Məhkəmə qərarları › İş №2(103)-5564/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5564/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5564/2023 20.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pulun ödənilməsi” tələbi) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-1806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5346,0 manat və ödənilmiş 30,0 manat dövlət rüsumunun, cəmi 5376,0 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2021-ci ildə 27036340 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 3cü bəndinə görə cavabdeh (müqavilə üzrə icraçı) sifarişçiyə və icraçı tərəfindən uyğun görülən ixtisasartırma kursuna müraciət etmək, CV hazırlamaq, viza prosesində iştirak etmək xidmətləri göstərməlidir. Müqavilənin 4-cü bəndinə görə sifarişçi müqavilənin 3-cü bəndinə uyğun olaraq göstərilən xidmətlərin qarşılığında icraçıya 5346,0 manat pul ödəməyi öhdəsinə götürür. O, müqavilənin 4-cü bəndinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli, ƏXZ/1 seriyalı 700120 saylı kassa mədaxil orderinin qəbzi ilə ödəniş etmişdir. Cavabdehin hesabına ödəniş edilmə tarixindən 1 il 2 ay keçsə də, müqavilə şərtlərinə əməl etməmişdir. Tərəflər arasında qarşılıqlı razılığa görə cavabdeh onun X1 idarəetmə məqsədilə ixtisasartırma proqram çərçivəsində kursu keçməyini təmin etməli idi. Lakin cavabdeh müqavilə şərtlərini pozmuş, onun ixtisasartırma kursuna göndərilməyini təmin etməmiş, ödəmiş olduğu 5346,0 manatı qaytarmamışdır. Hazırda cavabdeh qaçıb gizlənmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur.

3. Xəzər Rayon Məhkəməsinin 2(003)-1806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Emin Məmmədli) ilə iddia təmin edilmiş, Cavabdehndən 5346,0 manat və ödənilmiş 30,0 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, Cavabdehndən dövlət rüsumuna görə 43,46 manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, həqiqətən də MMC hazırda fəliyyət göstərmir, rəhbərlik özü xarici ölkədədir, cavabdehin tələb olunan məbləği birdəfəyə ödəməyə imkanı yoxdur, ancaq aybaay 100-200 manat olmaqla ödəyə bilərlər. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, qətnamə qanuni və əsaslıdır, müqaviləyə əsasən, o, ABŞ-da universitetlərin birində təhsil almalı idi, qarşı tərəflə müqavilə bağlandı, müqavilənin əsas şərtlərindən biri o idi ki, cavabdeh ona viza almağa dəstək olacaqdı, o, qəbul oldu, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədi. Universitetə qəbulla bağlı ona sənəd göndəriblər, lakin bu əsas sənəd deyil (sənədi kollegiyaya təqdim edir), əsas F1 kağızıdır ki, ona verilməyibdir, cavabdeh ona heç bir viza dəstəyi göstərməmiş, bu barədə cavabdehlə əlaqə saxlamaq istədikdə cavabdeh onun telefonlarına cavab verməmiş, o, cavabdehin ofisinə getdikdə məlum olmuşdur ki, MMC-nin ofisi çoxdan bağlanıb, daha fəaliyyət göstərmir, onların hara köçməsini müəyyən etmək mümkün olmamış, həmin ərazidə xidmət keçən polislər ona bildirmişlər ki, onları çox adam axtarır, axtarışları nəticə vermədiyindən məcbur qalıb məhkəməyə müraciət etmişdir, bildiyi qədər MMC-in rəhbərinin çoxlu borcları var, onu çoxlu axtaran var, hazırda isə şirkətin rəhbəri xaricdədir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

8. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 27036340 nömrəli müqavilədən görünür ki, icraçı sifarişçiyə icraçı tərəfindən uyğun görülən ixtiasartırma kursuna müraciət etmək, CV hazırlanması, viza prosesində peşəkar dəstək xidmətlərinin göstərilməsi, sifarişçi isə həmin xidmətlər qarşılığında 5346,0 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

9. Kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı xaricdə ixtisasartırma üçün müraciət etmiş və Cavabdeh MMC-yə 5346,0 manat ödəniş etmişdir.

10. İşdə notarial qaydada təsdiq edilmiş sənədin tərcüməsindən görünür ki, İddiaçı Florida Universitetinin əyani İdarəetmə proqramına qəbul olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

14. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

15. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

16. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

20. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

21. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

22. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

23. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

27. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Kollegiya qeyd edir ki, Cavabdeh MMC İddiaçı ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 27036340 nömrəli müqaviləyə əsasən sonuncuya icraçı tərəfindən uyğun görülən ixtiasartırma kursuna müraciət etmək, CV hazırlanması, viza prosesində peşəkar dəstək xidmətlərinin göstərilməsini, sifarişçi isə həmin xidmətlər qarşılığında 5346,0 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Sifarişçi, yəni İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək razılaşdırılan ödənişi həyata keçirsə də, cavabdeh MMC isə öhdəliyini yerinə yetirməmiş, sonradan isə fəaliyyət göstərdiyi ünvanı bağlayaraq, yoxa çıxmışdır.

30. Beləliklə, işin müəyyən edilən hallarına əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirərək razılaşdırılmış ödənişi həyata keçirmiş, lakin cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş xidmətləri yerinə yetirməmişdir, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır.

31. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə və vəkili Vəkil izahatında cavabdehin tələb olunan məbləği birdəfəyə ödəmək imkanının olmadığını, həmin məbləği aybaay 100-200 manat olmaqla ödəyə biləcəklərini bildirmişdir. Nəticə:

32. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-1806/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar