v. 86). 6.FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssis rəyinə görə, fərdi ev fiziki cəhətdən köhnəlib və texniki cəhətdən yolverilməz vəziyyətdədir, inşaat norma və qaydalarının, habelə seysmik normaların tələblərinə cavab vermir. Fərdi evin texniki cəhətdən yolverilməz vəziyyətdə (yükdaşıma qabiliyyətinin azalması) olduğunu, evə yaxın ərazidə halhazırda söküntü və tikinti-quraşdırma işlərinin aparıldığı nəzər alınaraq fərdi evin istismarı təhlükəlidir (cild 1, iş v. 105). 7.İddiaçının müraciəti əsasında "xxxx" MMC-nin verdiyi qiymətləndirmə barədə hesabata görə, fərdi evin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 64.500 manat, aylıq kirayə haqqı 350 manat təşkil edir (cild 1, iş v. 216). Birinci instansiya məhkəməsində icraat 8.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, cavabdehlərin fərdi evə mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilsin, cavabdehlər fərdi evdən çıxarılsın, fərdi ev boşaldılaraq sökülsün, fərdi evin əvəzində iddiaçı tərəfindən cavabdehlərə Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, F.İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 45,80 kv.m olan 1 ədəd 2 otaqlı yeni, təmirli mənzil verilsin, mənzil təhvil verilənədək kirayə xərcinə görə hər ay 350 manat kompensasiya ödənilsin. 9.Qətnamə ilə iddia tam təmin olunub, iddia ərizəsində göstərilən məzmunda nəticə qət edilib. Apellyasiya instansiyası məhkəməsində icraat 10.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 11.Məhkəmə iclasında iştirak edən cavabehlər Cavabdeh1 və Cavabdeh2, onların vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 12.İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 əvvəlki məhkəmə iclasında iştirak edərək mübahisənin qarşılıqlı razılıq əsasında həll edilməsi üçün işə baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin sonuncu məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 13.Belə mübahisələr həll edilərkən sökülməsi tələb olunan fərdi yaşayış evlərinə və çoxmənzilli binalara fərqli yanaşma olmalıdır. Fərqli yanaşmanın iki səbəbi var: ictimai maraqlar və fərdi maraqlar. Həmin maraqlar barədə məhkəmə aşağıdakıları qeyd edir. İctimai maraqlar 14.Hazırda Bakı şəhərində fərdi yaşayış evlərinin yerində çoxmənzilli yaşayış binalarının inşası ictimai maraqlara cavab vermir. Çünki 1 ailənin yaşadığı və 1 avtomobilin park edildiyi yerdə 10-larla ailənin yaşamağa başlaması və 10-larla avtomobilin park edilməsi şəhər əhalisinin sıxlığının normanı aşmasına, avtomobil tıxaclarına, ictimai nəqliyyatda sərnişin sıxlığına və s. bu kimi hallara səbəb olur. 15.Fərdi yaşayış evlərinin yerində çoxmənzilli binaların inşa edilməsi yalnız kommersiya hüquqi şəxslərin maraqlarına xidmət edir, yəni onun tikinti fəaliyyəti daha rentabelli olur. Belə ki, tikinti fəaliyyətinin çoxmənzilli köhnə binanın yerində aparılması daha çox xərc tələb edir. Bundan fərqli olaraq tikinti fəaliyyəti fərdi yaşayış evinin yerində aparıldıqda yalnız 1 ailənin evinə görə kompensasiya verilir, nəticədə kommersiya hüquqi şəxsi həm də evin yerləşdiyi torpaq sahəsini əldə edir. Hazırkı işdə fərdi evin tikintialtı sahəsi 72 kv.m təşkil edir. Bu, ekspert rəyi ilə təsdiq olunub. Kommersiya hüquqi şəxsləri vətəndaşların evini əldə edəndə tikintialtı sahəni nəzərə almırlar, lakin vətəndaşlara ev satanda tikintialtı sahənin hər kv.metrinə görə onlardan pul alırlar. 16.Bundan başqa, yerli icra hakimiyyəti orqanlarının sərəncamlarında kommersiya hüquqi şəxslərinə yaşayış binalarının tikintisinə icazə verildiyi qeyd olunur, lakin həmin binaların əksəriyyətinin 1-ci mərtəbəsi, bəzən isə 2-ci və 3-cü mərtəbələri qeyri-yaşayış sahəsi kimi tikilməklə kommersiya məqsədləri üçün istifadə olunur. Ona görə də fərdi evləri sökən kommersiya hüquqi şəxslərin öz fəaliyyətini “köhnə tikililərin yerində yeni yaşayış binalarının tikintisi kimi” qələmə verməsi aldadıcıdır, onlar ilk növbədə özləri üçün kommersiya obyektləri inşa edirlər. Bu, qanunvericiliyə ziddir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a görə, şəhər və digər yaşayış məntəqələrinin əraziləri 12 zonaya (yaşayış zonası, ictimai-işgüzar zona və s.) bölünür, kommersiya obyektləri ictimai-işgüzar zonada yerləşə bilər (bənd 4.2). Bütün sivil şəhərlərdə ayrıca yaşayış zonası və kommersiya zonası var. Kommersiya obyektlərinin yaşayış zonasında yerləşməsinə ona görə icazə verilmir ki, onlar bir xidmət sahəsi olduğuna görə yerləşdiyi yerə ətraf ərazilərdən digər insanları (müştəriləri) və onların avtomobillərini cəlb edir, bu isə avtomobil sıxlığı, normadan artıq səs-küy və s. bu kimi hallara səbəb olmaqla yaşayış zonasının təyinatı ilə ziddiyyət təşkil edir. Yaşayış zonasının təyinatı insanların yaşaması üçün rahat, sağlam və təhlükəsiz yaşayış mühiti yaratmaqdır. 17.Əgər fərdi ev istismar üçün təhlükəlidirsə, bu hal iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə görə, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Əgər cavabdehlər bu vəzifələrini yerinə yetirməyiblərsə, belə halda Mənzil Məcəlləsinin 28.3-cü maddəsi tətbiq olunmalıdır. Həmin maddəyə görə, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. 18.Bundan başqa, əgər fərdi yaşayış evinin xarici görünüşü şəhərin estetik görünüşünə xələl gətirirsə, bu hal iddianın təmin edilməsinə əsas ola bilməz. Səlahiyyətli subyekt fərdi yaşayış evin fasadının, dam örtüyünü və digər hissələrinin müasir tələblərə uyğunlaşdırılmasını qanunververicilikdə müəyyən edilmiş qaydada mülkiyyətçidən tələb edə bilər. 19.O cümlədən fərdi yaşayış evinin mülkiyyətçisi öz evinin yerində yeni ev tikə bilər. Mülkiyyətçiyə bunun qadağan edilməsi, kommersiya hüquqi şəxsinə isə başqasının evinin yerində ev tikmək haqqının tanınması qanuna zidd sayılar. 20.Digər ölkələrdə də fərdi yaşayış evinin kommersiya məqsədləri üçün mülkiyyətçinin iradəsi ziddinə sökülməsinə icazə verilmir. Hündürmərtəbəli yeni binaların yaxınlığına birmərtəbəli köhnə fərdi evlərin yerləşməsi barədə çoxsaylı nümunələr var. Həmin fərdi evlərin mülkiyyətçiləri evlərini satmaqdan imtina ediblər, mülkiyyət toxunulmaz olduğuna görə kommersiya hüquqi şəxsləri onların evini sökə bilməyib. Fərdi maraqlar 21.Hər bir insan yaşamaq istədiyi yaşayış sahəsinin növünü seçmək azadlığına malikdir: çoxmənzilli binada yerləşən yaşayış sahəsi və ya fərdi yaşayış evində yerləşən yaşayış sahəsi. Yaşayış sahəsinin növünü seçmək azadlığı “şəxsiyyət azadlığı” ilə əhatə olunur. Şəxsiyyət azadlığı (lat. liberum arbitrium) elə bir konstitusion-hüquqi kateqoriyadır ki, insana həm də öz həyat tərzini seçmək azadlığı verir. Həyat tərzi insanlar tərəfindən bioloji, sosial və emosional ehtiyaclarına uyğun olaraq inkişaf etdirilir. Bu ehtiyaclara uyğun olaraq ayrıca evdə yaşamaq və ayrıca həyətyanı sahəyə malik olmaq istəyən şəxs həyət tərzini dəyişməyə, yəni 100-lərlə insanla eyni binada yaşamağa və ümumi həyətdən istifadə etməyə məcbur edilə bilməz. Əks təqdirdə, hətta fərdi yaşayış evinin iqtisadi dəyəri çoxmənzilli binadakı mənzilin dəyəri ilə tam kompensasiya olunsa da, həmin insanın şəxsiyyət azadlığı pozulmuş sayılacaq. 22.İnsanlar məhz fərdi maraqlarından çıxış edərək fərdi yaşayış evini satıbsatmadığını və satış qiymətini müəyyənləşdirə bilərlər. Əgər qanunla müəyyən edilmiş əsaslar yoxdursa (dövlət ehtiyacları üçün alınma və s.), heç kəs mülkiyyətçini fərdi yaşayış evini satmağa məcbur edə və ya satış qiymətini ona diktə edə bilməz. Mülkiyyətin müdafiəsi barədə qanunvericiliyin göstərişi 23.İddiaçının istinad etdiyi, Bakı şəhər İcra hakimiyyəti başçısının sərəncamının cavabdehlər münasibətdə hüquqi əhəmiyyəti yoxdur. Fərdi yaşayış evi xüsusi mülkiyyətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Cavabdehlərin fərdi yaşayış evinə münasibətdə belə zərurət yoxdur, odur ki, onların mülkiyyət hüququ müdafiə olunmalıdır. 24."xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd olunub: “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”. Həmin ərazidə cavabdehlərin xüsusi mülkiyyətində fərdi yaşayış evinin mövcud olması dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil etmir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a görə, şəhərin və digər yaşayış məntəqəsinin yaşayış zonasında çoxmənzilli yaşayış binaları ilə yanaşı həm də həyətyanı sahələri olan fərdi yaşayış evləri tikilə bilər. 25.Beləliklə, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. 26.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 1383/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququna xitam verilməsi, evin boşaldılaraq sökülməsi və əvəzində yeni mənzil verilməsi barədə” iddiası rədd olunsun. Ekspertiza xərci olan 100 (yüz) manat İddiaçı MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizaı Mərkəzinin nəfinə tutulsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat İddiaçı MMC-dən Cavabdeh1 və Cavabdeh2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar