Məhkəmə qərarları › İş №2(103)-5565/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5565/2024

18.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5565/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “mənzilin naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun paylara uyğun bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında paylı mülkiyyətdə olan 54 saylı mənzildən payların naturada ayrılaraq 4/6 hissəsini İddiaçı2, 1/6 hissəsi İddiaçı1 verilməsi, 1/6 hisəsini isə X4 adında saxlanılması və hissələrin tanıdılması haqqında, məhkəmə araşdırılması nəticəsində mənzilin konfiqurasiyasına görə payların naturada ayrılması açıq-aşkar mümkün olmadığı halda və ya məqsədəmüvafiq hesab edilmədiyi halda mənzilin açıq hərracdan satılması və satış pulunun hər birinin payına mütənasib surətdə onlara verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideyni X2 imzası olmayan, iradəsinə zidd 15 saylı notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilərək, cavabdehlər İddiaçı1 və İddiaçı2 məhkəmə tərəfindən ləyaqətsiz vərəsə kimi tanınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “15 saylı notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və İddiaçı1 ilə İddiaçı2 ləyaqətsiz vərəsə kimi tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiası təmin edilərsə, bu, ilk iddianın tam təmin edilməsini tamamilə aradan qaldırır. Çünki qarşılıqlı iddiaçı Cavabdeh X1 və İddiaçı1 verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edərək, onların ləyaqətsiz vərəsə kimi tanınmasını məhkəmədən xahiş edir. Digər tərəfdən qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiası nəzərdən keçirilərkən müəyyən edilir ki, qarşılıqlı ilə ilk iddia arasında qarşılıqlı əlaqə vardır və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnəcəkdir. Məhkəmə qərar qəbul edərkən qanunvericiliyin bu normasına diqqət verməmiş və sonda düzgün nəticəyə gəlməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin e-2(007)-2044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməklə qarşılıqlı iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinin həllinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 155 və 156-cı maddələri qarşılıqlı iddianın verilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi şərtlərini tənzimləyir. Həmin Məcəllənin 156.1-ci maddəsində hakim tərəfindən qarşılıqlı iddianın aşağıdakı hallarda qəbul edilməsi müəyyən edilmişdir: - qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; - qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; - qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Qarşılıqlı iddianın ilkin iddia ilə bir icraatda baxılması mülki prosessual hüququn təməl prinsiplərindən olan, məhkəmələrin iş yükünün azaldılmasına və fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş prosessual qənaət prinsipinin realizəsinə də xidmət etmiş olur. Bu prinsip məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarı). Yuxarıda qeyd edildiyi kimi MPM-in 156.1.3-cü maddəsinin məzmunu ondan ibarətdir ki, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olduğu və onlara birlikdə baxılmasının mübahisənin daha tez və düzgün həlli ilə nəticələndiyi hallarda (məsələn, qarşılıqlı iddianın təmin edildiyi təqdirdə ilk iddianın əsassız olduğunu müəyyən edildiyi hal) qarşılıqlı iddia ərizəsi icraata götürülür. Hazırki işin mahiyyətindən də görünür ki, iddiaçının üzərində payların tanınmasını xahiş etdiyi ünvan 1 ünvanında yerləşən 54 saylı mənzillə bağlı mərhum (miras qoyan) X7 tərəfindən vəsiyyətnamə verilmiş, həmin vəsiyyətnamə üzrə də mübahisəli əmlakın 4/6 hissəsi İddiaçı2, 1/6 hissəsi İddiaçı1 adına qeydiyyata alınmış, hazırki tələb isə yerdə qalan 1/6 hissənin bölüşdürülməsi ilə bağlı olmuşdur. Cavabdeh isə hazırda qarşılıqlı iddia ərizəsi ilə məhz iddiaçıların göstərilən paylarda hüquqlarını tanımağa əsas verən vəsiyyətnaməni mübahisələndirmişdir. Göründüyü kimi göstərilən iddia ərizələri bir-biriləri ilə qarşılıqlı əlaqədə olmaqla qarşılıqlı iddianın təmin edilməsi, yəni payların tanınmasına əsas vermiş vəsiyyətnamənin etibarsız hesab edilməsi nəinki ilkin iddia ərizəsinin əsassız hesab olunmasına gətirib çıxara, hətta bu etibarsızlığın nəticələrinin aradan qaldırılması ilə əlaqədar artıq müəyyən edilmiş digər payların da ləğvinə gətirib çıxara bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi ilkin iddia ilə sıx əlaqəli olduğundan və onlara birlikdə baxılması mübahisənin daha tez və düzgün həlli ilə nəticələnəcəyindən, birinci instansiya məhkəməsi onu geri qaytarmaqda haqlı olmamışdır, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş qarşılıqlı iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2044/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş Cavabdeh İddiaçı2 və İddiaçı1 qarşı “15 saylı notarius tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və İddiaçı1 ilə İddiaçı2 ləyaqətsiz vərəsə kimi tanınması” barədə qarşılıqlı iddia ərizəsinin icraata götürülməsinin mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar