Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5532/2025 25.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi mülkiyyət üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Ümumi mülkiyyət, ümumi mülkiyyətdə payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.Bakı şəhəri Yasamal Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4953/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 0,029480 ha torpaq sahəsinin və üzərindəki ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 və 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 payları müəyyən edilmiş, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 0,029480 ha torpaq sahəsinin və üzərindəki ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 və 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. 2.İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2024cü il tarixli razılaşma müqaviləsinə əsasən **********256-10301 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 117 saylı fərdi yaşayış evinin üç paylı müliyyətçisindən iki tərəf olaraq razılaşır ki, naturada bölgü aparılması zamanı İddiaçı faktiki istifadəsində olan 137 kv.metr torpaq sahəsi və 36.8 kv.metr tikili İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına razıdırlar. Tərəflər razılaşır ki, bəhs edilən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissəsində Cavabdeh2 məxsus payın bir hissəsi də var. Həmin hissəni tərəflər 39 kv.metr torpaq sahəsi olaraq müəyyən edirlər. Tərəflər razılaşır ki, Cavabdeh2 məxsus payın qalan hissəsi digər paylı mülkiyyətçi olan Cavabdeh1 arasında müəyyən edilməlidir. Tərəflər razılaşır ki, fərdi yaşayış evinin X2 faktiki istifadəsində olan 137 kv.metr torpaq sahəsi və 36 kv.metr tikili hissəsi ilə bağlı hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra belə söküntüyə məruz qaldığında, 39 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan qeydiyyatdan keçməmiş tikintilərə dair veriləcək kompensasiya məbləği Cavabdeh2 məxsusdur və həmin hissəyə görə kompensasiya Cavabdeh2 çatmalıdır. 3.“X6 və Ekspertiza Mərkəzi” MMC-nin 105 nömrəli, xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 137.0 kv.metr, Dövlət reyestrində qeydiyyatına alınmış tikililərin faktiki istifadəsində olan hissəsinin isə 38.8 kv.m olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, sorğuya əlavə edilmiş bölgü sxemi layihəsi faktiki istifadə ölçülərinə uyğun gəlir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi mülkiyyət üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ünvanında yerləşən 117 saylı evin onun faktiki istifadəsində olan 137 kv.m. torpaq sahəsinin və mülkiyyətdə olan fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının ona məxsus hissə kimi müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında, 0,029480 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16 yanvar 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə hərəsi 1/3 pay hissəsi olmaqla İddiaçı, Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyətindədir. Birmərtəbəli fərdi yaşayış evi eyni damın altında, giriş çıxışları ayrı olmaqla 3 (üç) bir birindən təcrid olunmuş hissədən ibarət olan fərdi yaşayış evindən ibarətdir. Evin yerləşdiyi ərazinin torpaq sahəsi və otaqlarının faktiki istifadə ölçülərinə uyğun bölgü sxemi tərtib edilmişdir. Faktiki istifadə vəziyyətinə uyğun olaraq torpaq sahəsinin 137 kv.m hissəsi və fərdi yaşayış evinin həmin hissədə yerləşən biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağı onun, yəni İddiaçı istifadəsindədir. Daşınmaz əmlak faktiki olaraq iki payçının –İddiaçı və Cavabdeh1 istifadəsindədir. Digər payçı Cavabdeh2 ilə aralarında notarial qaydada razılaşma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən onun istifadəsində olan 137 kv.m. torpaq sahəsi və 36,8 kv.m. tikilininin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına razılıq əldə edilmişdir. Lakin, digər Cavabdeh1 Müseyb qızı ilə isə müəyyən anlaşılmamazlıqlar mövcuddur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, faktiki bölgü ilə bağlı mübahisə olmasa da, Cavabdeh1 bu faktiki bölgünün sənədləşməsində iştirak etməyə razılıq vermir. Paylı mülkiyyətçilər arasında gələcəkdə hər hansı mübahisələrin yaranmaması üçün, payların naturada bölgüsünə ehtiyac vardır. Bunun təmin edilməsi üçün, məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Həmin qərara əsasən, məhkəmənin qərarı əsasında paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
6. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən və daşınmaz əmlakın dövlət reyestrində hərəsi 1/3 pay hissəsi olmaqla İddiaçı, Cavabdeh2, Cavabdeh1 adına qeydiyyata alınmış mülkiyyətdə olan 0,029480 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,30 kv.m. təşkil edən 117 saylı evin -137 kv.m. torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı; - 1/3 hissə Cavabdeh1; - 1/3 hissədən qalan hissəsinin Cavabdeh2; olmaqla pay hissələri kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən – A.Oruclu) iddia tələbinin təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə işin faktiki halları kimi müəyyən etmişdir ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 0,029480 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evi İddiaçı (1/3 hissə), cavabdehlər Cavabdeh2 (1/3 hissə) və Cavabdeh1 (1/3 hissə) ümumi mülkiyyətindədir. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş razılaşma müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 117 saylı fərdi yaşayış evinin üç paylı mülkiyyətçisindən iki tərəf olaraq naturada bölgü aparılması zamanı İddiaçı faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36.8 kv.m tikilinin İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, bəhs edilən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissəsində Cavabdeh2 məxsus payın bir hissəsi olduğuna, həmin hissəni 39 kv.m torpaq sahəsi olaraq müəyyən etdiklərinə, Cavabdeh2 məxsus payın qalan hissəsinin digər payçı mülkiyyətçi olan Cavabdeh1 arasında müəyyən edilməli olmasına, fərdi yaşayış evinin X2 faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36 kv.m tikili hissəsi ilə bağlı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra belə söküntüyə məruz qaldığında 39 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan qeydiyyatdan keçməmiş tikintilərə dair veriləcək kompensasiya məbləğinin Cavabdeh2 məxsus olacağına və həmin hissəyə görə kompensasiyanın Cavabdeh2 çatacağına razılaşmışlar. Hazırda iddiaçı ümumi paylı mülkiyyətdə olan ünvan 3 ünvanında 0,029480 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,30 kv.m. təşkil edən 117 saylı evin -137 kv.m. torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı, 1/3 hissə Cavabdeh1, 1/3 hissədən qalan hissəsinin Cavabdeh2 olmaqla pay hissələri kimi müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ümumi mülkiyyət üzərində iddiaçının tələb etdiyi şəkildə payların müəyyən edilməsinin mümkünlüyünü müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 294.8 kv.m (0.029480 ha) olan torpaq sahəsindən iddiaçının payına düşən sahənin 98.27 kv.m (0.009827 ha), ümumi sahəsi 79.3 kv.m olan fərdi yaşayış evindən iddiaçının payına düşən sahənin 26.44 kv.m olduğunu, faktiki olaraq istifadəsində olan 137.0 kv.m torpaq sahəsinin və sahəsi 16.8 v 22.0 kv.m olan tikililərin iddiaçının payına (1/3 pay) uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə həmçinin xx.xx.2025-ci il tarixində yerində müayinə keçirmiş, yerində müayinə zamanı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsindən Cavabdeh1 yaşayış sahəsi kimi istifadə etdiyi, İddiaçı isə qeyri-yaşayış sahəsi (lombard və geyim mağazası) kimi istifadə etdiyi və əlavə tikililərin olduğu müəyyən olunmuşdur. Həmçinin yerində müayinədə iştirak edən Cavabdeh2 ona düşən payın hansı hissədə və harada yerləşdiyini bilmədiyini, Cavabdeh1 isə payların iddiada qeyd edildiyi şəkildə müəyyən olunmasına etiraz etdiyini bildirmişdir.
10. Məhkəmə qeyd edir ki, üç paylı mülkiyyətçiyə məxsus ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi və fərdi yaşayış evinin üzərində iki paylı mülkiyyətçi, yəni İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış razılaşma müqaviləsi həmin əmlak üzərində payların müəyyən edilməsi baxımından hüquqi əhəmiyyət kəsb edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, həmin razılaşma müqaviləsinə əsasən İddiaçı faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36.8 kv.m tikili hissəsində Cavabdeh2 məxsus payın bir hissəsi - 39 kv.m torpaq sahəsi olmaqla, İddiaçı faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36.8 kv.m tikilinin İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və söküntüyə məruz qaldığında 39 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan qeydiyyatdan keçməmiş tikintilərə dair veriləcək kompensasiya məbləğinin Cavabdeh2 çatacağı barədə iki paylı mülkiyyətçi razılığa gəlsələr də, ünvan 3 ünvanında 0,029480 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 79,30 kv.m təşkil edən 117 saylı evin 137 kv.m. torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı və ya digər mülkiyyətçilərin payına aid olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Yəni hər hansı sənədlə paylı mülkiyyətçilərin paylarına konkret olaraq hansı sahənin, nə qədər kvadratda torpaq sahəsinin və fərdi yaşayış evinin düşdüyü müəyyən olunmur. İddiaçı tərəfindən təqdim edilən bölgü sxemi isə paylı mülkiyyətçilər tərəfindən imzalanmaqla təsdiq edilməmişdir.
11. Göründüyü kimi, paylı mülkiyyətdə olan 0,029480 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,30 kv.m təşkil edən 117 saylı evin -137 kv.m torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı pay hissəsi kimi müəyyən edilməsi barədə bütün paylı mülkiyyətçilər arasında müvafiq razılaşma yoxdur. Yerində müayinə zamanı Cavabdeh2 ona məxsus torpaq sahəsinin və tikilinin hansı hissədə və harada yerləşməsi barədə məlumatının olmamasını bildirməsinə baxmayaraq, ona məxsus payın bir hissəsi - 39 kv.m torpaq sahəsi olmaqla, İddiaçı faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36.8 kv.m tikilinin İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə razılıq vermişdir. Belə olan halda, məhkəmə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış razılaşma müqaviləsini ümumi mülkiyyətdə olan əmlak üzərində payların müəyyən olunması üçün mötəbər sübut kimi qəbul edə bilməz. Həmçinin yerində müayinə zamanı digər paylı mülkiyyətçi Cavabdeh1 payların qeyd olunan şəkildə müəyyən olunmasına razılıq verməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi və 29-cu; Mülki Məcəlləsinin 152.1, 152.5, 213.1, 2213.2, 213.3, 214.1, 215.1-215.5, 220.1-220.3-cü; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli Qərardadı; və Mülki Prosessual Məcəllənin 14.2, 76.2, 77.1, 88 217.4, 119.1 və 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləvğ edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində göstərilmişdir ki, mülki qanunvericiliyin bu normalarına (Mülki Məcəllənin 215.1, 215.2, 215.3-cü maddələri) əsasən, iddia tələblərinin əsaslı olduğu aşkardır. Lakin, birinci instansiya məhkəməsi bu normaları nəzərə almamış, yaxud yanlış tətbiq etmişdir. Belə ki, qətnamədə bu normalar sadalanır, lakin həmin normaların hansı formada tətbiq edildiyi barədə qətnamədə əsaslandırma yoxdur. Hesab edir ki, iddia tələblərinin maddi hüquq normaları üzrə əsaslandırması ilk növbədə bu maddələrlədir. Birinci instansiya məhkəməsi işin mühüm faktiki hallarını nəzərə almamışdır. Faktiki hallar isə bundan ibarətdir ki, daşınmaz əmlak naturada faktiki olaraq iki hissəyə ayrılmışdır. Paylı mülkiyyətçilərdən ikisinin – İddiaçı və cavabdehlərdən Cavabdeh1 qarşılıqlı şəkildə bir-birinin istifadə sahəsinə hər hansı bir iddiaları yoxdur. Cavabdehlərdən Cavabdeh2 isə iddiaçı ilə notarial razılaşması var. Həmin razılaşmanın məzmununa görə İddiaçı faktiki istifadəsində olan sahə ilə bağlı gələcəkdə Cavabdeh2 tərəflərin razılığı ilə müəyyən edilmiş həcmdə kompensasiya ödəyəcəyi razılaşdırılmışdır. Nəticə bundan ibarətdir ki, İddiaçı faktiki istifadə sahəsinin ölçülərinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına hər hansı bir maneə yoxdur. Birinci instansiya məhkəməsi həmin xüsusatları yanlış qiymətləndirmiş, iddia tələblərinin təmin olunnmaması əsası kimi mübahisəyə aidiyyatı olmayan arqumentlərə istinad etmişdir. Məhkəmənin gəldiyi yekun nəticə mülkiyyətdə olan torpaq sahəsində əlavə tikililərin mövcud olması, fərdi yaşayış evinin iddiaçının faktiki istifadəsində olan hissəsinin qeyri-yaşayış təyinatı üzrə istifadə olunması, Cavabdeh2ona məxsus torpaq sahəsinin və tikilinin hansı hissədə və harada yerləşməsi barədə məlumatının olmaması (qətnamə səhifə 8), Cavabdeh1 payların qeyd olunan şəkildə müəyyən olunmasına razılıq verməməsi olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin yekun nəticəyə gəlməsinə əsas göstərdiyi dörd arqumentin heç birinin mübahisənin həllilnə aidiyyati yoxdur. Əlavə tikintilərin mövcudluğu və iddiaçının istifadəsində olan tikililərin qeyri-yaşayış təyinatı üzrə istifadə edilməsinin mübahisəyə aidiyyatinin olmaması aşkardır. Birinci instansiya məhkəməsi bu “səbəbləri” qətnamədə əsaslandırmağa səy belə göstərməmişdir. Cavabdeh2 ona məxsus torpaq sahəsinin və tikilinin hansı hissədə və harada yerləşməsi barədə məlumatının olmaması hansısa yenilik deyil. Mülkiyyət hüququnun əldə edilməsi əsasları vərəsəlik münasibətləridir ki, bu da işin mübahisəsiz halıdır. Əvvəldən daşınmaz əmlak indiki faktiki bölgü ölçülərinə uyğun istifadə edilmişdir. Cavabdeh2 vərəsəliyin rəsmiləşdirilməsi zamanı ona çatacaq miras payını qəbul etmək niyyətində olduğunu bildirərək mirası qanunauyğun formada qəbul etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, ilk olaraq mirasın qəbulundan sonra paylar ümumi birgə mülkiyyət formasında olmuşdur və sonradan məhkəmə qaydasında bərabər 1/3 hissədə tanınaraq qeydiyyat orqanı tərəfindən həmin məhkəmə qətnaməsinə uyğun icra edilmişdir. İş materiallarında bununla bağlı sənədlər mövcuddur. İddia tələbləri üzrə cavabdehlərdən Cavabdeh2 təbii ki, payının naturada müəyyən edilməsi, yaxud ona oxşar tələblərlə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin o, bu tələblərlə çıxış etmir. Cavabdeh2 mövqeyi ondan ibarətdir ki, payının naturada müəyyən edilməsi və həmin payın ona təhvil verilməsi tələbi yoxdur. Cavabdeh2 gələcəkdə həmin daşınmaz əmlak torpaqların dövlət ehtiyaclarına alınması zəruriyyəti olarsa, payına uyğun kompensasiya alaraq övladlarına digər daşınmaz əmlak almaq niyyətindədir. Bunun üçün iddiaçı ilə bağladığı razılaşma sazişi maraqlarına uyğundur. Cavabdeh2 eyni şərtlərlə digər cavabdehlə də razılaşma sazişi bağlamağa hazırdır. Digər Cavabdeh1 bu şərtləri qəbul etməyərək faktiki istifadəsində olan və qeydiyyatdan keçmiş torpaq sahəsinin və tikililərin yarıdan çox hissəsini əhatə edən faktiki istifadəsində olan sahənin onun mülkiyyəti kimi müəyyən edilməsinin tərəfdarıdır. Tərəflərin razılığa gəlmədiyi məqam budur. Belə olduqda hər üç paylı mülkiyyətçinin mübahisəsiz razılaşdığı məqam tərəflərindən müəyyən edilmişdir. İddiaçı faktiki sahibliyində olan hissəyə cavabdehlərdən Cavabdeh1 iddia tələbləri yoxdur ki, bununla bağlı yerli baxış zamanı özü münasibət bildirmişdir (təəssüf ki, birinci instansiya məhkəməsi həmin mövqeyi qətnaməsində hansısa səbəbdən qəsdən təhrif etmişdir). Cavabdeh2 ilə də qarşılıqlı öhdəliklər götürülməsi vasitəsilə barışıq sazişi bağlanmışdır ki, həmin barışıq sazişi müqavilə tərəflərinin maraqlarına tam şəkildə cavab verir. Belə olduqda, Cavabdeh2 ona məxsus torpaq sahəsinin və tikilinin hansı hissədə və harada yerləşməsi barədə məlumatının olmamasının iddianın təmin edilməməsi əsası kimi göstərilməsi absurddur. Nəhayət Cavabdeh1 payların qeyd olunan şəkildə müəyyən olunmasına razılıq verməməsi ilə bağlı qətnamədə göstərilənlər ümumiyyətlə anlaşımazdır. Cavabdeh1 razılıq sazişini imzaladığı halda ümumiyyətlə məhkəməyə müraciət edilməzdi. Fikrincə əsas məqam İddiaçı münasibətdə mübahisənin olmaması hesab edilməlidir. Digər tərəfdən, hətta Cavabdeh1 iddiaçının istifadəsində olan sahəyə iddiasının olması halında belə bu iddianın təmin edilməməsi əsası sayıla bilməz. Belə ki, Cavabdeh1 faktiki istifadə sahəsi ümumi daşınmaz əmlakın ½ hissəsindən çoxdur. 1/3 hissənin mülkiyyətçisinin digər payçının, yaxud payçıların hissəsindən istifadə etdiyi aşkardır. Belə olduqda, Cavabdeh1 payların qeyd olunan şəkildə müəyyən olunmasına razılıq verməməsi niyə iddia tələblərinin rədd edilməsi əsası olmalıdır? Aşkardır ki, Cavabdeh1 mülkiyyət hüquqları pozulmur. Bu baxımdan birinci instansiya məhkəməsinin bu arqumentinin də əsassız olduğu qənaətindədir. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etmiş olduğu qətnamədə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 02/2024 saylı, 6 dekabr 2024-cü il tarixli Qərardadının 11-ci 17-ci və 18-ci bəndlərinə istinad etmişdir (qətnamə, 5-ci səhifə sonuncu abzas, 6-cı səhifə 1-ci və 2-ci abzaslar). Hesab edir ki, bu qərardadın tələbləri mübahisəyə yanlış tətbiq edilmişdir. Qərardadın 11-ci bəndi ideal və real bölgünün fərqli cəhətlərini izah etdiyi üçün bu bəndin tətbiqinə münasibət bildirilməsini lüzumsuz sayır. Qərardadın 17-ci bəndi bölünmə və ayrılmanın fərqli cəhətlərini izah edir. 18-ci bənd isə tərəflərin razılığı olmadıqda mübahisənin məhkəmə qaydasında həllinin mümkünlüyünü izah edir. Bu istinadların iddia tələblərinin təmin edilməməsinə nə üçün əsas olduğu anlaşılan deyil. 18ci bənd məhkəmənin iddianın təmin edilməməsi əsaslarından biri kimi qeyd etdiyi “Cavabdeh1 bölgü ilə razı olmaması” əsasının yanlış olduğunun təsdiqi sayıla bilər. Digər bəndlər isə məhkəmələr üçün fərqli halların izahından ibarətdir ki, hal-hazırki mübahisəyə bu formada tətbiqi yanlışdır. İddia tələblərində nə bölünmə, nə də ayrılma terminlərindən istifadə etmişdir. İddia tələblərinin təmin ediləcəyi təqdirdə tərəflərin paylı mülkiyyət hüquqlarına xitam verilməyəcəyi də aşkardır. Belə ki, iddia tələblərinin məzmununda tələbinin daşınmaz əmlakın dövlət reyestrində paylarin hansı formada göstəriləcəyi əks edilmişdir. Deməli bölünmə formasında tələblərinin olmadığı da aşkardır. Onun tələbi 1/3 pay nisbətində göstərilən pay hissəsinin dövlət qeydiyyatından keçmiş daşınmaz əmlakın məhz hansı hissəsinin ona məxsus olduğunun paylı mülkiyyət hüququ qalmaq şərti ilə qeydiyyatına nail olmaqdır. Məhz bu səbəbdən birinci instansiya məhkəməsinin iddia tələbinin mahiyyətinin məhkəmə üçün aşkar olmadığı qənaətindədir. Bu Qərardadın məhkəmə tərəfindən istinad edilməyən digər bəndlərinin tətbiqinə zəruriyyət var idi ki, birinci instansiya məhkəməsi tərəfindən bu tətbiqi görmür. 17-ci və 18-ci bəndlərdən bəhs edilirsə, 19-cu və 20-ci bəndlərin, eləcə də 21-ci bəndin tələblərinin tətbiqi zəruridir. Bu halda xüsusilə diqqətə çatdırmaq istədikləri məqam ondan ibarətdir ki, hər bir halda əmlakın hərracdan satılması kimi tələbi yoxdur və bu da 21-ci bəndin tələblərinə uyğundur. Payın naturada ayrılmasının mümkünlüyünə gəldikdə, ayrılmanın mümkünlüyü onlar üçün aşkardır, çünki belə ayrılma faktiki olaraq həyata keçirilmiş və istifadələrində olan hissə digər hissədən hələ uzun illər əvvəl tamamilə təcrid edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, bu təcrid edilmə Cavabdeh1 mərhum həyat yoldaşı tərəfindən həyata keçirilmiş və iddiaçının hansısa narazılığına səbəb olmamışdır. Cavabdeh2 isə əvvəldən naturada özünə məxsus hissənin müəyyən edilməsi, oradan istifadə etmə imkanına nail olma və s. bu qəbildən olan tələbləri olmadığından o da belə bir təcrid etməyə qarşı çıxmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçı, Cavabdeh2 və Cavabdeh1 faktiki olaraq əmlakı iki bir-birindən təcrid olunan hissəyə ayırmış mərhum həyat yoldaşı doğma bacı qardaşdırlar və Cavabdeh2 yuxarıda qeyd edilən tələblərlə çıxış etməməsi anlaşılandır. Bundan əlavə istinad edilən Qərardadın 23-cü bəndinin tələblərinə birinci instansiya məhkəməsi tərəfindən əməl edilmədiyi qənaətindədir. Eyni zamanda məhkəmənin iddia tələblərinin natamam olduğu qənaəti yarandığı təqdirdə Qərardadın 32-ci bəndinin tələblərinə əməl edilməli idi. Qətnamədə (7-ci səhifə, 1-ci abzas) iş üzrə ekspertiza təyin edildiyi və ekspert rəyinə əsasən, faktiki olaraq istifadəsində olan 137.0 kv.m torpaq sahəsinin və sahəsi 16.8 v 22.0 kv.m olan tikililərin iddiaçının payına (1/3 pay) uyğun olmadığı müəyyən edilmiş olduğu qeyd edilir. Lakin, qətnamədə ekspertin məhkəməyə dəvət edilərək izahatının alındığı və həmin izahata münasibət bildirilmir. Vacib saydığı məqam bundan ibarətdir ki, ekspert qarşısında qoyulan suallarda İddiaçı və cavabdehlərdən Cavabdeh2 arasında bağlanmış olan müqavilənin şərtləri əks edilmədiyindən vəsatət verərək ekspertin məhkəməyə dəvət edilməsini xahiş etmişdir. Rəy vermiş ekspert məhkəməyə gələrək ekspertiza zamanı yalnız verilən suallara cavab verdiyini, iş materlallarında olan müqavilə ilə tanış olsa da, verilən sualların mahiyyətinin həmin müqaviləni nəzərə almadığını məhkəmənin diqqətinə çatdırmış və tərəflərindən verilən suallara cavab olaraq iddiaçı tərəfindən təqdim edilən bölgü layihəsinin faktiki vəziyyətə uyğun olduğunu və müqavilə nəzərə alınacağı halda İddiaçı isfitadə etdiyi sahənin payına uyğun olduğunu bildirmişdir. Bundan sonra əlavə ekspertiza təyin ediməsi ilə bağlı vəsatətini müdafiə edərək, ekspert qarşısında qoyulan sualların iddia tələblərinə uyğunluğunu xahiş etsələr də vəsatəti təmin edilməmişdir. Hesab edir ki, nəticədə iş üzrə keçirilmiş ekspertiza formal xarakter daşımışdır. Belə ki, işin hallarının müəyyən edilməsi üçün zəruri olan suallar əvəzinə sadə hesablama nəticəsində cavabı məlum olan sualla ekspertizaya müraciət edilmişdir. Qeydiyyatdan keçmiş torpaq sahəsi 294,8 kv.m. təşkil edir. Həmin rəqəmin payçıların sayına bölünməsi xüsusi bilik tələb etmir. 294,8:3=98,27. Bu sadə hesablamanın xüsusi bilik tələb etmədiyi aşkardır. Təəssüf ki,məhkəmə qətnaməsi qəbul edilənə qədər də mübahisənin mahiyyətinin nədən ibarət olması birinci instasniya məhkəməsi üçün aydın olmamışdır. Qətnamədə (7-ci səhifə, 2-ci abzas) Cavabdeh1 payların iddiada qeyd edildiyi şəkildə müəyyən olunmasına etiraz etdiyini bildirmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, bu həqiqətin təhrif olunmasıdır. Yerli baxış zamanı Cavabdeh1 ilk öncə ümumiyyətlə qapını açmaqdan imtina edərək öz faktiki istifadəsində olan sahəyə baxış keçirilməsinə şərait yaratmırdı. Belə olduqda hakim tərəfindən telefonla Cavabdeh1 iddianın mahiyyəti izah edildi və Cavabdeh1 cavab olaraq onun hissəsinin özündə olduğunu, İddiaçı istifadəsində olan hissəyə iddia etmədiyini açıq şəkildə bildirdi. Nəhayət, Cavabdeh1 özünün istifadəsində olan hissəni baxışa təqdim etməyə razılıq verdikdə tərəf olaraq həmin baxışda (iddiaçı tərəfin) iştirakına məhkəmə tərəfindən şərait yaradılmadı və yekunda guya Cavabdeh1 payların iddiada qeyd edildiyi şəkildə müəyyən olunmasına etiraz etdiyi qətnamədə əks olundu. Ümumiyyətlə yerli baxışın təşkili bərbad hesab edilə bilər. Yerli baxışın keçirilməsinə sədrlik edən hakimlə birlikdə sürücü qismində gəlmiş şəxsin rəhbərlik etməsi onlar üçün ən təəccüblü və anlaşılmaz hissə oldu. Yerli baxışın keçirilməsinə heç bir səriştəsi və xüsusilə də səlahiyyəti olmayan sürücü tərəfindən yerli baxışa rəhbərlik edilməsi təbii ki, belə nəticə verməli idi. Nəticə isə bundan ibarət oldu ki, iddiaçı tərəf olaraq Cavabdeh1 faktiki istifadə sahəsinə buraxılmadılar, həmin hissəyə baxışın birinci mərhələsi keçirildi və bundan sonra sürücü Cavabdeh2 dəvət etdi və məhkəmənin bildirdiyinə görə orada Cavabdeh2 özünə məxsus olan hissəni göstərə bilməmiş, bununla da məhkəmə yekunda ona məxsus torpaq sahəsinin və tikilinin hansı hissədə və harada yerləşməsi barədə məlumatının olmaması qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
16.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, ilk növbədə əsas məqam odur ki, tərəflər arasında heç bir mübahisə yoxdur, payçılardan heç biri qeydiyyatın aparılmasına etiraz etmir. Cavabdehlərdən Cavabdeh2 iddiaçının bacısıdır və iş materiallarında onun notarial müqaviləsi var. Cavabdeh1 isə iddiaçının mərhum qardaşının həyat yoldaşıdır. Bu əmlak ata mülküdür. Cavabdeh2 ailə qurub, Sumqayıt şəhərində yaşayır. Mirasdan imtina etməyib. Mehparə xanımın mövqeyi ondan ibarətdir ki, həm Cavabdeh1, həm də Nail Zeynalova münasibətdə naturada bölgü kimi bir tələbi yoxdur. Nail Zeynalovla müqaviləsi var, eyni müqaviləni Cavabdeh1 ilə bağlamağa da razıdır. Həmin əmlakdan istifadə etmək kimi bir niyyəti yoxdur, lakin söküntü olarsa payını götürəcək. Faktiki olaraq 2 hissəyə bölünüb, daha böyük hissəsi Cavabdeh1 məxsusdur. 1/3 kimi götürdükdə, Nail Zeynalovun faktiki sahibliyində olan hissə daha artıqdır. Və Cavabdeh2 ilə bağlanmış müqavilədə həmin artıq hissədə olan tikililərlə bağlı kompensasiya Cavabdeh2 ödəniləcək. Cavabdeh1 münasibətdə onun mövqeyi ondan ibarətdir ki, onun faktiki istifadəsində olan sahədən heç kimə heç nə vermək istəmir. Onların faktiki sahibliyində olan sahə ilə bağlı Cavabdeh2 razılığı var, Cavabdeh1 da narazılığını bildirməyib. Cavabdeh2 yerli baxışda iştirak edib, onun naturada sahib olduğu hissə yoxdur, 1/3 pay hüququ var, vərəsəliklə əldə edib. Cavabdeh2 əmlakı satmır, onlar da o, əmlakı almır. Cavabdeh1 heç bir hüququ pozulmur. İddiaçıla razılaşır, lakin Cavabdeh2 ondan heç nə tələb etməməsini istəyir. Daşınmaz əmlaka müraciət edilməsi üçün hər üç tərəfin imzaladığı bölgü sxem olmalıdır. Cavabdeh1 mövqeyi odur ki, onlar müraciət etsinlər. Cavabdeh2 öz payından imtina etsin. Onlar nə bölünmür, nə də ayrılmırlar, paylı mülkiyyətçi kimi qalırlar. Onlar tərəf qarşısında onun payını saxlamaqla öhdəlik daşıyırlar. Cavabdeh2 payını satmaq istəmir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 22.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. İş materiallarının tədqiqi ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 0,029480 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evi İddiaçı (1/3 hissə), cavabdehlər Cavabdeh2 (1/3 hissə) və Cavabdeh1 (1/3 hissə) paylı mülkiyyətindədir.
25. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış notarial qaydada təsdiq edilmiş razılaşma müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 117 saylı fərdi yaşayış evinin üç paylı mülkiyyətçisindən iki tərəf olaraq naturada bölgü aparılması zamanı İddiaçı faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36.8 kv.m tikilinin İddiaçı pay hissəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, bəhs edilən fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissəsində Cavabdeh2 məxsus payın bir hissəsi olduğuna, həmin hissəni 39 kv.m torpaq sahəsi olaraq müəyyən etdiklərinə, Cavabdeh2 məxsus payın qalan hissəsinin digər payçı mülkiyyətçi olan Cavabdeh1 arasında müəyyən edilməli olmasına, fərdi yaşayış evinin X2 faktiki istifadəsində olan 137 kv.m torpaq sahəsi və 36 kv.m tikili hissəsi ilə bağlı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra belə söküntüyə məruz qaldığında 39 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan qeydiyyatdan keçməmiş tikintilərə dair veriləcək kompensasiya məbləğinin Cavabdeh2 məxsus olacağına və həmin hissəyə görə kompensasiyanın Cavabdeh2 çatacağına razılaşmışlar.
26. İddiaçının tələbi ümumi paylı mülkiyyətdə olan ünvan 3 ünvanında 0,029480 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,30 kv.m. təşkil edən 117 saylı evin -137 kv.m. torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı, 1/3 hissə Cavabdeh1, 1/3 hissədən qalan hissəsinin Cavabdeh2 olmaqla pay hissələri kimi müəyyən edilməsindən ibarədir. İddiaçı qeyd edir ki, tərəflər arasında fakitki bölgü movcud olsa da, Cavabdeh1 bu faktiki bölgünün sənədləşməsində iştirak etməyə razılıq vermir. İddiaçının ərizəsinin və apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, iddiaçının əldə etmək istədiyi hüquqi nəticə faktiki istifadə sahəsinin ölçülərinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına, yəni öz payının ayrılmasına nail olmaqdır.
27. Mübahisənin qanuni əsası olan Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
28. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 294.8 kv.m (0.029480 ha) olan torpaq sahəsindən iddiaçının payına düşən sahənin 98.27 kv.m (0.009827 ha), ümumi sahəsi 79.3 kv.m olan fərdi yaşayış evindən iddiaçının payına düşən sahənin 26.44 kv.m olduğunu, faktiki olaraq istifadəsində olan 137.0 kv.m torpaq sahəsinin və sahəsi 16.8 v 22.0 kv.m olan tikililərin iddiaçının payına (1/3 pay) uyğun olmadığı müəyyən edilmişdir.
29. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir.
30. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə keçirilmiş yerində müayinə zamanı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin bir hissəsindən Cavabdeh1 yaşayış sahəsi kimi istifadə etdiyi, İddiaçı isə qeyri-yaşayış sahəsi (lombard və geyim mağazası) kimi istifadə etdiyi və əlavə tikililərin olduğu müəyyən olunmuşdur. Həmçinin yerində müayinədə iştirak edən Cavabdeh2 ona düşən payın hansı hissədə və harada yerləşdiyini bilmədiyini, Cavabdeh1 isə payların iddiada qeyd edildiyi şəkildə müəyyən olunmasına etiraz etdiyini bildirmişdir.
31. Paylı mülkiyyətdə olan 0,029480 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 79,30 kv.m təşkil edən 117 saylı evin -137 kv.m torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının İddiaçı pay hissəsi kimi müəyyən edilməsi barədə bütün paylı mülkiyyətçilər arasında müvafiq razılaşma yoxdur. Yerində müayinə zamanı Cavabdeh2 ona məxsus torpaq sahəsinin və tikilinin hansı hissədə və harada yerləşməsi barədə məlumatının olmamasını bildirmiş, digər paylı mülkiyyətçi Cavabdeh1 payların iddia tələbində qeyd olunan şəkildə müəyyən olunmasına razılıq verməmişdir.
32. Ümumi paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi – paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər, razılaşma əldə edilmədikdə isə əşyaya sahiblik və ondan istifadə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (Mülki Məcəllə, 215.1-215.3-cü maddələr).
33. Paylı mülkiyyətdə olan əşya üzərində mülkiyyət hüququndakı paya dair sərəncam verilməsi - hər bir mülkiyyətçi öz payı üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, fərdi mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyətçilər sərəncam səlahiyyətlərinin həyata keçirilməsində bəzi qanuni məhdudiyyətlərə tabedirlər. Belə ki, paylı mülkiyyətin hər bir mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə isə payı satın almaqda üstünlük hüququ ilə bağlı Mülki Məcəllənin 218-ci maddəsində müəyyən edilmiş qaydalara əməl etməlidir (Mülki Məcəllə, 215.5-215.6-cı maddələr). 34.Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həm mülkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02 saylı, 6 dekabr 2024-cü il tarixli Qərardadı). 35.Kollegiya qeyd edir ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. 36.İddiaçı onun payının məhz özünün göstərdiyi qaydada yəni :137 kv.m. torpaq sahəsi və fərdi yaşayış evinin biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağının onun; 1/3 hissə Cavabdeh1; 1/3 hissədən qalan hissəsinin Cavabdeh2 olmaqla ayrılmasını tələbi edir. Ekspert rəyinə görə isə 137.0 kv.m torpaq sahəsinin və sahəsi 16.8 v 22.0 kv.m olan tikililərin iddiaçının payına (1/3 pay) uyğun olmadığı müəyyən edilmişdir. 37.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli