Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5573/2023 28.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(011)-375/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e- 2(008)4907/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh caavabdeh İddiaçı qarşı bağ evindən çıxarılması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 22 ünvanda yerləşən evdən əşyaları ilə birlikdə çıxarılması, mənzil boşaldılaraq iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
2. "xxxx" MMC tərəfindən verilmiş 02 mart 2023-cü il tarixli, 059/Mİ/23 nömrəli qiymətləndirmə işinə dair hesabatdan görünür ki, fərdi yaşayış evinin 02 mart 2023-cü il tarixə aylıq kirayə haqqı 500-700 manat təşkil edir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2023-cü il tarixli, 10/691 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 22 ünvanında yerləşən fərdi yaşayış evində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016- cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8802 manat məbləğdə olduğu müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 manat məbləğdə pulun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının dostu mərhum X4 ikinci həyat yoldaşıdır. Mübahisəli bağ evi Cavabdeh atasından qeyri-rəsmi miras əmlak kimi qalmış və iddiaçının köməkliyi ilə onun adına 2021-ci ildə rəsmiləşdirilmişdir. İddiaçı yaşadığı evi 2014- cü ildə satmış və rayona köçüb getmək qərarına gəlmişdir. Əlində 40 min manatdan artıq pulu olmuş, rayonda ev tikib, sonrakı ömrünü orada yaşayıb başa vurmaq fikrində olmuşdur. Cavabdeh həyat yoldaşı rəhmətə getmiş və maddi imkanları da çox aşağı olmuşdur. Mübahisə predmetinə çevrilmiş ərazi onların bağ sahəsi olmuş, orada mövcud olan tikililər bərbad vəziyyətdə olmuşdur. Yaşamaq üçün heç bir şərait yox olmamışdır. Cavabdeh təklifi ilə qarşılıqlı razılaşma əsasında həmin bağ evinin bir otağını iddiaçı öz hesabına təmir etdirməklə yaşayış üçün yararlı vəziyyətə salmaq və ümumi həyətdə kommunal şərait yaratmaq müqabilində 10 il müddətində yəni 01 sentyabr 2016cı ildən 01 sentyabr 2026-ci il tarxinə kimi həmin evdə yaşamağa icazə verilməsini öhdəsinə götürməsi barədə şifahı müqavilə bağlamışlar. Həmin bağ evinin bir otağını və ümumi kommunal xidmət yerlərini öz hesabına təmir etdirərək 2016-cı ildən başlayaraq orada yaşamışdır. Evin təmirinə 31000 manat, həyətin təmirinə isə 4200 manat vəsait xərcləmişdir. Həmin evin təmir işlərini elektrik ustası X1, dam, su quyusu, su anbarı, kafel, metlax, suvama, divar kağızı işlərini isə X5 işləmişdir. Tikinti materiallarını və lazımı avadanlıqları da ustalar almış pulunu isə iddiaçı vermişdir. Həmin evə mətbəx, istilik sistemi, yataq mebeli və hava soyuducusu və mətbəx soyuducusu, paltaryuyan, qaz plitəsi, qaz peçi, aspirator hava təmizləyicisi kimi avadanlıqları da iddiaçı almışdır. 2016-cı ilin sentyabr ayının 1-dən köçüb orada yaşamağa başlamışdır və bu gün də orada yaşayır. Bütün bu müddət ərzində aralarında heç bir münaqişə və ya narazılıq olmamışdır. Bu yaxınlarda Cavabdeh, ola bilsin bağı satmaq fikrinə düşərək, birdən-birə iddiaçının evdən çıxmasını tələb etməyə başlamış və iddiaçının etirazından sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbini həmin mənzilin mülkiyyət hüququnu təsdiq edən çıxarışın tərəfindən alınaraq ona verilməsi ilə izah edir. Cavabdeh iddia ərizəsində həmin evdə yaşadığına görə ona icarə haqqı ödəməkdən imtina etməsi barədə qeyd etməsi yalandır. Belə ki, aralarında belə bir razılıq olmamışdır. Evin təmirinə xərclədiyi pul vəsaiti yaşayacağı 10 il üçün icarə haqqı kimi hesablanmalı idi. Bu hər ikisinin razılığı əsasında şahidlərin iştirakı ilə olmuşdur. Razılığa əsasən 01 sentyabr 2026-cı ilə qədər həmin mənzildən istifadə edərək orada yaşamalıdır. Bu onların şifahi olaraq aralarında bağlanmış müqavilənin tələblərindən irəli gəlir. Əks halda Cavabdeh yaşamadığı aylar və illərə görə təmirə xərclədiyi vəsaitin yaşadığı illər üzrə icarə haqqı çıxılmaqla qalan hissəsini iddiaçıya geri qaytarmalıdır. Onun evinə 35 min manatdan artıq pul vəsaiti xərcləmişdir. Bir halda ki, o aralarında olan müqaviləni pozaraq, onun evdən çıxmasını tələb edir, iddiaçı da ondan onun evinə çəkdiyi xərclərin geri qaytarılmasını tələb etmək hüququna malikdir və istifadə etdiyi müddətin pulunu çıxmaqla ondan 14400 manat pulun geri qaytarılmasını tələb edir. Həmin ünvanda bir otaqlı evin icarə haqqını aylıq 300 manat məbləğində qəbul edərək 01 sentyabr 2026-cı il tarixə kimi qalan 48 aya görə iddiaçıya 14400 manat pul geri qaytarılmalıdır.
6. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, İddiaçıı 1990-cu ildən, Sevda xanımın ailəsini isə 1995-ci ildən tanıyır. Özü təmir ustasıdır. Evin təmirinə başlamazdan əvvəl Sevda xanım bildirmişdir ki, əgər Cəbrayıl evi təmir etmirsə, öz hesabına təmir edə bilməz. Çünki, bağ evini təmir etməyə imkanı yoxdur. Həmin bağ evi pis vəziyyətdə idi və evə baxanda görünürdü ki, 40-50 ildir ki, ev təmir edilməmişdir. İddiaçı isə evi təmir etmək istəmir və rayona köçüb yaşamaq istəyirdi. Evin təmirinə təxminən 25600 manat məbləğində pul xərclənmişdir. Hamama, mətbəxə və evin böyük otağına istilik xətləri çəkmişdir. Evin təmirindən Sevda xanımın da məlumatı olmuşdur. Hətta Sevda xanım ona sonradan digər otaqlara da istilik xətlərinin çəkilməsinin mümkün olub-olmamasını soruşmuşdur. O evin təmirinə dair işlərini bitirdikdən sonra İddiaçı evə dair məişət avadanlıqları, soyuducu, televizor və kondisioner almışdır. Evin təmirinə isə 2015-ci ildə başlamışlar və 2016-cı ilin avqust ayında evin təmiri bitmişdir. Bağ evi bərbad vəziyyətdə olmuşdur. Hətta evin qarajını boşaldan zaman Sevda xanım oğlu ilə birlikdə iştirak etmiş və yorğanın içində pişiyin ölüsü tapılmışdır. Ev təmir edilən zaman hər həftənin şənbə və ya bazar günü evə baş çəkmiş və evin təmir olunduğunun şahidi olmuşdur. Hətta evin anteni xarab olmuş və Sevda xanıma evin antenin təmiri üçün pilləkanla yuxarı qaldığı zaman, pilləkanın aşmaması üçün tutmasını bildirmişdir və o, da ona kömək etmişdir. İddiaçı 2016-cı ilin sentyabr ayından evdə yaşamağa başlamışdır. Evin təmiri bitdikdən sonra qonaqlıq olmuşdur. O da qonaqlıqda iştirak etmişdir. Həmin vaxt Sevda xanım Cəbrayıla evdə yaşadığına görə nə qədər kirayə pulu ödəcəyini soruşmuşdur. Buna cavab olaraq da Cəbrayıl Sevda xanıma aralarında razılaşma olduğunu, evin təmir edilməsinə görə 10 il həmin evdə qalacağını və pul ödəməyəcini bildirmişdir. Həmçinin Cəbrayıl bildirmişdir ki, əgər aylıq pul ödəyəcəyəksə, indidən etdiyi təmir xərcinin əvəzini ona ödəsin. Buna cavab olaraq da Sevda xanım onunla zarafat etdiyini bildirmişdir. İki mərtəbəli bağ evi idi. İkinci mərtəbədə mətbəx olmamışdır. Ancaq birinci mərtəbə də mətbəx var idi. Orada zibillə dolu idi. Evdə yaşamaq üçün şərait yox idi.
7. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Cəbrayıl və Sevda ilə onu dostu Sergey tanış edib. Sevdaya məxsus evin elektrik işlərini görmüş, ev təmir olunarkən Sevda gəlib təmirin gedişi ilə maraqlanırdı. Evin təmirini Cəbrayıl sifariş etmiş, həmçinin təmir materiallarını və usta xərclərini Cəbrayıl qarşılamışdır. Evin təmiri 2015-ci ildə baş tutmuşdur və 9 ay çəkmişdir. Ev yararsız vəziyyətdə idi. Evdə 2 nəfər, Sergey və o işləmişdir. Evin təmirinə Cəbrayıl 25000 manatdan çox pul xərcləmişdır. Təmirin bitməsini o, Sergey, Sevda və Cəbrayıl qeyd edirdi. Sevda zarafatla Cəbrayıldan soruşmuşdur ki, aylıq ona nə qədər pul ödəyəcək. Cəbrayıl cavab vermişdir ki, hansı puldan söhbət gedir, artıq onlar bu məsələni öz aralarında razılaşdırmışlar. Cəbrayılın evin təmirinə xərclədiyi pul aylıq kirayə haqqı kimi bölünməli idi və o, orada razılaşmaya uyğun 10-12 il yaşayacaqdı. Cəbrayıl ilə Sevda öz aralarında razılaşıblar. Razılaşma vaxtı o, həmin şəxslərin yanında olmamışdır.
8. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, qonşu bağ evində mühafizəçi işləyir. Mübahisəli evdə Sevda və onun əri yaşayırdı. Evi Cəbrayıl təmir etdirdi və hal-hazırda orada yaşayır. Evin həyətini o təmir etmişdir. Təmir vaxtı Sevda və onun oğlu evə gəlirdilər, təmirdən sonra da gəliblər. Köhnə ev idi. Cəbrayıl evin sanitar qovşağını, həyəti təmir etdirmiş, otağın divar kağızını dəyişmiş və digər işləri də görmüşdür. Ümumilikdə evin təmirinə 25000-30000 manat pul xərcləmişdir. Cəbrayıl həyətin təmirinə 4200 manat pul xərcləmiş və usta haqqı kimi ona 800 manat pul vermişdir. Təmir materiallarının pulunu da Cəbrayıl vermişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Cəbrayıla evdə yaşamağa müvəqqəti icazə vermişdir. Daha sonra onların xəbəri və razılığı olmadan evdə təmir işləri aparmışdır. Onlara məxsus evdə yaşamağı Cəbrayıl təklif etmişdir. Ev təmirdən əvvəl normal vəziyyətdə olmuş, orada gəlib yaşamışlar. Təmir vaxtı evə gəlməmişlər.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(011)- 375/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8802 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə kirayə haqqının müəyyən edilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 350 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi, 100 manat məbləğdə ekspertiza tədqiqatının dəyərinin Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin mövcud olması və ya belə bir razılaşmanın olması hissəsinə hüquqi qiymət verərək, qeyd etmişdir ki, tərəflər arasında evin abadlaşdırılması qarşılığında, iddiaçının bağ evində kirayəçi kimi yaşaması və onlar arasıında icarə münasibətlərinin yaranmaması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e- 2(008)-4907/2022 nömrəli qətnaməsi ilə və Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(103)-2677/2023 nömrəli qətnaməsi ilə öz əksini tapmışdır. Həmin hal isə hazırkı məsəllənin həllində preyudisial xarakter daşıyır. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən həmin bağ evinə qoyulmuş ayrıla bilən əşyaları (məsələn, paltaryuyan, yataq mebeli, aspirator və digər əşyalar) iddiaçı özündə saxlaya və ya bağ evindən apara bilər. Cavabdeh tərəfin ayrıla bilən yaxşılaşdırmaların iddiaçının özü ilə aparmasına etiraz etmədiyini əvvəlki məhkəmə iclaslarında verdiyi ifadələrdə öz təsdiqini tapır. İddiaçı ərizəsindən və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, onun iddiasının əsasını icarə münasibətləri deyil, məhz onun təmirə qoymuş olduğu xərc təşkil edir. Belə olan halda iddia tələblərinə ödənilməmiş kirayə haqqını əvəzi kimi deyil, yaxşılaşdırma işlərinin görülməsi üçün qoyulmuş xərcin mülkiyyətçidən tələb edilməsi kimi baxılmalıdr. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ekspert rəyinə əsasən müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2015-2016-cı illərdə mövcud olmuş bazar qiymətlərinə uyğun olaraq 8802 manat məbləğdə pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 135.4, 135.10, 157.6, 157.7, 560.1, 560.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yalnış mövqəilə qətnamə qəbul etmişdir. Belə ki, ilk öncə işin faktiki hallarından əvvəl qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2(103)-2677/2023 nömrəli qətnaməsinin hazırkı iş üzrə tədbiq edilməsi tamamilə səhvdir və bu işlə onun yaxından uzaqdan heç bir əlaqəsi olmamış, habelə həmin iş üzrə tərəflərin hansı münasibətlərdə olması məsələsi ümumiyyətlə aydınlaşdırılmadan heç bir hüququ qiymət verilməmiş, habelə sözgüdən iş qanunu qüvvəsini almamışdır. Göründüyü kimi, iddiaçının iddiasının predmeti olan 14400 manat vəsait iddiaçın 4 ili üçün yəni iddia qaldırdığı dövrə olan yerdə qalan müddət olmaqla yaşamadığı dövr üçün pul tələbi olmuş, lakin, məhkəmə isə iddia tələbində göstərilənlərə əhəmiyyət verməyərək və iddia tələbində nəzərdə tutulmayan əsaslarla iddiaçının tələb etmədiyi 2016-cı il tarixə olan təmir işlərinin əvəzini tutmuşdur. Hansı ki, iddiaçı həmin pulun tutulmasını yəni qoyduğu yaxışlaşdırmanı yox, yerdə qalan yaşamadığı müddət üçün olan dövr üzrə iddiaçıdan pulun tutulmasını xahiş etdiyi halda məhkəmə işin hallarında düzgün qiymət verməyərək, tərəflər arsında yaranmış münasibətləri təhrif edərək, qanunsuz qətnamə qəbul etmişdir. Hansı ki, tərəflər arasında olan münasibətlər xarakterinə görə kirayə münasibətləri olmaqla iddiaçı tərəfindən 2016-cı ildə aparılmış təmir işlərini, öz yaşayışı üçün edilmiş, yəni həmin yaxşılaşdırmalar məhz iddiaçıının öz istifadəsi üçün edilməsi və həyat şəraitini yaxışlaşdırmaq niyyəti ilə edilməklə, hazırkı tarixə kimi, həmin təmir işlərinə uyğun olaraq iddiaçı tərəfindən istifadə edilir. Başqa sözlə deyilsə, nəzərə alınsa ki, müvafiq olaraq 2016-cı il tarixə olan təmir xərcinin dəyəri 8802 manat məbləğdə olmuş hazırda üzərindən keçən müddət ərzində, yəni 7 il ərzində həmin təmirdən iddiaçının özü istifadə etdiyi halda həmin təmirin hazırkı dövrə olan amortizasiyası nəzərə alındıqda qeyd edilən təmirin tamamı ilə əhəmiyyətini itirdiyi açıq aşkardır . Çünki, mövcud praktikaya əsasən orta təmir müddəti 8-10 il arası təşkil edir, hazırda cavabdehin qeyd edilən təmirdən hər hansı bir fayda əldə etdiyi müəyyən edilmir. Məhkəmənin artıq əhəmiyyətini və vəziyyətini itirmiş təmir xərcinə görə, hansı ki, iddiaçının tələbi bunla bağlı olmamasına baxmayaraq cavabdehdən pul tutması tamamı ilə anlaşılmaz olmaqla qəbul edilməzdir. Nəticə etibarı ilə iddiaçı qeyd edilən evdə 7 il yaşamaqla hər hansı bir kirayə pulu ödəməmiş, hazırda da qeyd edilən evi tərk edəcəyi halda müvafiq olaraq cavabdeh üçün heç bir maddi dəyəri olmayan və əhəmiyyətini itirmiş təmirə görə 2016-cı il təmir xərcinin tutulması isə qəbul edilməzdir. Məhkəmə düzgün olaraq ekspertiza rəyini mötəbər sübut kimi qəbul etsə də bu məbləği bütövlükdə deyil qalan müddət üçün tələb edilməsini nəzərdən qaçırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verib, təmin olunmasını xahiş etdi.
17. İddiaçı apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
23. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2023cü il tarixli, 2(103)-2677/2023 nömrəli qətnaməsinin hazırkı iş üzrə tədbiq edilməsi səhvdir olmuşdur.
24. MPM-in 82.3-cü maddəsi ilə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməməsi və yenidən sübutuna ehtiyac olmaması təsbit olunmuşdur.
25. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).
26. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə” 15 iyul 2015-ci il tarixli Qərarı).
27. Bu konteksdə vurğulanmalıdır ki, hazırkı iş üzrə tərəflərin əvvəlki məhkəmə mübahisəsi – Cavabdeh İddiaçı qarşı evdən çıxarılma tələbinə dair iş üzrə qəbul edilmiş məhkəmə aktlarında müəyyən edilmiş faktiki hallar hazırkı iş üzrə də müəyyən edilmiş hallar kimi qiymətləndirilməlidir. Bunun əksini iddia etmək üçün hər hansı əsas da mövcud deyil.
28. Həmin iş üzrə qəbul edil məhkəmə aktlarında müəyyən edilmiş hal isə ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisə predmeti evə dair orada yaşamaq, evdən istifadə etmək barədə hər hansı razılaşmanın olmamasıdır.
29. Sözügedən işdə olduğu kimi, bu iş üzrə də İddiaçı Cavabdeh ilə aralarında kirayə münasibətləri ilə bağlı şifahi razılaşma olduğunu iddia etsə də, iddiasının faktiki əsasını evin təmirinə çəkdiyi xərclərin tələb edilməsi üzərində qurmuşdur. Belə ki, sonuncu öz iddia ərizəsində qeyd edir: “Bir halda ki, o aralarında olan müqaviləni pozaraq, onun evdən çıxmasını tələb edir, iddiaçı da ondan onun evinə çəkdiyi xərclərin geri qaytarılmasını tələb etmək hüququna malikdir.”
30. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı iddianın faktiki halları baxımından, təmirə çəkilmiş xərclərin tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
31. Şikayətin növbəti dəlili təmirə çəkilmiş xərcin məbləği ilə bağlıdır ki, bu hissədə cavabdeh iddiaçı tərəfindən görülmüş təmir işlərinin xərci tutularkən təmirin amortizasiyasının nəzərə alınmalı olduğunu iddia edir. Belə ki, cavabdehin qənaətinə görə hazırda qeyd edilən təmir öz əhəmiyyətini itirmişdir.
32. Kollegiya bu dəlilə də tənqidi yanaşaraq qeyd edir ki, hazırkı mübahisəyə köhnəlmə əmsalı tətbiq edilə bilməz ona görə ki, iddiaçı məhz təmirə görə çəkdiyi xərcləri, yəni uğradığı zərərin məbləğini tələb edir. Həmin məbləğ isə iş üzrə alınmış ekspert rəyi ilə müəyyənləşdirilmişdir. Təmir hazırda bəzi detallara münasibətdə köhnəlsə belə, bu iddiaçının məruz qaldığı zərərin məbləğini dəyişdirmir.
33. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
34. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(011)-375/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2(011)-375/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev