Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5527/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2436/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlamaqla əmək münasibətlərinə daxil olmuşlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli K/25 00009 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ilə həmin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə məlumat verilmiş və iddiaçı artıq işə getməmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı cavabdehə ərizəsini geri götürmək istədiyi barədə müraciət etmiş, cavabdeh isə xx.xx.2025-ci il tarixli məktub ilə iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi və ərizəni geri götürməyin mümkün olmadığını bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə işə bərpa tələbi barədə mediasiya təklifi göndərmiş və xx.xx.2025-ci il tarixdə mediasiya sessiyası keçirilmişdir. Cavabdehin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmiş və iddiaçıya bu barədə xx.xx.2025-ci il tarixli arayış təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən onun barəsində verilmiş əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun barəsində verilmiş əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2012-ci ildə əmək müqaviləsi bağlamış və Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsi İstismar şöbəsində elektrik qazqaynaqçısı vəzifəsində tam ştatlı işləməyə başlamışdır. Cavabdehlə olan müqavilə müddətsiz əmək müqaviləsi olmuşdur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə “öz xahişi ilə işdən azad olunması” barədə ərizə ilə cavabdeh "xxxx" ASC-yə müraciət ünvanlanmışdır. İşdən azad olunmaq istəməyində məqsəd ailəsinin dolanacaq xərcləri ilə bağlı əmək haqqının onu qane etməməsi, nisbətən yüksək əmək haqqı alacağı bir idarədə işləmək olmuşdur. Buna baxmayaraq, 1 ay müddətə yaxın yeni iş axtarmağa çalışsa da yeni iş tapa bilməmişdir. Ərizədə isə işdən ayrılmağının hər hansı bir əsaslandırıcı səbəbi (yaşa, əlilliyə görə əmək pensiyasına çıxmaq, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olmaq, yeni yaşayış yerinə köçmək, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda) göstərilməmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli “işdən azad olunmağı” ilə bağlı ərizəsini geri götürməsi ilə əlaqədar yeni ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13-13/2-2/10-N-2350-5/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubundan sonra iddiaçıya məlum olmuşdur ki, onunla olan əmək müqaviləsinə artıq xitam verilmişdir. Buna baxmayaraq, bu barədə iddiaçıya son haqq-hesab, əmək kitabçası və ya əmək müqaviləsinə xitam verilməsinə dair əmr təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13-13/2-2/10-N- 2350/4-5/2025 saylı, xx.xx.2023-ci il tarixli digər cavab məktubundan aydın olmuşdur ki, iddiaçı ilə olan əmək müqaviləsinə elə ərizə yazıldığı gün, yəni xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Bu barədə iddiaçının məlumatı olmamış, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona əmr, əmək kitabçası və ya son-haqq hesab sənədi təqdim edilməmişdir. Bu sənədlərin hamısı hazırda cavabdeh orqandadır. Bu barədə heç bir məlumatı olmamışdır. Halbuki, cavabdeh orqan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin, 83-cü maddəsinin tələblərini gözləməli idi. Bu barədə iddiaçıya ünvanlanmış 13/2-2/10-N-2350/4-5/2025 saylı, xx.xx.2025-ci il tarixli digər cavab məktubundan sonra işdən rəsmi qaydada çıxarılmağından xəbərdar olmuşdur. İddiaçı bu müddətdə işsiz qalmış, əmək haqqı almamış, cavabdeh orqan onu işdən azad etdikdən sonra bu barədə haqq-hesab sənədi təqdim etməmişdir. Çalışdığı müddətdə iddiaçının net əmək haqqı (vergi ödənişlərindən sonra olan əmək haqqı/işçiyə verilən məbləğ) 562 manat olmuşdur. xx.xx.2025-ci il tarixdən etibarən iddiaçıya əmək haqqı ödənilməmişdir. Beləliklə, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə əməl olunmamış və iddiaçının əmək hüquqları pozulmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə işəgötürənə ərizə yazdıqdan sonra xəbərdarlıq müddəti bitənədək, yəni 1 təqvim ayınadək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilərdi. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Buna baxmayaraq, işəgötürən əmək müqaviləsinə ona ərizə ünvanladığı gün, yəni xx.xx.2025-ci il tarixdə xitam vermişdir. İşəgötürən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçıya əmr, əmək kitabçası və son-haqq hesab təqdim etməmişdir. Halbuki, bu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 3-cü və 4-cü hissələrinə ziddir. İddiaçı tərəfindən xx.xx.2025-ci ildə ərizə yazıldıqdan sonra 1 təqvim aylıq xəbərdarlıq müddəti ərzində iddiaçıya həmin vəzifəyə yeni işçinin götürülməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində qeyd edilən halların heç biri mövcud olmadığı üçün ərizədə dəqiq tarix göstərilsə belə işəgötürən tərəfindən əmək müqaviləsinə həmin gün (ərizədə göstərilən gün) xitam verilə bilməzdi. İddiaçı mübahisənin həlli məqsədilə Azərbaycan Respublikasının ƏƏSMN yanında X4 Xidmətinə müraciət ünvanlamışdır. Mübahisənin həlli məqsədilə xx.xx.2025-ci il tarixdə qarşı tərəfə, yəni cavabdehə təklif göndərmiş, xx.xx.2025-ci il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilmiş MŞB/6-00329 nömrəli, xx.xx.2025-ci il tarixli X1 (İMS) iştirak edilməməsi barədə arayış təsdiq edir ki, cavabdehin səlahiyyətli nümayəndəsi ilkin mediasiya prosesində iştirak etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində qeyd edilən halların heç biri mövcud olmadığı üçün ərizədə tarix göstərilmiş olsa belə əmək müqaviləsinə həmin gün xitam verilə bilməzdi. İşəgötürən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçıya əmr, əmək kitabçası və son haqq-hesab təqdim etməmişdir. Cavabdeh "xxxx" ASC ərizə təqdim edərək, iddia tələbi üzrə iddia müddəti keçdiyinə görə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2436/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" ASC-nin 06 yanvar 2025-ci il tarixli, K/25-00009 saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" ASC-də Nizami RETSİ-nin İstismar şöbəsinin elektrik qazqaynaqçısı vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi və mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pulun cavabdeh "xxxx" ASC dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı 10 ildən çoxdur ki, cavabdeh müəssisədə işləyir. xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə yazaraq öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı məlum olur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad olunduğu barədə məlumatlı olmuşdur. Buna görə də xx.xx.2025-ci il tarixdən işə gəlməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, iddiaçının öz xahişi ilə işdən azad edilməsi barədə ərizəsində xx.xx.2025-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İddiaçı isə bildirir ki, onun xahişi xx.xx.2025-ci il tarixdə işdən azad edilməsi olmamışdır. O, başqa işə düzəlmək istəyinin olduğu üçün ərizəsini yazaraq işdən azad edilməsini xahiş etmiş, ərizəyə həmin günün tarixini ərizənin yazılma tarixi kimi yazdığını, həmin gün işdən çıxmaq istəmədiyini bildirmişdir. Daha sonra işdən çıxarıldığını və işə gəlməməli olduğunu ona bildirmişlər. Buna görə də iddiaçı xx.xx.2025-ci il tarixdən işə getməmişdir. Onun başqa işə qəbul olmaq cəhdi uğursuz olmuş və cavabdehə xx.xx.2025-ci il tarixli ərizə yazaraq “işdən azad edilməsi” barədə ərizəsini geri götürmək istədiyini bildirmişdir. İddiaçının ərizəsinin məzmunundan işəgötürənin mülahizəsinə əsasən işçinin xx.xx.2025-ci il tarixdə işdən azad edilməsi istəyinin olduğu nəticəsinə gəlmək ədalətsiz olmaqla yanaşı, əmək münasibətləri çərçivəsində işçinin sərbəst iradəsini ifadə etməsinə zidd mövqe olar. Bundan başqa ərizənin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan iddiaçının savadının aşağı səviyyədə olduğu müəyyən olunur. Ərizənin məzmunu birmənalı olaraq onun həmin tarixdə işdən azad edilmək istəyinin olmasını ehtiva etmir. Məhkəmə əmək hüququnun təməl prinsiplərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrini nəzərə alaraq hesab etmişdir ki, qeyri-müəyyən hallar işçinin ziyanına şərh edilə bilməz. Məhkəmə iddiaçının “öz xahişi ilə işdən azad edilməsi” barədə ərizəsinə münasibətdə hesab etmişdir ki, həmin ərizənin məzmununda iddiaçının məhz xx.xx.2025-ci il tarixdən işdən azad edilməsi xahiş edilməmişdir. İddiaçı ərizəni yazmış və sonda həmin günün tarixini qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı ərizəni təqdim etdikdə ona aşağıdan da tarixin qoyulmalı olmasını bildirmişlər, buna görə də ərizəçi bir daha ərizənin aşağı tərəfində də tarix qoymuşdur. Məhkəmə qeyd etmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Hazırkı iş üzrə işçinin əmək müqaviləsi ərizəsini yazdığı gün işəgötürən tərəfindən ləğv edilmişdir. Halbuki, işəgötürən işçinin əmək münasibətlərini dayandırmaq istədiyi günü ərizəsində göstərməməsinə diqqət yetirmədən, xəbədarlıq müddəti bitməmiş əmək müqaviləsini qanunsuz olaraq ləğv etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin xəbərdarlıq müddətinin mahiyyəti işəgötürənin işdən azad ediləcək olan işçinin yerinə yeni işçi tapmasından ibarətdir. Əgər işçi ərizəsində məhz bu tarixdə işdən azad edilməsini istədiyini qeyd etmişdirsə və həmin tarix işçinin ərizəsini verdiyi gündən etibarən bir ay müddətindən daha qısa müddəti ehtiva edirsə, belə olan halda işəgötürənin həmin işçi ilə əmək müqaviləsini ləğv etmək istəyi öz mülahizəsinə əsasən müəyyən edilir. Belə ki, hazırkı iş üzrə iddiaçı ilə işəgötürən arasında xx.xx.2025-ci il tarixdə iddiaçının işdən azad edilməsi barədə razılıq olsaydı, bu halda işəgötürən əmək müqaviləsini ləğv etməkdə haqlı olardı. Halbuki, tərəflər arasında belə bir razılıq olmamış, iddiaçı işdən azad edilmək istədiyi günü ərizəsində qeyd etməmişdir. Buna baxmayaraq işəgötürən öz təşkilati-sərəncamverici səlahiyyətindən və iddiaçının məlumatsızlığından sui-istifadə edərək iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etmiş və iddiaçıya işdən azad edildiyini bildirmişdir. Daha sonra iddiaçı hüquqlarının pozulduğunu bildikdə pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad edildiyi barədə məlumatlı olmuş və sonuncu iş günü həmin gün olmuşdur. Onun iddia müddətinin axımı xx.xx.2025-ci il tarixdən (xx.xx.2025-ci il tarix daxil olmaqla) başlamışdır. Hələ bir təqvim ayı tamam olmamış, xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş və həmin tarixdə iddia müddətinin axımı dayanmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçı “X1 İştirak Edilməməsi” barədə arayışı aldıqda iddia müddətinin axımı bərpa olmuş və iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu bildiyi gündən bir təqvim ayı ərzində (iddia müddətinin axımının dayanması nəzərə alınmaqla) sonuncu gün məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Hüquq münasibətləri iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli qərarı). İddiaçının niyə məhz iddia müddətinin son günlərində müraciət etməsi, işdən azad edildiyi gündən bir neçə gün sonra əmri mübahisələndirməməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, pozulmuş hüquqlarının bərpa edilməsini istəyən şəxs istədiyi vaxt məhkəməyə müraciət edə bilər. Bu, onun qanunla müəyyən edilmiş hüququdur. İddia müddətinin tətbiqi məsələsinə yalnız cavabdehin müvafiq ərizəsi əsasında məhkəmədə baxılır. İddiaçının hüquqlarının pozulduğunu bildiyi gündən 1-2 gün sonra deyil, 25 gün sonra məhkəməyə müraciət etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirmək olmaz. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə işəgötürənin səlahiyyətli nümayəndəsi işçinin ərizəsini qəbul edərkən ərizədə sual doğuran məqamları aydınlaşdırmalı, məzmunu dəqiq olmayan ərizənin yazılı qaydada dəqiqləşdirilməsini tələb etməli idi. Buna baxmayaraq, cavabdeh (işəgötürən) ərizənin məzmununda dəqiq qeyd olunmayan halı özünə sərf edən formada şərh edərək işçinin qanunla müəyyən olunmuş hüquqlarını pozmuşdur. Tərəflər arasında olan əlaqələrin yazılı qaydada aparılmasının məqsədi gələcəkdə baş verə biləcək mübahisələrin sübut edilməsində əhəmiyyətli dərəcədə rol oynayır. Belə ki, qanunvericiliyin tələblərində ərizənin yazılı qaydada verilməsinin imperativ qaydada müəyyən edilməsi mübahisələrin qarşısının alınmasına və sübutların əldə edilməsinə yönəlimişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmədə iştirak edən tərəflərin hər biri öz mülahizələrini sübut etməlidir. Halbuki, cavabdeh heç bir mötəbər sübut təqdim etmədən işçinin xx.xx.2025-ci il tarixdə işdən azad edilməsini xahiş etdiyini, həmçinin onun yerinə başqa işçinin işə qəbul edildiyini bildirir. Lakin həmin sübutların təqdim edilməsi üçün məhkəmə iclaslarının təxirə salınmasına baxmayaraq, bu mülahizələri sübut edəcək heç bir dəlili məhkəməyə təqdim edə bilmir. Məhkəmə mülahizələr əsasında deyil, mötəbər sübutlar əsasında yekun qənaətə gəlir. Mübahisəsiz məsələdir ki, işçi əmək münasibətlərinin daha zəif tərəfidir. Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq, işçinin Əmək Məcəlləsində təsbit olunmuş əsas hüquqlarından biridir. İşçinin qanunla təminat altına alınmış hüquqlarını onun savadsızlığına (ərizənin tarixini düzgün yerə yazmamasına) görə işəgötürənin xeyrinə şərh etmək hüququn və məhkəmələrin mövcud olma səbəbinə, qanunun aliliyinə zidd mövqe olar. Buna görə də qeyd olunan bütün diqqətəlayiq halları və təqdim edilən sübutları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, məcburi işburaxma dövrü üçün ödənilməmiş əmək haqqı iddiaçıya ödənilməlidir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə yazaraq öz xahişi ilə işdən azad edilməsini xahiş etmiş, həmin ərizədə yazdığı sözlərin sonunda xx.xx.2025-ci il tarixini qeyd etmiş və bu barədə müvafiq əmr imzlamaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və həmin əmr iddiaçıya təqdim edilmişdir. Yəni iddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad olunduğu barədə məlumatlı olmuş və məhz buna görə də xx.xx.2025-ci il tarixdən işə gəlməmişdir. İşin mübahəsiz halıdır ki, iddiaçı başqa işə düzəlmək üçün işdən azad olunması ilə bağlı ərizə yazmış və işdən azad olduğu günün sabahısı işə gəlməməklə işdən azad olunmağını bir növ qəbul etmişdir. İddiaçı məhkəmədə verdiyi izahatında guya ərizədə sözlərin qabağında yazılan xx.xx.2025-ci il tarixinin ərizənin tarixi olduğu, onun həmin gün işdən çıxmaq istəyinin olmadığını bildirmişdir. Halbuki ərizədə iki yerdə (sözlərin qabağında və ərizənin sonunda) xx.xx.2025-ci il tarixinin yazıldığını nəzərə alınsa, sözlərin qabağında yazılan tarixin işdən çıxmaq istədiyi gün, ərizədə aşağıda yazılan xx.xx.2025-ci il tarixinin isə ərizənin yazılma tarixi olması daha inandırıcı və ağlabatan görünür. Digər tərəfdən iddiaçının əgər işdən azad olunması barədə konkret iradə ifadəsi olması idi, əmrlə tanış olduqdan sonra işə gəlməkdə israr edərək bu barədə işəgötürənə öz etirazın bildirməsi daha məntiqli görünərdi. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi: 2-ci maddə, 1-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddə, 2-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci maddə, 3-cü bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 9-cu maddə, “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 11-ci maddə, “a”, “b”, bəndləri. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarındandır. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 69-cu maddə, 1-ci hissə. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddə, 4-cü hissə. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddə, 5-ci hissə. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 69-cu maddə, 7-ci hissə. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. 83-cü maddə, 1-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 300-cü maddə, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddə, qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.s Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2012-ci il tarixli, k-12-0391 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən Nərimanov RETSİ-nin 110/35/20 kV-luq İstismar şöbəsinə y/st. xidməti üzrə elektrik çilingəri təyin olunması, əmək haqqının 310 manat ödənilməsi əmr edilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış Əmək Müqaviləsindən görünür ki, iddiaçı Nizami RETSİ-nin İstismar sahəsinə elektrik qazqaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 10.3-cü maddəsinə əsasən işçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir. "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, k-14-0120 nömrəli əmrindən görünür ki, Nərimanov RETSİ-nin 110/35/20 kV-luq İstismar şöbəsinin elektrik çilingəri İddiaçı xx.xx.2014-cü il tarixdən Nizami RETSİ-nin 10/6/0,4 kV-luq İstismar şöbəsinə elektrik qazqaynaqçısı keçirilməsi, əmək haqqının 442 manat ödənilməsi əmr edilmişdir. İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-nin sədrinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı işdən azad edilməsini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli K/25-00009 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrindən görünür ki, Nizami RETSİ-nin İstismar şöbəsinin elektrik qazqaynaqçısı İddiaçı əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq-hesabın (xx.xx.2024-xx.xx.2025-ci iş ilinə görə istifadə olunmamış məzuniyyət günləri üçün 15 təqvim günü pul əvəzi və əmək haqqı) ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının işə bərpa olunmağına köməklik edilməsi barədə müraciətinə baxılmış, ona hazırda müvafiq vəzifə üzrə ştat vahidinin olmadığı, uyğun vakansiya olduğu təqdirdə ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsi nəzərə alınmaqla müraciətinə baxıla bilməsi bildirilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçıya ərizəsini geri götürmək və ya onun etibarsız hesab edilməsi barədə xx.xx.2025-ci il tarixli müraciətin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi ləğv edildikdən sonra hüquqi qüvvəsinin olmadığı barədə məlumat verilmişdir. Beləliklə işin faktiki hallarından görünür ki, İddiaçı "xxxx" ASC ilə xx.xx.2014-cü il tarixli əmək müqaviləsi bağlamaqla əmək münasibətlərinə daxil olmuşlar. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə işəgötürəni olan cavabdeh "xxxx" ASC-yə ərizə ilə müraciət edərək öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Həmin gün cavabdeh "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli K/25 00009 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ilə həmin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə həmin gün məlumat verilmiş və iddiaçı artıq işə getməmişdir. İddianın əsaslarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə işəgötürənə ərizə yazdıqdan sonra xəbərdarlıq müddəti bitənədək, yəni 1 təqvim ayınadək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilərdi. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsinin məzmunundan işəgötürənin mülahizəsinə əsasən işçinin xx.xx.2025-ci il tarixdə işdən azad edilməsi istəyinin olduğu nəticəsinə gəlmək ədalətsiz olmaqla yanaşı, əmək münasibətləri çərçivəsində işçinin sərbəst iradəsini ifadə etməsinə zidd mövqe olar. Bundan başqa ərizənin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatlardan iddiaçının savadının aşağı səviyyədə olduğu müəyyən olunur. Ərizənin məzmunu birmənalı olaraq onun həmin tarixdə işdən azad edilmək istəyinin olmasını ehtiva etmir. Məhkəmə əmək hüququnun təməl prinsiplərini və Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələrini nəzərə alaraq hesab edir ki, qeyri-müəyyən hallar işçinin ziyanına şərh edilə bilməz. Məhkəmə iddiaçının “öz xahişi ilə işdən azad edilməsi” barədə ərizəsinə münasibətdə hesab etmişdir ki, həmin ərizənin məzmununda iddiaçının məhz xx.xx.2025-ci il tarixdən işdən azad edilməsi xahiş edilməmişdir. İddiaçı ərizəni yazmış və sonda həmin günün tarixini qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını nəzərə alaraq qeyd edir ki, iddiaçı ərizəni təqdim etdikdə ona aşağıdan da tarixin qoyulmalı olmasını bildirmişlər, buna görə də ərizəçi bir daha ərizənin aşağı tərəfində də tarix qoymuşdur. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur Həmin maddənin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Məhkəmə Kollegiyası iddia tələbinin dəlillərinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək müqaviləsini bir təqvim ayı qabaqcadan yazılı ərizə ilə xəbərdarlıq etməklə ləğv etmək hüququ var, lakin bu müddəa alternativ xarakter daşıyır, yəni işçi ərizədə konkret xitam tarixi göstərirsə, bu tarix əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə əsas ola bilər. Belə ki, əgər işçi ərizəsində əmək müqaviləsinin dəqiq tarixi göstərməklə xitam verilməsini xahiş edirsə bu, xəbərdarlıq müddətinin tətbiq edilməməsi deməkdir və işəgötürən həmin tarixdə müqaviləyə xitam verə bilər. Hazırki işin hallarından isə görünür ki, İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-nin sədrinə ərizə ünvanlayaraq işdən azad edilməsini xahiş etmiş və ərizədə ərizənin tarixi, eləcə də iddiaçının əmək münasibətlərini dayandırmaq istədiyi gün, yəni xx.xx.2025-ci il tarix qeyd edilmişdir. Birinci instansiya məhkəməsi isə həmin ərizənin məzmunun birmənalı olaraq iddiaçının həmin tarixdə işdən azad edilmək istəyinin olmasını ehtiva etməməsini qeyd etmişdir. Halbuki iddiaçı əmək münasibətlərini dayandırmaq istədiyi günü dəqiq göstərməklə işdən azad edilməsini xahiş etmişdir. İddiaçı kollegiyada verdiyi izahatında ərizədə sözlərin qabağında yazılan xx.xx.2025-ci il tarixinin ərizənin tarixi olduğu, onun həmin gün işdən çıxmaq istəyinin olmadığını bildirsə də, işin hallarından görünür ki, işdən azad olduğu günün sabahısı işə gəlməmişdir. Bu hal onun işdən azad olunmağı ilə razılaşmasının təsdiqidir Bu həmçinin iş materiallarında onun izahatında göstərdikləri ilə təsdiqlənir. Belə ki, o, 1 ay müddətə yaxın yeni iş axtarmağa çalışsa da yeni iş tapa bilməmiş, bu səbəbdən xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli “işdən azad olunmağı” ilə bağlı ərizəsini geri götürməsi ilə əlaqədar yeni ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Bir sözlə, xx.xx.2025-ci il tarixli “işdən azad olunmağı” ilə bağlı ərizə başqa iş axtarmaq niyyəti ilə işdən çıxmaq olmuşdur. Kollegiya daha sonra qeyd edir ki, iddia ərizəsində də konkret olaraq göstərmişdir ki, işdən azad olunmaq istəməyində məqsəd ailəsinin dolanacaq xərcləri ilə bağlı əmək haqqının onu qane etməməsi, nisbətən yüksək əmək haqqı alacağı bir idarədə işləmək olmuşdur. Bu xüsusatları iddiaçı kollegiyada izahat verərkən dəfələrlə təsdiq etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfindən “işdən azad edilməsi barədə” ərizədə qeyd edilən tarixi əsassız olaraq iddiaçının həmin tarixdə işdən azad edilmək istəyinin olmasını ehtiva etməməsi kimi yanlış qiymətləndirmiş və bununla da maddi hüquq normalarının tələblərini pozmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli K/25-00009 nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin ləğv edilməsi üçün əsaslar olmamışdır. Bununla yanaşı iddia tələbi qeyd olunan hissədə əsassız olduğundan digər hissələrdə, yəni işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi hissəsində də təmin edilməsi üçün əsaslar olmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Kollegiya şikayətin dəlili olmasa da, iddia müddətinin tətbiqinə dair cavabdeh tərəfin ərizəçi ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə işdən azad edildiyi barədə məlumatlı olduğundan və sonuncu iş günü də həmin gün olması baxımından onun iddia müddətinin axımı xx.xx.2025-ci il tarixdən (xx.xx.2025-ci il tarix daxil olmaqla) başlamışdır. Belə ki, işdən görünür ki, hələ bir təqvim ayı tamam olmamış, xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş və həmin tarixdə iddia müddətinin axımı dayanmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçı X1 iştirak edilməməsi barədə arayışı aldıqda iddia müddətinin axımı bərpa olmuş və iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu bildiyi gündən bir təqvim ayı ərzində (iddia müddətinin axımının dayanması nəzərə alınmaqla) sonuncu gün məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməli, həmçinin Mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
Qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2436/2025 nömrəli, 03 iyul 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cavabdeh tərəfindən onun barəsində verilmiş əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.