Məhkəmə qərarları › İş №2(103)-5567/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5567/2020

14.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5567/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-623/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi (iddia tələbinin həcminin azaldılmasına dair ərizə) təqdim edərək, iddiaçının mülkiyyətində olan ünvan 2, ev-11A, mənzil 27 ünvanında yerləşən mənzildən Cavabdeh1 istifadə hüququnun itiririlməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki: Abşeron rayon Mənzil- İstismar Hissəsi 2 saylı Mənzil- İstismar sahəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 473 saylı arayışa əsasən, İddiaçı həqiqətən ünvan 2 11 A saylı evin 27 nömrəli mənzilində yaşayır, həmin mənzildə qeydiyyatda olan digər şəxslər X4, X11, Cavabdeh1, Cavabdeh2, X12, X6, X5, X13 və X7r (səh.7); DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən, İddiaçı xx.xx.2004-cü il tarixdən ünvan 2, 11A saylı evin 27 saylı mənzilində qeydiyyatdadır, mənzildə qeydiyyatda olan digər şəxslər X4, Cavabdeh1, X5, Cavabdeh2, X14, X13, X12, X6 və X8r (səh.9); Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 194367 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, ünvan 2 11A saylı evin 4 otaqlı 27 saylı mənzili, İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır (səh.8); Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubuna əsasən, ünvan 2 11A saylı evin 27 saylı mənzili İddiaçı adına xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmişdir, hazırda onun mülkiyyətindədir (səh.31); Həmin məktuba əlavə olunmuş xx.xx.1994-cü il tarixli 030401 saylı orderdən görünür ki,İddiaçı və onun dörd nəfərdən ibarət ailə üzvləri ünvan 2 11A saylı evin 27 saylı mənzilə yaşayış sahəsinə hüquq verilmişdir (səh.36). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-623/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3, 228; "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ünvan 2, ev-11A ünvanında yerləşən 27 saylı mənzil İddiaçı xx.xx.2004-cü il tarixdə dövlət reyestrində qeydiyyatdan keçməklə mülkiyyətindədir, həmin mənzil özəlləşmə əsasında əldə edilmişdir, Cavabdeh1 iddiaçının oğlu olmaqla ailə üzvüdür və onun həmin mənzilə istifadə hüququ qeydiyyata alındığı xx.xx.1994-cü ildən yaranmışdır, cavabdeh və onun ailə üzvləri mübahisəli mənzildə pasport qeydiyyatındadır, cavabdeh həmin mənzili mübahisə zəminində tərk etmişdir, hazırda orada yaşamır, cavabdehin faktiki yaşadığı ünvan məlum deyildir. Həmçinin məhkəmə tərəfindən müəyyən olunmuşduir ki, cavabdehin ailə üzvləri mütəmadi olaraq həmin mənzildən istifadə edir, cavabdehin daimi yaşadığı yer məlum deyil. Bununla belə cavabdehin mübahisəli mənzilə istifadə hüququnu istisna edən, həmçinin onun mübahisəli mənzildə yaşamaq ehtiyaclarını digər formada aradan qaldıran hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehin, ailə üzvü olmaqla mübahisəli mənzilə istifadə hüququnun mövcuddluğu, həmin mənzilə ehtiyacının aradan qalxması hallarının müəyyən olunmaması, ailə üzvlərinin isə daimi pasport qeydiyyatında olduqları həmin mənzildən faktiki istifadə edilməsi halları, iddia tələbinin rədd olunması barədə nəticəyə gəlmək üçün yetərlidir. Məhkəmə, cavabdehin ölkə hüdudlarından kənarda yaşamasınin istifadə hüququnun itirilməsinə əsas olması kimi iddiaçının arqumentlərinə münasibətdə hesab edir ki, belə hallar yaşayış sahəsinin itirilməsi ilə nəticələnməklə, cavabdehlərin əsas insan hüququ olan mənzil hüququnun pozmasına səbəb olar bilər.Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Buna müvafiq olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, adına özəlləşdirilmə aparılmış şəxsin, buna razılıq vermiş ailə üzvlərinin ona olan güvən və etimadlarına zidd şəkildə öz mülkiyyət hüququndan istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur. İddiaçıapellyasiya şikayəti verərək, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-623/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilərək mülkiyyətində olan Bakı şəh, Xətai rayonu, Naximov küç, ev-11 A., m-27 ünvanda yerləşən mənzildən Cavabdeh1 istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına; Mənzil Məcəlləsinin 61, 87ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə və Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-623/2020 saylı qətnaməsi hərtərəfli, tam və obyektiv olmadığı üçün ləğv edilməlidir. Cavabdeh1 heç bir səbəb olmadan özbaşına ailəsinidə qoyub xx.xx.2013-cü il tarixdən ölkəni tərk etmiş və bir daha geri qayıtmamışdır. Hal-hazıradək də Cavabdeh1 heç bir xəbər yoxdur. Məhkəmə vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə sorğu göndərilmişdir. Həmin sorğunun cavabı sonuncu məhkəmə prosesi keçirilən vaxta qədər məhkəməyə göndərilmədiyindən cavabdehin ölkədən getməyi barədə sübut olmadı. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh1 oğlu olduğunu, oğlunun 6 il əvvəl evdən çıxıb getdiyini, getdikdən bir neçə gün sonra sonuncu dəfə Türkiyə Respublikasından anası ilə telefon vasitəsilə danışdığını, o vaxtdan barəsində heç bir məlumatın olmadığını, hal-hazırda yaşadıqları evi sataraq əvəzində iki mənzil almaq və cavabdehin ailəsini və evlə təmin etmək istədiklərini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul edərək, əri Cavabdeh1 6 ildən artıq müddətə başqa ölkəyə çıxıb getdiyini, o vaxtdan ailəsi ilə maraqlanmadığını, uşaqları ilə adətən öz atasıgildə yaşadığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraat zamanı müəyyən edilir: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2013-cü il tarixli məktubuna əsasən, vətəndaşların ölkə hüdudlarını keçmələr barədə məlumatlar istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. Cavabdeh1 dövlət sərhədindən hərəkəti barədə məlumatların əldə olunması üçün Vəkillər Kollegiyasından orderin və ya məhkəmə tərəfindən müvafiq sorğunun olması zəruridir (səh.23); xx.xx.2020-ci il tarixli akta əsasən, X4, Cavabdeh2 oğlu, X9, X1, X18 Bakı Qarnizonu MİH-nin 10 nömrəli MİS-nin rəisi M.Abdullayev imzaları ilə təsdiq edirlər ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh1 qeydiyyatda olduğu ünvan 2, ev-11A, mənzil 27 ünvanında yerləşən mənzildən xx.xx.2014-cü il tarixdən getmiş və bir daha da geri dönməmişdir. Artıq 6 ildən çoxdur ki, Cavabdeh1 qeydiyyatda olduğu ünvan 2, ev 11A, mənzil 27 ünvanında yerləşən mənzildə yaşamır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29;“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusuya Qanununun 62-67, Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Azərbaycan Respublikası MM-nin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2013-cü il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusuya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MM-nin 228.1 və 228.2-ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı; xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 30, 59, 63, 82; MM-in 6, 152, 157, 228; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, təqdim edilən sübutlarla cavabdehin uzun illər ölkədən və qeydiyyatda olan mənzildən köçüb getməsi təsdiq edilir, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri tərəfindən həmin yaşayış sahəsindən istifadənin mümkünsüz etdiyinə dair halların müəyyən edilmədiyi şəraitdə cavabdehin yaşayış sahəsinə ehtiyacın olmadığını da təsdiq edir və iddiaçı tərəfindən tanınan istifadə hüquqlarının elə özü tərəfindən itirilməsi tələbinin təmin edilməsi üçün əsasdır. Belə ki, əksini sübut etmək cavabdehin üzərinə düşən vəzifədirsə onun müəyyən edilməməsi bu məsələnin müzakirəsini istisna edir. Bu baxımdan iddiaçının konstitusiya ilə bərqərar olunan üstün mülkiyyət hüququnun pozulmasının qarşısının alınması və hüquqdan sui-istifadəyə şərait yaradan qanunvericiliyin tətbiqi yolverilməzliyi təmin edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qət e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-623/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia ərizəsi təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 2, ev-11A, mənzil 27 ünvanında yerləşən mənzildən Cavabdeh1 istifadə hüququ itirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi iləAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar