Məhkəmə qərarları › İş №2(103)-5549/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5549/2022

09.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5549/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “evdən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 №-li fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib. Cavabdeh3 iddiaçının qızı Günay Qaracayevanın keçmiş əridir. Onların nikahı xx.xx.2013-cü ildə bağlanıb, xx.xx.2021-ci il tarixli qətnamə ilə pozulub. Digər iki cavabdeh - Cavabdeh1 və Cavabdeh2 Cavabdeh3 valideynləridir. Hazırda evdə cavabdehlər yaşayır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, cavabdehlər evdən çıxarılsın. Tələb onunla əsaslandırılıb ki, ev iddiaçıya aiddir, iddiaçı evi dəyərini ödəməklə satın alıb, cavabdehlər evdə iddiaçının iradəsinə zidd olaraq yaşayırlar. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, cavabdehlər evdən çıxarılsın. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə dəyişdirilsin, qətnamənin icrası cavabdehin iddiaçıya qarşı irəli sürdüyü, evlə bağlı əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması barədə iddiaya baxılıb qurtaranadək təxirə salınsın. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətdinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəfin mübahisə ilə bağlı mövqeyi belədir ki, ev iddiaçıya məxsusdur, o, evi xx.xx.2012-ci ildə evin əvvəlki sahibindən – Sədəf Həmzəyevadan satın alıb. Həmin şəxs xx.xx.2012-ci ildə iltizam yazaraq evi iddiaçıya satdığını bildirib və iddiaçının adına 50 il müddətinə etibarnamə verib. İddiaçının kürəkəni – Cavabdeh3 Salyan rayonunda yaşamış və Bakıda yaşamağa yeri olmadığı üçün iddiaçı ona özünə məxsus evdə yaşamağa icazə vermişdir. İddiaçının nəvəsi olduqdan sonra qudaları – cavabehlər Cavabdeh1 və Cavabdeh2 nəvələrini görmək üçün tez-tez Bakıya gəlməyə başlamışlar, Bakıda yaşamağa yerləri olmadığına görə Bakıya gələndə iddiaçıya məxsus evdə qalırdılar. Nikahın pozulmasında sonra cavabdehlər iddiaçının gözdən əlil və köməksiz olmasından istifadə edərək onu və qızını evdən qovublar, evi zəbt ediblər. Cavabdeh tərəfin mübahisə ilə bağlı mövqeyi belədir ki, Cavabdeh3 iddiaçının qızı ilə ailə qurduqdan sonra ev onların, yəni yeni ailə quran şəxslərin yaşaması üçün əldə edilib, ev 14.500 manata alınıb, həmin pulun 2.100 manatını Cavabdeh1, qalan hissəsini isə iddiaçı ödəyib. Razılığa görə ev iddiaçının adına alınmalı idi, cavabdeh tərəf evin əldə edilməsi üçün iddiaçının ödədiyi pulu ona qaytardıqdan sona ev cavabdeh tərəfin adına keçməli idi. Ev yaşamaq üçün yararsız olduğuna görə cavabdeh tərəf evi sökmüş, Salyan rayonunda özlərinə məxsus evi satmış, pulun bir hissəsi ilə iddiaçıya olan borcu ödəmiş, yəni evin alınması üçün iddiaçının ödədiyi pulu qaytarmışlar, pulun qalan hissəsi ilə yeni ev inşa etməyə başlamışlar. Təxminən 1 ilə yeni ev tikib həmin evə köçmüşlər. İddiaçı isə bir gün də olsun həmin evdə yaşamamış, iddiaçının özünün ayrıca mənzili olmuşdur. Qətnamənin yoxlanılması: Cavabdehlərdən biri - Cavabdeh1 apellyasiya şikayəti verdiyinə görə qətnamənin əsaslılığı yalnız ona aid olan hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Ev iddiaçının sahibliyində olub, sahiblik iddiaçının iradəsi olmadan cavabdehlər tərəfindən pozulub. Belə ki, evə aid olan Bakı Şəhər İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosunun 1983-cü ildə verdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport”un surətindən görünür ki, ev əvvəlcə Sədəf Həmzəyevaya aid olub (iş v. 59). Sədəf Həmzəyeva xx.xx.2012-ci ildə iltizam verərək evi 18.600 ABŞ dollarına iddiaçıya satdığını bildirib (iş v. 37). O cümlədən Sədəf Həmzəyeva xx.xx.2012-ci ildə iddiaçının adına 50 il müddətinə ümumi etibarnamə verilib (iş v. 35). Bundan başqa, iddiaçı evdə yaşayış yeri üzrə qeydiyyatdadır və kommunal xidmətlərlə bağlı müqavilələr iddiaçının adınadır. Cavbadehlər evdə qeydiyyatda deyil, evə dair onların adına heş bir sənəd yoxdur. Cavabdehlərin hazırda evdə yaşaması iddiaçının iradəsinə ziddir. Odur ki, onların evdə yaşaması qanunsuz sahiblik sayılır. Mülki Məcəllənin 164.2-ci maddəsinə görə, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən irəli sürülmüş “əsassız varlanma nəticəsində əldə edilmiş pulun qaytarılması barədə” iddia həll edilənədək hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar