Məhkəmə qərarları › İş №2(103)-5555/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5555/2020

18.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5555/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Firudin oğlu və X1 ibarət tərkibdə,məhkəmə iclas katibi X15 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)-1620/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabehin 3 uşağı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, 81 saylı mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2008-ci ildən Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, mənzil 81-ə köçmüşdür. Bir neçə ay öncə qızı Cavabdeh ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan mənzili zəbt edib, onu mənzilə buraxmamaqla mülkiyyət hüquqlarını pozur. O, Bakı şəhəri Xətai RPİ-nin 37-ci polis şöbəsinə müraciət etmiş, vəziyyət mülki xarakter daşıdığı üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda cavabdeh olan qızı Cavabdeh uşaqları birlikdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 26 saylı ünvanda yerləşən iki otaqlı 81 saylı mənzil vaxtilə onun qazancı hesabına əldə edilmişdir. Həmin mənzildə 2008-ci ildən etibarən sabiq həyat yoldaşı X3 ilə birlikdə yaşamışlar. Birgə nikahdan olan üç uşağı, o cümlədən hazırkı iddia üzrə cavabdeh ailə qurduqdan sonra hər biri onun tərəfindən Bakı şəhərinin müxtəlif rayonlarında ayrıca mənzil sahəsi ilə təmin edilmişlər. Cavabdeh də öz ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 13 B saylı evin 61 saylı mənzilində yaşamışdır. Yetkinlik yaşına çatmış və hər birinin öz ailəsi olan uşaqları sözsüz ki, vaxtaşırı valideynlərinin yanına gəlib getmişlər. Lakin onların heç birinin, o cümlədən Cavabdeh hazırda mübahisə predmeti olan mənzilə münasibətdə hər hansı bir hüquqları, o cümlədən istifadə hüququ olmamışdır. Zeynəb Bayramova ilə nikahı pozulduğu vaxtdan etibarən öz qazancı hesabına əldə etdiyi mənzildən çıxmağa məcbur olmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə X3 ilə nikahı ləğv edildikdən sonra mübahisəli mənzil məhkəmə qərarı əsasında hər birinin payı 1/2 olmaqla aralarında bölünmüşdür. Mənzilin real bölgüsünü isə aparmaq mümkün olmamışdır, cünki texniki imkanlanna görə mənzildə bölgü aparmaq mümkün deyildir. Artıq mübahisəli mənzilin açıq hərracdan satılması barədə məhkəmədə qərar qəbul etmişdir. Cavabdeh belə bir vəziyyətdə sabiq həyat yoldaşı Zeynəb Bayramova tərəfindən məqsədli şəkildə mübahisəli mənzilə köçürülmüşdür. Burada yeganə məqsəd ondan ibarətdir ki, mübahisəli mənzillə bağlı məhkəmə qərarlannın həyata keçirilməsinə manelər yaradılsın. Cavabdeh mənzilə köçürülən vaxtı nəinki yetkinlik yaşına çatmışdı, hətta ailə sahibi idi və himayəsində üç uşaqlan olmaqla yanaşı, yuxanda qeyd etdıyı kimi, Bakı şəhərində başqa bir ünvanda mülkiyyətində aynca mənzil sahəsi var idi. Hansı ki, həmin mənzil cavabdeh tərəfindən özünə aid olan səbəbdən özgəninkiləşdirilmişdir. Cavabdeh hazırda mübahisə predmeti olan mənzilə anası Zeynəb Bayramova tərəfindən köçürülən zaman nəinki onun razılığı, heç hər hansı bir məlumatı belə olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)- 1620/2018 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia rədd olunmuşdur. İddiaçı qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini - iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın təmin olunmalı olmasını, cavabdehin mənzildə yaşamasının onun mülkiyyətçi kimi hüquqlarını pozmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, 1996-cı ildə ailə həyatı qurmuş, nikahından üç uşağı vardır, onlardan ikisi yetkinlik yaşına çatmışdır. Ailə münasibətləri pozulduğundan nikahları pozulmuşdur. Həmin vaxtı, yəni 2019-cu ildə anasının razılığı ilə mübahisəli mənzilə köçmüş, hazırda da uşaqları ilə orada yaşayır. İddiaçı onun atasıdır, anası ilə nikahları pozulmuş, mübahisəli mənzil üzərində atası ilə anasının ½ hissədə payları müəyyən olunmuşdur. O, hazırda anasının payına aid hissədə yaşayır və iddiaçıya maneçiliyi yoxdur. Onun xüsusi mülkiyyətində İsmayıllı rayonu, Qalacıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Onun, həmin evdə yaşamaq imkanı olsa da, Bakı şəhərində işlədiyindən mübahisəli mənzildə yaşamaq məcburiyyətindədir. Hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 26 saylı evin, 81 saylı mənzilinin iddiaçının və üçüncü şəxsin xüsusi paylı (hər birini ½ hissədə) mülkiyyətində olması, cavabdehin iddiaçının qızı olması və hazırki vaxtda mübahisəli mənzildə yaşaması işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki iddia ərizəsi ilə cavabdehin uşaqları ilə birlikdə mübahisəli yaşayış sahəsindən çıxarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən - Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, 81 saylı mənzilinin İddiaçı ilə X2 paylı mülkiyyətlərində olmasını, Cavabdeh mübahisəli mənzilin mülkiyyətçilərinin ailə üzvü olmaqla həmin mənzilə istifadə hüququnun yaranmasını, İddiaçı tərəfindən cavabdehin və onun uşaqlarının mübahisəli mənzildən istifadə hüququna ehtiyaclarının olmaması barədə mötəbər sübutlar təqdim edə bilməməsini, Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququna yalnız mülkiyyətçi tərəfindən müvafiq kompensasiya verilməklə xitam verilə bilməsini göstərərək, iddia tələbinin əsassız olması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehin iddiaçının qızı olması faktı özüözlüyündə, onun mübahisəli mənzildə iddiaçı ilə ailə üzvü kimi yaşaması anlamına gələ bilməz. Çünki, işin faktiki hallarına əsasən cavabdeh 1996-cı ildə ailə quraraq başqa yaşayış sahəsinə köçmüş, mübahisəli mənzil isə 2008-ci ildə əldə olunmuş, cavabdeh həmin mənzildə ümumiyyətlə yaşamamışdır. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, cavabdehin nikahının pozulması xx xxxxx 2020-ci il tarixdə qeydə alınmışdır. Tərəflərin izahatlarından da aydın olur ki, cavabdeh təqribən 2019-cu ildə (ailə münasibətləri pozulduqdan sonra) üçüncü şəxs X3 tərəfindən mübahisəli mənzilə köçürülmüşdür. Halbuki, iddiaçının özünün üçüncü şəxs X3 ilə nikahları pozulmuş və məhkəmə qərarı ilə mübahisəli yaşayış sahəsinə hər birinin ½ hissədə mülkiyyət payı (birgə nikah dövründə əldə olunmuş əmlak kimi) müəyyən olunmuşdur. Eyni zamanda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilin açıq hərracdan satılması, mənzilin satılmasından əldə olunmuş pul vəsaitinin İddiaçı ilə X3 arasında onların paylarına uyğun olaraq bölünməsi qət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə X2 apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (üçüncü şəxs X3 Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsinin qüvvəyə minməməsini, ondan kassasiya şikayəti verəcəyini bildirmişdir). İddiaçının bildirməsinə görə keçmiş həyat yoldaşı X3 bilərəkdən qızını (cavabdehi) mübahisəli mənzilə köçürmüşdür ki, gələcəkdə mənzilin açıq hərracdan satılmasına mane olsun, həmçinin onun mənzildə yaşaması mümkün olmasın. Cavabdehin əvvəllər mənzildə yaşamamış, onun mənzildən istifadə hüququ yaranmamışdır. O, paylı mülkiyyətçi olaraq cavabdehin mənzildə yaşamasına etiraz edir. Ümumiyyətlə cavabdehin mənzilə köçməsinə onun razılığı alınmamışdır. Cavabdeh uşaqları ilə mənzildə yaşadığından o, mənzildə yaşamaqdan məhrum olmuşdur. Mənzilin naturada bölünməsi də mümkün deyildir. Bu səbəbdən də onun mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Mübahisəli yaşayış sahəsi paylı mülkiyyətdə olduğundan, ona sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi qaydası qanunla müəyyən olunmuşdur. Belə ki, Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Mülki Məcəllənin 215.5-ci maddəsinin tələbinə görə paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, mübahisəli yaşayış sahəsinin digər paylı mülkiyyətçisi X3 cavabdehi iddiaçının razılığı olmadan paylı mülkiyyətdə olan mənzilə köçürməkdə haqlı olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, paylı mülkiyyət naturada bölünməmiş, hər bir paylı mülkiyyətçinin payı naturada ayrılmamışdır. Bu səbəbdən də, cavabdehin anasına məxsus payda yaşaması ilə bağlı bildirdikləri əsassızdır. Həmçinin, qeyd edilməldiir ki, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olması göstərilsə də, cavabdeh yetkinlik yaşına çatdığından həmin norma tətbiq edilə bilməz. Bununla yanaşı, cavabdeh hazırda qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri çərçivəsində də iddiaçının ailə üzvü hesab edilmir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Qeyd edildiyi kimi, mübahisəli mənzil əldə olunduqdan sonra cavabdeh orada iddiaçı ilə birlikdə ailə üzvü kimi yaşamamış, sonradan iddiaçının razılığı olmadan ora köçmüşdür. Eyni zamanda, işdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətində də görünür ki, cavabdehin xüsusi mülkiyyətndə İsmayıllı rayonu, Qalacıq kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Göründüyü kimi, cavabdeh özünün xüsusi mülkiyyətində evi vardır ki, bu hal da özlüyündə onun yaşıyış ehtiyaclarının ödənilməsini ehtiva edir. Cavabdeh izahatında evinin İsmayıllı rayonunda olmasını, özünün isə Bakı şəhərində yaşamasını bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, bu hal vəziyyəti dəyişdirmir. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsində faktiki yaşaması (istifadə etməsi) hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdehin üç uşağı olmaqla, onlardan ikisi yetkinlik yaşına çatmış, biri isə yetkinlik yaşına çatmamışdır. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən və cavabehin izahatından aydın olur ki, cavabdehin xx xxxxxxxx 1998-ci il təvəllüdlü X7, xx xxxxxx 2000-ci il təvəllüdlü X8 və xx xxxxxx 2009-cu il təvəllüdlü X9 adlı üç uşağı vardır. Onlar birlikdə mübahisəli yaşayış sahəsindlə yaşayırlar. İddiaçı isə yetkinlik yaşına çatmış X4 və X5 cavabdeh kimi göstərməmiş, onlara qarşı konkret tələb irəli sürməmişdir. Bu səbəbdən də, cavabdehin uşaqları ilə birlikdə çıxarılması barədə tələb yalnız yetkinlik yaşına çatmayan xx xxxxxx 2009-cu il təvəllüdlü X6 münasibətdə təmin oluna bilər. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Bu səbəbdən də, qətnamə əsaslı və qanuni hesab oluna bilməz. Bu hal isə, MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalı, cavabdeh yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə iddiaçının paylı mülkiyyətində olan mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)-1620/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)-1620/2018 saylı qətnaməsi ləğv edilsin, iddia qismən təmin olunsun. Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxxx 2009-cu il təvəllüdlü övladı X9 ilə birlikdə iddiaçının paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, 81 saylı mənzildən çıxarılsın. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar