Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-555/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, X1 və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(010)-4469/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" BOKT QSC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11201 (on bir min iki yüz bir) ABŞ dolları məbləğində əsas borc, 4146.82 (dörd min yüz qırx altı ABŞ dolları, 82 sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 15347.82 (on beş min üç yüz qırx yeddi ABŞ dolları, 82 sent) ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-SN-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO” markalı minik avtomobili (buraxılış ili 2012, Ban -KNAFW4119D5702055, rəngi - Ağ mirvari) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(010)- 4469/2019 saylı qətnaməsi ilə ipoteka predmeti olan **-SN-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO” markalı minik avtomobili 20.000 ABŞ dolları qiymətləndirilməklə iddia təmin edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, qeyd olunan qətnamənin ipoteka prdmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız ipoteka müqaviləsinin 3.1-ci bəndində müəyyən olunan ipoteka predmetinin qiymətləndirmə məbləğinə əsaslanmışdır. Halbuki, qeyd olunan avtomaşın ilkin satış qiymətinin 20.000 ABŞ dolları müəyyən edilməsi həqiqətə uyğun deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ipoteka predmetinin 20000 ABŞ dolları dəyərində qiymətləndirilməsi hissəsində ləğv edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh Maşa oğlu arasında bağlanmış xx.xx.2013-ci il tarixli 272 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana nəqliyyat vasitəsinin alınması məqsədilə 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 14.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh Maşa oğlunun mülkiyyətində olan **-SN-*** dövlət qeydiyyat nişanlı, “KİA CERATO” markalı minik avtomobili (buraxılış ili 2012, Ban -KNAFW4119D5702055, rəngi - Ağ mirvari) 11 oktyabr 2013-cü il tarixli 040 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin dəyərini müəyyən edərkən, tərəflər arasında 2013-cü ildə bağlanmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə istinad etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini 20.000 ABŞ dolları müəyyən edərkən ipoteka müqaviləsinin 3.1-ci bəndinə istinad etmişdir. Həmin bənddə qeyd olunmuşdur ki, ipoteka predmetinin dəyəri tərəflərin razılığı ilə 20.000 ABŞ dolları müəyyən edilir. Lakin birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə “İpoteka haqqında” Qanunun tələblərinə uyğun deyil. Belə ki, həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1) razılaşma əsasında; 2) qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulmuşdur. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyənləşdirmişlər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən 7 il müddətində ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Hazırkı işdə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti barədə razılıq əldə etmədiyindən həmin qiymət müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Apelyasiya icraatı zamanı məhkəmə kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 13288/2019 saylı qərardadı əsasında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin ipoteka predmeti ekspertizaya təqdim edilmədiyinə görə iş materialları icrasız geri qaytarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ilkin satış qiymətinə aid olan hissədə ləğv edilməli və ipoteka predmetinin ilkin satış qiyməti hərrac təşkilatı tərəfindən satış zamanı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 2(010)- 4469/2019 saylı qətnaməsi ipoteka predmeti olan, “KİA CERATO” markalı minik (buraxılış ili 2012, Ban -KNAFW4119D5702055, rəngi - Ağ mirvari) avtomobilin 20.000 ABŞ dolları dəyərində qiymətləndirilməsi hissəsində ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-555/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-555/2020
18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver