Məhkəmə qərarları › İş №2(103)-5543/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5543/2024

17.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5543/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası; Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçınə qarşı reyestrdən çıxarışın ləğv, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması, mənzilə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və mənzilin plan-sxeminin onun adına tərtib olunması tələbinə dair işlər üzrə (açar sözlər: mənzilin boşaldılması, reyestrdən çıxarışın ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, Cavabdeh2, onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair, həmçinin, Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və İddiaçınə qarşı reyestrdən çıxarışın ləğv, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması, mənzilə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və mənzilin plan-sxeminin onun adına tərtib olunması tələbləri barədə iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)- 2301/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış 01 sentyabr 2009-cu il tarixli xidmət müqaviləsinə əsasən bu müqavilə ilə icraçı sifarişçiyə məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın təqdim edilməsi, həmçinin idarəsi, satışı, icarəsi üzrə sifarişçiyə vasitəçilik xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində müqavilə ilə müəyyən edilmiş məbləği icraçıya ödəməyi öhdəsinə götürmüşdür.

2. ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası 04 sentyabr 2018-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.

3. "xxxx" MMC (icraçı) ilə Cavabdeh2 (sifarişçi) arasında bağlanmış 19 aprel 2010cu il tarixli müqaviləyə əsasən bu müqavilənin predmetini icraçının müvafiq sənədləşmələrə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi 533- cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda sifarişçiyə satmasından, sifarişçinin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun sifarişçinin ödəniş qrafikinə əsasən ödəməsindən ibarətdir. İcraçının sifarişçi ilə tikintisinə razılaşdığı yer 6 mərtəbə, bir bloklu bina 20 nömrəli mənzilində yerləşməklə razılaşma qiyməti hər kv.m üçün 1450 manat olmaqla, ümumi 162,47 kv.m satış sahəsindən ibarət 3 otaqdan ibarət mənzildir. Həmin müqaviləyə 2 saylı əlavədən görünür ki, sifarişçi hər kv.m 1450 manat olmaqla, mənzilin dəyəri olan 235582 manatı tam və nağd şəkildə sifarişçinin qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

4. Cavabdeh2 tərəfindən 162,47 kv.m satış sahəsindən ibarət mənzil üçün "xxxx" MMC-yə 19 aprel 2010-cu il tarixli qəbzə əsasən 48000 manat (60000 ABŞ dolları), 25 may 2010-cu il tarixli qəbzə əsasən 8000 manat (10000 ABŞ dolları), 21 iyun 2010-cu il tarixli qəbzə əsasən 8000 manat (10000 ABŞ dolları), 21 iyul 2010-cu il tarixli qəbzə əsasən 8000 manat (10000 ABŞ dolları), 13 avqust 2010-cu il tarixli qəbzə əsasən 8000 manat (10000 ABŞ dolları) pul vəsaiti ödənilmişdir.

5. Cavabdeh2 məxsus əmək kitabçasından görünür ki, o, 11 iyun 2007-ci il tarixdə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, 14 iyun 2018-ci il tarixdə AR ƏM-nin 68ci maddəsinin 2-ci hissəsinin c bəndinə (mülkiyyətçinin dəyişməsi ilə əlaqədar) əsasən direktor vəzifəsindən azad edilmişdir.

6. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 07 iyul 2010-cu il tarixli müqaviləyə əsasən icraçı abonentin evində (ünvan 3 ünvanında) 08AZ1010003İ16 saylı qaz sayğacının quraşdırmasına nəzarət etməyi və servis xidməti göstərməyi, abonent isə müvafiq qaydalara uyğun olaraq onu istismar etməyi öhdəsinə götürmüşdür.

7. "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış 21 fevral 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC onunla bağlanmış 19 aprel 2010-cu il tarixli müqavilə üzrə yaranmış 155582 manat borcunu 3 iş günü ərzində ödəməsi barədə xəbərdar etmişdir.

8. "xxxx" MMC tərəfindən Cavabdeh2 ünvanlanmış 05 mart 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" MMC onunla bağlanmış 19 aprel 2010-cu il tarixli müqavilə üzrə 155582 manat borcunu ödəmədiyindən müqavilənin xitam verilməsi və hazırda istifadə etdiyi İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisini həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 6-cı mərtəbədə yerləşən 20 saylı mənzili xx.xx.2024-cü il tarixinədək boşaltması və "xxxx" MMC-yə təhvil verməsi barədə Cavabdeh2 xəbərdar etmişdir.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən İddiaçı MMC-nin adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 20 (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 169, M6, m7) 03 mart 2023-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 20 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M6, m7) ünvanında yerləşən mənzildən Cavabdeh2 və onun ailə üzvlərinin istifadə etməsinə qadağan qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq İddiaçı MMCyə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında 19 aprel 2010-cu il tarixdə bağlanmış müqavilənin şərtlərinə əsasən İddiaçı MMC-nin İ.Qutqaşınlı küçəsi, 533-cü məhəllədə tikintisi həyata keçirdiyi 16 mərtəbəli 60 mənzilli yaşayış binasındakı 6-ci mərtəbəsində yerləşən 20 №-li mənzil "xxxx" MMC tərəfindən Cavabdeh2 satılmışdır. Cavabdeh2 isə öz növbəsində müqavilənin şərtlərinə əsasən "xxxx" MMC-yə həmin mənzil üçün 235582 manat ödəməli idi. Lakin, qeyd edilən müqavilənin şərtlərini pozaraq Cavabdeh2 ödənişi tam şəkildə həyata keçirməmişdir və aldığı mənzil üzrə 155582 manat borcu qalmışdır. Bununla bağlı, "xxxx" MMC Cavabdeh2 ilə aralarında olan alqı-satqı müqaviləsinə istinad edərək, ilk olaraq 21 fevral 2024- cü il tarixində cavabdehə xəbərdarlıq göndərərək borcun ödənilməsini tələb etmişdir. Nəticə olmadığı üçün, "xxxx" MMC tərəfindən Cavabdeh2 05 mart 2024-cü il tarixində Pretenziya göndərilərək, aralarında olan 19 aprel 2010-cu il tarixli yuxarıda qeyd edilən mənzilin alqı-satqısına dair müqaviləyə xitam verdiyini bildirərək, həmin mənzili boşaldaraq təhvil verməsini tələb etmişdir. Cavabdeh mənzili boşaldaraq təhvil verməkdən imtina etmişdir və hazırda mənzildən istifadə edir. Mənzil İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir və çıxarış verilmişdir.

12. İddiaçı Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-ın ********** saylı 03 mart 2023-cü il tarixli çıxarışının ləğv edilməsi, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması, "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan ünvan 5 ünvanında 7 saylı mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və mənzilin plan-sxeminin onun adına tərtib olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı Cavabdeh2 iddiası onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə bağladığı 19 aprel 2010-cu il tarixli mənzil satışı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, məhəllə 533, 16 mərtəbəli binada 3 otaqlı mənzili (yeni qaydalarla ünvan 5, mənzil 7) almışdır. 11 iyun 2007 – 14 iyun 2018-ci il tarixlərdə "xxxx"ın nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi üçün “Gilan Holding”in rəhbərliyi ilə razılaşmaya əsasən 4 ay müddətində 100000 ABŞ dolları ödəyərək müqavilədə göstərilən məbləğin qalan hissəsi holdingin tikintilərində gördüyü işlə əvəz olunmuşdur. Buna görə də ona hər hansı ödəniş cədvəli təqdim olunmamış, pul tələb edilməmiş, müqavilə bağlanan tarixdən həmin mənzil ona təhvil verilmiş, qısa müddət ərzində təmiri başa çatdırıb həmin ünvana köçmüşdür, hal-hazıradək fasiləsiz ailəsi ilə birlikdə orada yaşayır. Onunla bağlanmış müqavilələr əsasında 07 iyul 2010-cu ildə qaz sayğacı, 20 iyul 2010-cu ildə işıq sayğacı quraşdırılmışdır. 21 fevral 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən 19 aprel 2010-cu il tarixli müqavilədə göstərilən məbləğin qalan hissəsinin 3 gün müddətində ödəmək tələbi ilə, əks halda müqavilənin 4-cü bəndinə əsasən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq, 05 mart 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən sözügedən müqavilənin ləğv edildiyini bildirməklə mənzilini təhvil vermək tələbi ilə pretenziya göndərilmişdir. 29 aprel 2024-cü il tarixdə mobil telefon nömrəsinə daxil olmuş SMS bildirişdə İddiaçı MMC-nin iddia tələbi üzrə cavabdeh qismində Yasamal Rayon Məhkəməsinə dəvət olunmuşdur. Məhkəmədə sənədlərlə tanış olduqda bəlli olmuşdur ki, faktiki mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 7 saylı mənzilinə İddiaçı MMC müəmmalı şəkildə ********** saylı, 03 mart 2023-cü il tarixli çıxarış əldə edərək mənzilindən istifadəyə qadağa qoyulmasını, boşaldılmasını və təhvil verilməsini tələb edir. "xxxx" MMC ilə bağladığı 19 aprel 2010-cu il tarixli mənzil satışı müqaviləsinin ləğvinin məhkəmə qaydasında təsbit olunmadığı halda faktiki mülkiyyətində olan əmlaka İddiaçı MMC hansı əsaslarla çıxarış əldə etmişdir. İddiaçı MMC-nin həmin çıxarışı əldə etdikdən sonra 05 mart 2024-cü il tarixdə "xxxx" MMC-nin pretenziya göndərməsi müqavilənin qüvvədə olmasının etirafı deməkdir. Həmin pretenziyanın göndərilməsi "xxxx" MMC ilə İddiaçı MMC aralarında saxtakarlığın pərdələnməsinə dəlalət edir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 2(004)- 3032/2024 saylı qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə, "xxxx" MMC-yə və İddiaçı MMC-yə qarşı “çıxarışın ləğv edilməsi və s.” tələbinə dair 2(004)-3032/2023 saylı mülki işin Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair 2(004)-2301/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi və mülki işə 2(004)-2301/2024 saylı nömrə ilə baxılması qərara alınmışdır.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)- 2301/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh2 qarşı ("xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin olunmamış, Cavabdeh2 iddiası qismən təmin olunaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, 99 C saylı evin 20 saylı mənzilinə dair (yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 169, M6, m7) İddiaçı adına aparılmış qeyd və 03 mart 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.

16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 19 aprel 2010-cu il tarixli müqavilənin bağlanmasından və müqavilə üzrə borclu tərəf olan Cavabdeh2 tərəfindən sonuncu ödənişin ödənilməsindən 14 il müddət keçməsinə baxmayaraq 19 aprel 2010-cu il tarixli müqavilənin digər tərəfi "xxxx" MMC yalnız 14 il sonra həmin müqaviləyə xitam verilməsi barədə pretenziya məktubu göndərmişdir. Həmçinin müqaviləyə 2 saylı əlavədən görünür ki, sifarişçi, yəni Cavabdeh2 hər kv.m 1450 manat olmaqla, mənzilin dəyəri olan 235582 manatı tam və nağd şəkildə sifarişçinin qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Sifarişçinin ödəniş qrafikindən isə bəlli olan odur ki, həmin mənzilə görə 48000 manat (60000 ABŞ dolları) ilkin ödəniş kimi alınmış, 187582 ABŞ dolları isə qalıq olaraq qalmışdır. Cavabdeh2 daha sonra qalıq qalan məbləğdən 2010-cu ilin may, iyun, iyul, avqust ayları üzrə mənzilə görə daha 40000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Mənzilin dəyəri olan 235582 manatın tam və nağd şəkildə ödənilməsi müqavilədə qeyd edilsə də, ödəniş qarafikində qeyd edilən və yol verilən haldan bəlli olur ki, həmin müqavilə ilə Cavabdeh2 mənzilin dəyərinin bir hissəsini müqavilə bağlandığı vaxt, qalan məbləği isə sonra ödəməsi müəyyən olunmuşdur. Lakin müqaviləyə və eyni zamanda müqaviləyə 2 saylı əlavəyə nəzər yetirdikdə görmək olur ki, qalıq qalan 187582 ABŞ dolların hansı müddət aralığında, nə vaxt ödəniləcəyi ilə bağlı tarix və ya vaxt müəyyən edilməmişdir. Mübahisəli mənzillə bağlı 19 aprel 2010-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən mənzil iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Belə olduğu təqdirdə, "xxxx" MMC-nin həmin müqavilə üzrə qalıq qalan pulu ödəməməsinə istinad edərək müqaviləni birtərəfli qaydada 14 il sonra ləğv etdiyini bildirməsi hüquqdan sui-istifadə hesab edilə bilər. Bununla yanaşı, müqavilə üzrə nəzərdə tutulmuş qalan məbləği ödəməməsinin əsası kimi Cavabdeh2 birləşdirilmiş iş üzrə iddia ərizəsində və məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, 11 iyun 2007 – 14 iyun 2018-ci il tarixlərdə "xxxx"ın nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyi üçün “Gilan Holding”in rəhbərliyi ilə razılaşmaya əsasən 4 ay müddətində 100000 ABŞ dolları ödəyərək müqavilədə göstərilən məbləğin qalan hissəsi holdingin tikintilərində gördüyü işlə əvəz olunmuşdur. Bu səbəbdən həmin müqavilə üzrə 100000 ABŞ dolları ödədikdən sonra qalan məbləği ödəməmişdir. Müqavilə bağlanan tarixdən həmin mənzil ona təhvil verilmiş, qısa müddət ərzində təmiri başa çatdırıb həmin ünvana köçmüşdür, hal-hazıradək fasiləsiz ailəsi ilə birlikdə orada yaşayır. Onunla bağlanmış müqavilələr əsasında 07 iyul 2010-cu ildə qaz sayğacı, 20 iyul 2010-cu ildə işıq sayğacı quraşdırılmışdır. Qeyd edilən faktlar iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İş materiallarında olan Cavabdeh2 məxsus əmək kitabçasından da müəyyən olunur ki, Cavabdeh2 həqiqətən də 11 iyun 2007-ci il tarixdən 14 iyun 2018-ci il tarixinə qədər Az İnşaat-M MMC-nin direktoru vəzifəsində işləmişdir. 14 il ərzində "xxxx" MMC-nin öhdəliyin icrası ilə bağlı borcluya heç bir təsir tədbirini görməməsi onlar arasında həqiqətən də əvəzləşdirmə ilə bağlı yazılı olmasa da, şifahi razılığın həqiqətən olduğunu ehtimal etməyə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, "xxxx" MMC tərəfindən 19 aprel 2010-cu il tarixli müqavilənin digər tərəfinə qarşı onun güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Belə olduğu təqdirdə, icra müddəti ilə bağlı şərt qeyd olunmamış müqavilənin 14 il sonra icra olunmaması bəhanəsi ilə ləğv edilməsi ağlabatan hesab oluna bilməz. Cavabdeh2 mübahisəli mənzilin dəyərinin yarısından çoxunu (100000 ABŞ dolları) ödəmiş və 14 ildir ki, həmin mənzildə yaşayır və bu dövr ərzində ona qarşı hər hansı pretenziya ünvanlanmamış və tələb irəli sürülməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, Cavabdeh2 19 aprel 2010-cu il tarixli müqavilədən irəli gələn Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 20 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M6, m7) ünvanında yerləşən mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Həmin müqavilədə nəzərdə tutulmuş mənzilin dəyərinin tam ödənilməsi həmin mənzilə hüquqların dövlət qeydiyyatına alınmasına əsas verir. Bu baxımdan, İddiaçı MMC-nin 19 aprel 2010-cu il tarixli müqavilə qüvvədə olduğu müddətdə Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, ev 99C, mənzil 20 (Yeni qaydalarla: AZ1073, Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı, 169, M6, m7) ünvanında yerləşən mənzilə gözlənilən mülkiyyət hüququ olmasına baxmayaraq 03 mart 2023-cü il tarixdə çıxarış alması və həmin çıxarışa istinad edərək Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzildən istifadəsinə qadağa qoyulmasını tələb etməsi qanuni və əsaslı hesab edilə bilməz. Tarixdən də görünür ki, İddiaçı MMC çıxarışı 03 mart 2023-cü il tarixdə almış, "xxxx" MMC isə İddiaçı MMC çıxarışı aldıqdan 1 il sonra Cavabdeh2 21 fevral 2024cü il tarixdə 19 aprel 2010-cu il tarixli müqavilədə göstərilən məbləğin qalan hissəsinin (155582 manat) 3 gün müddətində ödəmək tələbi ilə, əks halda müqavilənin 4-cü bəndinə əsasən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq, 05 mart 2024-cü il tarixdə isə müqavilənin ləğv edildiyini bildirməklə mənzilin təhvil verilməsi tələbi ilə pretenziya göndərmişdir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 560.1, 560.2, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)- 2301/2024 nömrəli qətnaməsindən İddiaçı MMC və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

19. İddiaçı MMC apellyasiya şikayətində qətnaməsini ləğv olunaraq irəli sürdüyü iddianın təmin olunması barədə yeni qətnamə, Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı BakıƏrazi İdarəsinə, "xxxx" MMC-yə və İddiaçı MMCyə qarşı “Çıxarışının ləğv edilməsi, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması, "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan ünvan 5 ünvanında 7 saylı mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və sözügedən mənzilin plan-sxemin onun adına təqdim olunması barədə iddia tələbləri üzrə işin icraatına məhkəmədə baxılmalı olmadığı üçün AR MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

20. İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü tələb İddiaçı MMC-nin adına mübahisəli mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin əsassız olması ilə bağı olmuşdur. Belə olan halda həmin tələbə ümumiyyətlə ümumi məhkəmədə baxıla bilməzdir və həmin işə inzibati icraat qaydasında baxılmalı idi. Tərəflər arasında bağlanılmış müqavilədə onun icrası müddəti göstərilməmiş və bu da onu göstərir ki, müqavilə üzrə öhdəliklərin icrası müddəti müəyyən edilməmişdir. Bununla belə iddiaçı müqavilədə nəzərdə tutulan öhdəliyi tam icra edərək yaşayış binasını inşa etmiş və mənzili cavabdehə təhvil vermişdir. Yəni iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilsə də, cavabdeh tərəfindən onun icrası yarımçıq qalmışdır. Ödəniş qəbzlərindən göründüyü kimi cavabdeh mənzilin dəyərinin bir hissəsini müqavilə bağlanılan vaxt, bir hissəsini 2010-ci ildə hissə-hissə ödəmiş, yerdə qalan hissəsini isə ödəməkdən yayınmışdır. Müqavilədə mənzilin dəyərinin cavabdeh tərəfindən hissə-hissə ödənilməsi ilə bağlı hər hansı müddəa olmamışdır. Bununla belə tərəflər arasında mənzilin dəyərini məhz hissə-hissə ödənilməsi ilə bağlı işgüzar münasibətlər formalaşmışdır. Bu da onu göstərir ki, cavabdeh mənzilin dəyərini hissə - hissə ödəməli idi. Müqaviləyə Əlavə 2-dən də göründüyü kimi ödənişlərin cədvəli konkret müəyyən edilməmişdir. Lakin cavabdeh ona edilmiş həmin güzəştən sui-istifadə etmiq, öhdəliyi pozmuş və iddiaçı tərəfindən pulun tələb edilməməsindən yenə də sui-istifadə edərək hazırki vaxtadək üzərinə düşən öhdəliyi icra etməmişdir. İşin hallarından göründüyü kimi "xxxx" MMC iddiaçının ona verdiyi səlahiyyətlərə əsasən mənzillərin satışını həyata keçirərək müqavilələr bağlamışdır. Mənzillərin dəyərlərini hissə-hissə ödənilməsi ilə bağlı nə ididaçı ilə "xxxx" MMC arasında, nə də ki, sonuncu ilə cavabdeh arasında bağlanılmış müqavilələrdə müddəa olmamışdır. Bununla belə mənzillərin satışını təşkil etmək üçün ödənişlərin bəzi müştərilərə hissə-hissə ödənilməsinə şifahi qaydada icazə verilmişdir. Lakin bu, mənzil üzrə ödənişlərin uzun müddət ödənilməməsi, yaxud ümumiyyətlə ödənilməməsi üçün əsas yaratmır və yarada bilməz. "xxxx" MMC və iddiaçı sonda mənzillərə çıxarış verilən vaxt ödənilməmiş qalmış məbləğlərin ödənilməsinə ümid və güman etmişlər. Çünki alıcılar da bilirdilər ki, mənzilin dəyərini tam ödəməsələr, onlara mənzil üzrə çıxarışın verilməsi qeyri-mümkün olacaqdır. Eyni zamanda bağlanmış müqavilədə müddətin müəyyən edilməməsi cavabdehdən ödənilməmiş qalmış borcun tələb edilməsində hər hansı çətinliyin olmaması ilə bağlı iddiaçıda daxili inam yaratmışdır. Binaya çıxarışın planlaşdırılmış vaxta alınmaması, sənədlərin bir qisminin "xxxx" MMC tərəfindən iddiaçıya vaxtında təhvil verilməməsi və digər cari problemlər cavabdehə qarşı pulun ödənilməsi ilə bağlı araşdırmanı və sonradan borcun ödənilməsini tələb olunmasını gecikdirmişdir. Yəni binaya çıxarış alındıqdan sonra mənzillərin ödənişləri ilə bağlı təftiş başlanılmış və borcu olan müştərilər üzə çıxarılmışdır. Lakin iddiaçının adına çıxarış alındıqdan və cavabdehin ödənilməmiş qalmış borcunun olması müəyyən edildikdən sonra ondan həmin borcun ödənilməsi tələb edilmiş, o, isə borcunu ödəməkdən imtina etmişlər. Bu səbəbdən də iddiaçı dərhal borcun ödənilməsi ilə bağlı cavabdehə bildiriş gəndərmiş və pulun tam ödənilməsini tələb etmişdir. Lakin cavabdeh həmin xəbərdarlığa (pretenziya məktubu) məhəl qoymamış və bu səbəbdən iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Beləliklə cavabdeh mübahisəli mənzillə bağlı borcu tam ödəmədiyi üçün o, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş hesab edilir və bu səbəbdən iddiaçımülkiyyətçi kimi müqavilənin ləğv edilərək mənzilin ona qaytarılmasını tələb etməkdə tam haqlı olmuşdur. Birinci instansiya məhkəməsi ikinci tələb üzrə iddianı təmin edərkən Mülki Məcəllənin 140-cı maddəsini, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsini kobud şəkildə pozmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına aparılmış qeydin əsaslı olub-olmaması ilə bağlı hər hansı hüquqi dəyərləndirmə aparmamışdır. Digər tərəfdən məhkəmə ümumiyyətlə həmin tələbə mülki mühakimə icraatı qaydasında baxa bilməzdir. Məhkəmə tərəfindən mübahisəli mənzilə dair iddiaçının adına verilmiş çıxarışın ləğv edilməsi faktiki olaraq mülkiyyət hüquqlarına xitam verilməsinə bərabərdir və mülkiyyətə qanunsuz müdaxilə hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı MMC-nin adına mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeyd hər hansı əqd əsasında aparılmamışdır. Digər tərəfdən həmin qeydin aparılmasına cavabdehlə bağlanılmış hər hansı əqd də əsas olmamışdır. Yəni İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd inzibati akt əsasında aparılmışdır. Belə olan halda hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmasına yol verilmir və bu səbəbdən həmin iddianın icraatına MPM-in 261.0.1- ci maddəsinə əsasən xitam verilməlidir. Beləliklə qətnamə cavabdeh tərəfindən irəli sürülmüş tələb hissəsində ləğv edilməli və ikinci tələb üzrə işə mülki qaydada baxılması yolverilməz olduğundan xitam verilməlidir. Müqavilənin əhəmiyyətli dərəcədə pozulması, onun ləğv edilməsi üçün əsasdır. Cavabdeh müqavilə üzrə öhdəliyini icra etməkdən imtina etdiyindən, onunla bağlanılmış müqavilə ləğv edilmiş sayılır. Cavabdehlə bağlanılmış müqavilə ləğv olunduğundan, onun həmin mənzil üzrə hər hansı hüququ yoxdur. Bu səbəbdən o, mənzili boşaldaraq iddiaçıya geri qaytarmalı və bu yolla iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Digər tərəfdən cavabdehə bağlanılmış müqaviləyə birtərəfli qaydada xitam verilməsi, iddiaçının mənzil üzrə hər hansı hüquqlarının olmamasına dəlalət edir. Bu isə onu göstərir ki, cavabdehin ikinci tələbi irəli sürməyə subyektiv hüququ olmamışdır. Cavabdehin mənzil üzrə hüquqları o halda yarana bilərdi ki, o, mənzil üzrə pay haqqını tam ödəmiş olsun. Mənzil satılan zaman qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Konstitusiya Məhkəməsi Plenumunun həmin maddənin şərhi ilə bağlı xx.xx.2010-cu il tarixli qərarına əsasən isə Azərbaycan RespublikasıMülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1- ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan RespublikasıMənzil Məcəlləsinin 113- cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən cavabdehin mübahisəli mənzil üzrə sahiblik və istifadə hüquqlarının yaranması üçün, mənzilin pay haqqını tam ödənilməsi tələb olunur. Lakin cavabdehin pay haqqını tam ödəmədiyi üçün, habelə iddiaçının müqavilə üzrə ödənilməmiş pulun ödənilməsini tələb etmək hüququna xitam verilmədiyi üçün, cavabdeh mübahisəli mənzil üzrə çıxarışın mübahisələndirilməsi ilə bağlı subyektiv hüquqa belə malik olmamışdır. Qeyd olunan hallar isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə qətnaməsində qeyd etmişdir ki, müqavilədə onun icra müddəti ilə bağlı şərt qeyd olunmamış və müqavilənin 14 il sonra icra olunmaması bəhanəsi ilə ləğv edilməsi ağlabatan hesab oluna bilməz. Cavabdeh2 mübahisəli mənzilin dəyərinin yarısından çoxunu (100000 ABŞ dolları) ödəmişdir və 14 ildir ki, həmin mənzildə yaşayır və bu dövr ərzində ona qarşı hər hansı pretenziya ünvanlanmamış və tələb irəli sürülməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, Cavabdeh2 19 aprel 2010-cu il tarixli müqavilədən irəli gələn mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmənin gəldiyi bu nəticə də göründüyü kimi əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, cavabdehin mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ o vaxtı tanına bilərdi ki, o, müqavilə üzrə öhdəliklərini tam icra edərək mənzilin dəyərini tam ödəsin. Lakin məhkəmə tərəfindən də müəyyən olunduğu kimi cavabdeh mənzilin tam dəyərini ödəməmişdir. İddiaçı tərəfindən 14 il ərzində müqavilə üzrə ödənilməmiş qalmış pulun cavabdehdən tələb edilməməsi, həmin pulun ona bağışlanmasına dəlalət etmir və cavabdehin öhdəliklərinin xitamına səbəb olmur. Əksinə iddiaçı 14 il ərzində cavabdehə güzəşt edərək mənzilin pulunu ödəməyi gözləmiş, lakin sonuncu bundan sui-istifadə edərək bu yolla öhdəliklərinə xitam verilməsinə əsassız olaraq ümid etmişdir. Bu səbəbdən məhkəmənin gəldiyi həmin nəticə də əsassız hesab edilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, Mülki Məcəllədə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının bərpasının məhkəmə qaydasında tələb edilməsi ilə bağlı hər hansı zaman məhdudiyyəti yoxdur. Bu səbəbdən iddiaçının öz mülkiyyət hüquqlarının müdafiəsi və bərpası ilə bağlı 14 il və daha çox müddət sonra tələb irəli sürməsi qanundan irəli gələn hüquqdur və heç bir halda hüquqdan sui-istifadə kimi hesab edilə bilməz. Digər tərəfdən qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi birinci iddia üzrə irəli sürülmüş tələbləri, ikinci iddia üzrə irəli sürülmüş tələbin əsaslı olması ilə əlaqələndirmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, hər iki tələb müstəqil tələblər olmuş və bir-birinə hər hansı bağlılığı olmamışdır. Belə ki, birinci tələb vindikasiya iddiası olmaqla mülkiyyət hüquqlarının bərpasına yönələn tələb olmuşdur. İkinci tələb daşınmaz əmlak üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi hər iki tələb fərqli olmaqla bir-birini istisna etmir. Hətta iddiaçının mübahisəli mənzilə mülkiyyət hüquqları qeydiyyata alınmadığı halda belə, cavabdehdən pozulmuş öhdəliyə görə mənzilin boşaldılaraq təhvil verilməsi tələbini irəli sürməyə haqqı və hüququ var. Məhkəmə cavabdeh tərəfindən müqavilə üzrə Mülki Məcəllənin 442-ci maddəsinin tələblərinin pozulub-pozulmamasına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Nəticədə birinci iddia üzrə tələbin qanuni əsası müəyyən edilmədən mübahisə həll olunmuşdur. Halbuki, məhkəmənin ilk vəzifəsi iddia tələbi üzrə tələbin qanuni əsasını müəyyən etməkdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbin qanuni əsasını məhz cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və nəticədə iddiaçının mülkiyyət hüquqlarının pozulması təşkil edirdi ki, məhkəmə işin bu hallarına hər hansı hüquqi qiymət verməmiş və nəticədə iddiaçının tələbi üzrə mübahisə mahiyyəti üzrə həll edilməmiş qalmışdır. Beləliklə birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli mənzilə dair bağlanılmış müqavilə üzrə öhdəliklərin icrası vəziyyətinə hüquqi qiymət verilmədiyi üçün, onun birinci iddia tələbi üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz.

21. Cavabdeh2 apellyasiya şikayətində qətnamənin qismən ləğv olunaraq iddianın təmin edilməyən hissəsində tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 14 il ərzində qarşı tərəfin pulu tələb etməməsi, hər hansı xəbərdarlıq, pretenziya göndərməməsi, iddianın irəli sürülməməsi Cavabdeh2 tərəfindən öhdəliklərin yerinə yetirilməsinin etirafıdır. Birinci instansiya məhkəməsi birləşdirilmiş iddia tələbinin "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan ünvan 5 ünvanında 7 saylı mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və sözügedən mənzilin plan-sxeminin onun adına DƏDRX tərəfindən təqdim olunması hissəsini ağlabatan və qanuni hesab etməmişdir. Halbuki, mənzilə pay haqqının tam ödənilməsinə dair sənəd təqdim edilməsə də, 14 il ərzində qarşı tərəfin pulu tələb etməməsi, hər hansı xəbərdarlıq, pretenziya göndərməməsi, iddianın irəli sürülməməsi Cavabdeh2 tərəfindən öhdəliklərin yerinə yetirilməsinin etiraf etməsi deməkdir. Birinci instansiya məhkəməsi birləşdirilmiş iddia tələbinin “çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması” hissəsinin təmin edilməməsini həmin sənədlərin nədən ibarət olduğunu, həmin sənədlərin etibarsız hesab edilməsinə əsas olan halların və bu hissədə tələbin əsası olmaması ilə əsaslandırmışdır. Lakin, tərəfimizdən mümkün sübutlar təqdim edilərək əlavə sübutların əldə olunması üçün məhkəmə tərəfindən zəruri sorğuların verilməsi üçün vəsatətlər verilməsinə baxmayaraq bu istiqamətdə addım atılmamışdır və həmin hissələr qətnamə çıxarılarkən açıq saxlanılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək həmin şikayətin təmin olunmasını, həmçinin, İddiaçı MMC-nin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini bildirərək təmin olunmamasını xahiş etmişdir.

25. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 iştirak etdiyi məhkəmə iclasında tərəfindən verilmiş apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək həmin şikayətin təmin olunmasını, həmçinin, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini bildirərək təmin olunmamasını xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(103)-5543/2024 nömrəli qərardadına əsasən İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin olunaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)-2301/2024 nömrəli qətnaməsinin qismən – iddianın təmin olunduğu “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 533-cü məhəllə, 99 C saylı evin 20 saylı mənzilinə dair (yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 169, M6, m7) İddiaçı adına aparılmış qeyd və 03 mart 2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin.” hissəsində ləğv olunaraq Cavabdeh2 iddiasına həmin hissədə xitam verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

28. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Maddə 110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətləri ilə qətnamənin iddiaların həm təmin olunan, həm də rədd edilən hissələrində ləğv olunması tələb edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(103)-5543/2024 nömrəli qərardadına əsasən qətnaməsinin qismən – iddianın təmin olunduğu ləğv olunaraq Cavabdeh2 iddiasına həmin hissədə xitam verilməsi nəzərə alınmaqla məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. İddiaçı Cavabdeh2 qarşı mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normanın məzmununa əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Yəni, bu normanın tətbiqi üçün tələb olunan şərtlər iddiaçının əmlakın mülkiyyətçisi, əmlakın özgəsinin sahibliyində və bu sahibliyin qanunsuz olmasıdır. Hazırkı situasiyada əmlak üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınması və əmlakın cavabdehin sahibliyində olması şərtləri mövcud olsa da, “sahibliyin qanunsuz olması” şərti mövcud deyildir. Yəni, mənzil "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən sonuncunun qanuni sahibliyindədir.

33. Mənzilin qanuni əsaslarla Cavabdeh2 sahibliyində olmasına gəldikdə həmçinin qeyd etmək lazımdır ki, onun ailə üzvləri ilə birlikdə 14 il ərzində fasiləsiz olaraq həmin mənzildə yaşaması, bütün kommunal xərcləri ödəməsi, həmin dövrdə nə "xxxx" MMC, nə də ki, digər şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallardır. Belə ki, "xxxx" MMC-nin 2010-cu ildən mübahisəli mənzili Cavabdeh2 təhvil verməsi, sonuncunun həmin mənzili təmir etməsi və uzun illər orada yaşamasına MMC-nin etirazının olmaması işin mübahisələndirilməyən hallarıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh2 öz ailəsi ilə birlikdə mübahisəli mənzildə 14 il ərzində fasiləsiz yaşamış, nə "xxxx" MMC, nə də ki, digər şəxs tərəfindən bu illər ərzində iddiaçıya qarşı mənzildən çıxarılma, pul tələbi və ya bu kimi digər iddialar qaldırılmamışdır. Bundan başqa, iddiaçı mübahisəli mənzildə yaşadığı dövr ərzində kommunal xidmətlərin göstərilməsi ilə bağlı həmin xidmətləri göstərən qurumlarla ("xxxx" ASC, “Azəriqaz” İB) müvafiq müqavilələr bağlamış, həmin qurumlar tərəfindən ona kommunal xidmətlər göstərilmiş, iddiaçı isə öz növbəsində həmin xidmətlərə görə haqq ödəmişdir.

34. Əmlakın Cavabdeh2 qanunsuz sahibliyində olmasını İddiaçı MMC müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə əsaslandırır. Məhkəmə kollegiyası müqaviləyə birtərəfli qaydada xitam verilməsini əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin tərəfləri "xxxx" MMC və Cavabdeh2dur. "xxxx" MMC tərəfindən Cavabdeh2 21 fevral 2024-cü il tarixdə xəbərdarlıq məktubu ünvanlanaraq 155582 manat borcunu 3 iş günü ərzində ödəməsi barədə xəbərdar edilmiş, 05 mart 2024-cü il tarixli pretenziya məktubunda isə müqaviləyə xita verilməsi bildirilmişdir. Lakin istər xəbərdarlığın, istərsə də pretenziyanın göndərildiyi vaxt müqavilə tərəfi olmasına baxmayaraq həmin mənzil üzərində "xxxx" MMC-nin heç bir hüququ olmamışdır, mənzil mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 03 mart 2023-cü il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı MMCnin iddiası əsassızdır və təmin olunması üçün əsaslar mövcud deyildir.

36. Cavabdeh2 iddia ərizəsi ilə məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan mənzilə dair 03 mart 2023-cü il tarixli çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab olunması hissəsində tələb əsassızdır.

37. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən həmin çıxarışın verilməsi üçün hansı sənədlərin əsas olması ilə bağlı sorğu göndərilmiş, alınmış cavaba əsasən müəyyən olunmuşdur ki, əsas ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası 04 sentyabr 2018-ci il tarixdə İddiaçı MMC-nin adına qeydiyyata alınması barədə çıxarışdır, həmin çıxarış mübahisələndirilməmişdir, çıxarış ümumi binaya münasibətdə verildiyindən əsasını mülki əqdlər təşkil etməsi ehtimalı yoxdur və inzibati qaydada mübahisələndirilməlidir.

38. Cavabdeh2 iddiası "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan ünvan 5 ünvanında 7 saylı mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və mənzilin plan-sxeminin onun adına tərtib olunması hissələrində də əsassızdır. Belə ki, arayışın verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə bu halda qoyula bilər ki, pay haqqının ödənilməsi rəsmi sənədlərə əsasən təsdiqini tapsın. Lakin bu barədə hər hansı bir sənəd mövcud olmadığına görə məhkəmə kollegiyası hesab edir ki, iddia mənzilinə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və mənzilin plan-sxeminin onun adına tərtib olunması hissələrində əsassızdır və birinci instansiya məhkəməsi iddianın bu hissələrdə rədd olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslıdır, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)- 2301/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, e-2(004)- 2301/2024 nömrəli qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanısın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar