Məhkəmə qərarları › İş №2(103)-5571/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5571/2021

17.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5571/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Əlibəy Hüseynzadə adına Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)-935/2021 saylı qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əlibəy Hüseynzadə adına Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 21.09.2020-ci il tarixli, 1/260 saylı əmrinin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsinin bağlanılması, əvvəlki ştat vahidi üzrə işə bərpa edilməsi və 21.09.2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fəlsəfə doktoru, dosentdir, 1976-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim vəzifəsində çalışır. Əmək müqaviləsi 06.12.2018-ci il tarixində yenilənib, 08.07.2019-cu il tarixinədək uzadılmış müddətli əmək müqaviləsinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış elektron sistemində isə əmək müqaviləsinin bitmə tarixi 15.09.2021-ci il göstərilmişdir. 2020/2021-ci ilin tədris ilinin başlanğıcında sentyabrın əvvəli online olaraq bir neçə dərs keçdikdən sonra ona əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Səbəbini soruşduqda 65 yaşının tamam olması və müqavilə müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verildiyi, elektron bildirişdə isə texniki səhvə yol verildiyi bildirilmişdir. Lakin əmək müqaviləsinin xitam olunması barədə əmrin surəti və əmək kitabçası ona təqdim edilməmişdir. 19.10.2020-ci il tarixində vəkil sorğusuna əsasən əmək müqaviləsinin surəti və əmrdən çıxarış ona təqdim edilsə də, əmək kitabçası təqdim edilməmişdir. 21.09.2020-ci il tarixli əmrdən çıxarışda əmək müqaviləsinin müddətinin bitməsi ilə əmək müqaviləsinə xitam verildiyi görünür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələrinə şamil edilmir. Göründüyü kimi çalışdığı müəssisə ali təhsil müəssisədir, bu səbəbdən yaş senzi ona tətbiq edilə bilməz. Göründüyü kimi, 1976-cı ildən həmin Universitetdə çalışır. Həmin dövr ərzində müddətsiz əmək müqaviləsi üzrə işləmişdir. 2018-ci il tarixdə müddətsiz əmək müqaviləsinin dəyişdirilməsinin heç bir hüquqi əsası yoxdur. Əmək müqaviləsində göstərilən ƏM-nin 47-ci maddəsinin f bəndi ona deyil, ilkin işə göstərilən şəxsə şamil edilə bilər. Eyni zamanda 06.12.2018-ci il tarixli müqavilədə ümumiyyətlə hansı müddətə bağlanması göstərilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)-935/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 21.09.2020-ci il tarixli, 1/260 saylı əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əvvəlki ştat vahidi üzrə işə bərpa edilməsi, İddiaçı 21.09.2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi inzibati qərar və protokol qiymətləndirilmədən məhkəmənin nəticəsinin əsası kimi qəbul edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilən və iş materiallarında olan iddiaçıya işdən çıxma əmrinin, əmək kitabçasının və son haqq-hesabın təqdim edilməsinə dair tərtib edilmiş akt məhkəmə tərəfindən sübut kimi araşdırılmamış və qiymətləndirilməmişdir. Halbuki, 21 sentyabr 2020-ci il tarixli həmin aktdan görünür ki, iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlər məhz həmin vaxtda təqdim edilmiş, o hay-küy salaraq həmin sənədləri qəbul etməkdən imtina etmişdir. Yəni iddiaçı hüququnun pozulduğunu 21 sentyabr 2020-ci il tarixdə aşkar etmişdir. Ona görə də, AR Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən əmək mübahisəsinin müddətinin axımının başlanması məhz bu tarixdən hesablanmalı idi. Ona görə də, hazırki mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməli idi. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanlmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etmişdir ki, İddiaçı 16.12.1974-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işə qəbul edilmişdir. 1983-cü ildən İddiaçı müsabiqə yolu ilə beş il müddətinə müəllim vəzifəsinə seçilmiş, analıq məzuniyyətində olduğu üçün beş illik müddət bitəndən sonra 03.03.1989-cu il tarixdə keçirilən müsabiqədə Xarici dillər kafedrasına müəllim seçilmişdir. 19.11.1993-cü il tarixdə İddiaçı yenidən müsabiqədən keçərək göstərilən kafedraya baş müəllim vəzifəsinə təyin olunmuşdur. 1994-cü ildə elmlər namizədi elmi dərəcəsi almışdır. 29.12.1998-ci ildə yenidən müsabiqədən keçərək 25.01.1999-cu il tarixli əmrlə “vaxtlı FƏM (kontraktla)” göstərilən kafedraya baş müəllim təyin edilmişdir. 04.09.2002ci il tarixdə müsabiqə yolu ilə dosent seçilmiş, 20.06.2008-ci ildə növbəti müsabiqədən keçdiyinə görə yenidən Xarici dillər kafedrasına beş il müddətinə dosent təyin olunmuşdur. 15.12.2013-cü ildə yenidən müsabiqə yolu ilə müddətli əmək müqaviləsi ilə 05.12.2018-ci ilədək müddətə dosent vəzifəsinə qəbul olunmuşdur. 05.12.2018-ci il tarixdə müddət bitdiyinə görə İddiaçı əmək müqaviləsinə xitam verilmiş, iddiaçının ərizəsinə, kafedra müdirinun təqdimatına əsasən onunla 06.12.2018-ci ildən 08.07.2019-cu il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı 01.07.2019-cu il tarixli ərizəsinə əsasən dekanın və kafedra müdirinin təqdimatı ilə 2019-2020-ci dərs ili üçün, yəni 08.07.2019-cu ildən 08.07.2020-ci ilədək bir illik əmək müqaviləsi uzadılmışdır. 08.07.2020-ci ildə müddəti başa çatan müddətli əmək müqaviləsi İddiaçı ərizəsi əsasında dekanın və kafedra müdirinin təqdimatı ilə 15.09.2021-ci ilədək uzadılmış, bu barədə bildiriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmişdır. Əmək müqaviləsinə 21.09.2020-ci ildə 1/260 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 30.11.2020-ci il tarixli MN ******* nömrəli inzibati Xəta haqqında protokolundan və 11.12.2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru X2 tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozularaq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən olunmuş, buna görə 1500 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh Əlibəy Hüseynzadə adına Cavabdeh İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsas götürülməklə xitam verilməsi barədə əmri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması ilə qəbul edilmiş, göstərilən qanun pozuntusuna görə cavabdeh təşkilatın rəhbəri inzibati məsuliyyətə cəlb edilərək, cəzalandırılmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin məcəllənin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmışəmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Azrbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 1/172 saylı 29.06.2020-ci il tarixli əmri ilə Ədəbiyyat və dillər kafedrasının dosenti İddiaçı Qeydi qızı ilə bağlanmış və 08.07.2020-ci il tarixdə müddəti qurtaran əmək müqaviləsinin uzadılması əmr edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Qeydi qızı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dosent olaraq çalışır və əmək müqaviləsinin müddəti 15.09.2021-ci il tarixdə bitir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin 30.11.2020-ci il tarixli MN ******* nömrəli inzibati Xəta haqqında protokolundan və 11.12.2020-ci il tarixli, MN № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru X2 tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozularaq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən olunmuş, buna görə 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə kollegiyasının iclasında həmin cərimənin cavabdeh tərəfindən ödənilməsi müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 21.09.2020-ci il tarixli, 1/260 saylı əmrin ləğv edilməsi, İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əvvəlki ştat vahidi üzrə işə bərpa edilməsi və İddiaçı 21.09.2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Kollegiya qeyd edir ki, cavabdeh iddia müddətinin ötürülməsinə istinad etsə də, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı, yəni iddia müddətinin axımının başlanmasını və 1 aylıq müddətin ötürülməsini təstiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddia mddətini hazırkı işdə tədbiq etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edən zaman düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əlibəy Hüseynzadə adına Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)-935/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar