Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5577/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və təhsilin bərpa edilməsi” tələbinə dair iddia ərizəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-3624/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi və təhsilin bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3624/2024 saylı qərardadı ilə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında mübahisə məhz müqavilə əsasında və ehtimal olunan öhdəliyin icra edilməməsi halının nəticəsində yarandığından işə məhz mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İş materiallarında olan cavabdehin qəbul etdiyi xx.xx.2024-cüil tarixdə 720/T saylı əmrdə də xx.xx.2023-cü il tarixli 80 nömrəli müqavilənin şərtlərinin pozulması səbəbindən iddiaçının xx.xx.2024-cü il tarixdən Universitetdən xaric edilməsi və onunla bağlanmış xx.xx.2023-cü iltarixli 80 nömrəli müqavilənin ləğv edilməsini qərara almışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı münasibətlər ümumi (publik) xarakter daşıyır və cavabdeh bu mübahisədə inzibati hüquq münasibətlərinin subyekti kimi çıxış edir. Bildirir ki, cavabdeh həm münasibətlərin xarakteri cəhətdən, həm təşkilati-hüquq formasına münasibətdə inzibati hüquq münasibətlərinin subyekti kimi çıxış edə bilməz. Belə ki, cavabdehin kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatlarında təşkilati hüquqi forması “Açıq Səhmdar Cəmiyyəti” kimi qeyd edilib (VÖEN:**********). Bundan başqa, cavabdehin təqdim etdiyi Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamədə və qeyri-kommersiya qurumlarının və ali təhsil müəssisələrinin reyestr məlumatlarında cavabdehin açıq səhmdar cəmiyyəti olmaması barədə hər hansı bir qeyd mövcud deyil. Şəhadətnamədə cavabdehin yeni adı kimi “Cavabdeh” qeyd edilmişdir. Qeyri-kommersiya qurumlarının və ali təhsil müəssisələrinin reyestr məlumatlarında isə təşkilati hüquqi forma kimi “ali təhsil müəssisəsi” qeyd edilmişdir. Qeyri-kommersiya qurumlarının və ali təhsil müəssisələrinin reyestr məlumatları sənədinin adından da göründüyü kimi, Ədliyyə Nazirliyinin reyestr məlumatlarında ali təhsil müəssisələri qeyri-kommersiya qurumu kimi belə nəzərdə tutulmamışdır və bu müəssisələr bir-birindən fərqləndirilmişdir. Mübahisə yaratmayan ən vacib hal isə ondan ibarətdir ki, cavabdeh publik hüquqi şəxs deyil. Məhkəmənin istinad etdiyi Ali Məhkəmənin qərarında göstərilən cavabdeh isə məhz publik hüquqi şəxs idi (Azərbaycan Dövlət İqtisad Universiteti). Cavabdeh məhz kommersiya qurumu qismində iddiaçı ilə hüquqi münasibətlər yaratmış və cavabdeh müqavilə şərtlərinin yerinə yetirilməməsini iddia etdiyinə görə iddiaçını ali təhsil müəssisəsindən uzaqlaşdırmışdır. Bu münasibətdə cavabdeh məhz mülki dövriyyənin subyekti qismində mülki hüquq münasibətlərində iştirak etmişdir. Beləliklə, tərəflər bir-birilə mülki-hüquqi normalar əsasında müqavilə münasibətlərinə daxil olmuş və həmin müqavilə əsasında da tərəflər arasında mübahisə yaranmışdır. İş materiallarından görünür ki, tərəflər arasında mübahisə məhz müqavilə münasibətləri əsasından yarandığından mübahisə mülki-hüquqi xarakterlidir. İş üzrə icraata xitam verməklə məhkəmə iddiaçının hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasını əsassız şəkildə məhdudlaşdırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3624/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırki tələbində Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 720/T saylı “Hazırlıq kursunun əcnəbi dinləyicisinin xaric olunması haqqında” Əmrin ləğv edilməsinə və İddiaçı Cavabdehndə təhsil almaq hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisələndirilən əmrlə iddiaçının xx.xx.2024-cü il tarixdən Universitetdən xaric edilməsi və onunla bağlanmış xx.xx.2023-cü il tarixli 80 nömrəli müqavilənin ləğv edilməsini qərara almışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 oktyabr 2012-ci il tarixli “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, dövlətin əsas sosial funksiyası insanların layiqli həyat səviyyəsini təmin etmək və cəmiyyətə xidmət etməkdir, “ictimai maraq" demokratik, hüquqi dövlətin qəti və son məqsədini təşkil edir. İctimai ehtiyacların ödənilməsinə yönələn ictimai xidmətlər inzibati, iqtisadi, sosial, elmi-texniki və mədəni xidmət növlərinə ayrılır. Onların hamısına davamlılıq və sabitlik, dəyişkənlik və keyfiyyət, obyektivlik və bərabərlik, qazanc məqsədinin güdülməməsi kimi prinsiplər xasdır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 720/T saylı əmrlə iddiaçının xx.xx.2024-cü il tarixdən Universitetdən xaric edilməsi və onunla bağlanmış xx.xx.2023-cü il tarixli 80 nömrəli müqavilənin ləğv edilməsi ilə bağlı inzibati hüquq münasibətlərinə aiddir. Belə ki, cavabdeh təşkilati hüquqi formasından asılı olmayaraq iddiaçıya göstərilən ali tibb təhsili xidmət ictimai əhəmiyyət daşıyır və müəssisə bu sahədə dövlətin publik funksiyalarını icra edir. Ali Məhkəmənin Mülki Kollegiyasının formalaşdırdığı hüquqi mövqeyə əsasən isə ali təhsil müəssisələri bir sıra məsələlər üzrə mülki dövriyyənin subyekti kimi mülki hüquq münasibətlərində iştirak etsə də, ali təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən, tələbələrin ali təhsil müəssisələrinə qəbul edilməsi və onların həmin müəssisələrdən xaric edilməsi ilə bağlı məsələlərdə inzibati hüquq münasibətlərinin subyekti kimi çıxış edir. (2(102)-4074/2023, xx.xx.2023-cü il tarixli qərar) Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı və cavabdeh arasında yaranan münasibətlər inzibati hüquq münasibətlərinə aid olduğundan və beləliklə də bu tələbə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılması mümkün olmadığından, İddiaçı cavabdeh “Cavabdehnə qarşı “əmrin ləğvi və təhsilin bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, yəni, xx.xx.2023-cü il tarixli 80 nömrəli müqavilə - ali təhsil müəssisəsinin mülki hüquq subyekti kimi bağladığı müqavilə kimi qiymətləndirilə bilməz, çünki bu müqavilə məhz publik hüquqi münasibətlərin yaranmasına xidmət edən əqd olduğundan məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş şikayətinin dəlilləri ilə razılaşmır. Həmçinin kollegiya qeyd edir ki, mülki hüquq subyektləri arasında bağlanan mülki hüquqi əqdlərə xitam verilməsi (ləğvi) qaydası Mülki Məcəllə ilə tənzimlənir. Hazırki halda isə müəyyən edildiyi kimi ali təhsil müəssisəsi publik funksiyalarından icrasından irəli gələn müqavilənin xitamını (ləğvini) öz əmri ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli 720/T saylı əmr məhz tərəflər arasında bağlanılmış müqavilənin ləğv edilməsinə yönəlsə də, hazırki işin mahiyyətini müqavilə münasibətləri çərçivəsində qiymətləndirilməsi düzgün deyil və mübahisəyə tərəflər arasında münasibətlərə subyektlərin daxil olduqları münasibətin mahiyyəti baxımından yanaşılmaldır. Beləliklə hazırki mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni inzibati məhkəməyə aiddir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-3624/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5577/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5577/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver