Məhkəmə qərarları › İş №2(103)-5560/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5560/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5560/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(005)-1281/2022 saylı qətnaməsindən İddiaçı, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 11 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2019-cu il tarixli, 000504 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 120 ünvanında İddiaçı 1970-ci il tarixdən, X5 1974-cü il tarixdən, Cavabdeh2 1986-cı il tarixdən, Cavabdeh1 1986-cı il tarixdən və Cavabdeh3 1988-ci il tarixdən qeydiyyatdadırlar.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 120 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 120 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1968-ci ildə vətəndaş X6 ilə ailə həyatı qurmuşdur. Ailəsinin köməkliyi ilə indiki Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 120 ünvanında yerləşən evi almışlar. 1970-ci ildə onların sahəsində baş tutmuş siyahıya alma nəticəsində o, yoldaşı və oğlu X1 evə qeydiyyata alınmışlar. Təxminən 1971-1972-ci illərdə qaynı X7 həmin mənzilə qeydiyyata alınmış və 1985-ci ildə ailə həyatı quraraq arvadı Cavabdeh2 1986-ci ildə bu mənzilə onların xəbəri olmadan qeydiyyata alınmışdır. Onların birgə nikahdan doğulan Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızı və Cavabdeh3 da bu mənzilə qeydiyyata alındılar və orada yaşadılar. 1991-ci ildə onlar arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur və bu müddətdən başlayaraq cavabdehlər sözügedən mənzildə yaşamadılar. Lakin 1995-ci ildə (qaynananın ölümündən sonra) həmin evə köçdülər və uzun illər orada yaşadılar. Hətta Cavabdeh1 həmin mənzildən gəlin köçdü. xx.xx.1998-ci il tarixdə həyat yoldaşı X6 mübahisəli evi onun razılığı ilə öz adına özəlləşdirmişdir. 2001-ci ildə qaynı, 2004-cü ildə isə yoldaşı vəfat etmişlər. Onun 2004-cü ildə vəfatından sonra iddiaçı vərəsəlik hüququna əsasən evi öz adına rəsmiləşdirmişdir. Cavabdeh Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızı xx.xx.2013-cü il tarixdə 1 saylı ASAN Xidmətinin Qeydiyyat şöbəsində vətəndaş X4 ilə rəsmi nikaha daxil olmuşdur. Həmin vaxtdan o, mülkiyyət hüququ üzrə ona məxsus evdə yaşamır. Cavabdeh3 isə xx.xx.2019-cu il tarixdə 3 saylı ASAN Xidmətinin Qeydiyyat şöbəsində vətəndaş X2 ilə rəsmi nikaha daxil olmuşdur. Amma faktiki olaraq o və anası Cavabdeh2 mülkiyyət hüququ üzrə iddiaçıya məxsus evdə 2015-ci ildən yaşamırlar. Onların faktiki yaşayış yeri məlum deyil. Göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 artıq həmin ünvanda yaşamırlar. Buna baxmayaraq, tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 120 ünvanında formal olaraq pasport qeydiyyatında olan cavabdehlərə görə o, öz mənzili üzərində sərəncam hüququnu həyata keçirə bilmir, bununla da qanunla müəyyən olunmuş mülkiyyət hüququ tam pozulur. Göründüyü kimi, cavabdehlərin yaşayış yeri vardır və onun mənzilində qeydiyyatda qalmaları formal xarakter daşıyır. Cavabdehlərin iddiaçıya məxsus mənzilə ehtiyacları yoxdur. Cavabdehlər 2015-ci ildən bu günədək həmin mənzildə bir gün belə olsun yaşamamışlar. Cavabdehlərin həmin evdə pasport qeydiyyatında qalmaları mülkiyyət hüququnu, o cümlədən sərəncam vermək hüququnu məhdudlaşdırır.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(005)- 1281/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 120-də olan istifadə hüququ itirilmiş hesab edilməsi, bu qətnamənin Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 120-dən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun iddianın rədd edilən hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir.

8. Qətnamədən həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək, onun qismən, iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş etmişlər.

9. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilmişdir.

10. Cavabdehlərin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin onlara münasibətdə iş üzrə gəldiyi nəticəni qeyri-qanuni və əsassız hesab edirlər. Belə ki, onların qeyd edilən evə istifadə hüquqlarının olmasına baxmayaraq məhkəmə həmin halı, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələni tənzimləyən qanunvericilik normaları ilə bağlı şərhini nəzərə almadan işə baxaraq tamamilə qeyriqanuni və əsassız qətnamə çıxarmışdır. Məhkəmə bununla bağlı təqdim edilmiş sübutlara da heç bir əhəmiyyət verməmişdir. Belə ki, məhkəmənin qənaətinə əsasən onların həmin evdən istifadə hüquqları yoxdur. Çünki onlar həmin evdən istifadə etmirlər, yalnız həmin evdə qeydiyyatdadırlar, qeydiyyatları isə formal xarakter daşıyır və buna görə də istifadə hüququqları itirilmiş hesab olunmalıdır. Məhkəmə qətnamədə onların anadan olandan həmin evdə istifadə hüquqlarının olmasını nəzərə almamışdır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, onların istifadə hüquqları yaranarkən həmin ev dövlət mülkiyyətində olmuş və çox sonradan özəlləşdirmə zamanı onlar yetkinlik yaşına çatmadıqları üçün yalnız analarının razılığı ilə iddiaçının əri olan əmilərinin adına özəlləşdirilmişdir ki, bu da onların istifadə hüquqlarını məhdudlaşdırmır. Məhkəmə həmin evdən istifadə etməmələrinə və başqa yerdə yaşamaqlarına istinad edərək iddianı təmin etmişdir. Onlar həmin evdən imkan daxilində istifadə edirlər. Belə ki, 12 kv.m sahəsi olan bir otaqda bir yaşlı ana, ərarvad olan dörd nələr və dörd uşağın (ikisi azyaşlı körpə olmaqla) birgə yaşaması mümkün deyil. Çünki əvvəla fiziki olaraq 9 (doqquz) adamın həmin sahəyə sığması mümkün deyil. Bundan başqa onların istifadəsində olan otağın yaşayış üçün normal şəraiti yoxdur. Belə ki, otağın təmiri pis vəziyyətdədir, mətbəx yoxdur və hamam çöldə olmaqla tamamilə təmirsizdir. İddiaçı isə öz qeyri-qanuni hərəkətləri ilə orada hər hansı şəraitin yaradılmasına və təmir işlərinin aparılmasına imkan vermir. Onlar isə onunla münaqişəyə getmək istəmirlər. Buna görə də qeyd edilənlərə əsasən və ailə vəziyyətlərinə görə kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddiaçının apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdilər.

13. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili onların apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh2 iclasda iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

18. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (2009cu il oktyabrın 1-dək qüvvədə olan) 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində, cavabdehlər isə iddianın təmin olunan hissəsində mübahisələndirdiklərindən, kollegiya qətnaməni tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi qismən təmin olunmalıdır.

28. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

30. Hazırkı mübahisə üzrə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (2009-cu il oktyabrın 1-dək qüvvədə olan) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsi müəyyən edirdi ki, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

31. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, Cavabdeh2 1986-cı il tarixdən, Cavabdeh1 1986cı il tarixdən, Cavabdeh3 1988-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 120 saylı evə istifadə hüququ yaranmışdır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

33. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarının itirilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

34. Məhkəmə kollegiyası cavabdeh Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızının xx.xx.2013-cü il tarixdə, Cavabdeh3 isə xx.xx.2019-cu il tarixdə ailə həyatı quraraq daimi yaşamaq üçün mübahisəli ünvandan köçüb getdiklərini və həmin yaşayış sahəsinə ehtiyaclarının aradan qalxdığını nəzərə alaraq hesab edir ki, cavabdehlər Qəhrəmanova (Quliyeva) Gülşən Əlövsət qızının və Cavabdeh3 həmin mənzilə kompensasiya hüququ yaranmadan istifadə hüquqları itirilməlidir.

35. Kollegiya digər Cavabdeh2 münasibətdə isə qeyd edir ki, iddiaçı Cavabdeh2 mübahisəli evdə 2015-ci ildən yaşamadığını bildirsə də, onun həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığını, başqa daimi yaşayış yerinin olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olduğu halda iddiaçı ilə cavabdeh arasında istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadığı üçün bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı tərəf iddia ərizəsində kompensasiya təklifi irəli sürməmiş, məhkəmə iclasında kompensasiya ödənilməsi ilə razı olmadığını bildirmişdir. Bu səbəbdən hazırkı mülki mühakimə icraatı üzrə iddia tələbi həmin cavabdehə münasibətdə təmin edilə bilməz.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

37. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.

38. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab dir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 120-də olan istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(005)- 1281/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, ev 120-də olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar