Məhkəmə qərarları › İş №2(103)-5564/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5564/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5564/2022 04.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mərdanova Xumar Afət qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2644/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2019-cu il tarixli 161 saylı Sərəncamın qismən ləğv edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2644/2022 saylı xx.xx.2022- ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2019-cu il tarixli 161 saylı Sərəncamın qismən ləğv edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən qərardaddan verilmiş şikayət Məhkəmənin eynisaylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və ərizənin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Rayon məhkəməsi öz qərardadını MPM-in 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. MPM-in 44.2-ci maddəsində işi icraata qəbul etmiş məhkəmənin həmin işi başqa məhkəməyə verməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də iş məhkəmə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyinin aşkar olunmasıdır (maddə 44.2.2). Qeyd olunan normaların məqsədi isə ondan ibarətdir ki, işə səlahiyyəti olan məhkəmə tərəfindən baxılması təmin edilsin. Hazırkı halda iddia ərizəsindən görünür ki, iddiaçı icra orqanının sərəncamının ləğvini tələb edir, belə olan halda isə həmin tələbin ümumi məhkəmədə və ya inzibati məhkəmədə baxılmalı olması məsələsi, yəni məhkəmə aidiyyəti aydınlaşdırılmalıdır. Bu baxımdan ərizənin icraata qəbulu məsələsinin yoxlayarkən rayon məhkəməsi ilk öncə iddia ərizəsinin həmin məhkəməyə və ya ərazi baxımından başqa məhkəməyə, habelə kommersiya və ya inzibati məhkəməyə aid olub-olmamasını müəyyən etməli, yalnız ərizənin həmin məhkəməyə aid olduğunu müəyyən etdikdən sonra- səlahiyyətli məhkəmə kimi, ərizənin MPM-in tələblərinə uyğun olub-olmamasını və müvafiq olaraq da ərizənin icraata qəbulnun mümkünlüyüynü həll edir. Görünür ki, rayon məhkəməsi hazırkı ərizəyə münasibətdə bu qaydalara əməl etməmişdir. Kollegiya istinad edilən normalara əsasən, hesab edir ki, iddia ərizəsinin inzibati və ya ümumi məhkəməyə aidiyyətinin yoxlanılması və ərizənin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2644/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin aidiyyət qaydalarına uyğunluğunu yoxlanılması və ərizənin icraata qəbulunun mümkünlüyünə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Xumar Mərdanova Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar