Məhkəmə qərarları › İş №2(103)-5551/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5551/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5551/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan Hüseyn-X2 ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd olunmuşdur. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı tələbində göstərilən cavabdehlər sözügedən mənzilin əvvəlki mülkiyyətiçisi və onun ailə üzvləri olduqlarından mənzilə istifadə hüququ əldə etmişlər. Rayon məhkəməsi hesab etmişdir ki, cavabdehlər mənzilin iddiaçıya özgəninkiləşdirilməsinə dair müqavilə bağlamaqla, mənzildən istifadə hüquqlarından imtina etdiklərindən həmin hüquqlarını artıq itirmişlər. Halbuki, Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən, mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Ona görə də, hazırkı iddiada mülkiyyətçinin dəyişməsi əsası ilə mənzilə istifadə hüququna xitam verilməsi tələb olunmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təmin olunmalıdır. İş materiallarından görünür ki, mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil əvvəlcə Cavabdeh1 mülkiyyətində olmuşdur. 29.01.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən, o, həmin mənzili İddiaçı satmış və əşya daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmışdır. Müqavilənin 8-ci bəndinə əsasən, Cavabdeh1 alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əşya verməyi, 13-cü bəndinə əsasən isə 31.03.2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Müqavilənin bağlandığı vaxt digər cavabdeh xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 18 yaşı tamam olmadığından ondan mənzilin satılmasına dair notarial qaydada təsdiq olunmuş yazılı razılıq ərizəsi tələb olunmamışdır. Buna baxmayaraq, cavabdehlər mənzildən qeydiyyatdan çıxmamışlar. Qeyd olunanlar iddia ərizəsi, AN-İ ******* nömrəli, 29.01.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, “Elektron notariat” X1 01.10.2020-ci il tarixli Çıxarış, Daxili İşlər Nazirliyi tərəfindən 08.05.2019-cu il tarixdə verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış və işdə olan digər sənədlərlə təsdiqlənir. Hazırda iddiaçı mübahisəli mənzil üzərindəki mülkiyyət hüququna istinad edərək, cavabdehlərin həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Mülki Məcəllənin 228.2-ci və Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə istinad etməklə, mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər əvvəllər Cavabdeh1 mülkiyyətində olmuş mənzilə dair alqı-satqı müqaviləsi bağlayaraq, onun özgəninkiləşdirilməsi ilə mənzilə olan bütün hüquqlarından, o cümlədən istifadə hüququndan imtina etmiş, bununla da həmin hüquqlarını artıq itirmişlər. Belə olan halda isə artıq mövcud olmayan hüquqların itirilməsi və ya onlara xitam verilməsi yolverilməzdir. Kollegiya bu mövqe ilə razılaşmayaraq, aşağıdakılara əsasən hesab edir ki, rayon məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tələbləri pozulmuş və düzgün tətbiq olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmçinin, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, «Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. ...Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur». Göründüyü kimi, məhdud əşya hüququ mənasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququ birbaşa daşınmaz əşyanın mülkiyyətçisinə bağlı olmamaqla, mülkiyyət hüququnun başqa şəxsə keçməsi halında belə, əgər qanunla həmin hüquqa xitam verilməsini şərtləndirən başqa əsaslar yoxdursa, mövcudluğunu davam etdirir. Başqa sözlə, daşınmaz əşyaya mülkiyyət hüququnun özgəninkiləşdirilməsi, həmin əşyaya istifadə hüququ olan şəxslərin bu hüquqlarının xitamına səbəb olmur. Baxılan işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh1 mübahisə predmeti olan mənzilin əvvəlki mülkiyyətçisi, digər Cavabdeh2 isə onun ailə üzvü olmaqla mənzildən istifadə hüququ (şəxsi servitut) olan şəxslərdir. 29.01.2020-ci il tarixdə mənzili iddiaçıya satarkən Cavabdeh1, aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətçi və digər cavabdehin himayəçisi kimi üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə və 31.03.2020-ci il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağa dair öhdəlik götürmüş, dolayısı ilə də mənzilə ehtiyaclarının qalmadıqlarını ifadə etmişlər. Belə olan halda, Kollegiya hesab edir ki, cavabdehlər mübahisəli mənzildən istifadə hüququ olan şəxslər olsalar da, bu hüquq sonradan aradan qalxmışdır. Ona görə ki, qanunverici, mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ qeyd edilən normaya əsasən yaransa belə, sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa, onun mənzildən istifadə hüququ aradan qalxmış sayılır. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu 29 mart 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bundan başqa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında müəyyən edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsinin bu qərarında müəyyən etdiyi hüquqi mövqe işə baxan birinci instansiya məhkəməsi tərəfindən hazırkı işin hallarına münasibətdə düzgün tətbiq edilməmişdir. Belə ki, Qərarın məzmunundan da göründüyü kimi, KM oxşar hallarla bağlı inzibati orqana yalnız o halda müraciət edilməsini müəyyən edir ki, yaşayış sahəsi üzrə qeydiyyat mülkiyyətçinin ərizəsi əsasında aparılmış olsun və qeydiyyatdan çıxarılması xahiş olunan şəxs həmin yaşayış sahəsində faktiki yaşamasın. Lakin hazırkı işin hallarından göründüyü kimi, cavabdehlər mübahisəli yaşayış sahəsinə iddiaçının ərizəsi əsasında qeydiyyata alınmamışlar, onlar mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləri olmuşlar. Belə olan halda, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında müraciət etməsi qanuni olmuşdur. Bu zaman məhkəmə onu da nəzərə alır ki, iddiaçı öz iddia tələbində cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsini xahiş etsə də, ərizənin məzmunundan və iddiaçının nümayəndəsinin vermiş olduğu izahatdan göründüyü kimi tələb əslində cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi ilə bağlıdır. İddia tələbinin 09.06.2020-ci il təvəllüdlü Hüseyn-X2 mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi barədə hissəsi ilə bağlı Kollegiya bildirir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayıldığından və sonuncunun valideynlərinin həmin mənzildə yaşamadıqları müəyyən edildiyindən iddia tələbi ona münasibətdə də əsaslı olmuşdur. Beləliklə, Kollegiya, qeyd edilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunaraq, cavabdehlərin mübahisə predmeti olan mənzilə istifadə hüququna xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2171/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Hüseyn-X2 ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Rəşad Həsənov Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar