Məhkəmə qərarları › İş №2(103)-5545/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5545/2025

16.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5545/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı (2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfatı Birliyi, X6, "xxxx" ASC və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: order, xidməti yaşayış sahəsi, əmək müqaviləsinə xitam verilmiş şəxslərin yataqxanaya hüquqları) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, cavabdehin nümayəndəsi Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. И-İ saylı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1995 – xx.xx.1998-ci il tarixi aralığında Bakı Komvol Kombinatında Əyirici sexində, əyirici vəzifəsində işləmişdir.

2. Bakı-Komvol Kombinatının 28 nömrəli, xx.xx.1995-ci il tarixli orderinin surətindən görünür ki, F.X.Xoyski küçəsi, ev 128 ünvanında yerləşən yataqxananın 20A nömrəli mənzili müəssisədə işlədiyi dövrdə yaşamaq üçün Əyrici sexində işləyən əyrici İddiaçı verilmişdir.

3. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, İddiaçı F.Xoyski küçəsi ev 128, mənzil 20A üzrə 35 manat kommunal xidmət haqqı ödəmişdir.

4. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Tofik qızı F.X.Xoyski küçəsi 128 saylı evin 20A nömrəli mənzilində yaşayır və qeydiyyatdadır, mənzil kirayəsi və tullantı pulu borcu yoxdur.

5. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, əvvəllər Bakı Komvol Kombinatına məxsus olmuş Nərimanov rayonu, X13 prospekti, 128 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999cu il tarixli, 895 saylı sərəncamı ilə balansa verilmişdir. Hal-hazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqa 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı 20A saylı mənzildə 1993-cü ildən etibarən Füzuli rayonundan məcburi köçkün olan X3 məskunlaşdığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, ev 128, 20A nömrəli mənzilin cavabdeh şirkət tərəfindən sökülməsi müqabilində 24 ay müddətində həmin mənzilin yerləşdiyi binanın yerində yeni tikiləcək binada yerləşən faktiki sahəsinə əlavə edilməklə təqribi 30-35 kv.m ölçüdə tam təmirli 1 otaqlı mənzilin ona təhvil verilməsi və sökülməsi nəzərdə tutulan mənzillə bağlı cavabdehə təhvil verildiyi gündən başlayaraq, yeni mənzilin təhvil verildiyi günədək iddiaçıya hər ay 400 manat məbləğində kirayə haqqının cavabdeh tərəfindən ödənilməsinə dair müqavilənin bağlanılması öhdəliyinin cavabdeh "xxxx" MMCnin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ev 182, 20A saylı mənzilin cavabdeh şirkət tərəfindən sökülməsi müqabilində 24 ay müddətində həmin mənzilin yerləşdiyi binanın yerində yerləşən faktiki sahəsinə əlavə edilməklə təxminən 30-35 kv metr ölçüdə təmirli, 1 otaqlı mənzilin verilməsi barədə müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması və yeni mənzilin təhvil verildiyi günədək hər ay 400 manat məbləğində kirayə haqqının cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, ev 128-də yerləşən yataqxanada olan 20A nömrəli mənzil Bakı Komvol Kombinatı tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, 28 nömrəli orderlə ona məxsusdur. Sözügedən mənzil Bakı Komvol Kombinatında Əyrici sexində əyrici vəzifəsində işlədiyi zaman ona iş yeri tərəfindən yaşaması üçün verilmişdir və eyni zamanda həmin ünvanda pasport qeydiyyatındadır və illərdir həmin mənzilin kommunal xərcləri onun tərəfindən ödənilməkdədir. Hazırda ona məxsus mənzilin də yerləşdiyi həmin binanın yaşayışa yararsız və qəzalı vəziyyətdə olması səbəbindən cavabdeh "xxxx" MMC tərəfindən binanın sökülməsi və yerində müasir tələblərə cavab verən bina tikilməsi planlaşdırılmaqdadır. Belə ki, Bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sərəncama əsasən, ünvan 3 5B küçəsi ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.178.ha torpaq sahəsi, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin, eləcə də dövlət mülkiyyətində olan tikililərlə əlaqədar balanssaxlayıcı təşkilatlarla məsələlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Hazırda cavabdeh şirkət tərəfindən yuxarıda göstərilən sərəncamın icrası məqsədilə sözügedən ünvanlarda yerləşən bina sakinləri(mülkiyyətçilər) ilə müvafiq müqavilələr bağlanılmışdır. Müqavilələrin şərtlərinə görə mənzil mülkiyyətçiləri onlara məxsus olan yaşayış sahələrini sökülmək üçün cavabdehə təhvil verməyi, cavabdeh də əvəzində həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündür mərtəbəli yaşayış binasında razılaşdırılmış mərtəbədə və razılaşdırılmış sahəyə malik olan mənzili təhvil verməyi öhdəsinə götürmüşlər. Bundan başqa, müqavilə şərtlərinə görə cavabdeh şirkət binanın tikintisi başa çatıb, yeni mənzillər təhvil verilənədək müvəqqəti yaşayışı təmin etmək məqsədilə hər ay müvafiq məbləğdə kirayə haqqını müqavilə bağlayan mülkiyyətçilərə ödəməyi öhdəsinə götürmüşdür. O da digər bina sakinləri kimi müqavilə bağlanması üçün dəfələrlə cavabdeh şirkətə müraciət etsə də, cavabdeh şirkət mənzilin sahəsinin kiçik (9 kv.m) olmasını səbəb göstərərək müqavilə bağlamaqdan yayınmışdır. Bildirilir ki, guya ona verilmiş yaşayış sahəsi müstəqil mənzil sayılmır, bu səbəbdən bu yaşayış sahəsinin müqabilində ona mənzil verilməsi nəzərdə tutulmur. Mənzil uzun müddətdir ki, məcburi köçkün ailəsi tərəfindən zəbt edildiyi üçün mənzildən istifadə edə bilmir, cavabdeh şirkət bunu da bəhanə edərək bildirmişdir ki, mənzili həmin ailəyə güzəştə getməlidir və mənzilin müqabilində həmin ailəyə Bakı kəndlərinin birində şirkət tərəfindən torpaq sahəsi veriləcəkdir. Belə olan halda, sözügedən mənzilə hüquq sahibi olaraq o öz hüququndan məhrum edilir, lakin həmin mənzilə dair heç bir hüququ olmayan ailəyə mənzilin əvəzində torpaq sahəsinin verilməsi nə dərəcədə ədalətlidir?! Hazırda o, sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədinin (order) olmasına və qanunla gözlənilən mülkiyyət hüququnun mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən razılığa olmadan ona məxsus mənzilin söküntüsünə başlanılmasından və mənzilə dair hüquqlarını itirəcəyindən ehtiyat edir. Belə ki, cavabdeh şirkət tərəfindən sözügedən binanın söküntüsünə hazırlıq məqsədilə binanın yerləşdiyi ərazidə müvafiq işlər görülməkdədir. Mənzilə dair müvafiq hüququ olan şəxs kimi ona münasibətdə də cavabdeh tərəfindən bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürülməli, bərabərlik prinsipinin və bərabər mənafelərinin pozulmaması üçün səy göstərilməlidir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(005)-625/2025) iddia təmin olunmamışdır.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının öz xahişi ilə əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. İddiaçının mənzilə dair hüquqları itirildikdən uzun müddət sonra (son dövrlərdə) qeydiyyata düşməsi və kommunal xərci ödəməsi mövcud vəziyyəti dəyişdirmir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45, 51, 60, 87, 105, 106, 107, 108-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfat Departamentinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, əvvəllər Bakı Komvol Kombinatına məxsus olmuş Nərimanov rayonu, X13 prospekti, 128 ünvanında yerləşən keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli, 895 saylısərəncamı ilə balansa verilmişdir. Hal-hazırda qeyd edilən bina dövlət mənzil fonduna aid olmaqa 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Göstərilən yataqxana binası balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı 20A saylı mənzildə 1993-cü ildən Füzuli rayonu məcburi köçkünu X3 məskunlaşmışdır. xx.xx.2024cü il tarixli aktdan görünür ki, Sərəncamın icrası ilə bağlı, 128-ci binanın köməkçi sahəsi olan 20A saylı mənzil kimi qeyd olunmuş, 6 kv.m sahəsi olan mənzildə məskunlaşmış X6 (Fizuli) çıxarılmış və qəzalı vəziyyətdə olan bina MMC-yə təhvil verilmişdir. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2024-cü il tarixli arayışından İddiaçı Tofik qızı F.X.Xoyski küçəsi 128 saylı evin 20A nömrəli mənzilində yaşayır və qeydiyyatdadır, mənzil kirayəsi və tullantı pulu borcu yoxdur. Göründüyü kimi, İddiaçı Tofik qızına F.Xoyski küçəsi ev 128, mənzil 20A nömrəli mənzilin оnа verilməsi işin mübahisəsiz halıdır və cavabdeh tərəfin bu mənzilə görə verilmiş orderin də saxta olmasına dair dəlilləri öz təsdiqini tapmamış, məhkəmə də bu orderin hüquqi qüvvəsini onun saxtalığı ilə deyil, digər hallarla əsaslandırmışdır. Belə ki,mənzil iddiaçıya məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verildiyindən və iddiaçının öz xahişi ilə əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Qeyd edək ki, əvvəla məhkəmə bu qənaəti ilə iddiaçının adına olan orderin mövcudluğunu qəbul edir, lakin yuxarıda sadalanan əsaslara görə hazırda adına verilmiş order öz hüquqi əhəmiyyətini itirməsini qeyd edir. Bu fakt orderin saxtalığını qətiyyən təsdiq etmir, əksinə onun Bakı-Komvol Kombinatının HİKin12.04.95-ci il tarixli protokolundan çıxarışa əsasən qanuni əsaslarla verilməsini təsdiq edir. Bununla da Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol İdarəsi ASC-nin natamam arxiv sənədlərinin 1998-ci ilə dair əmr kitablarında və əyirici sexinin 1995-1996cı illərə dair əmək haqqı cədvəllərində Bağırova (Fərhadova) Qalibə Tofiq qızı barəsində heç bir məlumat olmamasına dair Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu heç bir hüquqi əhəmiyyət kəsb etmir. İkincisi də məhkəmənin iddiaçının əmək münasibətlərində olan dövrdə mənzilin yaşamaq üçün verildiyindən və onun öz xahişi ilə əmək münasibətlərinə xitam verilməsinə istinad etməsi də düzgün deyildir. Belə ki, məhkəmənin özünün də qeyd etdiyi kimi mənzil 2 bölünmüş, təxminən 13 kv.metr hissəsinə dair başqa şəxs tərəfindən çıxarış alınmış, digər hissəsində isə məcburi köçkünlər yaşamışdır. Çıxarış alan şəxs də vaxtilə Bakı-Komvol Kombinatındа işləmiş və ona da order verilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi,mənzil 2 hissəyə bölünərkən təxminən 18 kv.m hissədə məcburi köçkünlər yaşadığı üçün təxminən 13 kv.metr hissəsinə dair 20 nömrəli mənzil xx.xx.2024-cü il tarixindən X1 çıxarış almışdır. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, 2 saylı Xüsusi Təyinatlı Mənzil-KommunalTəsərüffat Birliyinin nümayəndəsi X2 da izahatında göstərilənlərə diqqət yetirməmişdir. Belə ki, o, bildirmişdir ki, mənzil order əsasında İddiaçı 1995-ciildə verilib. Sadəcə həmin binada məcburi köçkünlər yaşadığından iddiaçı özünə məxsus mənzildə yaşaya bilməyib. Sonradan da MTK binanı sökərək yerində yeni bina tikməyə başladı. Məcburi köçkünlər də köçürüldü. Şirkətməcburi köçkünlərlə müqavilə bağlamayıb. Yataqxana orderlərində ümumiyyətləsahə yazılmır. Yataqxanada 17-18 kv metrdən azsahəli otaq yoxdur. Ən çox isə 18-20 kv. metr sahəli otaqlar var idi. Həmçinin məhkəmə keçən bu uzun müddətərzində iddiaçının mənzilində yaşayan məcburi köçkünlərin oradan çıxarılması barədə heç bir iddia irəli sürməməsini qeyd edərkən nəzərə almamışdır ki, 2020-ci ilə qədər məcburi köçkünlərlə bağlı iddialar torpaqlarımız işğalda olduğu üçün təmin edilmişdir. Buna görə də bu iddianı qaldıra bilmirdilər. Bu müddət ərzində mənzilin zəbt edilməsinə və orada başqa şəxslərin yaşamasına qarşı heç bir hüquqi tədbir görülə bilmirdi. Bundan əlavə, məhkəmənin binanın sökülməsi məsələsi ortaya çıxandan sonra mənzilə qeydiyyata düşmüş, kommunal xərcləri ödəməsinə dair qənaəti də səhvdir. Belə ki, iddiaçının məcburi köçkünləri oradan çıxarandan sonra əgər bina sökülməsə idi ondan təyinatı üzrə istifadə etmək niyyəti olmuşdur. Bu baxımdan iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməməsinə dair məhkəmənin nəticəsi kökündən səhvdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

16. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

17. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-cimaddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan): Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

Maddə 51. Yaşayış sahəsinin icarə müqaviləsi Dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

Maddə 6 0. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Maddə 105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar.

Maddə 106. Yataqxanalar Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər.

Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir.

Maddə 108. Yataqxanalardan çıxarma İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni nəticə etibarilə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Hazırki iş üzrə iddiaçıya yataqxana otağının verilməsi zamanı köhnə Mənzil Məcəlləsinin normaları qüvvədə olmuşdur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 106-cı maddəsinə əsasən vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Eyni zamanda həmin Məcəllənin 107ci maddəsinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Bu müddəa hazırda qüvvədə olan Mənzil Məcəllənin 93-cü maddəsində də öz əksini tapmışdır. Qeyd olunan qanunvercilik normalarının məzmunundan göründüyü kimi, müəssisənin balansında olan yataqxanalar fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə verilən yaşayış sahələridir. Müəssisələrin yataqxanalarında yer almış işçilər öz arzusu ilə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən yataqxanadan çıxarıla bilərlər (köhnə Mənzil Məcəlləsinin 108-ci maddəsi). Belə ki, hazırkı iş üzrə iddiaçı tərəfindən əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti təqdim edilmiş, həmin əmək kitabçasına əsasən o, 1995-1998-ci illərdə Bakı Komvol Kombinatında əyrici işləmiş, 1998-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 12 aprel 1995-ci ildə Bakı Komvol Kombinatının yataqxanasında yerləşən 20 saylı mənzilə dair order verilmişdir. Orderin məzmununda da qeyd edilmişdir ki, müəssisədə işlədiyi dövrdə istifadə etmək üçün verilir. İşin hallarından da göründüyü kimi, iddiaçı orada yaşamamış, mənzil 2 hissəyə bölünmüş, təxminən 13 kv.metr hissəsinə dair başqa şəxs tərəfindən çıxarış alınmış, digər hissəsində isə məcburi köçkünlər yaşamışdır. Hazırda həmin mənzil 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, eyni mənzildə uzun müddət ərzində başqa şəxslər, həmin mənzilin bir hissəsində isə məcburi köçkünlər yaşamışdır. Lakin, keçən bu uzun müddət ərzində iddiaçı bu şəxslərin oradan çıxarılması barədə heç bir iddia irəli sürməmişdir. İddiaçı bu müddət ərzində mənzilin zəbt edilməsinə və orada başqa şəxslərin yaşamasına qarşı heç bir hüquqi tədbir görməmişdir. Yalnız binanın sökülməsi məsələsi ortaya çıxandan sonra mənzilə qeydiyyata düşmüş, kommunal xərcləri ödəmişdir. Apellyasiya baxışı zamanı iddiaçının həqiqətən də 1995-1998-ci illərdə Bakı Komvol Kombinatında Əyirici sexində, əyirici vəzifəsində işləyib-işləmədiyini aydınlaşdırmaq məqsədilə ondan əmək kitabçasının əslini məhkəməyə təqdim etməsi tələb olundu, lakin o, əmək kitabçasının əslini təqdim edə bilmədi. Bundan sonra onun əvvəllər və hazırda işlədiyi tibb müəssisələrinə nə vaxtdan həkim kimi çalışması ilə bağlı müvafiq sorğular göndərildi və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “X10” X11 xx.xx.2025-ci il tarixli, 18-1-2/2- 5562/2025 saylı cavab məktubundan aydın oldu ki, hazırkı iş üzrə iddiaçı olan İddiaçı xx.xx.1995-ci ildən hal-hazıradək “X10” X11 Doğum şöbəsində (KTM) həkim-mamaginekoloq vəzifəsində işləyir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının mənzili tələb etmək üçün subyektiv hüquqa malik olmaması barədə qənaəti əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı həmin müəssisədə çalışmış olsaydı və mənzil ona məhz əmək münasibətlərində olan dövrdə yaşamaq üçün verilmiş olsaydı belə, iddiaçının öz xahişi ilə əmək münasibətlərinə xitam verildiyindən, ötən müddət ərzində iddiaçı həmin mənzildə yaşamadığından, onun adına verilmiş order öz hüquqi əhəmiyyətini itirmişdir. Bu baxımdan da iddiaçı mənzili tələb etmək üçün subyektiv hüquqa malik şəxs hesab oluna bilməz. İddiaçının mənzilə dair hüquqları itirildikdən uzun müddət sonra (son dövrlərdə) qeydiyyata düşməsi və kommunal xərci ödəməsi mövcud vəziyyəti dəyişdirmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 23 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar