Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5529/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsindən iddiaçı “X1 Azərbaycan” QSC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 92,25 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. “X1 Azərbaycan” QSC ilə "xxxx" MMC-nin arasında xx.xx.2021-cı il tarixdə “Hüquqi xidmət haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC üzərinə öhdəlik götürmüşdür ki, istifadə edilən kreditlərdən bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün hüquqi xidmət göstərəcək. Müqavilənin 5.1.1-ci bəndinə görə pul (borcların) yığılması (qaytarılması) halında bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından (geri ödənişlərdən) cəmi 15 faiz nisbətində hüquqi xidmət haqqı ödəniləcəkdir. Hazırda iddiaçı iddia edir ki, iddiaçı ilə cavabdehin arasında xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, bu səbəbdən iddiaçı borcun tutulması üçün məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. "xxxx" MMC cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam şəkildə geri ödətdirilməsini təmin etmişdir. Buna görə iddiaçı tərəfindən həmin MMC-yə 92,25 manat xidmət haqqı ödənilmişdir. Həmin pulu maddi zərərin əvəzi kimi cvabdehdən tələb edir. Mülki Məcəllənin 385.1-ci maddəsində öhdəliyə verilmiş anlayışda qeyd olunub: “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə ... xidmətlər göstərməli...” Göründüyü kimi, xidmət göstərilməsi öhdəlik hesab olunur, ona görə də iddiaçı ilə "xxxx" MMC-nin “Hüquqi xidmət haqqında” müqavilə bağlanması qanuna uyğundur. Lakin iddia 2 səbəbdən əsassızdır. Birinci, xidmət – hərəkətdə ifadə olunur. "xxxx" MMC-nin iddiaçıya göstərdiyi xidmətin konkret olaraq hansı hərəkətdə ifadə olunması iddia ərizəsinin məzmunundan və təqdim edilmiş sübutlardan aydın deyil. İddiaçı iddia edir ki, "xxxx" MMC cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam şəkildə geri ödətdirilməsini təmin etmişdir. Lakin hər hansı orqana hər hansı müraciətin edilməsi barədə sübut iş materiallarında yoxdur. İkinci, xidmət – istənilən hərəkətdə deyil, sifarişçinin tələbatının təmin edilməsi üçün zəruri olan hərəkətdə ifadə olunur. Borcun tutulması barədə qətnamə var, qətnamənin məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir (“İcra haqqında” Qanunun, maddə 2.1). Odur ki, qətnamənin icrası üçün iddiaçının (tələbkarın) "xxxx" MMC-nin xidmətindən istifadə etməsinə tələbatın hansı zərurətdən yaranması təqdim edilən sübutlardan aydın deyil. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5529/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5529/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver