Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5538/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3307/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən xx.xx.2024-cü il tarixli rəyi nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 saylı, xx.xx.2023-cü il tarixli addan ada keçirilməsi haqqında sərəncamı ilə İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ev 46, mənzil 2-nin paylı mülkiyyətçiləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onlarla birlikdə yaşayan ailə üzvlərinin-X8, X5, X4, X6, X7, X9 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ev 46, 2-ci mənzilinə dair istifadə və digər hüquqlarına xitam verilməsi, cavabdehlərin çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsində kəskin qəzalı vəziyyətində olan 46 saylı binanın yerində tikiləcək çoxmərtəbəli 1 saylı yaşayış binasın 3-cü mərtəbəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus paylı mənzillərin qanuni sahəsinə (hazırda ümumi sahəsi olan 78.40 kv.m.) 20 % əlavə sahə edilməklə 94.08 kv.m. ümumi sahəsi olan yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 600 (altı yüz) manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3307/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş vəsatətin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (maraqlı şəxs İddiaçı MMC) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair 2-1(112)-12592/2025 nömrəli inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, hazırkı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı MMC şikayət verərək, qərardadın ləğv edilməsini, iş üzrə icraatın təzələnib, tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 saylı, xx.xx.2023-cü il tarixli addan-ada keçirilməsi haqqında sərəncamı ilə, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin Ayrıc Aktına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov, Sarabski və Ş.Abdullayev küçələrinin kəsişməsində yerləşən ərazidə daşınmaz əmlakların mülkiyyətçiləri ilə qarşılıqlı razılıqlar əsasında müqavilələr imzalanmaq şərti ilə yeni yaşayış binaların tikintisi üçün ümumilikdə 0.7486 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Sərəncamdan sonra ərazidə yerləşən sakinlərin tam əksəriyyəti ilə müqavilələr bağlanmış, onlar mənzilləri təhvil verərək köçmüşlər. Yerdə qalan bir neçə şəxs çoxsaylı danışıqlara baxmayaraq, əsassız tələblər irəli sürərək müqavilələr bağlamaqdan imtina etmişlər. Ona görə də hazırki iddia təlləbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında cavabdehlərdən biri Cavabdeh1 vəkili məhkəməyə bildirdi ki, Cavabdeh1 Bakı İnzibati Məhkəməsində Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı (maraqlı şəxs-İddiaçı MMC) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırıb, ona görə iş üzrə icraat dayandırılmalıdır. Lakin bununla bağlı məhkəməyə yazılı vəsatət vermədən və yaxud məhkəmə tərəfindən vəsatətin surəti onlara təqdim olunmadan, elektron məhkəmə sisteminə həmin vəsatət yerləşdirilmədən, belə bir inzibati işin icraata götürülübgötürülmədiyini məhkəmə araşdırmadan, iddiaçının əsaslı etirazını nəzərə almadan işin icraatını dayandırdı. İş üzrə çoxsaylı cavabdehlər olsa da, lakin yalnız bir cavabdeh- Cavabdeh1 vəsatəti ilə işin icraatın dayandırılmasını iddiaçı əsassız və qanunsuz hesab edir. Məhkəmə tərəfindən digər cavabdehlərin fikri soruşulmadan, onların etiraz etdiklərini və ya razı olduqlarını araşdırmadan, Cavabdeh1 işini ayrı icraata ayırmadan işin icraatının dayandırılması əsassızdır. Cavabdehlərdən birinin Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsində iddia qaldırması hazırki mübahisənin dayandırılmasına heç bir əsas yaratmır. Həmin sərəncamla Bakı şəhəri, Nəsimi rayonu, Vəzirov, Sarabski və Ş.Abdullayev küçələrin kəsişməsində yerləşən ümumilikdə 0.7486 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir, Cavabdeh1 mülkiyyətində və ya istifadəsində heç bir torpaq sahəsi yoxdur. Yəni tərəfin həmin sərəncamı mübahisələndirilməsi üçün heç bir hüquqi əsası yoxdur. Məhkəmə hazırki qərardadında Bakı İnzibati Məhkəməsinin işin icraata götürülməsi haqqında qərardadına istinad etmədən (çünki belə bir qərardad hazırda yoxdur), yəni tərəfin sadəcə məhkəməyə iddia ərizəsi təqdim etdiyini, inzibati məhkəmələrdə əvvəlcə ərizənin mümkünlük məsələsinə baxılıb mümkün sayılıb-sayılmaması barədə qərardad qəbul edildikdən sonra işin icraata götürülüb-götürülmədiyini bəlli olacağını nəzərə almadan (gözləmədən) işin icraatını əsassız olaraq dayandırmışdır. Prosessual normaya görə “inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş” olduğu təqdirdə, hazırda inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş yoxdur, sadəcə tərəfin iddia ərizəsi var, həmin iddia ərizəsinin mümkün sayılıbsayılmaması məlum deyildir. Məhkəmənin təkcə cavabdeh - Cavabdeh1 vəsatəti ilə işin icraatın dayandırılması nəticəsinə gəlməsi qeyri-obyektiv olmuş və ədalətli deyildir. Hazırki cavabdehin təkbaşına Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 saylı, xx.xx.2023-cü il tarixli addan-ada keçirilməsi haqqında sərəncamının ləğv edilməsi tələbinin heç bir perspektivi olmadığını, sərəncamla ayrılmış ərazidən 100-dən yuxarı ailənin köçdüyünü, mənzillərin söküldüyünü, ərazidə tikiləcək 2 binadan artıq birinin inşasının iddiaçı tərəfindən tam başa çatdığını, cavabdehin mülkiyyətində, sahibliyində, istifadəsində heç bir torpaq sahəsi olmadığını, yalnız paylı mülkiyyət üzrə mənzil sahəsinin payçısı olduğunu, digər payçıların belə bir tələb irəli sürmədiklərini nəzərə almamış, bundan başqa Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ev 46-nın bütün mülkiyyətçilərinin razılaşaraq müqavilə bağladıqlarını, mənzillərinin söküldüyünü, yalnız ev 46, 2 saylı mənzilin paylı mülkiyyətçilərinin (hazırki iş üzrə cavabdehlər) ərazidə qaldıqları kimi faktları nəzərə almamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3307/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 22 fevral 2023-cü il tarixli 23 nömrəli Sərəncamının iddiaçıya münasibətdə etibarsız hesab edilməsi üçün öhdəliyinin Bakı Şəhəri İcra Hakimiyyətinə həvalə edilməsi” tələbinə dair 2-1(112)-12592/2025 nömrəli iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, hazırki işə baxıla bilməz. Belə ki, həmin iş üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktında müəyyən ediləcək faktlar hazırki mübahisənin həll edilməsində preyudisial əhəmiyyət kəsb edəcək, həmin işin nəticəsindən asılı olaraq hazırkı işin taleyi həll olunacaqdı Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hərhansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İş materiallarında olan iddiaçı Cavabdeh1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 22 fevral 2023-cü il tarixli 23 nömrəli Sərəncamının iddiaçıya münasibətdə etibarsız hesab edilməsi üçün öhdəliyinin Bakı Şəhəri İcra Hakimiyyətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, ərizə xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. (d/o 2-1(112)- 12592/2025). İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 saylı, xx.xx.2023-cü il tarixli addanada keçirilməsi haqqında Sərəncamına istinad etməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırki mübahisənin predmetini təşkil edən İddiaçı MMC-yə torpaq sahəsinin ayrılmasına dair sərəncam mübahisələndirildiyindən və icraata qəbul edildiyindən hazırki mülki işə baxılması ədalətli məhkəmə araşdırması prinsipinin pozulması ilə nəticələnə bilər. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (maraqlı şəxs- İddiaçı MMC) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair 2-1(112)-12592/2025 nömrəli inzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə baxarkən şikayətinin dəlillərini araşdırmaqla müfəssəl qiymət vermiş və Məhkəmə Kollegiyası həmin əsaslandırma ilə razılaşaraq prosessual qənaət baxımından yenidən həmin əsaslandırmanın təkrarlanmasına zərurət görmür. Bununla belə Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının tələbi xx.xx.2023-cü il tarixli sərəncama əsaslanır, çünki yeni yaşayış binaların tikintisi üçün torpaq sahəsi məhz həmin sərəncama əsasən iddiaçının istifadəsinə verilmişdir. Cavabdehlərdən biri isə həmin sərəncamın qüvvədə olub-olmadığını inzibati məhkəmədə mübahisələndirmişdir. Burada əsas hüquqi sənədin (sərəncamın) hüquqi taleyi həlledici əhəmiyyət kəsb edir və digər cavabdehlərin həmin sərəncamı mübahisələndirməməsi onların bu sərəncamla razılaşması anlamına gəlmir. Digər tərəfdən əgər mülki işin həlli digər işin nəticəsindən asılıdırsa, məhkəmə icraatı dayandıra bilər. Bu halda, mülki işin nəticəsi birbaşa inzibati məhkəmədə baxılan sərəncamın qanuniliyindən asılıdır, çünki sərəncamın ləğv edilməsi halında, iddiaçının iddiasının hüquqi əsası da ortadan qalxacaqdır. Həmçinin qeyd edilməlidir ki, əsas sənədin (sərəncamın) hüquqi taleyi müəyyən edilmədən mülki işin davam etdirilməsi ədalətli mühakiməyə zidd olardı, eyni zamanda inzibati məhkəmədə sərəncamın ləğvi halında, mülki işdə də iddianın rədd edilməsi məntiqi nəticə olardı. Əks halda, məhkəmə resurslarının səmərəsiz istifadəsinə səbəb ola bilər. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsindən görünür ki, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki mülki iş inzibati işin nəticəsindən birbaşa asılıdır və həmin iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi baxımından şikayətin dəlilləri əsassız olmuşdur. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3307/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-399 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3307/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-5538/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5538/2025
06.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver