Məhkəmə qərarları › İş №2(103)-5528/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5528/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5528/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1835/2020 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Bank “xxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bankın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 3-cü S.Əsgərova döngəsi, 1 saylı evin, 3 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov, iş N 2(006)-1835/20) iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, 3cü S.Əsgərova döngəsi, 1 saylı evin, 3 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 istifadə hüququna xitam verilməsi qət edilmişdir. Cavabdeh5 apelyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 181/İK/10 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü S.Əsgərova döngəsi, ev 1, mənzil 3 mvamnda yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 50000 (əlli min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 ilə “xxxxxxxxx” ASC və satıcı X4 arasında xx.xx.2010-cu il tarixli 1-181 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. xx xxxx 2016-cı il tarixdə X3 Palatasının müvafiq qərarına əsasən “xxxxxxxxx” ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə Bank “xxx” ASC arasında imzalanmış xx xxx 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq xx xxxx 2016-cı il tarixli, 31- 2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxxxxxxx” ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank xxx” ASCyə təhkim edilmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi, yazılı və KİV vasitəsilə məlumat verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə Bank “xxx” ASC məhkəmədə ona qarşı “kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)- 2318 saylı qətnaməsi ilə iddia təmin edilərək cəmi 47504.22 manat borcun tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, ipoteka predmetinin 75000 lkin satış qiyməti ilə açıq hərracda satılması, mənzil satıldıqdan sonra cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 alınmalı olan yekun məbləğin cəmi 43207.52 mləyyən edilmişdir. Həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanmışdır. Qətnamə icraya yönəldilmiş, mənzil hərraca çıxarılmış və hərracın yekunları üzrə “Bank xxx” ASC ilə “X2 Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən bank ipoteka predmeti olan mənzili əldə etmiş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə xx.xx.2019-cu il tarixli Çıxarış verilmişdir. Mənzil hazırda “Bank xxx” ASC-nin mülkiyyətindədir. Lakin cavabdehlər həmin mənzildə qeydiyyatda olmaqla bir mülkiyyətçi kimi “Bank xxx” ASC-nin hüquqlarını pozur, evdən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin surətindən görünür ki, “X2 Mərkəzi” MMC (satıcı) ilə “Bank xxx” ASC (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmışdır. “Bank xxx” ASC Bakı şəhəri, Nəsimi rayonu, 3-cü S.Əsgərova döngəsi, 1 saylı evin, 3 saylı mənzilini 47813 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü S.Əsgərova döngəsi, 1 saylı evin, 3 saylı mənzili mülkiyyət hüququ üzrə “Bank xxx” ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü S.Əsgərova döngəsi, 1 saylı evin, 3 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qeydiyyatdadılar. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh5 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəh, Nəsimi ray, 3-cü S.Əsgərov döngəsi, ev 1, 3 saylı mənzilin sahibidir, mənzil formal olaraq Cavabdeh1 mülkiyyətində olmuş və Banka girov qoyulmuşdur. Ölkə hüdudlarından kənarda olduğu üçün mənzilin hərraca çıxarılaraq satılmasından məlumatı olmamış, hərrac onların iştirakı olmadan qanunsuz olaraq keçirilmişdir. Hazırda hərrac protokolundan şikayət etmək zərurəti yaranmışdır. Lakin məhkəmə onun iştirakı olmadan istifadə hüquqlarına xitam verməklə onun konstitusion hüquqlarını pozmuş və bununla da o, əlverişsiz vəziyyətə düşmüşdür. Məhkəmənin qərarı cavabdehlərin iştirakı olmadan çıxrılmış və bununla da çəkişmə prinsipi pozulmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apelyasiya qaydasında yalnız cavabdehlərdən biri – Cavabdeh5 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız onun şikayətinə münasibətdə və ona aid hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh5 apelyasiya şikayətinə münasibətdə və ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü S.Əsgərova döngəsi, 1 saylı evin, 3 saylı mənzili Bank “xxx” ASC-nin xüsusi mülkiyyətindədir. Cavabdehlər hal-hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüş, lakin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalıblar. Mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından cavabdehlərin mənzilə istifadə hüququna xitam verilməlidir. Məhkəmə, öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2, 5, 9-cu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apelyatora aid hissədə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, cavabdehin apelyasiya şikayətində göstərdiyi hallar mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi salıib olmaq. ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Apelyasiya şikayəti 3 əsas dəlil üzərində qurulmuşdur: birinci instansiya məhkəməsində işə cavabdehlərin iştirakı olmadan baxılması; məhkəmə tərəfindən işin bütün faktiki hallarının aydınlaşdırılmaması; hərracın cavabdehlərin iştirakı olmadan qanunsuz keçirilməsi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında bildirişlər cavabdehlərin işdə olan yefanə ünvanlarına göndərilmişdir. Onların başqa hər hansı ünvanlarının olmasına dair işdə heç bir məlumat olmamışdır. Apelyator birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının aydınlaşdırılmadığına istinad etsə də, məhz hansı faktiki halların aydınlaşdırılmadığını açıqlamamışdır. Məhkəmə kollegiyası iş materiallarının öyrənilməsi nəticəsində bu qənaətə gəlir ki, işə baxan məhkəmə tərəfindən işin bütün faktiki halları araşdırılmış və qiymət verilmişdir. Hərracın qanunsuz keçirilməsi ilə bağlı dəlilə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, hərracın nəticələri hazırkı işdə mübahisələndirilməmişdir və bununla bağlı tələb yoxdur. Apelyator bununla bağlı ayrıca icraatda iddia qaldıra bilər. Göründüyü kimi, apelyator şikayətdə istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh5 aid hissədə onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh5 aid hissədə onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar