Məhkəmə qərarları › İş №2(103)-5541/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5541/2024

16.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5541/2024 16.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı (Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi, Hüseynov Rəsul Hidayət oğlu, X8 və “X17” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı (Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi, Hüseynov Rəsul Hidayət oğlu, X8 və “X17” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(004)-2365/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/10 nömrəli qərardadına əsasən İddiaçı ASC ilə “X17” MMC arasında xx.xx.2010-cu il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş və həmin sazişə əsasən bir sıra mənzillərlə yanaşı, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində yerləşən 1 saylı binanın 21-ci mərtəbəsində yerləşən 158 saylı mənzil də İddiaçı ASC-nin sərəncamına verilmişdir. Həmin qərardadın icrası qaydasında qeyd edilən mənzil (yeni qapı qoyulmaqla, açarları ilə birlikdə) Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı ASC-yə təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı qətnaməsi ilə iddiaçı Hüseynov Rəsul Hidayət oğlunun cavabdeh “X17” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası qismən təmin edilməklə, Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı, 158 nömrəli mənzili iddiaçı Hüseynov Rəsul Hidayət oğluna təhvil verilmiş və həmin mənzillə bağlı ona münasibətdə maneələrin yaradılması cavabdeh “X17” MMC-yə qadağan edilmişdir. Həmin qətnamənin icrası çərçivəsində bu mənzil Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən Hüseynov Rəsul Hidayət oğluna təhvil verilmiş və bu barədə xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Lakin bundan sonra həmin qətnamədən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9641/2021 nömrəli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Hüseynov Rəsul Hidayət oğlunun iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(102)-2875/2022 saylı qərarı ilə bu nəticə ilə razılaşaraq, iddiaçı Cavabdeh kassasiya şikayətini təmin etməmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 398/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı ASC-nin cavabdeh Hüseynov Rəsul Hidayət oğluna qarşı (Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “cavabdehin ailə üzvləri ilə birlikdə “X17” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və boşaldılmış şəkildə İddiaçı ASC-nə təhvil verilməsi” tələbinə dair iddiası iddianın əsl olmayan cavabdehə qarşı qaldırılması əsası ilə təmin edilməmişdir.

3. Satıcı “X17” MMC ilə alıcı X8 arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqaviləyə əsasən satıcı Bakı şəhəri, Yeni yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 21-ci mərtəbəsndə ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin müqavilə üzrə müəyyən edilmiş ümumi dəyərini təşkil edən 48.150 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X17” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində yerləşən 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və boşaldılmış şəkildə İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, Hüseynov Rəsul Hidayət oğlunun xeyrinə çıxarılmış, lakin sonradan apellyasiya instansiyasında ləğv edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən həmin mənzil xx.xx.2019-cu il tarixli aktla guya boş və təmirsiz vəziyyətdə Hüseynov Rəsul Hidayət oğluna təhvil verilmişdir. Lakin, bundan öncə xx.xx.2018-ci il tarixli aktla həmin mənzil İddiaçı ASC-yə təhvil verilmiş və bank ora qapı qoyaraq, mənzili mühafizə altına almışdır. Ləğv edilmiş qətnamə üzrə icra vərəqəsi verildiyindən icra işinə xitam verilmişdir. Hüseynov Rəsul Hidayət oğlu həmin mənzili könüllü şəkildə Banka təhvil verməkdən imtina etmişdir. Bu səbəbdən Bank tərəfindən Hüseynov Rəsul Hidayət oğluna qarşı iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə icraat zamanı Banka məlum olmuşdur ki, Hüseynov Rəsul Hidayət oğlu həmin mənzili xx.xx.2019-cu il tarixli mənzilin alqı-satqısına dair ilkin müqavilə əsasında xx.xx.2049-cu il tarixə kimi ona Çıxarış almaqla Cavabdeh satmağı öhdəsinə götürmüş və buna görə Notariusun depozit hesabı vasitəsilə 48.150 manat pul almış və mənzili Cavabdeh təhvil vermişdir. Hüseynov Rəsul Hidayət oğlunun xeyrinə çıxmış qətnamə iddia tələblərinin təmin edilmiş hissəsində ləğv edildiyindən və iddia tələbləri rədd edildiyindən, habelə xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı qətnamə qəbul edilən vaxt artıq cavabdeh “X17” MMC-nin Bakı şəhəri, Yasamal rayonu,Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m.dən ibarət olan 3 otaqlı 158 saylı mənzili Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010cu il tarixli, 2-1(103)-345/2010 saylı İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixli Aktla İddiaçı ASC-yə təhvil verildiyindən, hal-hazırda orada yaşayan Cavabdeh ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Belə ki, İddiaçı ASC sözügedən mənzilə faktiki sahiblik edərkən qanunsuz olaraq ora müdaxilə edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2365/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh onunla birgə yaşayan ailə üzvləri ilə birlikdə “X17” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması, həmin mənzilin boşaldılmaqla İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir (hakim X10).

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “mübahisə predmeti olan mənzilə mülkiyyət hüququ İddiaçı ASC-yə məxsusdur. Bu səbəbdən iddia tələbi əsaslıdır və mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir.

8. Məhkəmə cavabdeh tərəfin müdafiə arqumentlərinə münasibətdə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2- 1(103)-345/10 nömrəli qərardadına əsasən verilmiş icra sənədi üzrə pulun icrası təmin edilməmiş, İddiaçı ASC tələbkar kimi öz hüququndan istifadə etməklə mənzilə mülkiyyət hüququ əldə etmişdir. Bu səbəbdən cavabdehə izah edilməlidir ki, ona vurulmuş zərərlə (iddia olunan) bağlı müvafiq şəxslərə qarşı məhkəmədə iddia qaldırmaq hüququ vardır.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/10 nömrəli qərardadı ilə “X17” MMC-nin İddiaçı ASC-yə 1.315.091 avro borcu var. Həmin borcun ödənilməsi üçün qərardadın 1-ci bəndində göstərilən mənzillər, qeyri-yaşayış sahələri və qarajlar satılaraq, 2-ci bəndində göstəilən pul məbləğləri yığılaraq 50/50 nisbətində tərəflər arasında bölünməli və yalnız həmin məbləğlər borcu (1,315,091 avro) bağlamağa kifayət etdiyi təqdirdə yerdə qalan satışdan əldə olunan məbləğ “X17” ASC-nin sərəncamına verilir. Həmin icra vərəqi bu günki günə qədər icra olunmamış qalmışdır. Məhkəmənin istinad etdiyi, icra məmuru tərəfindən tərtib olunmuş akt mənzilin İddiaçı ASC-yə təhvil verilməsini təsdiq etsə də, bu akt İddiaçı ASC-də mənzilə mülkiyyət hüququ yaratmamışdır. Eyni zamanda, bu günki günə qədər xx.xx.2010-cu il tarixli, 2-1(103)- 345/10 nömrəli qərardadın icra olunmaması tərəflərdə və maraqlı şəxslərdə (belə maraqlı şəxslərdən biri də Cavabdehdur, məlum qərardadda satılaraq əldə olunan məbləği İddiaçı ASC ilə “X17” MMC arasında bölünməli olan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsi, bina 1, mənzil 158-in faktiki sahibi) naməlumluq yaradır. Belə ki, təqribi hesablamalara görə yalnız qarajların və qeyri-yaşayış sahələrinin bir hissəsinin satılması həmin borcun ödənilməsinə kifayət edə bilər. Binada yerləşən qarajlar, qeyri-yaşayış sahələri satılaraq “X17”in İddiaçı ASC-də olan 1,315,091 avro borcu bağlanacağı təqdirdə ona qarşı mənzil (mənzilin boşaldılması) tələbi öz hüquqi əsasını və əhəmiyyətini itirəcək. Çünki “X17” barədə icra hərəkətləri tamamlanmış olacaq. Qərardadın icrası ilə bağlı hazırki hal məhkəmə iclasında onun nümayəndəsi tərəfindən izah olunaraq, mülki işin bütün həqiqi hallarının müəyyən edilməsi, o cümlədən qərardadın icrası çərçivəsində icra hərəkətləri nəticəsində Cavabdeh məxsus mənzilin satılıbsatılmayacağının aydınlaşdırılması məqsədi ilə Yasamal Rayon İcra şöbəsinin icra məmurunun məhkəmə iclasına çağrılması barədə vəsatət verilmiş, vəsatət təmin edilsə də icra məmuru naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. İcra məmuruna məhkəmə tərəfindən bildiriş göndərilib-göndərilməməsi barədə məlumat yoxdur. Nəticə etibarı ilə həmin icra işi ilə əlaqədar Yasamal rayon İcra şöbəsinin icra məmurunun iştirakı təmin edilməlidir. Məhkəmə icraçısının məhkəmə iclasında iştirakının təmin edilməməsi ciddi prosessual pozuntu olmuş və iş üzrə obyektiv, işin bütün həqiqi hallarını aşkar edərək, qanuni nəticəyə gəlməyə mane olmuşdur. Bu səbəbdən həmin icra məmurunu apellyasiya instansiyasında izahat verməsi ədalətin və qanuniliyin bərpa olunmasına kömək edəcəkdir. Bu hal araşdırılmadan qətnamə qəbul edilməsi onun mülki-prosessual məcəllə ilə qorunan hüquqlarını pozmuşdur. İş materiallarından göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət hüququnu yaradan sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olduğu təqdirdə iddiaçının iddia ərizəsində irəli sürdüyü tələb mülkiyyət hüququnu təsdiq edən sənəd olmaması səbəbindən təmin edilə bilməz. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı hüquqi şəxsdir və həmin mənzil hüquqi şəxsə yaşayış olmaması səbəbi əsası ilə verilə bilməz. Hüquqi şəxs daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməklə yiyələnə bilər. Göstərilənlər, o cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2.1-ci maddəsinin, Mülki Məcəllənin 152-ci maddəsinin tələblərinin düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Məhkəmə tərəfindən İddiaçı ASC-nın mülkiyyət hüququnun olması sübuta yetirilmədiyi halda iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul olunmuşdur. Məhkəmə iddiaçıya mülkiyyət hüququnu təsdiq edən sənədi əldə edərək, məhkəməyə müraciət olunmasını bildirməli idi. Mənzilin icra aktı ilə İddiaçı ASC-yə təhvil verilməsi mülkiyyət hüququnu əvəzedən sənəd deyildir. Vətəndaşın vicdanlı alıcı olaraq məskunlaşdığı mənzil, yalnız həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməklə mənzildə məskunlaşan vətəndaşın ailəsinin həmin mənzildən çıxarılma barədə qərar qəbul oluna bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 mübahisəli mənzilin iddiaçı və ya cavabdehə deyil, həqiqətdə X5 məxsus olduğunu, bu halın onunla “X17” MMC arasında xx.xx.2009- cu il tarixdə bağlanmış müqavilə və bu müqavilə üzrə mənzilin müəyyən edilmiş dəyərinin onun tərəfindən ödənilməsini təsdiq edən həmin tarixli maliyyə arayışı ilə təsdiq edildiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirakı İddiaçı ASC tərəfindən təmin edilmiş şahid X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binada mənzillərin satışı ilə məşğul olmadığı üçün mülki iş üzrə iştirakçıların heç birini tanımır. O, həmin binanın tikilməsi ilə bağlı işləri icra etmişdir. Satış işləri ilə Qədirov Aqil adlı şəxs məşğul olmuşdur. 2016-cı ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 160 mənzilə dair 370 müqavilə aktlaşdırılaraq möhürlə birlikdə götürülmüşdür. Mənzillərin alqı-satqısı barədə müqavilələrin 95 faizini X14 Elnurun yerinə imzalamış və bunu istintaqda etiraf etmişdir. Binada yerləşən mənzillərin nömrələri yoxdur, müqavilələrin bəzilərində mənzillər “sağdan sola”, bəzilərində “soldan sağa” sayılaraq eyniləşdirilmiş və bir mənzil bir neçə şəxsə satılmışdır. Eyni zamanda, verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli mənzillə bağlı 2 dəfə müvafiq icra şöbəsinin icra məmuru gəlmiş, bir dəfə Hüseynov Rəsul Hidayət oğlu, bir dəfə isə İddiaçı ASC-nin nümayəndəsi ilə birlikdə gəlmişdir. Hüseynov Rəsul Hidayət oğlunu binanın həyətində görmüşdür. Bu şəxs binanın 21-ci mərtəbəsində yerləşən mənzilə dair müqavilə bağladığını və mənzili Aqil Qədirovdan aldığını bildirmişdir. Binada olan mənzillərdən 21 və ya 23 ədədi İddiaçı ASC-yə aiddir. Lakin bu mənzillər barədə dəqiq məlumat verə bilmir. Mənzillərin bir çoxunda yaşayış var. “X18” MMC-nin İddiaçı ASC-yə yüksək məbləğdə kredit borcu var. Lakin cəmiyyətin mülkiyyətində qalan əmlaklar İddiaçı ASC-yə olan borcun ödənilməsi üçün kifayət etmir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən üçüncü şəxslər “X17” MMC (məhkəmə kollegiyasının təşəbbüsü ilə işə cəlb edilmişdir) və Bakı şəhəri Yasamal rayon İcra şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs Hüseynov Rəsul Hidayət oğlu (məhkəmə kollegiyasının təşəbbüsü ilə işə cəlb edilmişdir) isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə üçüncü şəxslərin (onların nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər; 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər; 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1.-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 387.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5541/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2365/2024 nömrəli qətnaməsi “Cavabdeh ilə birgə yaşayan ailə üzvlərinin “X17” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzildən çıxarılması” hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

23. Bu səbəbdən apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunsa da, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5541/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı da nəzərə alınmaqla qətnamə yalnız “cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi” hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edərkən prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsi qətnaməsi bu əsasla ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia yoxlanılan hissədə təmin edilməlidir.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən Plenumun qərarında sərgilənən mövqeyi rəhbər tutaraq hazırki apellyasiya şikayətinin dəlili kimi göstərilməsə də, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.

27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2024-cü il tarixdə X8 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixdə işə məhkəmə iclasında baxılan zaman (məhkəmə baxış iclasında) bu şəxsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmiş və həmin tarixdə də mülki iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir.

28. Lakin bu şəxsin hazırki mübahisəyə hansı qaydada aidiyyətinin olduğu, irəli sürülmüş tələblərin onun hansı hüququna toxunduğu müəyyən edilməmiş, ona iddia ərizəsinin təqdim edilməsi, habelə məhkəmə iclasında iştirakının təmin edilməsi üçün hər hansı tədbir görülməmişdir. Qətnamədə həm ona, həm də iş üzrə üçüncü şəxs olan Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə ümumiyyətlə hər hansı istinad yoxdur. Bununla da birinci instansiya məhkəməsi bu məsələləri tənzimləyən prosessual hüquq normalarının tədbiqində səhvə yol vermiş, onların düzgün tədbiqini təmin etməmişdir.

29. Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında mübahisə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində yerləşən 1 saylı binanın 21-ci mərtəbəsində yerləşən 96, kv.m. olan 158 saylı mənzillə bağlı yaranmışdır.

31. İddiaçı həmin mənzilin ona məxsus olduğunu, lakin cavabdehin qanunsuz istifadə və sahibliyində olduğunu iddia edir və cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq, ona təhvil verilməsini tələb edir.

32. Cavabdeh iddianı qəbul etmir, mübahisəli mənzilin xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Hüseynov Rəsul Hidayət oğlu tərəfindən “X19” MMC-dən əldə edildiyini, bundan sonra aralarında bağlanmış xx.xx.2019-cu il tarixli ilkin müqaviləyə əsasən Hüseynov Rəsul Hidayət oğlu tərəfindən onun istifadə və sahibliyinə verildiyini, bu səbəbdən hazırda qanuni əsaslarla mənzildən istifadə və ona sahiblik etdiyini, iddiaçının mənzilin mülkiyyətçisi olmadığını və istinad etdiyi sənədin mənzilin ona təhvil verilməsi üçün hər hansı əsas yaratmadığını bildirir.

33. Məhkəmə kollegiyası mübahisəli mənzillə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı ilə “X17” MMC arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi səbəbindən bu tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və həmin işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman tərəflər arasında bağlanmış barışıq sazişi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 345/10 saylı, xx.xx.2010-cu il tarixli qərardadı ilə təsdiq edilmişdir. Sazişə əsasən yaranmış borcun bir hissəsinin ödənilməsini təmin etmək məqsədi ilə “X17” MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində 0,40 ha torpaq sahəsində inşa edilən 21 mərtəbəli yaşayış binasının “A” blokunda yerləşən bir sıra mənzillər, o cümlədən mübahisəli mənzil İddiaçı ASC-nin istifadəsinə və sərəncamına verilmişdir. Mənzilə dair “X17” MMC ilə Hüseynov Rəsul Hidayət oğlu arasında müqavilə isə bu tarixdən sonra, yəni xx.xx.2012-ci il tarixdə bağlanmışdır.

34. Məhz 33-cü bənddə göstərilən hallar, o cümlədən mənzilə dair İddiaçı ASC ilə “X17” MMC arasında müqavilənin zaman etibarı ilə daha əvvəl bağlanması və ləğv edilməməsi nəzərə alınaraq, “Rabitəbank“ ASC-nin apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 2(103)-9641/2021 nömrəli qətnaməsi ilə həmin mənzilin Hüseynov Rəsul Hidayət oğluna təhvil verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-6092/2018 saylı qətnaməsini ləğv edərək, iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(102)-2875/2022 saylı qərarı ilə bu nəticə ilə razılaşaraq, iddiaçı Hüseynov Rəsul Hidayət oğlunun kassasiya şikayətini təmin etməmişdir.

35. Məhz həmin icraat çərçivəsində müəyyən edilmişdir ki, İddiaçı ASC-nin müqaviləsindən fərqli olaraq Hüseynov Rəsul Hidayət oğlunun müqaviləsində mənzilin nömrəsi (158 nömrəli) göstərilmişdir. Lakin apellyasiya və kassasiya instansiyası məhkəmələri belə qənaətə gəlmişdilər ki, bu hal mənzillərin fərqli olmasını təsdiq etmir. İddiaçı ASC-nin müqaviləsi binanın 21-ci mərtəbəsində yerləşən, hər birinin ümumi sahəsi 96,3 kv.m. olan 2 mənzilə dair bağlanıbdır. Həmin mərtəbədə bu sahədə 3-cü mənzil yoxdur. Bu isə onu təsdiq edir ki, Hüseynov Rəsul Hidayət oğlu ilə bağlanmış müqavilənin predmeti olan mənzil İddiaçı ASC ilə bağlanmış müqavilənin predmeti olan mənzillərdən biridir. Hüseynov Rəsul Hidayət oğlu da bunun əksini sübuta yetirə bilmir. Mənzil dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə Hüseynov Rəsul Hidayət oğlunun müqaviləsindəki nömrə (158) mənzilin rəsmi ünvanını bildirmir. Bu səbəbdən hər iki müqavilənin predmetini eyni mənzil təşkil edir.

36. Bununla belə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin qanuni əsaslarla İddiaçı ASC-yə təhvil verildiyi təsdiq edilməklə, həmin mənzilə dair “X17” MMC ilə Hüseynov Rəsul Hidayət oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir. Bu da öz növbəsində Hüseynov Rəsul Hidayət oğlunun həmin mənzilə münasibətdə hər hansı hüququnun olmasını (yaranmasını) istisna edir.

37. Həm bu, həm də digər səbəblərdən Hüseynov Rəsul Hidayət oğlu ilə Cavabdeh arasında hər hansı formada əldə edilmiş razılıq, o cümlədən bağlanmış ilkin müqavilə sonuncunun mənzilə münasibətdə hər hansı hüququnu yaratmış olmur. Hüquqi nəticə etibarı ilə onun bu mənzildən istifadə etməsi və ona sahiblik etməsi qanunsuzdur. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının həmin mənzili tələb etmək hüququnun olmaması, cavabdehin vicdanlı alıcı olması barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, həm bu, həm də digər, o cümlədən xx.xx.2010-cu il tarixli, 2-1(103)-345/10 nömrəli qərardadın icra olunmaması ilə bağlı dəlilləri əsassız hesab edir və apellyasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlir.

38. Bununla belə, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakdan ixtiyari formada istifadə və ona sahiblik etməsi iddiaçının öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmışdır. Bu səbəbdən mənzilin qanuni sahibi və bu baxımdan mülkiyyət hüququnun əldə edilməsində üstünlük hüququ (bu hüququ əldə etmək üçün real hüquqi gözləntisi) olan iddiaçının hüquqlarının qorunması və bərpa edilməsi, onun bu hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin mənzildən qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalıdır. Bu da öz növbəsində iddianın təmin edilməklə cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsini şərtləndirir.

39. Məhkəmə kollegiyası “boşaldılma” tələbinə yalnız mənzilin cavabdehə məxsus olan bütün əşyalardan azad edilməsi, yəni həmin əşyaların çıxarılması kimi yanaşmır. Nəzərə alınmalıdır ki, “təhvil vermə” tələbi də dolayısı ilə eyni məqsədə xidmət etmiş olur. Belə ki, bu proses də öz reallaşmasından əvvəl təhvil verilməli olan əmlakdan nəinki cavabdehə məxsus bütün əşyaların, həmçinin iddiaçıya aidiyyəti olmayan hər hansı şəxsin ixtiyari səbəbdən həmin vaxt qeyd edilən mənzildə olduğu halda, onların da əşyaları ilə birlikdə çıxarılmasını (orada olmağa hər hansı hüquqi əsası olmayan şəxs olduğundan fiziki olaraq) şərtləndirir. Başqa sözlə, mənzil əşyalardan tam azad şəkildə iddiaçıya təhvil verilməli və mövcud vəziyyətdə bu nəticənin təmin edilməsi məhz cavabdehin üzərinə düşür. Əks halda, mənzildə yeni şəxsin olduğu, habelə həmin və ya hər hansı digər şəxsə məxsus əşyalar müəyyən edildiyi təqdirdə iddiaçı yenə də eyni məzmunlu iddia qaldırmalıdır.

40. Nəzərə alınmalıdır ki, iddiaçı hazırki tələblə ilk olaraq Hüseynov Rəsul Hidayət oğluna qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhz həmin icraat çərçivəsində mənzilin bu şəxsin deyil, cavabdehin istifadə və sahibliyində olduğu müəyyən edilmiş və bu əsasla həmin iddia Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-398/2024 nömrəli qətnaməsi ilə rədd eilmişdir. Bundan sonra iddiaçı eyni (hazırki) tələblə xx.xx.2024-cü il tarixdə cavabdehə qarşı iddia qaldırmışdır. Mübahisəli mənzilin də hazırda məhz cavabdehin qanunsuz istifadə və sahibliyində olduğu müəyyən edilmişdir. Bu baxımdan mənzildən çıxmaqla yanaşı, mənzilin yuxarıda göstərilən qaydada boşaldılması və iddiaçıya təhvil verilməsi öhdəliyini məhz cavabdeh daşıyır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-2365/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia yoxlanılan hissədə təmin edilməli, Cavabdeh “X17” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmalı, həmin mənzil boşaldılmaqla İddiaçı ASC-yə təhvil verilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 2365/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia yoxlanılan hissədə təmin edilsin. Cavabdeh “X17” MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı (indiki Əsəd Əhmədov) küçəsində 1 saylı binanın 21-ci mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 158 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Həmin mənzil boşaldılmaqla İddiaçı ASC-yə təhvil verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar