Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5545/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrlərin ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-nə qarşı “əmrlərin ləğv olunması” tələbinə dair mülki işin icraatı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə) 24 iyun 2022-ci il tarixli qərardadı ilə "xxxx" Şirkətinin İddiaçı qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində qaldırdığı “ziyanın ödənilməsi” tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılmış, həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət isə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-nə qarşı qaldırdığı “əmək haqqının, son haqq-hesabın və gecikdirməyə görə ödəncin tutulması” barədə iddia tələbinə məhkəmədə baxılarkən cavabdehin xx.xx.2020-ci il tarixli 443-3/20 saylı və xx.xx.2020-ci il tarixli İR-505/20-1 saylı əmrlərinin mövcudluğunu öyrənmiş, bundan sonra həmin əmrlərin ləğv olunması tələbini irəli sürmüş, məhkəmə isə "xxxx" Şirkətinin sözügedən əmrlərə istinadən digər məhkəmədə qaldırdığı iddia tələbinə baxılmadan onun iddiasına baxılmasının mümkün olmaması barədə qanunsuz nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq məhkəmənin mübahisələndirilən qərardadı ləğv edilməli və mülki iş, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, qanunverici məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan - Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə mümkün olmasın. Kollegiya hesab edir ki, məhkəmə işin icraatını "xxxx" Şirkətinin İddiaçı qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində “ziyanın ödənilməsi” tələbi irəli sürmüş olması əsası ilə dayandırdığı zaman, həmin işlə özünün icraatında olan iş arasındakı bağlılığın mahiyyətinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, "xxxx" Şirkətinin İddiaçı qarşı irəli sürdüyü iddia tələbinin, məhz onun mübahisələndirdiyi əmrlərə söykəndiyi (həmin əmrlərə istinadən irəli sürüldüyü) aydın olur; bu isə o deməkdir ki, İddiaçı iddia tələbi üzrə icraatın dayandırılması üçün nəinki prosessual əsas vardır, əksinə, həmin tələbə mahiyyəti üzrə baxılması zəruri olmaqla Suraxanı Rayon Məhkəməsinin gələcəyi nəticə də məhz İddiaçı sözügedən iddia tələbinə veriləcək qiymətdən asılıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1402/2022 saylı iş üzrə 24 iyun 2022-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5545/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5545/2022
03.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver