Məhkəmə qərarları › İş №2(103)-5537/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5537/2024

16.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5537/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(001)-3463/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" MMC-nin baş direktoru Seymur Aslanovun xx.xx.2016-cı il tarixli əmrindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-nə Sərnişindaşımanın Təşkili şöbəsinə perron nəzarətçisi təyin edilməsi əmr edilmişdir. 2."xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, qarşılıqlı razılığa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir. 3."xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, qarşılıqlı razılığa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir. 4."xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən (kontrakt) görünür ki, qarşılıqlı razılığa əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2021-ci il tarixdən işə başlaması qeyd edilmişdir. 5."xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, aylıq 300 manat əmək haqqı verilməklə işə başlaması qeyd edilmişdir. 6."xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşmadan görünür ki, razılaşma ilə tərəflər razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “işçiyə hər ay 300 manat məbləğində əmək haqqı ödənilir və əmək müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılır”. 7."xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli dəyişiklikdən görünür ki, “İşəgötürən səlahiyyətlərini həyata keçirən Cavabdeh2 MMC ilə Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığıa gəlmişlər ki, əmək müqaviləsinin 2.1-ci bəndində aşağıdakı dəyişikliklər edilir: bu əmək müqaviləsi 3 (üç) ay müddətinə bağlanmışdır sözləri, bu əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır sözləri ilə əvəz edilmişdir”. 8."xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı - “Azerbaijan Ground Services" MMC-nin Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi ilə bağlanmış əmək müqaviləsinə 06 may 2023-cü il tarixindən etibarən əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilməsi və istifadə edilməmiş əmək məzuniyyətinə görə xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək 25 (iyirmi beş) təqvim günü kompensasiyanın ödənilməsi əmr edilmişdir. 9."xxxx" MMC-nin baş direktoru X3 Yusif Qardaşxan oğlu barəsində xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində ‘'Azerbaijan Ground Services" MMC-nin Sərnişindaşımanın təşkili şöbəsində perron nəzarətçisi vəzifəsinə müddətli əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. Onun əmək müqaviləsinə xx.xx.2023-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (müqavilə müddətinin bitməsi) əsasən, xitam verilmişdir. Məhkəməyə təqdim edilən etirazda qeyd olunan “İddiaçılə bağlanmış müddətli əmək müqaviləsinin uzadılmasına dair xx.xx.2022-ci il tarixində” texniki səhv olaraq iddia ərizəsinə etiraza daxil edilmişdir. Əslində həmin əmək müqaviləsi bildirişində digər məlumatlar bölməsində müqavilə müddəti ilə bağlı müddəalar öz əksini tapmışdır. xx.xx.2022-ci il tarixində sistemə daxil edilmiş bildirişdə müqavilənin müddəti 3 ay uzadılmaqla müqavilənin bitmə tarixi xx.xx.2022-ci il tarixi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli əmək müqaviləsi olmadığından onu məhkəməyə təqdim etmək mümkün deyildir. Cavabdeh2 MMC-də hazırda 100-ə yaxın əməkdaşla müddətsiz əmək müqaviləsi var və qanunvericiliyin tələblərinə uyğun olaraq, işçi ilə əmək münasibətləri 5 ildən artıq davam etdikdə həmin münasibətlər üzrə əmək müqavilələri müddətsiz əmək müqaviləsinə keçirilir. İddiaçı. oğlunun həmin müddətdə işlədiyi Sərnişindaşımanın təşkili şöbəsində ondan başqa daha 23 (iyirmi üç) nəfər əməkdaş çalışmışdır. Qeyd edilən tarixdə İddiaçı da daxil olmaqla daha 2 (iki) nəfərin müqaviləsinə xitam verilmişdir. Ümumiyyətlə ölkədə baş vermiş məlum pandemiya ilə əlaqədar işəgötürən tərəfindən kütləvi şəkildə işçilərin məcburi işdən çıxarılması halı olmayıb. Belə ki, Cəmiyyətdə 2016-cı ildən bu günədək İddiaçı də işlədiyi Sərnişindaşımanın təşkili şöbəsi də daxil olmaqla fasiləsiz əmək müqaviləsi ilə işləyən çox sayda əməkdaş vardır. a)Birinci instansiya məhkəməsində icraat 10.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 il işlədiyi əvvəlki iş yerinə Cavabdeh1nə bərpa edilməyi və işsiz qaldığı ayların əmək haqqının cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1960-cı ildə Qərbi Azərbaycanın Sisiyan rayonunun Qızılcıq kəndində doğulmuşdur. 1988-ci ildən qaçqın olaraq Sumqayıt şəhərində yaşayır. 1999-cu ildən Cavabdeh1ndə perron-nəzarətçi vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən onun müqavilə müddəti bitdiyinə görə işdən azad etmişlər. Pozulmuş Konstitusion hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli oldu. O, təqaüd yaşındadır. Necə olur ki, idarənin müdiri özü təqaüd alaraq işləyir, ancaq onun təqaüdə çıxmağına 17 ay qalmış onu işdən azad edir. Əgər onun xahişini nəzərə almırsa, o, birbaşa Prezidentə müraciət etməli olacaq. Özü Qərbi Azərbaycandan qaçqındır. Ailəsi ağır şəraitdə yaşayır. Özü bir neçə xəstəlikdən əziyyət çəkir. Keçmiş iş yeri olan Cavabdeh1 rəhbərliyi, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin tələbini kobud pozaraq “X5 Konvensiyasına və hüquq normalarına uyğun olmayaraq əmək münasibətinin hüquqlarının mühafizəsi haqqında” Konvensiyanı kobud surətdə pozmuşdur. Ondan xahiş etmiş ki, əmək pensiyana çıxmağına 17 ay qalıb, 24 ildir ki, bu müəssisədə nümunəvi işçi kimi işləyir. Yenə buna baxmayaraq onu işdən azad etdi. Bugünə qədər də onu aldatdı ki, onu işə qaytaracaq. 11 aydır ki, işsizdir. 1986-cı il təvəllüdlü oğlu ilə yaşayır. Oğlundan pul almağa utanır. Nəvələri qarşısında acizdir. xx.xx.2023-cü ildə İnzibati Məhkəməyə müraciət etdi, onlar da dedi ki, bu işə baxmırlar. Pensiya yaşına yaxınlaşdığına görə onu heç yerə işə götürmürlər. O, ömrünün ahıl çağında nəvələrinin qarşısında utanaraq yaşayır. 12.Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, izahatında göstərmişdir ki, onun 44 il əmək stajı var. 24 il bir müəssisədə işləmişdir. Pensiyaya çıxmağına 17 ay qalmış onu müqavilənin müddəti bitdiyinə görə işdən azad etdilər. Onun iş şəraiti ağır olsada o, öhdəsindən gəlirdi. Pandemiya zamanı əmək haqqı verə bilmədilər, ona ərizə yazdırdılar ki, öz xahişi ilə işdən azad olmaq istəyir. Sonradan bilib ki, cəmi 4 nəfərə ərizə yazdırdılar, şikayət etdi və xx.xx.2021-ci il tarixdə işə bərpa olundu. Həmçinin bildirdi ki, onun bəzi sənədlərə imza etməsi yadındadır, onun, 3 (üç) ay müddətinə bağlanmış əmək müqaviləsinin sonradan dəyişdirilərək 1 (bir) ay müddətinə bağlanmasından xəbəri olmamış, ümumiyyətlə o, həmin müqaviləyə imza etməmişdir. Onun həmin müqavilədən xəbəri olmayıb. Bütün bu olanlarla bağlı rəhbərinə müraciət etmiş o, isə mənlik deyil cavabını vermişdir. Göstərdiklərini, eləcə də himayəsində əlil övladının olmasını nəzərə alaraq iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edib, eləcə də məhkəməyə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmri məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iş üzrə İddiaçı "xxxx" MMC-də çalışıb. "xxxx" MMC isə 2016-cı ildən fəaliyyət göstərir. İddiaçı ilə dəfələrlə qarşılıqlı razılaşmalar əsasında müddətli əmək müqaviləsi bağlanıb. Sonra onunla bağlanmış 3 aylı əmək müqaviləsi 1 aylıq əmək müqaviləsi ilə əvəz edilmişdir. Sonuncu müqavilənin müddəti bitdikdən sonra onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əlavə qeyd etmişdir ki, ümumiyyətlə MMC-də çalışan işçilərin hər biri ilə müddətli əmək müqaviləsi bağlanılaraq, işə qəbul edilmişlər. İddiaçının iş şəraiti ağır olduğundan, bunu nəzərə alaraq müqavilənin müddəti uzadılmamışdır. Tək iddiaçı deyil, bir neçə nəfər bu səbəbdən işdən azad olunmuşdur. O, həmçinin iddia tələbinə edilmiş etirazı müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 MMC-nin 08 may 2023-cü il tarixli 106/K nömrəli əmrinin məzmunundan da göründüyü kimi cavabdeh təşkilat Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-d bəndinin tələblərinə riayət etmiş, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilmişdir. Müvafiq əmrə əsasən, İddiaçı 08 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərindən görünür ki, İddiaçı 01 fevral 2016-cı il tarixdən müddətli əmək müqaviləsi bağlanmaqla (01) bır il müddətinə və 01 fevral 2017-ci il tarixdən qarşılıqlı razılığa əsasən 3 (uç) ay müddətinə, 01 may 2017-ci il tarixdən qarşılıqlı razılığa əsasən 1 (bir) ay müddətinə Cavabdeh2 Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə təyin edilmişdir. 17 dekabr 2020-ci il tarixdə 91/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “'a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 02 mart 2021-ci il tarixdən müddətli əməkmüqaviləsi bağlanmaqla, qarşılıqlı razılığa əsasən 3 (üç) ay müddətinə və 27 yanvar 2022-ci il tarixdən müddəti əmək müqaviləsi bağlanmaqla, qarşılıqlı razılığa əsasən 1 (bir) ay müddətinə, yəni hər dəfə 1 (bir) ay olmaqla, 08 may 2023-cü ii tarixədək “Azerbaijan Ground Services'’ Məhdud Məsuliyyətli Cəmiyyətinin Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə təyin edilmişdir. 06 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə artıq 01 fevral 2016-cı il tarixdən mübahisəfəndlrilən əmrin çıxarıldığı tarixədək davamlı şəkildə müddətli əmək müqavilələri bağlanılmışdır. Ona görə də iddiaçı X2 mübahisələndirdiyi müvafiq əmr Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin bütün tələblərinə riayət edilməklə verilmişdir. Əmək kitabçasının və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərinin surətlərindən də göründüyü kimi, tərəflər 01 fevral 2016-cı il tarixdən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək, yəni 7 il müddətində davamlı şəkildə müddətli əmək müqavilələri bağlamaqla əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş öz iradə ifadələrini bəyan etmişlər. Lakin iddiaçı, belə bir vacib məqamı iddia ərizəsində qeyd etməmiş və həmin hissəni əsaslandırmamışdır. Bu baxımdan işəgötürən müvafiq maddənin tələbi əsasında əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüququndan istifadə edərək, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə qeyd edilən əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmri vermişdir. Əmək müqaviləsinin müddətini qurtardığı təqdirdə onun yenidən eyni və ya başqa bir müddətə bağlanması ilə bağlı işəgötürən üzərində hər hansı bir qaydada imperativ norma əmək qanunvericiliyində öz əksini tapmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin hüquqi əsassızlığını, istinad edilən qanunvericilik normalarını və müvafiq müqavilə bəndlərini rəhbər tutaraq, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. 16.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 iyul 2024-cü il tarixli, 2(001)-3463/2024 saylı qətnaməsiilə (hakim-Etibar Mustafayev) iddia tələbi təmin edilməmişdir. 14.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC-nin baş direktoru Seymur Aslanovun xx.xx.2016-cı il tarixli əmri ilə İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-nə Sərnişindaşımanın Təşkili şöbəsinə perron nəzarətçisi təyin edilmişdir. Daha sonra tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir. Həmçinin qarşılıqlı razılığa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir. Bundan əlavə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2021-ci il tarixdən işə başlaması qeyd edilmişdir. Sonradan tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavə razılaşmaya əsasən, tərəflər razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinin 4.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: işçiyə hər ay 300 manat məbləğində əmək haqqı ödənilir və əmək müqaviləsinin digər şərtləri dəyişdirilmədən saxlanılır. 15.Həmçinin müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli dəyişikliyə əsasən işəgötürən səlahiyyətlərini həyata keçirən Cavabdeh2 MMC ilə Sərnişin daşınmanın təşkili şöbəsinin perron nəzarətçisi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığa gəlmişlər ki, əmək müqaviləsinin 2.1-ci bəndində aşağıdakı dəyişikliklər edilir: bu əmək müqaviləsi 3 (üç) ay müddətinə bağlanmışdır sözləri, bu əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır sözləri ilə əvəz edilmişdir. 16.Daha sonra İddiaçı “Azerbaijan Ground Services" MMC-nin Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi ilə bağlanmış əmək müqaviləsinə 06 may 2023-cü il tarixindən etibarən əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək 25 (iyirmi beş) təqvim günü kompensasiyanın ödənilməsi barədə əmr verilmişdir. 17.Məhəmə iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə onun müddətinin qurtarmasının səbəb olması göstərilmişdir. İddiaçı isə izahatında əmək müqaviləsinin 3 (üç) ay müddətinə bağlanmışdır sözləri, əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır sözləri ilə əvəz edərkən onun razılığının alınmamasına, ümumiyyətlə əmrə imza etmədiyinə dair irəli sürdüyü dəlilləri heç bir sübut növü ilə təsdiq edilməməklə əsassız və mülahizə xarakterli hesab edilməlidir. 18.İddia ərizəsindən və iddiaya etirazdan belə görünür ki, İddiaçı 01 fevral 2016-cı il tarixdən müddətli əmək müqaviləsi bağlanmaqla (01) bir il müddətinə və 01 fevral 2017-ci il tarixdən qarşılıqlı razılığa əsasən 3 (uç) ay müddətinə, 01 may 2017-ci il tarixdən qarşılıqlı razılığa əsasən 1 (bir) ay müddətinə Cavabdeh2 Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə təyin edilmişdir. 17 dekabr 2020-ci il tarixdə 91/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “'a” bəndinə əsasən (İddiaçı ərizəsi əsasında) əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 02 mart 2021-ci il tarixdən müddətli əmək müqaviləsi bağlanmaqla, qarşılıqlı razılığa əsasən 3 (üç) ay müddətinə və 27 yanvar 2022-ci il tarixdən müddəti əmək müqaviləsi bağlanmaqla, qarşılıqlı razılığa əsasən 1 (bir) ay müddətinə, yəni hər dəfə 1 (bir) ay olmaqla, 08 may 2023-cü il tarixədək “Azerbaijan Ground Services'’ Məhdud Məsuliyyətli Cəmiyyətinin Sərnişindaşımanın təşkili şöbəsinə perron nəzarətçisi vəzifəsinə təyin edilmişdir. 19.Göründüyü kimi iddiaçı ilə mütəmadi olaraq müddətli (3 ay, 1 ay) əmək müqavilələri bağlanmış, iddiaçının isə onunla müddətli əmək müqaviləsinin bağlanmasına narazılığını ifadə edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. 20.Tərəflər arasında bağlanılmış əmək müqavilələrində onların müddətli olması nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab etmişdir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir. 21.Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. 22.Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı digər qanun pozuntusuna yol verilməsi də aşkar edilməmişdir. Belə ki, işçi- iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, müddət bitdikdən sonrakı bir həftə keçməmiş müqaviləyə xitam verilmiş, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmiş, əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq- hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir. 23.Məhkəmə həmçinin tərəflər arasında əmək müqaviləsi bağlanılarkən iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilib-edilməməsini araşdırmış, tərəflərin münasibətlərinin həqiqi xarakterinin əmək qanunvericiliyində nəzərdə tutulan təminatlara, əsas prinsiplərə zidd olmadığını, müddətsiz əmək müqaviləsinin bağlanmasının iddiaçı üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin daşımadığını müəyyən etmişdir. 24.Məhkəmə qeyd etmişdir ki, ümumiyyətlə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bütün işçilərlə əmək müqavilələrini eyni şərtlərlə, yəni müddətli bağlanıldığını elektron kabinetə əlavə edilmiş əmək müqavilələri bildirişlərindən də görünür. Bu baxımdan da müəyyən edilir ki, işəgötürən özünün diskresion səlahiyyətlərindən qərəzli şəkildə istifadə etməmiş, iddiaçı ilə əmək müqaviləsini bağlayarkən hər hansı qanun pozuntusuna yol verməmiş, ümumiyyətlə işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Bütün müqavilələr tərəflər arasında onların hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında bağlanmışdır ki, bunun əksini sübut edən faktlar məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 2.1, 42.2, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin “b” bəndi, 73-cü maddəsinin 1-ci bəndi, 83-cü maddənin 1-ci bəndi, 296.1, 296.2, 300.1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ- İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli Qərarına; Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 81, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 26.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddia tələbini rədd edərkən bir sıra maddi normalara istinad etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquq işəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin məcəllənin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. AR ƏM-nin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir. AR ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin əsası kimi əmək müqaviləsinin müddətinin qurtarması çıxış edir. AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl sadalanan bu normalara istinad etmiş məhkəmə belə bir qənaətə gəlmişdir ki, cavabdeh onunla əmək müqaviləsi müddətini uzatmamaqda və müqavilə müddətinin bitməsi səbəbindən iddiaçını işdən çıxarmaqda haqlı olmuşdur. O, məhkəmənin bu mövqeyi ilə razılaşmıər, ona görə ki, məhkəmə onun təkcə həmin müəssisədə 24 il işləməyini və pensiyaya çıxmağına az bir müddətin qalmasını nəzərə almamışdır. Bundan başqa onun himayəsində 2-ci dərəcəli əlil və əmək qabiliyyətsiz oğlu yaşayır, bu vəziyyət onun bu gün əlil oğlunun aldığı pensiyaya möhtac qalmağına səbəb olmuşdur. AR Prezidenti dəfələrlə vurğulayıb ki, xalqı incitməyin, iş yerləri açın, lakin bu gün iddiaçı formal aparılmış yazışma üzündən faktiki olaraq daimi iş yerindən məhrum olmuş, müqaviləyə imza atdırılarkən ona bildirilirdi ki, bu yalnız formallıqdır, bundan başqa məhkəmə nəzərə almalı idi ki, 24 il müddətli müqavilə olmur. Onu da qeyd edir ki, cavabdeh təşkilatın rəhbəri özü pensiya yaşına çatmış və oğlu da Bakı şəhər Binəqədi rayon YPX-nin rəisidir. Görünür qarşı tərəf onun əsaslı iddiasının rədd olunması üçün bu kimi imkanlardan da istifadə etmişdir. Məhkəmə iddia tələbi üzrə yaranmış münasibətlərə hüquqi qiymət verərkən Konstitusiya Məhkəməsinin Plenumunun 31.01.24-cü il tarixli qərarına istinad etmiş və qeyd edilmişdir ki, qanunverici iş axtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Qərarla tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərtiilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndiəməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadığı müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd etmişdir ki, məhkəmələr tərəfindən işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki halları və tərəflərin dəlilləri hərtərəfli araşdırmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır.Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir.Lakin, məhkəmə formallıq baxımından çıxış edərək həmin qərarda göstərilənlərə əhəmiyyət verməmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə onun müddətinin qurtarması səbəbi ilə razılaşmışdır. Halbuki əmək müqaviləsi əvvəllər daimi olmuş, lakin əmək münasibətlərində güclü tərəf kimi çıxış edən cavabdeh öz istəyiilə iddiaçının müddətli müqaviləni imzalamağa məcbur etmiş, ona söz vermişdir ki, müqavilənin müddətli bağlanılması formal tələbdir, lakin iddiaçı pensiyaya çıxana kimi işləyəcək, müddət hər dəfə artırılacaqdır, lakin pensiyaya çıxmağına 1 il 7 ay qalmış ona qarşı bu haqsızlığı etmişdir. Bundan başqa əmək müqaviləsində istənilən qeydləri və dəyişikləri cavabdeh etmiş, iddiaçıya yalnız onu imzalamaq qalmışdır və iddiaçı işdən çıxanda həmin müqavilənin qısa bir müddətli bağlandığını bilmişdir. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmış, iddiaçı tərəfindən səsləndirilən hallara, təqdim olunan sübutlara əhəmiyyət belə verməmiş və nəticədə birtərəfli qətnamə qəbul etmişdir. Məhkəmə yetərincə araşdırma aparmamış, yalnız qarşı tərəfin təqdim etdiyi sübutlara əsaslanmaqla bu qanunsuz qətnaməni çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, o, 1999-cu ildən Bakı Avtovağzal kompleksində eyni vəzifədə perron-nəzarətçisi işləmişdir. xx.xx.2016-cı ildə "xxxx" MMC-də eyni vəzifə olaraq perron-nəzarətçisi işinə qəbul edilmişdir. xx.xx.2020-ci ildə pandemiya ilə əlaqədar onu və bir neçə işçini aldadaraq, öz xahişləri ilə işdən azad etmişlər. Onların şikayətlərindən sonra, xx.xx.2021-ci ildə yenidən perron-nəzarətçisi işinə qəbul olunmuş, xx.xx.2023-cü ildə əmək müqaviləsinin müddətinin bitməsi ilə onu işdən azad etmişlər. Əslində onun müqaviləsi müddətli bağlansa da, Əmək Qanunvericiliyinin tələbinə görə müddətsiz müqavilədir. 30.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 31.Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. 32.Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

33. 45-ci maddənin 1-ci hissəsi.Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

34. 45-ci maddənin 3-cü hissəsi. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

35. 45-ci maddənin 4-cü hissəsi.Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

36. 45-ci maddənin 5-ci hissəsi.Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

37. 47-ci maddəsinin “f” bəndi. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər. 38.Maddə 68-ci maddənin 1-ci hissəsi.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 39.Maddə 68-ci maddənin 2-ci hissəsinin “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsasıdır. 40.Maddə 73.1.Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 41.Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları: 42.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. 43.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndini həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab etmişdir. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 44.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 46.Maddələr 385.1.1, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

Apellyasiya baxışının hədləri

47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(001)-3463/2024 saylı qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. 50.Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əmək kitabçasının surətinə və işdə olan digər sənədlərə əsasən iddiaçı xx.xx.1990-cu ildən Cavabdeh1ndə perronnəzarətçisi işində çalışmışdır. xx.xx.2016-cı ildə "xxxx" MMC-də perron-nəzarətçisi işinə qəbul edilmişdir. Pandemiya vaxtı xx.xx.2020-ci ildə iddiaçı öz xahişi ilə işdən azad olmuş, xx.xx.2021ci ildə yenidən eyni vəzifəyə perron-nəzarətçisi işinə qəbul olunmuşdur. 51.İddiaçının pandemiya vaxtı aldadılaraq işdən azad olunması, şikayətindən sonra yenidən işə bərpa olunması ilə bağlı qeyd etdiyi hallar, onun xx.xx.2021-ci ildə eyni vəzifəyə təyin edilməsi ilə tam olaraq təsdiq olunur. Göründüyü kimi, xx.xx.2020-ci ildə işdən azad olunan iddiaçı, yenilən xx.xx.2021-ci ildə eyni vəzifəyə işə qəbul olunur. İddiaçı ilə bağlanan əmək müqavilələri isə müddətli olmuşdur. 52."xxxx" MMC-nin baş direktoru Seymur Aslanovun xx.xx.2016-cı il tarixli əmri ilə İddiaçı xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-nə Sərnişindaşımanın Təşkili şöbəsinə perron nəzarətçisi təyin edilmişdir. Daha sonra tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir. Həmçinin qarşılıqlı razılığa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 1 (bir) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2017-ci il tarixdən işə başlaması qeyd edilmişdir. Bundan əlavə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2021-ci il tarixdən işə başlaması qeyd edilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli dəyişikliyə əsasən işəgötürən səlahiyyətlərini həyata keçirən Cavabdeh2 MMC ilə Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığa gəlmişlər ki, əmək müqaviləsinin 2.1-ci bəndində aşağıdakı dəyişikliklər edilir: bu əmək müqaviləsi 3 (üç) ay müddətinə bağlanmışdır sözləri, bu əmək müqaviləsi 1 (bir) ay müddətinə bağlanmışdır sözləri ilə əvəz edilmişdir. Daha sonra İddiaçı “Azerbaijan Ground Services" MMCnin Sərnişindaşınmanın təşkili şöbəsinin perron nəzarətçisi ilə bağlanmış əmək müqaviləsinə 06 may 2023-cü il tarixindən etibarən əmək müqaviləsinin müddətinin bitməsi ilə xitam verilmiş və istifadə edilməmiş əmək məzuniyyətinə görə xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixinədək 25 (iyirmi beş) təqvim günü kompensasiyanın ödənilməsi barədə əmr verilmişdir. 53.Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, hazırki işdə iddiaçı ilə müqavilənin müddətli bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. 54.Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi iddiaçı cavabdeh qurumda uzun müddətdə eyni vəzifədə işləmişdir. Bu cür vəziyyətdə cavabdeh fəaliyyətində və idarəetmədə “mütərəqqi koorporativ idarəetmə standartları” tətbiq edib işə qəbul və başqa işə keçirilməni həmin idarəetmə standartlarına uyğun olaraq aparması xarakterinə görə müddətsiz bağlanması tələb edilən işlərə görə müddətli əmək müqaviləsi bağlamamalı idi. 55.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. 56.Hətta bu hal Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında da bir daha vurğulanmışdır. Belə ki, həmin Qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva edir və bu halda Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilir. 57.Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində isə qeyd edilir ki,...Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. -Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. -İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. 58.Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçı fasiləsiz və etirazsız olaraq cavabdeh qurumda 5 ildən artıq müddətdə eyni vəzifədə işləməsinə və onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olmasına və bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq, işəgötürən iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. 59.Göründüyü kimi iddiaçı cavabdeh müəssisədə fakitki oalraq uzun müddət işləməyinə baxmayaraq onunla 3 ay və 1 aylıq olmaqla müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi hər dəfə 3 ay və 1 ay olmaqla 2016-ci ildən 2023-cü il tarixədək uzadılmışdır. 60.Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinin müddətinin hər dəfə 3 ay və 1 aylıq müəyyən edilməsinin hansı zərurətdən irəli gəlməsinin müəyyən edilməməsi nəzərə alınmaqla, qeyd olunan halın tərəflərin qarşılıqlı razılığı ilə baş verməsi kimi şərh edilməzi yolverilməzdir. 61.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2016-cı ildən eyni müəssisədə, eyni xarakterdə daimi xarakterli iş gördüyü halda, onunla 3 aylıq və 1 aylıq əmək müqavilələrinin bağlanması, hər dəfə müqavilə müddətinin 3 ay və 1 ay olmaqla uzadılması, işəgötürən üçün işçinin işdən çıxarılmasını (müqavilə müddətinin bitməsi əsası ilə) asanlaşdırmaqla, tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış hesab edilə, iddiaçının iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi ağlabatan bir səbəblə izah olunmamaqla, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür. 62.Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi halları qeyd edilmişdir. 63.Hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçı 2016-cı ildən fasiləsiz olaraq eyni müəssisədə, eyni yerdə, eyni işi gördüyündən və iddiaçının gördüyü işin xarakteri Əmək Məcələsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması iddiaçının iradəsinə uyğun olmamaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur. 64.Həmçinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi müddətli bağlanılsa belə, 5 ildən artıq müddətədə fasiləsiz olaraq davam etdiyindən, müddətsiz əmək müqaviləsi hesab edilir. 65.Kollegiya hesab edir ki, müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması əsası ilə iddia tələbini rədd edən məhkəmənin mövqeyi qanuni və əsaslı hesab edilə bimləz. 66.Qeyd olunan konteksdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbini rədd edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. 67.Qeyd olunan xüsuatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi qanunsuz olmuşdur. 68.Buna görə də kollegiya hesab edir ki, iddiaçının işə bərpa edilməsi ilə bağlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, İddiaçı “Azerbaijan Ground Services" MMC-dəki vəzifəsinə bərpa edilməlidir. 69.Məhkəmə kollegiyası həmçinin Əmək Məcəlləsinin 300.1-ci maddəsinin tələblərinə əsasən iddia tələbini, işsiz qaldığı ayların əmək haqqının cavabdehdən alınaraq ona verilməsi ilə bağlı hissədə də əsaslı hesab edərək qeyd edir ki, İddiaçı işdən azad olunduğu vaxtdan işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. 70.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(001)-3463/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında, 106/K nömrəli, xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli, İddiaçı “Azerbaijan Ground Services" MMC-dəki vəzifəsinə bərpa edilməli, cavabdeh “Azerbaijan Ground Services" MMC tərəfindən İddiaçı işdən azad olunduğu vaxtdan işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. 71.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2(001)-3463/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında, 106/K nömrəli, xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin. İddiaçı “Azerbaijan Ground Services" MMC-dəki vəzifəsinə bərpa edilsin. “Azerbaijan Ground Services" MMC tərəfindən İddiaçı işdən azad olunduğu vaxtdan işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fünay Axundova

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar