Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5533/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: evə köçürülmə, ər-arvadın ümumi əmlakı, kooperativ mənzil) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh ilə X1 xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahdan sonra qadına “Hüseynova” soyadı verilmiş, nikahlarından 08 noyabr 2011-ci il tarixdə Yusif, 30 noyabr 2013-cü il tarixdə Bəhlul adını verdikləri uşaqları dünyaya gəlmişdir.
2. Cavabdeh "xxxx" MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli iclasının qərarı ilə MTK-nın üzvlüyünə qəbul olunmuş və ona, MTK-nın ünvan 1 ünvanında yerləşən binasının 2-ci girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi sahəsi 37,15 kv.m olan 2 otaqlı 158 saylı mənzil verilmişdir.
3. "xxxx" MTK-nın sədri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir ki, MTK-nın ünvan 2 ünvanında yerləşən binasında ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi sahəsi 37,15 kv.m olan 2 otaqlı 158 saylı mənzil Cavabdeh məxsusdur, mənzilin balans dəyəri 33 055 manat təşkil edir, mənzil sahibinin kooperativə heç bir borcu yoxdur.
4. ünvan 2 ünvanında yerləşən 158 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
5. İddiaçı ilə Cavabdeh ailə münasibətləri pozulmuşdur, hazırda onların arasında “nikaha xitam verilməsi” ilə bağlı mübahisə Neftçala Rayon Məhkəməsinin icraatındadır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi sahəsi 37,15 kv.m olan ünvan 4, 158 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 30 sentyabr 2010cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 08 noyabr 2011-ci il təvəllüdlü X5 və 30 noyabr 2013-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Aralarındakı ailə münasibətləri korlandığı üçün “nikahın pozulması və uşaqların hansının himayəsində qalması” ilə bağlı iş Neftçala Rayon Məhkəməsinin icraatındadır. Birgə nikah dövründə 08 fevral 2021-ci il tarixli müqaviləyə əsasən cavabdehin adına "Xəmsə-İnşaat” MTK tərəfindən inşa edilmiş ünvan 3 ünvandakı ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi 37,15 kv.m olan 2 otaqlı mənzil almışlar. Ailə münasibətləri korlandıqdan sonra cavabdeh onu zorla həmin mənzildən qovmuş, buna görə də hazırda kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalmışdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış hüququ olan mənzildən qanunsuz olaraq yaşamaqdan məhrum edilmişdir. Dəfələrlə qeyd etdiyi ünvanda yerləşən mənzildə yaşamağa cəhd etsə də cavabdeh tərəfindən bu cəhdlərinin qarşısı alınmışdır. Hal-hazırda kirayə mənzildə yaşayır, qanuni hüququ olan mənzilə qayıtmaq və orada yaşamaq istəyir, lakin cavabdeh buna maneə törədir. Mənzildən çıxarılması nəticəsində mənzildə yaşamaq və mənzildən istifadə etmək hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Buna görə də həmin evə köçürülməli və evdən istifadə qaydaları müəyyən edilməlidir. Problemin həlli ilə bağlı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasına lazımınca xəbərdarlıq edilməsinə baxmayaraq iştirak etmədiyi üçün ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, işə baxılmsının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir.
9. Birinci instansiya məhkəməsinin 09 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 27.1-ci, 27.3-cü, 178.8-ci, Ailə Məcəlləsinin 32.1-ci maddələrinə istinadla aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
10.1. Tərəflərin mübahisəli evdə birgə yaşaması, ümumi təsərrüfatı birgə idarə etməsi və sonradan iddiaçının cavabdehlə münasibətləri pisləşdiyi üçün iddiaçının evdən çıxmaq məcburiyyətində qalması işin mübahisəsiz hallarıdır. 10.2. İddia tələbinə düzgün qiymət verilməsi üçün ilk öncə mənzilin statusu, daha sonra iddiaçının köçürülməsini tələb etdiyi mənzilə dair hüquqlarının olub-olmaması, olduğu təqdirdə hansı hüquqlarının olması müəyyən edilməlidir. 10.3. İzahatlardan və iş materiallarından görünür ki, mənzil MTK-dan pay dəyəri ödənilməklə tərəflərin birgə nikah dövründə əldə edilmiş, lakin dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh mənzilin dəyərinin onun və atasının tərəfindən ödənildiyini qeyd etsə də buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İstinad olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, alınmış mənzillə bağlı hər iki tərəfin mülkiyyət hüququnun əldə edilməsinə dair gözləntisi vardır. 10.4. Nə qədər ki tərəflər arasında mənzilə dair başqa razılaşmanın mövcud olması aşkar edilmir, hər iki tərəfin mənzilə dair bərabər hüquqları vardır. 10.5. İddiaçının mənzilə gözlənilən mülkiyyət hüququnun olması, uzun illərdir mənzildə yaşayıb mənzilə sahiblik etməsi, bugünki gündə də cavabdehə nisbətdə mənzilə olan hüquqlarından məhrum edilməsi, yəni istifadə və sahiblik hüquqlarından məhrum edilməsi məhkəmə tərəfindən qanunazidd olan hal kimi qiymətləndirilir. İstinad olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddiasında haqlı olduğu üçün ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi sahəsi 37,15 kv.m olan 158 saylı mənzilə köçürülməli və onun mənzilə dair pozulmuş hüquqları bərpa edilməlidir.
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, iddiaçının onunla 2010-cu ildə nikaha girməsini, mənzilin isə 2021-ci ildə onun öz vəsaiti hesabına alınmasını, iddiaçının həmin mənzilə gəlin köçmədiyini, ailə münasibətləri 2009cu ildən sonra yarandığı üçün mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməli olduğunu, iddiaçının mənzilə köçürülməsi üçün heç bir hüquqi əsasın yaranmadığını nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
13. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh teleqram ünvanlayaraq xəstəliyi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.
14. İşin halları, cavabdehin teleqramda qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
17. Maddə 178.8. (09 fevral 2018-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyada). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
18. Maddə 178.8. (09 fevral 2018-ci il tarixindən etibarən qüvvədə olan redaksiyada). Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
19. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 32.1, 32.2. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir
21. Maddə 37.1-37.2. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt əmlakın nikah müddətində ər-arvad tərəfindən əvəzli əqdlər əsasında əldə edilməsini tələb edir (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarlar).
30. ünvan 2 ünvanında yerləşən binanın 2-ci girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 71,86 kv.m, yaşayış sahəsi sahəsi 37,15 kv.m olan 2 otaqlı 158 saylı mənzilin tərəflərin nikahda olduqları dövrdə əldə edildiyi və bunun müqabilində MTK-ya 33 055 manat pay haqqının ödənildiyi işin mübahisələndirilməyən halıdır; bununla belə cavabdeh, həmin mənzilin iddiaçı ilə birgə əldə etdikləri qazanc hesabına deyil, öz vəsaiti hesabına alındığını irəli sürməklə iddiaya etiraz etmişdir.
31. Qeyd olunmalıdır ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olduğu prezumpsiyadır və bunun əksini sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşməkdədir.
32. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
33. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il il tarixli qərarında vurğulanmışdır ki, “Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır”.
34. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 22,23,24).
35. Qanunvericilik (§ 20) təsbit edir ki, nikah dövründə kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlak ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olan aktivlərdir.
36. Cavabdeh mübahisəsi gedən mənzilə dair mövcud olan qanuni prezumsiyanın həqiqi olmadığını təsdiq edə biləcək mötəbər sübut təqdim etmədiyindən kollegiya hesab edir ki, mənzilin əldə olunması üçün MTK-ya ödənilən vəsait (pay haqqı) tərəflərin birgə əmlakı olmuşdur və iddiaçının tələbinə bu kontekstdə qiymət verən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas yoxdur.
37. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, qanunvericilik ərarvadın ümumi birgə mülkiyyətini yalnız onların “ümumi gəlirləri hesabına əldə edilən əşyalar”la məhdudlaşdırmamış, “ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu” təsbit etmişdir. Bu mənada, cavabdehlə 14 ilə yaxın müddətdə nikahda olmuş və uzun müddət mübahisəsi gedən mənzildə yaşayaraq orada iki uşağına qulluq etmiş iddiaçının, həmin evin dəyərini artıran vəsait qoyuluşunda, habelə mənzilin təmirində bu və ya digər formada iştirak etmədiyini qəbul etmək ağlabatan mühakimə əsasında məntiqli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır.
38. Məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
39. Məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi isə tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır.
40. Kollegiya hesab edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında ədalətli tarazlıq iddia tələbinin təmin olunması ilə qoruna bilər.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3505/2024 saylı iş üzrə 09 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov