Məhkəmə qərarları › İş №2(103)-555/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-555/2023

26.01.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-555/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işə bərpa tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinə qarşı əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işdən çıxarma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4766/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı 01 sentyabr 2005-ci il tarixdə Cavabdeh şirkətinə əsaslı təmir sexinə usta vəzifəsinə qəbul edilmiş, 01 oktyabr 2007-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq əsaslı təmir sexi quyuların yeraltı və əsaslı təmir sexi adlanmış, 09 dekabr 2019-cu il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmiş, 01 iyun 2020-ci il tarixdə yenidən Cavabdeh şirkətində quyuların yeraltı və əsaslı təmir sexinə usta vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətli olmaqla, 1 il müddətinə bağlanmış, xx.xx.2021-ci ildə onunla bağlanmış əmək müqaviləsi daha 1 il müddətinə uzadılmış, 03 iyun 2022-ci il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehin 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 nömrəli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi iş buraxma dövrünə görə ona əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il təvəllüdlüdür, ali təhsilli mühəndis konstruktor texnoloqdur. O, Azərbaycan Politexnik İnstitutunda ali təhsil almış, 29 oktyabr 1984-cü il tarixdən aktiv əmək fəaliyyəti ilə məşğuldur. O, həmin ildən etibarən müxtəlif zavod və müəssisələrdə usta, mühəndis, mühəndis texnoloq və s. vəzifələrində işləyib. O, 2001-ci ildən etibarən 6 aylıq fasilə istisna olmaqla 2022-ci ilin iyun ayınadək Cavabdeh Şirkətində (əvvəlki adı “X9 Çıxarma İdarəsi”) çalışıb. Belə ki, o, 24 aprel 2001-ci il tarixdə “X9 Çıxarma İdarəsi”ndə quyuların əsaslı təmiri sexində 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə qəbul olub. 01 iyun 2004-cü il tarixdə ona 5-ci dərəcə təyin olunub. 01 oktyabr 2004-cü il tarixdə quyuların əsaslı təmir sexi quyuların əsaslı təmiri və qazma sexi adlanıb. 01 sentyabr 2005-ci il tarixdə ləğv etmə komissiyasının 09 sentyabr 2005-ci il tarixli 1 saylı protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci madddəsinin "a" bəndinə (müəssisənin ləğv olunması ilə əlaqədar) onunla əmək müqaviləsinə xitam verilib. O, 01 sentyabr 2005-ci il tarixdə cavabdeh şirkətdə əsaslı təmir sexinə usta vəzifəsinə qəbul olunub. 01 oktyabr 2007-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar əsaslı təmir sexi quyuların yeraltı və əsaslı təmir sexi adlanıb. 09 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən bütün yerltı və əsaslı təmir sexi işçiləri ilə birlikdə tutduğu vəzifədən azad olunub. O, 2001-2019-cu illər aralığında cavabdeh şirkətdə müddətsiz əmək müqaviləsi əsasında işləyib. 10 dekabr 2019-cu il tarixdə "Şirvan Drilling Limited" şirkətinin filialında quyuların əsaslı və yeraltı təmiri sexində bütün işçilərlə birlikdə quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilib. Təxminən 6 aydan sonra – 31 may 2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar) işdən azad olunub. Sonradan cavabdeh şirkətə qayıdanda onunla müddətli müqavilə imzalanıb. Belə ki, o, 01 iyun 2020-ci il tarixdə "X7" şirkətində quyuların yeraltı və əsaslı təmir sexinə usta vəzifəsnə qəbul edilib. Həmin vaxt onunla bağlanmış 2045 saylı əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən müqavilə 1 il müddətinə, 01 iyun 2021-ci il tarixinədək bağlanıb. Müqavilənin hansı səbəbdən müddətli bağlanması ona izah edilməyib. Sözügedən müqavilənin 4.1-ci bəndinə əsasən onun aylıq əmək haqqı 837 manat təşkil edib. Müqavilənin 4.11-ci bəndinə əsasən beş günlük iş həftəsində iş günü gündə 8 saatdan, altı günlük iş həftəsində 7 saatdan, həftədə isə 40 saatdan çox təşkil etməməlidir. Növbəti iş rejimində isə növbə müddəti növbəyə görə 12 saatdan çox olmamalıdır. Müqavilənin 7.1-ci bəndinə görə, işçi iş vaxtı ərzində həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsalat vasitələrinin - maşın, mexanizm, avadanlıq, cihaz və alətlər, qurğu, habelə işəgötürənin mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir. Müqavilənin 9.1ci bəndinə görə, bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74 və 75-ci maddələrində nəzrədə tutulan əsaslara-qaydalara ciddi əməl olunmaqla birinin təşəbbüsü ilə ləğv edilə bilər. Müqavilənin 10.2-ci bəndinə əsasən tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcək. Sonradan cavabdeh şirkət onunla bu müqavilə müddətini daha bir il müddətinə uzadıb. 03 iyun 2020-ci il tarixdə isə Azərbaycan Respublikası ƏMnin 73-ci maddəsinin 1-ci hissəsinə əsasən (əmək müqaviləsinin bitməsi ilə əlaqədar) cavabdeh şirkət onunla bağlanmış 2045 saylı 01 iyun 2020-co oı tarixli əmək müqaviləsinə xitam verib. Əmrdə istifadə edilməmiş məzuniyyətə görə ona 30 təqvim günü məbləğində kompensasiya ödənilməsi qeyd edilib. O, əmək müqaviləsinin uzadılmamasının onun əmək hüquqlarının kobud şəkildə pozduğu səbəbilə cavabdeh şirkətlə mübahisənin məhkəmədən kənar həllinə cəhd edib. O, mübahisənin mediasiya vasitəsilə tənzimlənməsinə səy göstərib, lakin cavabdeh şirkətin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməyib. Əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran halların olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması qanunsuzdur və Azərbaycan Respublikası ƏM-nin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. Məcəllənin həmin maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Faktların təsviri hissəsindən göründüyü kimi, iddiaçı təxminən 21 il cavabdeh qurumda çalışıb. Yalnız 2020-ci ilin iyun ayından etibarən onunla əmək müqaviləsi müddətli bağlanmağa başlanıb. Müddətli əmək müqaviləsi bağlanan zaman işçi öz işinin keyfiyyətindən asılı olmayaraq daima işdən çıxarılmaq qorxusu altında olur və bu zaman Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən olunmuş əməyə təminat hüququna malik olmur. İşəgötürən tprəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur. Başqa sözlə, iddiaçının eyni şirkətdə əvvəllər müddətsiz əmək müqaviləsinə əsasən işlədiyi halda, həmin qurumda onunla 2020-ci il iyun ayının 1-dən etibarən müddətli əmək müqaviləsi bağlanması qanunsuzdur, yəni, müddətli əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanması ciddi şübhə doğurur. Azərbaycan Respublikasi ƏM-nin 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Başqa sözlə, onunla müddətli əmək müqaviləsinin bağlanması ƏM-nin 45-ci maddəsinin tələblərinə zidd olub. Həmçinin, onun çalışdığı sahə sözügedən Məcəllənin 47-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilən hallar siyahısına da aid deyil. Onun işdən azad edildikdən sonra işsiz qalmaq təhlükəsi ilə üzləşməsini əsas götürsək hesab etmək olar ki, onunla işəgötürən arasında 2020-ci ilin iyun ayında müddətli əmək müqaviləsi bağlanılarkən hüquq bərabərliyi prinsipinə riayət olunmayıb. Həmçinin qeyd olunmalıdır kı, işçinin əmək funksiyasının daimi xarakterə malik olması qabaqcadan bəlli olub və iddiaçının əmək müqaviləsi əvvəl müddətisiz olduğu halda, yeni əmək müqaviləsinin müddətli bağlamasının iradə ifadəsinə uyğun olması inanılmaz və məntiqsizdir. İkincisi, cavabdehin 03 iyun 2022-ci il tarixli, HRQ 01/22 saylı əmri ƏM-nin 84-cü maddəsinin tələblərinə uyğun tərtib edilməyib. Üçüncüsü, iddiaçı neftqaz sahəsində işlədiyi 21 il müddətində onun haqqında hər hansı intizam tənbeh tədbiri görülməyib, əksinə nümunəvi işinə görə daima təriflənib, vəzifələrdə irəli çəkilib. Yalnız 2020-ci ildən etibarən, o, cavabdeh şirkətin davamlı əsassız basqıları və qanunsuz intizam tənbehlərinə məruz qalıb. Bunun əsas səbəbləri isə iddiaçının şirkətin neft və qazın hasilatı üzrə departamentinin müdiri İlqar Kərimin "yazılmamış qanunları" ilə barışmaması və onun şirkətdə çalışan doğma qardaşı X2 2020-ci ildə həmin şirkəti qanunsuz işdən çıxarma əmrinə görə məhkəməyə verməsi olub. Məhz sonuncu hadisədən sonra, yəni, 2020-ci ilin iyul ayında İlqar Kərim iddiaçını yanına çağıraraq, qardaşı X2 məhkəməyə ünvanladığı iddia ərizəsi ilə bağlı onu şirkətin kadrlar şöbəsinin rəisi Loğman Məmiyevin adından xəbərdar edib, qardaşının məhkəmədən iddia ərizəsini geri götürməsini tələb edib, əks təqdirdə işdə ciddi problemlərinin yaranacağı ilə hədələyib. İddiaçı onun bu təklifinə etirazını bildirib, qardaşının müstəqil şəxs olduğunu, onun işinə qarışa bilməyəcəyini bildirib. Onun bu təkliflə razılaşmamasından sonra onun gözümçıxdıya salınması daha da davamlı hal alıb. Bütün şirkətdə adi hal kimi qəbul edilən işlər onda nöqsan kimi qəbul edilməyə başlanıb. Məhz bu təqiblərin nəticəsində, 2021-ci il noyabrın 23-də iddiaçı ilə şirkətin digər işçisi, qaldırıcı maşinist Nəcəf Nəcəfov arasında ikincinin şirkətdən 3 kanistrda olmaqla 60 litr dizel yanacağı və kəsilib yığılmış borular oğurladığı səbəbindən baş verən konfliktdə o, mükafatlandırılmaq əvəzinə, davam edən qərəzli münasibətin nəticəsində iki dəfə 30 noyabr 2021-ci il və 25 may 2022-ci il tarixli əmrlərlə töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmətlə cəzalandırılıb, daha sonra isə heç bir səbəb göstərmədən onunla müqavilənin uzadılmasından imtina edilib. Yeri gəlmişkən, iddiaçının qardaşı X2 şirkətin onunla əmək müqaviləsini uzatmasından imtina ilə bağlı əmrindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə verilən iddia həmin Məhkəmənin 20 avqust 2020-ci il tarixli, 2(001)-4053/2020 saylı qətnaməsi ilə təmin edilib, şirkətin əmri ləğv edilib, Hikmət Səmədov işə bərpa edilib və daha sonrakı illərdə pensiya yaşına çatdığı üçün pensiyaya çıxıb. Dördüncüsü, o, 3 nəfərlik ailənin yeganə qazanc gətirən üzvüdür. Ondan başqa, ailədə işləyən və əmək haqqı alan heç kim yoxdur. Beşincisi, koronavirus pandemiyası ilə əlaqədar çıxışlarında ölkə Prezidenti dəfələrlə özəl şirkətlərə işçiləri ixtisar etməməklə bağlı öz tövsiyələrini verib. Lakin, cavabdeh şirkət pandemiyanın nəticələrinin hələ də davam etdiyi bir vaxtda bu tövsiyyələrə əhəmiyyət verməyərək, onunla bağlanmış əmək müqaviləsini qərəzli şəkildə uzatmaqdan imtina edib. Altıncısı, başqa işçilərlə əmək müqaviləsi uzadılıb, yalnız onunla əmək müqaviləsinin uzadılmasından imtina edilib. Lakin, bu imtina hec cür əsaslandırılmayıb. Onun hazırda 60 yaşı var, onun pensiya yaşına çatmağına çox az qalıb. Cavabdeh şirkət uzunmüddətli və qüsursuz xidmətlərini nəzərə almayaraq, onunla bağlanmış müqaviləni uzatmaqdan imtina edib. Halbuki, ƏM-nin 16-cı maddəsində əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi nəzərdə tutulub.

4. Cavabdeh iddiaya etiraz göndərərək göstərmişdir ki, iddia ərizəsinin arqumentlərinin heç biri həqiqəti əks etdirmədiyindən və şirkətin əmrinin qanunsuz hesab edilməsi ilə bağlı heç bir mötəbər sübut göstərilmədiyindən iddia təmin edilməməlidir. Əvvəla iddiaçının iddia ərizəsində göstərdikləri heç də həqiqəti əks etdirmir ona görə ki, iddiaçı özünün bildirdiyi kimi 21 il fasiləsiz olaraq Cavabdeh şirkətində işləməmişdir. Belə bir sual yaranır ki, əgər şirkət 2005-ci ildən Azərbaycan Respublikasında fəaliyyətə başlamışdırsa, o zaman iddiaçı 2001-ci ildən hansı şirkətdə işləmiş olur? 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X10 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmışdır. 01 sentyabr 2005-ci il tarixdən isə Sazişin müddəlanna uyğun olaraq Cavabdeh şirkəti Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Lakin, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı 2001-ci ildən Şirkətdə yox, ARDNŞ “Azneft” İstehsalat Birliyinin tərkibində olmuş “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində çalışmışdır. Həmin İdarənin isə şirkətlə heç bir əlaqəsi və bağlılığı yoxdur. Bir sözlə “X8” şirkəti müstəqil hüquqi şəxsdir və “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin hüquqi varisi deyildir. Sözügedən “Binəqədineft Neft və Qazçıxarma” idarəsi “Azneft” İB-nin tərkibində olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ("xxxx" və ya “SOCAR”) 92 saylı, 31 aqvsut 2005-ci il tarixli əmri əsasında tamamilə ləğv edilmişdir. İddiaçı şirkətdə ilk dəfə olaraq 01 sentyabr 2005-ci il tarixdən çalışmağa başlamışdır. Belə ki, həmin vaxtdan şirkətin quyuların yeraltı və əsaslı təmiri sexində müxtəlif vəzifələrdə işləyən iddiaçı 09 dekabr 2019-cu il tarixdə ərizə ilə şirkət rəhbərliyinə müraciət edərək öz istəyi ilə işdən azad edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının ərizəsi əsasında şirkətin HRR 106/19 saylı, 05 dekabr 2019-cu il tarixli əmri ilə əmək müqaviləsinə xitam verməklə iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Daha sonra şirkətdən öz xahişi ilə işdən azad edildikdən sonra iddiaçı bir müddət “Şirvan Drilling Limited” şirkətinin Azərbaycab Respublikasındakı filialında çalışmış və həmin filialdan da işdən çıxdığı üçün işləmək məqsədilə yenidən Cavabdeh şirkətinə müraciət etmişdir. Bundan sonra 01 iyun 2020-ci il tarixdə şirkətlə iddiaçı arasında 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmış və 01 iyun 2021-ci il tarixdə də həmin müqavilənin müddəti daha 1 il, yəni 01 iyun 2022-ci il tarixədək uzadılmışdır. İddiaçı özünün intizamlı, yüksək əmək keyfiyyətinə malik işçi olduğunu bildirsə də, lakin, şirkətdə işə qəbul edildiyi 01 iyun 2020-ci il tarixdən işdən azad edildiyi 01 iyun 2022-ci il tarixədək (yəni 2 il) müddətdə dəfələrlə şirkətdaxili nizam-intizam qaydalarını pozduğuna görə şirkətin müvafiq əmrləri əsasında ona “töhmət” və “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Şirkət iddiaçıya 02 iyun 2022-ci il tarixli bildirişlə aralarında mövcud olan 2045 saylı, 01 iyun 2020-ci il tarixli əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar xitam verildiyi barədə məlumat təqdim etmiş və həmin bildirişi iddiaçı qəbul etməkdən imtina etdiyi üçün bildiriş poçt xidməti vasitəsilə qeyd olunan tarixdə iddiaçının ünvanına göndərilmişdir. Bununla da şirkətin HRQ 01/22 saylı, 03 iyun 2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin əsası onun müddətli əmək müqaviləsinin müddətinin bitməsi olmuşdur. Hesab edir ki, şirkət iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsaslı olaraq xitam verilmişdir və əmək müqaviləsinin xitamı ilə bağlı əmr verilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Ona görə də hazırki iddia ərizəsi məhkəmə tərəfindən əsassız hesab edilməklə təmin edilməməlidir.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 4766/2022 saylı qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia təmin edilmişdir.

6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 01 sentyabr 2005-ci il tarixdən 09 dekabr 2019-cu il tarixədək fasiləsiz və etirazsız olaraq cavabdeh şirkətdə eyni vəzifədə və eyni sexdə işləmiş, yəni iddiaçının gördüyü iş daimi xarakterə malik olmuşdur. Belə olan halda, iddiaçının öz ərizəsi ilə işdən azad edildikdən sonra həmin şirkətin iddiaçı ilə 01 iyun 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlaması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə bilməz. Belə ki, yuxarıda göstərilən maddələrin mənasına görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, işəgötürən işçi ilə müddətli əmək müqaviləsi bağlaya bilməz.

7. Məhkəmə öz mövqeyini AR Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə, 45-ci maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinin 4-cü hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4766/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Göründüyü kimi hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi də hər iki tərəfin razılaşdığı müddətə, yəni 1 (bir) il müddətinə bağlanmışdır. Yəni, Şirkət Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbini pozmamışdır. İş materiallarından da görünür ki, iş üzrə hər iki müqavilə tərəfi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlamışlar və hətta iddiaçı bu qarşılıqlı razılığı müqaviləni imzalamaqla təsdiq etmişdir. Eyni zamanda Əmək Qanunvericiliyinin tələbinə görə İddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərdən hesab olunmur. İddiaçı əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin siyahısına aid edilmədiyindən, Şirkət haqlı olaraq tərəflər arasındakı Əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının çalışdığı sahə və gördüyü iş Məcəllənin 45-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulan "işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması" kriteriyasma cavab verir və bu, qabaqcadan bəlli olan hallar sırasına aiddir. Belə olan halda isə onunla müddətli əmək müqaviləsinin bağlanmasını əmək qanunvericiliyi bir sıra halları çıxmaqla istisna edirdi. Həmin istisna hallar isə ƏM-nin 47-ci maddəsində nəzrədə tutulan 10 haldan ibarətdir. Cavabdeh şirkət apellyasiya şikayətində həmin hallardan birinə - ƏM-nin 47-ci maddəsinin f) yarımbəndinə istinad edir və iddiaçı ilə əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə hər iki tərəfin qarşılıqlı razılığı ilə bağlanıldığını iddia edir və bu mövqeyini iddiaçının qarşılıqlı razılığını müddətli müqaviləni imzalmaqla təsdiq etməsi ilə əsaslandırır. Halbuki, Azərbaycan Respublikası ƏM-nin 47-ci maddəsində sadalanan bütün hallarda müddətli əmək müqaviləsinin bağlanılması üçün əsas şərt - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Digər sözlə desək, hazırkı situasiyada 47-ci maddə iddiaçıya münasibətdə müddətli əmək müqaviləsinin bağlanılması üçün ilkin şərti - işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasını qarşılamır. Digər tərəfdən bəllidir ki, müddətli əmək müqaviləsinin bağlanılmasında əsasən işəgötürən maraqlı olur. xx.xx.2020-ci il tarixli 2045 saylı müddətli əmək müqaviləsi məhz işəgötürən şirkətin maraqlarına xidmət edib və bu müqaviləyə iddiaçının imza etməsi cavabdehin onun qarşısında əmək fəaliyyətini davam etdirmək üçün başqa seçim yeri qoymamasının nəticəsi hesab edilməlidir. Yəni, əks halda müddətli əmək müqaviləsinə imza etməyəcəyi təqdirdə, bütün əmək fəaliyyəti neft sahəsi ilə bağlı olan iddiaçı əmək fəaliyyətini davam etdirə bilməmək riski qarşısında qala bilərdi və onun bu müqaviləyə imza etməsi məhz hər necə də olsa, əmək fəaliyyətini davam etdirmək istəyi ilə bağlı idi. Bu mənada iddiaçının müddətli əmək müqaviləsini digər tərəflə hüquq bərabərliyi prinsipinə əməl etməklə bağladığını iddia etmək tamamilə əsassızdır. İddiaçının müddətli əmək müqaviləsini və onun xitam verilməsinə dair əmri məhkəmə qaydasında mübahisələndirməsi də onun cavabdeh şirkətlə həmin müqaviləsini imzalayarkən bərabər hüquqlu vəziyyətdə olmadığını bir daha təsdiq edir. Üstəlik də, xüsusən 2020-ci ildən etibarən cavabdeh qurum müxtəlif bəhanələrlə əksər işçilərlə kütləvi şəkildə müddətli əmək müqaviləsi bağlamaq ənənəsinə keçib ki, iddiaçı ilə bağlanmış müddətli müqaviləni də həmin kontekstdə şərh etmək lazımdır və təbii ki bunun da tərəflərin hüquq bərabərliyi ilə hər hansı bir əlaqəsi yoxdur. Apellyasiya şikayətində cavabdeh ƏM-nin 79-cu maddəsinə (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) istinad etsə də, 79- cu maddənin 2-ci bəndində deyilir ki, "Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "a" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir". İddiaçı ilə əmək müqaviləsinə ƏM-nin 73- cü maddəsi ilə xitam verildiyindən, həmin müddəa hazırkı situasiyaya münasibətdə tətbiq edilə bilməz. Apellyasiya şikayətində iddiaçının son iki ildə (2022- 2022-ci illər) töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət aldığı qeyd edilir, onun şirkətdaxili nizam- intizam qaydalarını pozan işçi obrazı formalaşdırılır. Əvvəla, bunun mübahisənin predmetinə heç bir aidiyyəti yoxdur. Digər tərəfdən, həmin töhmət və şiddətli töhmət cavabdehin iddiasının əksinə olaraq məhz iddiaçının əmək funksiyalarını qüsursuz və dürüst yetirməsinin, şirkətdə oğurluq hadisəsinin qarşısını aldığına görə, bəzi səlahiyyətli şəxslərin ondan qisas almaq və cəzalandırmaq niyyətinin nəticəsdir. Üçüncüsü isə, həmin intizam tənbehlərinin müddəti ƏM-nin 190-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan 6 (altı) aylıq müddəti keçib. Apellyasiya şikayətində prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər kimi isə Azərbaycan Respublikası MPM-in 14.2, 217.3 və 217.4-cü maddələri sadalanıb, istinad edilsə də, bunun birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi ilə əlaqəsi cavabdeh qurum tərəfindən heç cür izah və şərh edilməyib. Bu isə bir daha onu göstərir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinin həm faktiki, həm də hüquqi əsasları yoxdur və birinci instansiya məhkəməsi haqlı olaraq, iddia tələbinin təmin edilməsinə dair qanuni və əsaslı qətnamə qəbul edib.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

14. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

19. 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin tələblərinə görə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri sayılır;

20. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır;

21. 45-ci maddəsinin 4-cü hissəsində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanılmalıdır;

22. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər;

23. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

AR Mülki Prosessual Məcəlləsi

24. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. 384.0.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

27. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, işin hallarından mübahisəsiz qaydada müəyyən edilir ki, İddiaçı Cavabdeh Şirkəti ilə aralarında bağlanmış müddətsiz əmək müqaviləsi əsasında həmin şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyində 2005-ci ildən 2019-cu ilin dekabr ayına qədər usta vəzifəsində fasiləsiz olaraq çalışmışdır.

30. İddiaçı tutduğu vəzifədən öz arzusu ilə azad edildikdən cəmi 5 ay 21 gün sonra, yəni xx.xx.2021-ci ildə cavabdeh təşkilatda eyni vəzifəyə işə qəbul edilmiş, lakin bu dəfə əmək müqaviləsi müddətli olmaqla, 1 il müddətinə bağlanmışdır.

31. Kollegiya hesab edir ki, iddiaçının uzun illər ərzində həmin vəzifədə müdətsiz əmək müqaviləsi əsasında fasiləsiz olaraq eyni vəzifədə çalışması onun cavabdeh təşkilatda yerinə yetirdiyi işin daimi xarakterə malik olduğunu təsdiq edir.

32. Həmçinin, iddiaçının işdən azad edildiyi və yenidən işə qəbul edildiyi tarixlər arasında keçən zaman kəsiyində onun yerinə yetirdiyi işin daimi xarakterinin dəyişməsi və müvəqqəti xarakter daşıması iş materialları ilə müəyyən edilmir.

33. Cavabdeh təşkilat əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında müddətli bağlanmasına istinad etmişdir.

34. Bununla bağlı qeyd edilməlidir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, asılılıq baxımından işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterik haldır. İşəgötürən, işçi ilə əmək müqaviləsinin rəsmiləşdirilməsi, onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də bilavasitə işəgötürənin üzərinə düşür.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

36. Bu mənada tərəflər arasında bağlanmış əmək müqaviləsinin məhz tərəflərin hquq bərabərliyi əsasında, onların qarşılıqlı razılığı ilə bağlandığını sübut etmək vəzifəsini də işəgötürən daşıyır.

37. Lakin cavabdeh təşkilat məhkəməyə belə bir sübut təqdim etməmişdir.

38. Əksinə, kollegiya hesab edir ki, daimi xarakter daşıyan əmək funksiyalarının yerinə yetirilməsi üçün işçi ilə müddətli əmək müqaviləsinin bağlanmasının hər hansı bir ağlabatan izahı yoxdur.

39. Burada xüsusilə nəzərə alınmalıdır ki, həmin əmək müqaviləsi eyni vəzifəni işəgötürən təşkilatda uzun illər ərzində qüsursuz yerinə yetirmiş və tutduğu vəzifəni hər hansı bir pozuntuya görə deyil, öz təşəbbüsü ilə tərk etmiş işçi ilə bağlanmışdır. Başqa sözlə, işçi tutduğu vəzifənin icrası ilə bağlı kifayət qədər bilik və təcrübəyə malik olmuşdur.

40. Belə bir vəziyyətdə işçinin əmək müqaviləsini məhz öz arzusu ilə 1 il müddətinə bağlamasının hər hansı ağlabatan izahi yoxdur.

41. Qeyd edilənləri nəzərə alaraq kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

42. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir.

43. Kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ya iddianın rədd edilməsi üçün əsas deyildir.

44. Habelə, birinci instansiya məhkəməsinin işin araşdırılması zamanı iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamasına dair apellyasiya şikayətinin dəlili də öz təsdiqini tapmır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4766/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar