Məhkəmə qərarları › İş №2(103)-5540/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5540/2025

16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5540/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Usmanovnanın “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X9 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Ərizəçi Usmanovna və onun nümayəndəsi-vəkili Vəkil, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Usmanovnanın doğumun “qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1240/2025 saylı 30 yanvar 2025-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-4922/2024 saylı qətnaməsinə əsasən xx.xx.1988-ci il tarixdə anadan olmuş X5 ölmüş elan edilmişdir.

2. AR ƏN X1 Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən xx.xx.2025-ci il tarixdə təqdim edilmiş yazılı məlumatda isə ərizəçinin qızının doğumu haqqında hər hansı məlumatın əks olunmaması göstərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Ərizəçi ölmüş (şəhid olmuş) qızı xx.xx.1998-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnamə verilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 xx.xx.1988-ci il tarixdə Şuşa şəhərində anadan olmasına dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il təvəllüdlü qızı xx.xx.1992-ci il Xocalı sakinləri kimi onunda ailəsi faciə qurbanı olmuşdur. O, Xocalıdan sağ qalan digər sakinlər kimi ailəsin məxsus sənədləri çıxara bilməmişdir. Arxivdə də heç bir sənəd qalmamışdır. Qızının doğum haqqında şəhadətnaməsini nə arxivdən, nə də Xocalı rayon İcra Hakimiyyətindən əldə edə bilməmişdir.

6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 bildirmişdir ki, ərizəçi 1988-ci ildə ailəsi ilə birlikdə kəndə gəlmişlər. Ərizəçi gələndə bir oğlu və bir qızı var idi. Qızın neçə yaşı olduğunu dəqiq bilmirdi.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 bildirmişdir ki, ərizəçi 1988-ci ildən ailəsi ilə birlikdə onlarla qonşu olmuşdur. Ərizəçinin əri Xocalıda kəndin müdafiəsində könüllü olaraq iştirak etmiş, sonradan isə ondan xəbərləri olmamışdır. xx.xx.1992-ci il tarixdə ərizəçinin ailəsi ilə birlikdə yaşadığı ev erməni qoşunları tərəfindən vurulmuşdu. Ərizəçi 1988-ci ilin may-iyun aylarında onların kəndinə gələndə onun bir oğlu, bir qızı var idi.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1240/2025 saylı 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək X2 xx.xx.1988-ci il tarixdə Şuşa şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi; doğum haqqında şəhadətnamədə X2 atası X8, anası Ərizəçi Usmanovna qeyd edilməsi qət edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi qızının doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.1 və 46.3-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.3 və 308-ci maddələrinə; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1240/2025 saylı 30 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və ərizənin rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə ərizədə şəxsin müəyyən vaxtda, müəyyən yerdə anadan olmasını əsaslı edən hallar (sübutlar) göstərilməmişdir. Nəzərə alınsa ki, məhkəmə qətnamədə sübut qismində ancaq şahid ifadələrinə əsaslanır, heç bir şahid öz izahatında F.Kupriyevanın 1988-ci il 16 sentyabr tarixində Şuşa şəhərində anadan olması barədə məlumat verməmişdir. Hal-hazırda Ərizəçi əri R.Kupriyevə və qızı F.Kupriyevaya görə də şəhid ailəsi üzvü kimi Prezident təqaüdünün təyin edilməsi üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi, sözügedən qətnamə Mərkəzi Filialın maraqlarına toxunur. Qanunvericilik isə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də yekun məhkəmə qərarını mübahisələndirmək hüququnu tanımışdır. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, Ərizəçi hal-hazırkı iş üzrə qızının xx.xx.1988-ci il tarixdə Şuşa şəhərində anadan olduğunu iddia edir. Lakin, Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2-1009/2005 nömrəli iş üzrə verdiyi izahatlarda Ərizəçi 1989-cu il tarixdə Fərqanə şəhərindən ancaq oğlu Səidlə qaçdığını və Şuşa şəhərində məskunlaşdığını qeyd etmiş və qızı barədə məlumat verməmişdir. Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)- 841/2024 nömrəli iş üzrə isə Ərizəçi 1989-cu il tarixində əri və oğlu ilə Xocalıya gəldiklərini və sonra qızının Azərbaycanda anadan olduğunu bildirmişdir. Xətai Rayon Məhkəməsinin icraatında olmuş e-2(011)-4922/2024 nömrəli iş üzrə ərizəsində isə qızının 1988-ci il tarixdə doğulduğunu, lakin oğlu və əri R.Kupriyevlə birlikdə 1989-cu il tarixdə Xocalı şəhərinə gəldiyini qeyd etmişdir. Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)- 5962/2024 nömrəli iş üzrə isə Ərizəçi verdiyi izahatlarda qızı Fatimə Kupriyevanın 1985-ci il tarixdə doğulduğunu bildirmişdir. Sözügedən iş üzrə verilən şahid izahatlarında uyğunsuzluq və ziddiyyətlər mövcuddur. Bu isə, iş üzrə qəbul edilmiş yekun qətnamənin əsaslılığını birbaşa şübhə altına alır. Belə ki, hal-hazırkı iş üzrə X4 izahatında 1988-ci il tarixdə kəndə gəldiklərini və gələrkən bir qızı və bir oğlu olduğunu qeyd etmişdir. Lakin, Ərizəçi digər işlər üzrə verdiyi izahatlarda 1989-cu il tarixdə Fərqanə hadisələri zamana Azərbaycana köçdüyünü bildirmişdir. X3 izahatında1988-ci il tarixdən Ərizəçi ilə qonşu olduqlarını qeyd etmişdir. Həmçinin, o bildirmişdir ki, ərizəçi 1988-ci ilin may-iyun aylarında onların kəndinə gələndə onun bir oğlu və bir qızı vardı. Baxmayaraq ki, sözügedən məhkəmə qətnaməsinə əsasən F.Kupriyevanın 1988-ci ilin sentyabr ayında Şuşa şəhərində doğum faktı təsdiq edilmişdir, amma şahid 1988-ci ilin may və iyun aylarında F.Kupriyevanın artıq anadan olduğunu qeyd etmişdir. Şahid M.Mehrəliyev 2(011)- 5962/2025 nömrəli iş üzrə verdiyi izahatda iddiaçını 1992-ci ildən tanıdığını bildirmişdir. O, digər işlər üzrə verdiyi izahatlarda isə Ərizəçi 1989-cu ildə gələn mesxeti türklərindən olduğunu qeyd etmişdir. Nəzərə alınsa ki, hal-hazırda mübahisələndirilən qətnamə sübut qismində ancaq şahid ifadələrinə əsaslanır, şahidlərin izahatı arasındaki ziddiyyətlərə hakim tərəfindən qiymət verilməmişdir. Üstəlik, qətnamə ilə F.Kupriyevanın 1988-ci ilin 16 sentyabr tarixində Şuşa şəhərində doğum faktı təsdiq edilsə belə, anadan olma tarixi və yeri barədə şahid izahatlarında məlumat verilməmiş, əlavə sübut təqdim olunmamışdır. Ərizəçi sadalanan işlər üzrə qeyri-müəyyən izahatlar verməsi, sözügedən qətnamə üzrə şahid ifadəsində ziddiyyətlərin olması, məhkəmə tərəfindən lazımi dövlət orqanlarına sorğu verilməməsi Ərizəçiın övladının xx.xx.1988-ci il tarixdə anadan olması faktı ilə bağlı əsaslı şübhələr yaradır. Sadalanan faktiki hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və bu da işin hallarına uyğun olmayan məhkəmə qətnaməsinin qəbuluna gətirib çıxarmışdır. Bir daha aydın olur ki, tərəfindən təqdim edilən sübutlarla birinci instansiya məhkəməsinin qətnaməsinin əsassızlığı öz təsdiqini tapır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin qəbulu üçün əsas olan halların aydınlaşdırılmaması və sübutlarla öz təsdiqini tapmaması maddi və prosessual hüquq normalarına zidd olan qətnamənin qəbulu ilə nəticələnmişdir. Həmçinin, Ərizəçi şəhid ailələrinə verilən güzəşt və imtiyazlardan xəbərdar olduğu halda, 30 ildən çox vaxt keçdikdən niyə indi məhkəməyə müraciət etməsi halı belə sual yaradır. Çünki, iddiaçı oğluna görə şəhid ailəsi üzvü kimi təqaüd alırdı və o ona veriləcək güzəştlərdən artıq xəbərdar idi. Bu 30 il müddət ərzində iddiaçının hansı səbəbə məhkəməyə müraciətinin olmaması yaranmış şübhələri daha da gücləndirir. Məhkəmə bu halları araşdırmadan, yanlış olaraq ərizənin təmin ediləcəyi qənaətinə gəlmişdir. Həmçinin, birinci instansiya məhkəməsi çəkişmə prosesinin tərəflərin bərabərliyinə əsaslanan prinsipinə zidd olaraq, maraqlarına toxunduğu halda Mərkəzi Filialı məhkəmə icraatına cəlb etməmişdir.

13. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1240/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 1240/2025 nömrəli qətnaməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hüquq və vəzifələrinə toxunması müəyyən edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1240/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmədi qərara alınmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi Usmanovna və onun nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə ilə maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin rədd olunması xahiş olunur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

21.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 22.14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

25. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 26.217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 27.218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 28.305.1.1-ci və 307.2.3-cü maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 29.308-ci və 311-ci maddələrinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı Qərarında məhkəmələrə tövsiyə olunmşdur ki,

30. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn, X1 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə prosessal hüquq normaları düzgün tətbiq edilməmişdir.

32. İş materiallarından görünür ki, ərizəçi qızı X2 xx.xx.1988-ci il tarixdə Şuşa şəhərində doğulmasının qeydə alınması faktının müəyyən edilməsini xahiş edir. Ərizəçinin bu tələbi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə aiddir.

33. Prosessual qanunvericiliyin mənasına görə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında o faktlar müəyyən edilə bilər ki, belə faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın.

34. Belə ki, müvafiq qanunvericiliyə görə, məhkəmə qaydasında MPM-nin 307.2.3-cü maddəsində nəzərdə tutulan faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn, X1 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

35. Hazırkı halda da müəyyən olunması tələb edilən fakt, ərizəçi üçün hüquqi əhəmiyyət kəsb edir. Yəni bu fakt təsdiq olunduğu halda, ərizəçiyə şəhid ailəsinin üzvü kimi Prezident təqaüdünün təyin edilməsi mümkün olacaqdır. Bu cür hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi mümkünlüyü MPM-nin 307.2.3-cü maddəsində nəzərdə tutulmuşdur. Belə ki, MPM-nin həmin maddəsinə görə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.

36. Bununla belə işin materiallarına əsasən ərizəçi tərəfindən müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən, tələbi müəyyən edən faktlar və hallarla əlaqədar olan sübutların məhkəməyə təqdim edilmədiyi müyyən edilmişdir.

37. Belə ki, doğumun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlar və hallarla əlaqədar olan yazılı sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların mövcud olmaması halında, ifadə verən şahidlərin ərizəçi ilə eyni ərazidə birgə yaşamaları, məhkəmədənkənar qaydada bərpa olunması mümkün olmayan qeydlərin əvvəllər mövcud olması barədə məlumat verə bilmə imkanlarına xüsusi diqqət yetirilməlidir.

38. Baxılan işin materiallarından isə görünür ki, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan şəxs qismində dindirilmiş X6 və X7 ifadələrində ərizəçinin qızı Fatimə Kupriyevanın 1988-ci il 16 sentyabr tarixində Şuşa şəhərində anadan olması, habelə X1 dövlət qeydiyyatını aparan orqan tərəfindən bu barədə müvafiq qeydiyyatın aparılması faktı ilə bağlı hər hansı konkret məlumat verməmişlər.

39. Belə ki, X3 isə izahatında 1988-ci il tarixdən Ərizəçi ilə qonşu olduqlarını qeyd etmiş, həmçinin bildirmişdir ki, ərizəçi 1988-ci ilin may-iyun aylarında onların kəndinə gəldikdə onun artıq bir oğlu və bir qızı olmuşdur. X4 izahatında 1988-ci il tarixdə kəndə gəldiklərini və həmin vaxt ərizəçinin bir qızı və bir oğlunun olduğunu qeyd etmişdir.

40. İş materiallarına əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 2-1009/2005 nömrəli iş üzrə verdiyi izahatlarda ərizəçi 1989-cu il tarixində yalnız oğlu Səidlə Fərqanə şəhərindən qaçdığını və Şuşa şəhərində məskunlaşdığını qeyd etsə də, qızı barədə hər hansı məlumat verməmişdir.

41. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-841/2024 nömrəli iş üzrə isə ərizəçi 1989-cu il tarixində əri və oğlu ilə Xocalıya gəldiklərini, sonradan isə qızının Azərbaycan Respublikasının ərazisində anadan olduğunu bildirmişdir.

42. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş e-2(011)-4922/2024 nömrəli iş üzrə ərizəçi verdiyi ərizədə qızı Fatimə Kupriyevanın 1988-ci il tarixdə doğulduğunu, lakin oğlu və əri Roman Kupriyev ilə birlikdə 1989-cu il tarixdə Xocalı şəhərinə gəldiyini qeyd etmişdir.

43. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-5962/2024 nömrəli iş üzrə isə ərizəçi verdiyi izahatlarda qızı Fatimə Kupriyevanın 1985-ci il tarixdə doğulduğunu bildirmişdir.

44. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin təqdim etdiyi sübutlara hər hansı formada hüquqi qiymət vermədən, yəni X2 xx.xx.1988-ci il tarixdə Şuşa şəhərində doğumunun qeyd edilməsi faktının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün ərizəçinin tələblərini müəyyən edən faktlar və hallarla əlaqədar olan sübutların olubolmamasını, bu faktın təqdim edilmiş sübutlarla təsdiq edilib-edilməməsini xüsusi olaraq araşdırmadan hüquqi əhəmiyyəti olan faktın varlığı barədə nəticəyə gəlmişdir.

45. Məhkəmə mübahisələndirilən qətnamədə sübutları sadalamaqla kifayətlənmiş, bu sübutların, o cümlədən şahid ifadələrinin məzmununu təhlil etməmiş, onlar arasında qarşılıqlı əlaqəni araşdırmamış, ərizəçinin istinad etdiyi sübutlara prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə hüquqi qiymət vermədən ərizənin əsaslı olması nəticəsinə gəlmişdir. Halbuki məhkəmə ərizənin təmin olunub-olunmaması məsələsini həll edərkən ərizəçinin tələblərini təsdiqləyən yazılı və maddi sübutlara, xüsusilə də şahid ifadələrinə müvafiq hüquqi qiymət verməlidir.

46. Mülki işin materiallarından isə müəyyən edilir ki, ərizəçi, qızı X2 xx.xx.1988-ci il tarixdə Şuşa şəhərində doğumunun qeyd edilməsi faktının mövcudluğunu təsdiq edən, tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan mötəbər və təkzibedilməz sübutları məhkəməyə təqdim edə bilməmişdir.

47. Qeyd olunmalıdır ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı).

48. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarlar).

49. Mülki prosessual qanunvericilikdə xüsusi icraat üçün müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, hüquqi faktın müəyyən edilməsi ilə əlaqədar məsələlərin məhkəmələr tərəfindən obyektiv araşdırılması, ərizəçinin müvafiq hüquqi nəticənin əldə olunması üçün irəli sürdüyü bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi iş üzrə qəbul edilmiş məhkəmə aktlarının prosessual qanunvericiliyin tələblərinə uyğunluğu baxımından xüsusilə vacibdir.

50. Beləliklə də, kollegiya birinci instansiya məhkəməsinin yol verdiyi prosessual hüquq normasının pozuntusunu nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1240/2025 saylı 30 yanvar 2025-ci il tarixli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək Ərizəçi Usmanovnanın “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair əizəsi rədd edilməlidir.

51. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1240/2025 saylı 30 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi Usmanovnanın “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair əizəsi rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar