Məhkəmə qərarları › İş №2(103)-5573/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5573/2022

10.08.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5573/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta və s. ödənişlərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(006)-49/2022 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə 7350 manat sığorta ödənişi məbləğinin, hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 6801 manat məbləğində dəbbə pulunun (14350 manat sığorta ödənişi * 474 gün * 0,1 % dəbbə=6801), 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 15151 manat məbləğində pul vəsaitinin tutulması, İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 nümayəndəsi X3 iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən 8132 manat məbləğində fərdi yaşayış evinə dəymiş maddi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində fiziki şəxs İddiaçı1 ilə "xxxx" ASC arasında “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən BA seriyalı, 633639 nömrəli icbari sığorta müqaviləsi (şəhadətnamə verilmək yolu ilə) bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı1 istifadə etdiyi İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən daşınmaz əmlaka 15000 manat məbləğində sığorta təminatı verilmişdir. Sığorta müqaviləsi qüvvədə olan tarixdə sözügedən İsmayıllı rayonu ərazisində təbii fəlakət, yəni leysan yağışları və bununla bağlı yer sürüşməsi hadisəsi baş vermişdir. Baş vermiş hadisə səlahiyyətli dövlət qurumları tərəfindən təsdiq edilmişdir. Təbii fəlakət hadisəsi ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsə tikinti üzrə 25000 manat məbləğində zərər dəymişdir. Lakin "xxxx" ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək sığortalıya sığorta ödənişini verməmişdir. İddiaçı1 sığorta ödənişi ilə bağlı hüquq və tələblərinin bir hissəsini digər iddiaçı fiziki şəxs İddiaçı2 güzəşt etmişdir. Bu barədə cavabdehə ("xxxx" ASC-yə) bildiriş vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(006)-49/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinə dəymiş maddi zərərin əvəzi olaraq 8132 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 xeyrinə ödənilməsi, mülki iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində ekspertiza xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın 1300 manat hissədə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirilmiş və hesablama aktı tərtib edilməklə dəymiş ziyanın məbləği 1300 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza yalnız İddiaçı1 məhkəmə təqdim etdiyi qüsur aktına əsasən həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi X3 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər iddiaçı və cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilən ******* nömrəli, RX seriyalı Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata salınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. 633639 nömrəli, BA seriyalı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, xx.xx.2018-ci il tarixində fiziki şəxs İddiaçı1 ilə "xxxx" ASC arasında “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən İcbari Sığorta Müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, 407- 2618/148 inventar nömrəli Texniki Pasportdan görünür ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən hüquqi subyekti İddiaçı1 olan fərdi yaşayış evi sığorta müqaviləsi əsasənda sığortalanmışdır. İş materiallarında olan cavabdeh "xxxx" ASC-yə ünvanlanan tələb sahibinin (kreditorun) öz tələbini üçüncü şəxsə güzəşt etməsi barədə xx.xx.2019-cu il tarixli Bildirişdən və xx.xx.2019-cu il tarixli Tələbin güzəşti barədə müqavilədən görünür ki, İddiaçı1, yəni “tələbin ilkin sahibi” və İddiaçı2, yəni “tələbin yeni sahibi» arasında yazılı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Əliyev X1 rayonu, Tircan kəndində baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə 25.000 manat məbləğində dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan "xxxx" ASC-yə qarşı malik olduğu hüquq və tələbləri qismən, yəni 7.000 manat həddində “tələbin yeni sahibi” İddiaçı2 güzəşt edib. xx.xx.2018-ci il tarixli “sığorta ödənişinin və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə” pretenziya məktubundan görünür ki, İddiaçı1 məhkəməyə müraciət etməzdən öncə cavabdeh "xxxx" ASC-yə məktub ünvanlayaraq təbii fəlakət nəticəsində evinə dəymiş 25.000 manat zərər üzrə sığorta ödənişinin həyata keçirilməsi, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 % həcmində dəbbə pulunun ödənilməsini tələb etmişdir. 2018-ci il 27 may tarixində İsmayıllı hidrometeoroloji stansiyasında müşahidə olunmuş hava şəraiti haqqında məlumatdan görünür ki, həmin tarixdə leysan yağış yağmışdır. İsmayıllı rayonunun Tircan kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında xx.xx.2018-ci il tarixli, 384 nömrəli arayışdan görünür ki, İddiaçı1 məxsus sahə mailliyi 20- 250 olan dağətəyi ərazidə yerləşir. Ümumilikdə, Tircan kəndi ekzogen geoloji proseslərin orta inkişaf etdiyi ərazidə yerləşir. Baxış keçirilən sahədə 2018-ci il ərzində düşən yağışların təsirindən sahənin geoloji quruluşunda iştirak edən bərkiməmiş (ellüvialdellüvial mənşəli gilcələr və qumcalar) çöküntülər su ilə doyması nəticəsində ərazidə çökmə (oturma) prosesi baş vermişdir. İş materiallarında olan ekspert S.feyzullayeva tərəfindən verilən arayışdan görünür ki, İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən, İddiaçı1 məxsus daşınmaz əmlaka təbii fəlakət nəticəsində dəymiş zərərin bazar qiyməti 25.000 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 245 nömrəli İsmayıllı RİH başçısı tərəfindən verilən arayışdan görünür ki, Tircan kənd sakini İddiaçı1 məxsus fərdi yaşayış evi vardır. 2018-ci ilin may ayında yağan leysan yağışlar və torpaq sürüşməsi nəticəsində evə ciddi ziyan dəymiş, divarlarda çox sayda çatlar əmələ gəlmişdir. İş materiallarında olan İsmayıllı rayonu, Tircan kəndi ünvanında yerləşən, İddiaçı1 məxsus fərdi yaşayış evinə güclü leysan yağışları və təbii sürüşmə nəticəsində dəymiş ziyanla əlaqədar görüləcək tikinti-bərpa işləri üçün smetadan görünür ki, tikinti-bərpa işləri üçün yekun məbləğ 25016,45 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli fərdi yaşayış evinin texniki vəziyyəti haqqında Təcrübi-konstruktor arayışdan görünür ki, sözügedən fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır, fərdi yaşayış evinə 2018-ci ilin may ayının 27-si baş vermiş təbii fəlakət (leysan yağışları ilə bağlı yer sürüşmə-çökməsi) hadisələri nəticəsində zərər dəymişdir, 2018-ci ilin may ayının 27-si düşən atmosfer yağıntılarının və digər yeraltı təbii amillərin təsirindən tikilinin əsasını təşkil edən quruntun yuyulması və yumşalması nəticəsində torpağın dayanıqlığı zəifləmişdir. Ona görə də tikililərin divarlarında müxtəlif ölçüdə və istiqamətdə çat və deformasiyalar əmələ gələrək ev qəzalı vəziyyətə düşmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 218 nömrəli ekspertiza arayışından görünür ki, İsmayıllı rayonu, Tircan kəndi ərazisində yerləşən İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evi 2018-ci ilin may ayında baş vermiş təbii fəlakət hadisəsi nəticəsində zədələnmişdir. Baş vermiş təbii fəlakət hadisəsi nəticəsində fərdi yaşayış evinə 8132 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi) Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun 35.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qanunun 35.2-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Həmin Qanunun 36.1.8-ci maddəsinə əsasən, daşınmaz əmlakın təbii fəlakətlər zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta haqqının məbləği əmlakın təyinatından və xüsusiyyətindən asılı olaraq faiz dərəcəsi ilə ifadə olunan tariflərin sığorta məbləğinə tətbiq edilməsi ilə müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına, sadalanan qanunvericilik normalarının tələblərinə əsaslanaraq və dəymiş zərərin məbləği ilə bağlı "xxxx" MMC tərəfindən müəyyən edilmiş məbləği nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, 8132 manat məbləğində pul vəsaiti İddiaçı1 xeyrinə tutulmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Cavabdeh apelyasiya şikayətində ASC-nin mütəxəssisləri tərəfindən zərər dəymiş əmlaka texniki baxış keçirildiyini və hesablama aktı tərtib edilməklə dəymiş ziyanın 1300 manat məbləğində müəyyən edildiyini göstərsə də, istinad etdiyi akt nə birinci instansiya məhkəməsinə təqdim edilməmiş, nə də apelyasiya şikayətinə əlavə olunmamışdır. Əksinə, işə birinci instansiya məhkəməsində baxılarkən təqdim etdiyi xx.xx.2019-cu il tarixli AS- 19/3604 nömrəli etirazda (i.v.41) iddiaçının bu günədək sığorta tələbi ilə ASC-yə müraciət etmədiyini göstərmişdir. Cavabdehin istinad etdiyi dəlillər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən ödənilməli olan məbləğ düzgün müəyyən edilmişdir. Cavabdeh arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 401, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-49/2022 saylı iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar