Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5529/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundanvə Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə,məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-1516/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr, Cavadxan küçəsindəki 64 saylı evin 41-ci mənzilinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş N 2(006)-1516/2020) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsindəki 64 saylı evin 41-ci mənzili 1989-cu ildən «xxxxxxxxxxxxxx» ASC-nin verdiyi order əsasında iddiaçının mülkiyyətində olmuş və iddiaçı orada yaşayır. xx.xx.2010-cu ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sərəncamına əsasən iddiaçı icarədar hesab edilmişdir. Mənzil iddiaçının sahibliyində olarkən o, subay olmuş, xx.xx.2007-ci ildə cavabdehlə nikaha daxil olmuşdur. Cavabdeh 2011-ci ildə həmin evə pasport qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixdə cavabdehlə nikah pozulmuşdur. Nikah pozulsa da, cavabdeh həmin evdən qeydiyyatdan çıxmır. Cavabdehin iddiaçının mənzilində qeydiyyatda qalması iddiaçının həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkət etmək hüquqlarını məhdudlaşdırır. İddiaçı göstərilənləri nəzərə alaraq cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunaraq iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzilə 2011-ci ildə qeydiyyata düşdüyündən hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Apelyasiya şikayətində həmçinin qeyd olunur ki, o, istər iddia ərizəsində, istərsə də məhkəmədə işə baxılarkən cavabdehin nikah münasibətləri pozulmamışdan əvvəl və sonra ona məxsus mənzildən istifadə etmədiyini, həmin ünvanda yaşamadığını bildirsə də, məhkəmə cavabdehin həmin ünvandan istifadə hüququ olması qənaətinə gəlməklə yalnışlığa yol vermişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilmiş hesab edilməsi barədədir. O, tələbini mübahisəli mənzilin 1989cu ildən order əsasında ona məxsus olması, mənzildə tək yaşaması, 2010-cu ildə mənzili özəlləşdirməsi, mənzilin onun mülkiyyətində olması, cavabdehin 2011-ci ildə mənzilə qeydiyyata düşməsi, nikah pozulandan sonra uzun müddətdir həmin mənzildə yaşamaması, cavabdehin mənzilə olan qeydiyyatının formal xarakter daşıması və bu qeydiyyatın onun mülkiyyət hüququnu pozması ilə əsaslandırmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 27.1, 152.1, 157.4-cü, Mənzil Məcəlləsinin 29.1, 30.1, 30.4-cü, “Yaşayış yeri və olduğu yer üzərində qeydiyyat haqqında” Qanunun 2, 5-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin 2007-ci ildə iddiaçı ilə nikaha daxil olmasını və nikaha daxil olduqdan sonra mübahisəli mənzildə yaşamasını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisəli hüquq münasibəti xx xxxxxxx 2009-cu il tarixədək yaranmışdır və həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə müvafiq olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaranmışdır və onun itirilməsi yalnız müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Belə ki, cavabdeh mənzilin icarədarı olmuş iddiaçının ailə üzvləri sırasına aid olmaqla sonuncunun razılığı ilə həmin mənzilə köçüb yaşadığından həmin vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq onun mübahisəli mənzilə dair istifadə hüququ yaranmışdır. Məhkəmə gəldiyi nəticəni xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-54-cü maddələri və R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. İddiaçı apelyasiya şikayətində hazırkı Mənzil Məcəlləsinin 30.4-cü və Mülki Məcəllənin 228.5-ci maddələrinə istinad edərək bildirmişdir ki, cavabdeh mübahisəli mənzilə 2011-ci ildə qeydiyyata düşməklə yaşadığından hazırkı mübahisəyə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməlidir. Apelyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, o, istər iddia ərizəsində, istərsə də məhkəmədə işə baxılarkən cavabdehin nikah münasibətləri pozulmamışdan əvvəl və sonra ona məxsus mənzildən istifadə etmədiyini, həmin ünvanda yaşamadığını bildirsə də, məhkəmə cavabdehin həmin ünvandan istifadə hüququ olması qənaətinə gəlməklə yalnışlığa yol vermişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə apelyasiya şikayətinin dəlillərini əsaslı sayır. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən göndərilmiş mübahisəli mənzilin özəlləşdirilməsinə dair sənədlərdən görünür ki, mübahisəli bir otaqlı 15 kv. m ümumi sahəsi olan mənzil “xxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli orderə əsasən iddiaçıya məxsus olmuş və iddiaçı həmin mənzildə 1997-ci ildən pasport qeydiyyatında olmaqla yaşamışdır. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2010-cu il tarixli 168/2 saylı sərəncamına əsasən mübahisəli mənzilə dair iddiaçı ilə icarə müqaviləsi bağlanmış və mənzil iddiaçının adına özəlləşdirilərək xx.xx.2010-cu il tarixdə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mənzil özəlləşdirilərkən, yəni 2010-cu ildə iddiaçı mübahisəli mənzildə tək yaşamış və mənzildə ondan başqa heç kim qeydiyyatda olmamışdır. Bu hal Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2010-cu il tarixli 168/2 №-li Sərəncamı və 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2010-cu il tarixli arayışı ilə təsdiq olunur (i.v. 35-39). Göründüyü kimi, iddiaçının ən azından 2010-cu ilin sentyabr ayınadək mübahisəli mənzildə tək qeydiyyatda olması və yaşaması adı çəkilən özəlləşdirmə sənədləri ilə tam təsdiq olunur. İddiaçı apelyasiya baxışı zamanı izahat verərkən bu faktı bir daha təsdiq etdi və əlavə olaraq göstərdi ki, 2007-ci ildə ailə qurduqdan sonra onlar cavabdehhə məxsus mənzildə yaşamış, 2011-ci ildə cavabdeh onun mənzilinə qeydiyyata düşdükdən sonra mübahisəli mənzildə yaşamağa başlamışlar. Boşandıqdan sonra isə cavabdeh mübahisəli mənzili tərk edib getmiş və bir daha qayıtmamışdır. İddiaçı bununla bağlı 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2010-cu il tarixli arayışını təqdim etdi. Bu arayışda da cavabdehin mübahisəli mənzilə 2011-ci ildən qeydiyyata alındığı və qonşuların deməsinə görə 2012-ci ildən orada yaşadığı qeyd olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etdi ki, mübahisə tərəfləri xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuş və xx.xx.2019-cu il tarixdə boşanmışlar. Mübahisəli mənzil yataqxana tipli binada yerləşməklə bir otaqlıdır və ümumi sahəsi 15 kvm-dir. «xxxxxxxxxxxxxx» ASC-nin verdiyi xx.xx.2008-ci il tarixli, 70 saylı order əsasında iddiaçıya həmin mənzildə məskunlaşmaq hüququ verilmişdir. Orderdə iddiaçının həmin mənzildə 1989-cu ildən yaşadığı qeyd olunmuşdur. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2010-cu il tarixli 168/2 №-li Sərəncamına əsasən iddiaçı ilə həmin mənzilə dair icarə müqaviləsi bağlanmış və o, mənzilin icarədarı hesab olunmuşdur. Bundan sonra mənzil iddiaçı tərəfindən özəlləşdirilmiş və iddiaçının mənzil üzərində mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona bu barədə çıxarış verilmişdir. Özəlləşmə vaxtı mənzildə yalnız iddiaçı qeydiyyatda olmuş və tək yaşamışdır. Cavabdeh mənzildə yaşamadığına və qeydiyyatda olmadığına görə mənzil özəlləşdirilərkən onun razılığı tələb olunmamışdır. Cavabdeh iddiaçının mənzil üzərində mülkiyyət hüququ qeydə alındıqdan sonra 2011-ci ildə mənzilə pasport qeydiyyatına götürülmüş, mənzilə köçmüş və nikah pozulanadək, yəni xx.xx.2019-cu ilədək orada yaşamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən olunmamışdır və məhkəmənin müəyyən edilmiş hesab etdiyi hallar yuxarıda göstərilən mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, işin apelyasiya baxışı zamanı müəyyən edilən hallarına əsasən tərəflər arasında mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yox, həmin tarixdən sonra 2011-ci ildə yaranmışdır və ona görə də mübahisəli hüquq münasibətinə həmin vaxt qüvvədə olan yeni Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə kollegiyası tərəflərin boşandıqlarını və bununla da ailə münasibətlərinə xitam verildiyini, nikah pozulduqdan sonra cavabdehin mübahisəli mənzildə yaşamadığını və yaşayış sahəsindən istifadə hüququ ilə bağlı tərəflər arasında hər hansı razılaşma olmadığını nəzərə alaraq hesab edir ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilməsi nəticəsində cavabdeh iddiaçının (mülkiyyətçinin) keçmiş ailə üzvü kimi mübahisəli mənzildən istifadə hüququnu itirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq etməmiş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və eləcə də məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır. Ona görə də, apelyasiya şikayəti təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr, Cavadxan küçəsindəki 64 saylı evin 41-ci mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5529/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5529/2020
29.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver