Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5571/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(009)- 121/2024 saylı qərardadından cavabdeh "xxxx" MED Corporation MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 qarşı «maddi və mənəvi zərər» barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 59,000 ABŞ dolları (100,300 manat), mənəvi zərərə görə 50.000 manat və ödənilmiş 440 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 51,817 manat məbləğində maddi zərərin, 1000 manat məbləğində mənəvi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun 220 manat hissəsinin cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərardadı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-121/2024 saylı qətnaməsinə düzəliş edilmiş və qətnamənin əsaslandırıcı hissəsində “582.188,51 türk lirası (48.146,7 manat), 10,900 ABŞ dolları (18,530 manat), 1870 türk lirası (171 manat), 18,440 türk lirası (1532 manat), 6900 türk lirası (625 manat), 8,226 ABŞ dolları (13,984 manat) pul vəsaitinin Azərbaycan manatı ekvivalenti ilə və Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixdə ödənmiş 1310 manat məbləğində vəsaitin cəmi olmaqla toplamda 51,817 manat məbləğində maddi zərər iddiaçının xeyrinə tutulmalıdır” sözləri “582.188,51 türk lirası (48.146,7 manat), 10,900 ABŞ dolları (18,530 manat), 1870 türk lirası (171 manat), 18,440 türk lirası (1532 manat), 6900 türk lirası (625 manat), 8,226 ABŞ dolları (13,984 manat) pul vəsaitinin Azərbaycan manatı ekvivalenti ilə və Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixdə ödənmiş 1310 manat məbləğində vəsaitin cəmi olmaqla toplamda 84.298,7 manat məbləğində maddi zərər iddiaçının xeyrinə tutulmalıdır” kimi, nəticə hissəsi isə “84.298,7 manat məbləğində maddi zərərin, 1000 manat məbləğində mənəvi zərərin əvəzi cavabdehlər "xxxx" MED Corporation MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 220 manat hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin” kimi oxunması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh "xxxx" MED Corporation MMC tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli ilkin ekspertizanın ekspert rəyinə əsasən, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdə "xxxx"a müraciət etmiş və müayinə zamanı onda LAD və Cx damarlarında olan stenozlarla əlaqədar koronar angioplastika əməliyyatı aparılmışdır. Daha sonra, İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən "xxxx"a müraciət etmiş və onda mövcud olan "Qazanılmış ürək qüsuru, ciddi aortal stenoz. Keçirilmiş miokard infarktı. Ürək çatışmazlığıİİ f.s. Şəkərli diabet İİİ tip" diaqnozu ilə əlaqədar “TAVİ” əməliyyatı (transaortik qapaq implantasiyası) icra edilmişdir. Koronar angioplastika və "TAVİ”əməliyyatı zamanı hər hansı bir ağırlaşma qeyd edilməmişdir. İddiaçı "xxxx"a müraciətləri zamanı ona aparılmış kliniki, laborator və instrumental müayinələri əsasında təyin edilmiş diaqnozlar düzgün olmuşdur. İddiaçı "xxxx"a müraciəti zamanı onda mövcud olan qazanılmış ürək qüsuru və ciddi aortal stenozla əlaqədar "TAVİ" əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı üzərində icra edilmiş invaziv müdaxilələrdən 10 ay sonra xx.xx.2022-ci il tarixdə aparılmış exokardioqrafiya müayinəsi zamanı onda aortal çatmamazlığın İİ-İİİ dərəcədə olduğu qeyd edilmişdir. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara revmatizm, infeksion endokardit, ateroskleroz, arterial hipertenziya və s. kimi səbəblər aid edilə bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı "xxxx"da aparılmış ilkin tibbi müdaxilələrdən sonra, onun təkrar olaraq əməliyyata məruz qalması qazanılmış ürək qüsurlarının xüsusiyyətlərindən asılıdır. Daha sonra xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar ekspertizanın rəyinə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə"xxxx"a müraciət etmiş və müayinə zamanı onda LAD və Cx damarlarında olan stenozlarla əlaqədar koronar angioplastika əməliyyatı aparılmışdır. Daha sonra, İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən "xxxx"a müraciət etmiş və onda mövcud olan "Qazanılmış ürək qüsuru, ciddi aortalstenoz. Keçirilmiş miokard infarktı. Ürək çatışmazlığı İİ f.s. Şəkərli diabet İİİ tip" diaqnozu ilə əlaqədar “TAVİ" əməliyyatı (transaortik qapaqimplantasiyası) icra edilmişdir. Koronar angioplastika və "TAVİ"əməliyyatı zamanı hər hansı bir ağırlaşma qeyd edilməmişdir. İddiaçı "xxxx"a müraciətləri zamanı ona aparılmış kliniki, laborator və instrumental müayinələri əsasında təyin edilmiş diaqnozlar düzgün olmuşdur. İddiaçı "xxxx"a müraciəti zamanı onda mövcud olan qazanılmış ürək qüsuru və ciddi aortal stenozla əlaqədar "TAVİ" əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Aparılmış əməliyyat təyin edilmiş diaqnoza uyğun olmuşdur. İcra edilmiş invaziv müdaxilələrdən 10 ay sonra (xx.xx.2022-ci il tarixdə) aparılmış exokardioqrafiya müayinəsinə əsasən, onda yenidən aortal çatmamazlığın İİ-İİİ dərəcədə olduğu qeyd edilmişdir.Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara qazanılmış ürək qüsurlarının xüsusiyyətləri ilə yanaşı revmatizm, infeksion endokardit, ateroskleroz və bəzi hallarda uğursuz "TAVİ" əməliyyatı da səbəb ola bilər. Lakin yaranmış ağırlaşmada konkret olaraq hansı səbəbin həlledici olması haqqında fikir söylənilməsi mümkün olmadı. Həkim səhlənkarlığı məhkəmə-tibbi məfhum deyil. Hesab edirlər ki, qətnaməyə düzəliş olunması əsassız və qanunsuzdur. Buna ehtiyac yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, e-2(009)- 121/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-121/2024 saylı qətnaməsinin maddi zərərin tutulmasına aid əsasladırıcı hissəsində məhkəmə “582.188,51 türk lirası (48.146,7 manat), 10,900 ABŞ dolları (18,530 manat), 1870 türk lirası (171 manat), 18,440 türk lirası (1532 manat), 6900 türk lirası (625 manat), 8,226 ABŞ dolları (13,984 manat) pul vəsaitinin Azərbaycan manatı ekvivalenti ilə və Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixdə ödənmiş 1310 manat məbləğində vəsaitin cəmi olmaqla toplamda 51,817 manat məbləğində maddi zərər iddiaçının xeyrinə tutulmalıdır” kimi qeyd etmişdir və buna istinad edərək də, nəticə hissəsində həmin məbləği qeyd etmişdir. Halbuki qeyd olunan (48.146,7+18,530+171+1532+625+13,984+1310) rəqəmlərin cəmini topladıqda görünür ki, tutulmalı olan maddi zərərin əvəzi ümumilikdə 51,817 manat deyil, 84.298,7 manat təşkil edir. Göründüyü kimi, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində maddi zərərlə bağlı cavabdehlərdən tutulmalı olan məbləğləri ayrı-ayrılıqda düzgün qeyd etsə də, həmin məbləğlərin cəmini müyyən edərkən riyazi səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-121/2024 saylı qətnaməsində qeyd olunan düzəlişin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, hazırda Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)- 121/2024 saylı qətnaməsi mahiyyəti üzrə yoxlanılmır və belə olan halda qətnamənin əsaslandırıcı hissəsində qeyd edilən məhkəmənin mövqeyinə qiymət verilməsi mümkün deyil, bununla belə işin mübahisəsiz halı ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən cavabdehdən tutulmalı olan maddi zərərlə bağlı məbləği ayrıayrılıqda (48.146,7+18,530+171+1532+625+13,984+1310) qeyd etsə də, həmin məbləğləri toplayarkən səhvə yol vermiş və maddi zərərin əvəzini ümumilikdə 84.298,7 manat deyil, 51,817 manat qeyd etmişdir. Halbuki həmin rəqəmləri adi riyazi hesablama ilə topladıqdan 84.298,7 manat olması açıq-aşkardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MED Corporation MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, e-2(009)- 121/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5571/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5571/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver