Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5530/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4505/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı Cavabdeh qarşı “ipoteka müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 3M-4790 nömrəli, xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən 100000 manat məbləğində əsas borcun, eyni zamanda 390 manat ödənilmiş dövlət rüsumu və 0.61 manat xidmət haqqının tutulması; tutmanın ipoteka müqaviləsinə əsasən: Cavabdeh məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 12/26 №-lievin 54 №-li mənzilinə yönəldilməsi; ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca tutulması, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənziliən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi; ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-4505/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq (əmlakın qiymətləndirilməsi) ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiş, iş üzrə icraatın ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır.
3. Həmin qərardaddan cavabdehin verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
8. Həmin Məcəllənin 255.0.5 və 256.0.2-ci maddələrinə görə məhkəmə tərəfindən ekspertiza təyin olunduqda, ekspertin rəyi məhkəməyə təqdim edilənədək hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər.
9. Göründüyü kimi, prosessual qanuna görə ekspertiza təyin edilən iş üzrə məhkəmə tərəfindən icraatın dayandırılması mümkündür.
10. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi işə baxılması üçün mühüm əhəmiyyətə malik olduğundan və işin sonrakı həllinə təsir etdiyindən, birinci instansiya məhkəməsinin MPM-in 97.1-ci maddəsi ilə ona verilmiş hüququndan istifadə edərək ekspertiza təyin etməsi və müvafiq olaraq da bununla əlaqədar mülki iş üzrə icraatı dayandırması MPM-in tələblərinə uyğun olmuşdur.
11. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi icraatı dayandırmaqda haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
13. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
14. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
15. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4505/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.