Məhkəmə qərarları › İş №2(103)-553/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-553/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-553/2023 10.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: pul və öhdəliyin icrası tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X5 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3042/2022 saylı 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 10 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 25 may 2018-ci il tarixli 126 saylı müqaviləyə əsasən tərəflər aşağıdakı məzmunda üzərlərinə öhdəliklər götürmüşlər:  1.1.1-ci bənd - yaşayış hüququ olan bu Müqaviləyə əsasən istifadəsində olan ünvan 1 ünvanda yerləşən, 41 saylı MKİS-nin mühəndisi tərəfindən çəkilən mənzilin sxeminə əsasən faktiki sahəsi 50,0 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür;  1.1.2-ci bənd- tikinti şirkəti ünvan 2 ünvanda yerləşən yaşayış hüququ olanın istifadəsində olan yaşayış sahəsinin sökülməsini və söküləcək mənzilin 50,0 kv.m olan hissəsinə nəzərdə tutulmuş 20 % əlavə edilərək həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirəcək, inşa etdiyi binanın 10cu blok, 9-cu mərtəbəsində 60,0 kv.m, təmirsiz mənzili yaşayış hüququ olanın mülkiyyətinə verməyi öhdəsinə götürür;  2.2.4-cü bənd - tikinti şirkəti öhdəsinə götürmüşdür ki, binanın bünövrəsi qoyulandan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili yaşayış hüququ olana təhvil verəcək;  2.2.5-ci bənd - binanın təməli qoyulan gündən etibarən 24 ayın tamamında yaşayış hüququ olanı təmirsiz mənzil ilə təmin etməzsə gecikdirilmiş hər ay üçün 400 manat məbləğində kirayə haqqını ödəməyi tikinti şirkəti öz üzərinə götürmüşdür.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(006)- 2091/2020 saylı qətnaməsi ilə Cavabdeh MMC-nin İddiaçı Ağaəli oğluna qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7196/2021 nömrəli iş üzrə 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli 2(102)-1098/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişiklik edilmədən saxlanılmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2022-ci il tarixli 2(102)-1098/2022 saylı qərarından müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı «müqavilənin etibarsız hesab edilməsi, mənzillə təmin olunma və daşınmaz əmlakın sökülməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsinin qismən təmin olunması, Cavabdeh MMC ilə İddiaçı arasında Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 kv.m-dən az olmayan təmirli mənzilin iddiaçı X3 təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC-yə ünvan 3 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək iddiaçı X3 hər ay üçün 400 manat kirayə haqqının verilməsinin həvalə edilməsi, iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə üçüncü şəxs İddiaçı və X2 apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(006)-4391/2018 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7608/2019 saylı qərarı ilə Cavabdeh MMC-nin direktoru Fərid Xəlilinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8698/2019 nömrəli iş üzrə 25 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilərək qətnamənin «qət etdi» hissəsinə «Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(006)- 4391/2018 nömrəli qətnaməsi Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25 may 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız hesab olunmasının təmin edilməsi hissəsində ləğv edilsin» sözlərinin əlavə edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ünvan 4 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2020-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək hər ay üçün 400 manat kirayə haqqı məbləğinin ödənilməsi və 10.000 manat mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Həmçinin, iddiaçı cavabdehə qarşı “öhdəliyin icrası tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 126 saylı müqavilə üzrə öhdəliyin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və öhdəliyin vaxtında icra edilməməsinə görə dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(006)-4963/2021 saylı qərardadı ilə göstərilən iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.

7. Birinci iddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh ilə Cavabdeh MMC arasında 25 may 2018-ci il tarixli 126 nömrəli müqavilə bağlanmış, həmin müqavilənin şərtlərinə görə, «Yaşayış hüququ olan» şəxs, yəni o bu müqaviləyə əsasən, istifadəsində olan ünvan 4 ünvanda yerləşən 41 saylı MKİS-in mühəndisi tərəfindən çəkilən mənzilin sxeminə əsasən faktiki sahəsi 50 kv.m-dən ibarət yaşayış sahəsini sökülmək üçün Cavabdeh MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada «Tikinti şirkəti» tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1.2-ci bəndinə əsasən, «Tikinti şirkəti» ünvan 4 ünvanda yerləşən «Yaşayış hüququ olan»-ın istifadəsində olan yaşayış sahəsinin sökülməsini və söküləcək mənzilin 50,0 kv.m olan hissəsinə nəzərdə tutulmuş 20 % əlavə edilərək həmin ərazidə yeni çoxmənzilli hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 10cu blok, 9-cu mərtəbəsində 60,0 kv.m təmirsiz mənzili «Yaşayış hüququ olan»-ın mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.2.5-ci bəndində «Tikinti şirkətinin» vəzifəsi kimi binanın təməli qoyulan gündən 24 ayın tamamında «Yaşayış hüququ olan»-ı təmirsiz mənzillə təmin etməzsə gecikdirilmiş hər ay üçün 400 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürməsi müəyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında müqavilənin bağlanma vaxtı 25 may 2018-ci il, icrasının son müddəti 2 il müəyyən edilmiş, müqavilənin icrasına müqavilənin bağlandığı andan başlanmışdır. Eyni zamanda cavabdehin uzun müddətdir ki, onu mənzillə təmin etməməsi mənəvi zərərin formalaşması üçün əsasdır.

8. İkinci iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə arasında 25 may 2018-ci il tarixli, 126 nömrəli müqavilə bağlanmış, müqavilənin icrasının son müddəti 2 il müəyyən edilmiş, müqavilənin icrasına müqavilənin bağlandığı andan başlanmışdır. X4 tərəfindən evin ona məxsus olması, buna görə də tərəflər arasında bağlanmış müqavilənin etibarsız olması əsası ilə mübahisələndirilmişdir. Bununla əlaqədar, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(006)- 4391/2018 saylı qətnaməsi ilə iddiaçı X1 iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh MMC ilə onun arasında Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsində yerləşən 106 saylı fərdi yaşayış evinə dair bağlanmış 25 may 2018-ci il tarixli, 126 saylı müqavilə etibarsız hesab edilmiş, Cavabdeh MMC tərəfindən ünvan 3 ünvanda inşa edilən yeni yaşayış binasından 2 otaqlı, sahəsi 60 kv.m-dən az olmayan təmirli mənzilin iddiaçı X3 təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, Cavabdeh MMC-yə ünvan 3 ünvanda yerləşən mənzilin söküldüyü 29 may 2018-ci il tarixdən həmin ünvanda inşa edilən yaşayış binasından yeni mənzil tam təhvil verilənədək iddiaçı X3 hər ay üçün 400 manat kirayə haqqının verilməsi həvalə edilmiş, iddia ərizəsi qalan hissədə əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(103)-13920/2018 saylı qətnaməsi ilə qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)- 2686/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli 2(103)-13920/2018 saylı qətnaməsi cavabdeh İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 may 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız hesab olunmasına dair hissəsdə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 8698/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(006)-4391/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 25 may 2018-ci il tarixli 126 saylı müqavilənin etibarsız hesab edilməsi hissəsində rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (103)- 8698/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)- 86980/2019 saylı icra vərəqəsi verilmiş, icra işi Nəsimi rayon İcra şöbəsinin icra məmuru Cəlaləddin Əliyevin icraatına daxil olsa da, hazırkı dövrə qədər Cavabdeh MMC 25 may 2018-ci il tarixli 126 nömrəli müqavilə üzrə öhdəliyini yerinə yetirmir. Göründüyü kimi tərəflər (İddiaçı və Cavabdeh MMC) arasında etibarlı müqavilə olmasına baxmayaraq, digər tərəf müqavilə üzrə öhdəliyini yerinə yetirmir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 sentyabr 2022-ci il tarixli 2(006)-3042/2022 saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 25 may 2018-ci il tarixli, 126 nömrəli müqavilədə qeyd edilən mənzilin iddiaçıya təqdim edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, 08 avqust 2020-ci il tarixdən etibarən Cavabdeh MMC tərəfindən İddiaçı ünvan 5 ünvanında yerləşən mənzilin yerində inşa edilən yaşayış binasından yeni mənzil təhvil verilənədək hər ay 400 manat kirayə haqqının tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 25 may 2018-ci il tarixli 126 saylı müqavilə bağlanmış, iddiaçı öz üzərinə, cavabdeh isə öz üzərinə müəyyən öhdəliklər götürmüşlər. İddiaçı 25 may 2018-ci il tarixli 126 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, yaşadığı yaşayış sahəsini cavabdehə təhvil vermişdir. İddiaçının cavabdeh qarşısında icra edilməmiş hər hansı öhdəliyi yoxdur. Cavabdeh isə 25 may 2018-ci il tarixli 126 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Binanın bünövrəsi qoyulandan sonra, yəni xx.xx.2018-ci il tarixdən 24 ay ərzində mənzil iddiaçıya təhvil verilməmiş, həmçinin mənzilin vaxtında təhvil verilməməsinə baxmayaraq mənzil təhvil verilənə qədər iddiaçıya kirayə haqqının ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən, iddia tələbləri - müqavilədə qeyd edilən mənzilin iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və xx.xx.2020-ci il tarixdən başlayaraq mənzil təhvil verilən günədək hər ay 400 manat kirayə haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissələrində əsaslıdır və həmin hissələrdə iddialar təmin edilməlidir.

11. İddiaçı ona hər iki iddia tələbi üzrə mənəvi (real) zərərin vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.

14. Apelyasiya şikayətində göstərilmişdir ki, müqavilənin 2.1.1-ci bəndinə əsasən cavabdeh söküləcək ev ilə bağlı qeydiyyatda olan şəxslərlə bağlı arayışı təqdim etməli idi. Lakin iddiaçı evin mülkiyyətçisi barədə məlumatı cavabdehə verməkdən imtina etmiş, bu məlumatı gizlətməklə cavabdehi aldatmışdır. İddiaçı söküləcək fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin razılıq ərizələrini təqdim etmiş, özünün də həmin evdə 1947-ci ildən qeydiyyatda olmasına dair 41 saylı MKİS-in arayışını vermiş və yenə də əsl mülkiyyətçisinin kim olması barədə məlumatı gizlətmişdir. Bu səbəbdən onunla müqavilə bağlanmışdır. Məhkəmə iddiaçının yaşayış sahəsinin mülkiyyətçisi olmadığını nəzərə almamışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

16. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Göründüyü kimi aralarında bağlanmış müqavilənin tələblərinə əsasən iddiaçı üzərinə götürdüyü- yaşayış hüququ olan qismində istifadəsində olan yaşayış sahəsini cavabdehə təhvil vermək öhdəliyini yerinə yetirmişdir.

31. Cavabdeh isə müqavilənin tələblərinə əməl etməmiş və müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir.

32. Binanın bünövrəsi qoyulandan sonra, yəni xx.xx.2018-ci il tarixdən 24 ay ərzində mənzilin iddiaçıya təhvil verilməməsi, həmçinin mənzilin vaxtında təhvil verilməməsinə baxmayaraq mənzil təhvil verilənə qədər iddiaçıya kirayə haqqının ödənilməsinin təmin edilməməsini nəzərə alaraq məhkəmə haqlı olaraq bununla bağlı iddia tələblərini təmin etmişdir.

33. Cavabdehin apelyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmasını gizlətmiş, ona görə onunla müqavilə bağlanmışdır.

34. Kollegiya qeyd edir ki, qeyd edilən hala qüvvədə olan məhkəmə qətnaməsi ilə qiymət verilmişdir və göstərilmişdir ki, “cavabdeh özünü mülkiyyətçi kimi deyil, “yaşayış hüququ olan” kimi təqdim etmiş, iddiaçı isə bununla razılaşaraq müqavilə bağlamışdır. Cavabdeh iddiaçıya mənzilin mülkiyyətçisinin kim olması barədə məlumat vermək vəzifəsi daşımır, çünki qanunla və ya müqavilə ilə onun üzərinə belə vəzifə qoyulmayıb. Göründüyü kimi müqavilənin aldatma nəticəsində bağlandığı sübut olunmur.”

35. Cavabdehin hazırki apelyasiya şikayətində mübahisələndirdiyi hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal olduğundan, yenidən mübahisələndirilməsi və sübut edilməsi yolverilməzdir.

36. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3042/2022 saylı iş üzrə 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar